Azərbaycanda 2015-ci ilə kimi insan kapitalının yüksək inkişaf səviyyəsi təmin ediləcəkdir

 

Azərbaycanda vətəndaşlarının əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətini təşkil edir.

 

Prezident İlham Əliyevin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın, 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın və 2007-ci il 15 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər)" icrası ilə əlqədar olaraq əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə ölkədə insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.

Ölkəmizdə daxili potensialdan səmərəli istifadə edilməsi, iqtisadiyyatın liberallaşdırılması, sağlam rəqabət şəraitinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi nəticəsində 2003-cü ilin oktyabrın 1-dən 2011-ci ilin 1 yanvarın 1-dək 912899, o cümlədən 654809 daimi iş yeri açılmışdır. Yeni iş yerlərinin 79,1 faizi regionlarda, 87 faizi qeyri-dövlət sektorunda, mütləq əksəriyyəti isə qeyri-neft sektorunda yaradılmışdır. Ümumiyyətlə, uğurla həyata keçirilən iqtisadi islahatlar nəticəsində 2005-2010-cu illər ərzində Azərbaycan insan inkişafı sahəsində dünya ölkələri sırasında ən sürətli irəliləyişə nail olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər)" 2006-2010-cu illəri əhatə edən birinci mərhələsinin icrasınəticəsində işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunmuşdur.Bununla yanaşı, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması, rəqabət gücünün artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində də müvafiq tədbirlər həyata keçirilmişdir. Nəticədə bu ilin yanvar ayının 1-dək ölkədə iqtisadi fəal əhalinin sayı 1995-ci illə müqayisədə 25,9 faiz, 2006-cı illə müqayisədə isə 6,7 faiz artaraq 4587,4 min nəfər, məşğul əhalinin sayı müvafiq olaraq 19,8 faiz və 8 faiz artaraq 4329,1 min nəfər təşkil etmişdir.

Onu da xatırladaq ki, son illər iqtisadiyyatda baş verən struktur dəyişiklikləri ilə bağlı dövlət sektorunda çalışanların xüsusi çəkisinin azalması müşahidə olunur və 1995-ci ildə bu göstərici 56,1 faiz olduğu halda, 2010-cu ildə 26,4 faiz təşkil etmişdir. Eyni zamanda, qeyri-dövlət sektorunda çalışanların xüsusi çəkisi 43,9 faizdən 73,6 faizədək artmışdır.

Yeri gəlmişkən, 1995-ci ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən aparılan tədqiqatlara əsasən, ölkə üzrə işsizlik səviyyəsi 17,2 faiz, 1999-cu ilin əhalinin siyahıya alınmasının məlumatlarına əsasən 16,25 faiz, 2003-cü ildə BMT-nin İnkişaf Proqramının və Beynəlxalq Əmək Təşkilatının iştirakı ilə respublikanın bütün ərazisində əhalinin iqtisadi fəallıq səviyyəsi üzrə keçirilmiş seçmə statistik müayinəyə əsasən isə 9,7 faiz təşkil etmişdir. Bu, sonrakı illərdə də ilbəil azalmışdır.Onu da deyək ki, 2008-ci ildə dünyada baş verən qlobal maliyyə böhranı nəticəsində bir çox dünya ölkələrində, o cümlədən ABŞ və Avropa İttifaqı ölkələrində müşahidə olunan işsizlik səviyyəsinin artımı fonunda ölkəmizdə makroiqtisadi sabitlik qorunmuş və iqtisadi artıma nail olunmuşdur. Belə ki, ölkəmizdə işsizlik səviyyəsi 2009-cu ildə 6,0 faiz və 2010-cu ildə 5,6 faiz təşkil etmişdir.

Xatırladaq ki, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək, dövlət başçısının 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)"nın ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir. Bu proqram işçi qüvvəsinə tələbatın stimullaşdırılmasını, səmərəli işgüzarlıq mühitinin formalaşmasını, struktur islahatlarının dərinləşdirilməsini, investisiya fəallığının daha da artırılmasını və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsini nəzərdə tutur.

