Ömür ki
var...
Xatırlama
Başlığa çıxardığım
bu sözlər sevimli xalq artistimiz Şahmar Ələkbərova
həsr olunmuş şeirdən
götürülmüşdür:
Ömür
ki var, bir yelkənli gəmidir,
Bu sahildən, o sahilə sürünür.
İlk dəfə bu şeiri xalq artisti Həsən Məmmədova
oxuyanda necə kövrəldiyinin şahidiyəm. Deyirdi ki,
Şahmarın həyatdan köçməsi bizim kinomuz
üçün əsl faciədir. Çox
çəkmədi biz Həsən müəllimi də
itirdik. Baxın, son illərdə biz nə
qədər nəhəng sənətçilərimizi
itirmişik. Əlağa Ağayev, Həsən Turabov,
Şahmar Ələkbərov, Leyla Bədirbəyli, Nəsibə
Zeynalova, Məlik Dadaşov, Hamlet Xanızadə kimi
aktyorlarımız da onların arasındadır. Həsən Məmmədovun itkisi isə hər bir sənətsevər
azərbaycanlı üçün əvəzolunmaz
ağrı idi.
Bu böyük sənətkarın sənət yolu Azərbaycan
kinosu ilə sıx şəkildə bağlı olub. Onu
xatırlayarkən ilk növbədə gözlərimiz
önünə Qaraş, Dədə Qorqud. Bəxtiyar, Abasqulu bəy, Murad və onlarla film qəhrəmanı
gəlir. Milli kinomuzun 70-90-cı illər ərzindəki
inkişafında əvəzsiz xidmətləri olan Həsən
Məmmədovun işıqlı xatirəsi hər birimizin qəlbində
yaşayır. Onun haqqında yazılarımın birinə
"Hamının sevdiyi adam"
başlığı seçmişdim. Doğrudan
da, hamı onu sevir və sənəti ilə fəxr edir.
Çox maraqlıdır ki, onun bizə yadigar qoyub getdiyi
rolların əksəriyyəti baş qəhrəmanlardır. Həm də,
onlar xeyirxah, cəmiyyətdə öz yeri və çəkisi
olan insanlardır. Hansı rolunu
götürürsən götür, onda bir daxili inam, humanizm
yaşayır.
Həsən Məmmədov şərəfli bir
ömür yolu keçib. Bu yol öz
başlanğıcını Salyandan götürüb. 1938-ci ilin çiskinli payız günlərinin birində
- noyabr ayının 22-də dünyaya göz açan balaca Həsən
elə orta təhsilini də burada almışdı. Sonra o, Azərbaycan Dövlət Universitetinin (indiki
BDU) fizika-riyaziyyat fakültəsinə daxil olur. Amma aktyorluq həvəsi onu bu universitetdən
uzaqlaşdırdı. Onda ikinci kursda təhsil
alırdı. Bir müddət müxtəlif
teatrların yardımçı heyətində
çalışdı. 1958-ci ildə isə Mirzağa Əliyev
adına Azərbaycan Dövlət Teatr
İnstitutunun teatr və kino aktyorluğu fakültəsinə
qəbul olundu.
Həmin günü ömrünün ən xoş
anlarından biri hesab edirdi. Tələbəlik illərində
Həsən Məmmədov radioda diktor kimi (1960-1961)
çalışıb. Professor Mehdi Məmmədovun
kursunda təhsil alırdı, o da ki, çox tələbkar
idi, tələbələrinə qarşı olduqca ciddi
yanaşardı. Gənc aktyor Həsən
Məmmədov bütün çətinliklərə
qatlaşır, sənətin sirlərinə yiyələnmək
üçün bütün imkanlardan istifadə etməyə
çalışırdı. Beləcə,
illər bir-birinə boy verərək ötüb keçdi və
1962-ci ildə o, institutu bitirərək Azərbaycan Dövlət
Akademik Dram Teatrına təyinatla işə gəldi. Burada isə çox görkəmli sənətçilərlə
rastlaşdı. Düz on il bu
insanlarla çiyin-çiyinə işləməli oldu. Doğrudur, orada filmlərə çəkilməsi
ilə bağlı teatrdan uzaqlaşır, ancaq yenə
doğma kollektivə qayıdırdı.
Onun çəkildiyi ilk filmdən sonra (1962, "Böyük
dayaq") kinorejissorlar bu aktyoru tez-tez filmlərə dəvət
etməyə başladılar. Beləcə, 1972-ci
ildə Həsən müəllim teatrdan uzaqlaşdı.
O, kinostudiyaya işə keçdi. Amma, teatr onun
üçün doğma idi. Belə ki,
1989-cu ildə burada "Gülüstanda qətl"
tamaşasında İlyas İbrahimovun rolunu yaratmış və
1992-ci ildə teatrın direktoru Həsən Turabovun dəvəti
ilə yenidən bu teatra qayıtmışdı.