Dövlət Proqramının əsas məqsədi əhalinin səmərəli məşğulluğun inkişafına yönəldilən siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əsasında ölkə Prezidentinin 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)"nda 2011-2015-ci illərdə nəzərdə tutulmuş prioritet istiqamətlərin həyata keçirilməsinin təmin edilməsidir.

Dövlət Proqramı ilə qarşıya bir sıra vəzifələr də qoyulmuşdur.Belə ki, proqramda makroiqtisadi siyasət və sahibkarlığın inkişafı sahəsində ölkədə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, inflyasiyanın məqbul səviyyədə saxlanması, yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, regional iqtisadi əlaqələrin genişləndirilməsi, neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan amilinin inkişafına istiqamətləndirilməsinin diqqət mərkəzində saxlanılması nəzərdə tutulur. Eyni zamanda adı çəkilən Dövlət Proqramında işsizlərin sosial müdafiəsinintəşkili , işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə kömək edən xüsusi tədbirlərin həyata keçirilməsi, sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafının, eləcə də fərdi əmək fəaliyyəti ilə məşğul olanların iqtisadi həvəsləndirilməsinin təmin edilməsi, peşə təhsilinin əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması məqsədi ilə bu sahədə ixtisas və ixtisaslaşma təsnifatının sadələşdirilməsi, daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi məsələləri də önə çəkilir.

Xatırladaq ki, Dövlət Proqramında qeyri-neft sektorunun, xüsusilə aqrar, toxuculuq, emal müəssisələri və xidmət sahələrinin inkişafı hesabına yeni iş yerlərinin yaradılması, kənd yerlərində sosial və kommunal infrastrukturun inkişaf etdirilməsi yolu ilə əhalinin, xüsusilə gənclərin miqrasiya səviyyəsinin azaldılması da qarşıda mühüm vəzifə kimi qoyulmuşdur.

Proqramda həmçinin işçi qüvvəsinə tələbatın stimullaşdırılması və insan kapitalının inkişaf etdirilməsi sahəsində də bir sıra məsələlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Belə ki, 2015-ci ilə kimi ölkəmizdə əmək bazarının tələblərini nəzərə alaraq, rəqabət qabiliyyətli ixtisaslar üzrə kadrların hazırlanması istiqamətində peşə təhsili sisteminin təkmilləşdirilməsi, iş yerində təhsilin davam etdirilməsi, fasiləsiz peşə təhsili sisteminin daha da təkmilləşdirilməsi, mütərəqqi təhsilalma formalarının tətbiqi, ilk peşə-ixtisas təhsili üçün müasir tələblərə cavab verən təhsil proqramlarının hazırlanması, insan amilinin inkişafına yönəldilmiş investisiyaların cəlbi üçün imkanların müəyyənləşdirilməsi, beynəlxalq məşğulluq təsnifatına əsaslanan təkmilləşdirilmiş peşə təsnifatlarının, peşə və təlim standartlarının hazırlanması tədbirləri həyata keçiriləcəkdir.

Dövlət Proqramı sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun inkişafını da sürətləndirməyi nəzərdə tutur. Bu məqsədlə işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, qadınlar arasında sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi, işsiz və işaxtaran qadınların peşə hazırlığı və əlavə təhsilinin təmin edilməsi, gənclərin məşğulluğunun artırılması, əlillərin cəmiyyətə, o cümlədən əmək bazarına inteqrasiyasının təmin olunması istiqamətlərində müvafiq işlər görüləcəkdir. Eyni zamanda işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin ünvanlı dövlət sosial yardım sistemi ilə əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, o cümlədən işsizlərin və onların ailə üzvlərinin təhsil, tibbi və digər xidmətlərə çıxış imkanlarının genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları üçün yeni iş yerlərinin yaradılması, işsizlik müavinətinin minimum məbləğinin mərhələlərlə artırılması diqqət mərkəzində saxlanılacaqdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 17 noyabr.- S. 6.