Amma çoxları onu elə kino aktyoru kimi
tanıyırlar. Çünki Azərbaycanın bir
çox tarixi simaları, müasir dövrün qəhrəmanları
onun ifasında ekrana yol tapıb.
Hər şeyin başlanğıcı çətin
olur. O, kinoda
ilk roluna çəkilərkən çox tərəddüd
keçirmişdi. "Böyük dayaq"
filmində Qaraşı ona tapşıranda xeyli
götür-qoy etmiş, sonradan razılaşmışdı.
Qaraş roluna əvvəlcə Sarı
Süleymanın oğlu, güləşçi İbrahimi
çəkmək istəyirdilər. Lakin
bədii şura Qaraş roluna tələbə Həsən Məmmədovu
təsdiq edir. Bu işdə isə geyim
üzrə rəssam Bədurə Əfqanlının
xüsusi rolu olmuşdu. Ələsgər Ələkbərovun
ifa etdiyi Rüstəm kişinin oğlu Qaraşı
yaratmağın çətinliyi də onu çox narahat
edirdi. Amma bu filmə çəkildi və
bəlkə də, Rüstəm kişinin təbii olaraq
vurduğu sillə onu bütün tərəddüdlərdən
xilas etdi. Həsən Məmmədov bu rolu
ilə kinoya gəldi və milli kinomuzun çox nüfuzlu
aktyorlarından birinə çevrildi.
Yəqin ki, "Gün keçdi" filminə
tamaşa etmisiniz. Bu filmdəki Oktayın taleyi sizi də
düşündürüb. Oqtay saf, təmiz
duyğularla yaşayan, öz taleyi ilə
barışmış, sənətini sevən bir insandır.
Həsən Məmmədov onun elə cizgilərini
bizə təqdim edir ki, biz bu aktyorun istedadına həqiqətən
valeh oluruq. "Arşın mal alan"da Əsgər,
"Arxadan vurulan zərbə"də Qəmərlinski,
"Bizi bağışlayın"da Nəriman,
"Birisigün, gecəyarısı"nda Baba Əliyev və
başqalarının obrazları bu böyük sənətkarın
yaradıcı fəaliyyətinin qiymətli nümunələridir.
Həsən Məmmədov müxtəlif rejissorlarla
işləyib.
Həbib İsmayılov, Tofiq Tağızadə, Rasim Ocaqov,
Eldar Quliyev, Arif Babayev və başqalarının filmlərində
müxtəlif səpkili rollara ekran həyatı verib. Onun çəkildiyi filmlər müxtəlif
janrlardadır. Bu rollarda amplua axtarmaq əslində
doğru deyil. Doğrudur, onun qəhrəmanları
çox vaxt xeyirxah, alicənab, ədalətli,
doğruçu, humanist insanlardır. Ancaq
Həsən müəllim onların hər birinin xarakterlərinə
uyğun cizgilər tapıb, hər birini özünəməxsus
ştrixlərlə bəzəyib.
"Yeddi oğul istərəm" və
"Axırıncı aşırım" filmləri əslində
eyni dövrün hadisələrini əks etdirən, mövzu
yaxınlığı olan filmlərdir. Bu filmlərin
hər ikisində o, baş rolları ifa edir.
Amma onun qəhrəmanları müxtəlif xarakterli
insanlardır.
Bəxtiyar komsomol rəhbəridir. Abasqulu bəy isə öz keçmişindən əl
çəkib, yeni hökümətlə barışaraq Kərbəlayi
İsmayılı da bu yola dəvət edir. Bu, çox ağıllı, müdrik bir insanın
obrazıdır.
"Dədə Qorqud" filmində isə o, Dədə
Qorqudun müdrik obrazını yaradır. Bu tarixi filmlərin
hər birinin uğurlu alınmasında onun xidmətləri
olmuşdur və onlar bu gün də tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanır.
Həsən Məmmədovun çox uğurlu qəhrəmanlarından
biri də, hələ gənclik illərində
yaratdığı Murad ("Bir cənub şəhərində")
obrazıdır. Bu rolu ona həvalə edərkən belə düşünürdülər
ki, "Arşın mal alan"da Əsgərin
obrazını oynamış bir aktyor Muradı yarada bilməz.
Amma o, bu rolu çox böyük sənətkarlıqla
ərsəyə gətirdi. Bu təmiz qəlbli,
saf niyyətli oğlanın bütün daxili
yaşantılarını aktyorun gözəl ifasında
aydın sezirik. Doğrudan da, onun
yaratdığı rollar öz intellektual səviyyəsi,
sakitliyi, təvəzökarlığı ilə diqqəti cəlb
edir.
Rejissor Rasim Ocaqov Həsən Məmmədovu əksər
filmlərində çəkib. "İstintaq"
filmində ona çox mürəkkəb bir rol həvalə
etmişdi. Bu, böyük bir cinayətkar dəstənin
toruna düşmüş, təmiz əxlaqlı, sakit, təmkinli
insan olan Murad obrazıdır. Bütün
film boyu biz onun hansı çətinliklərlə üzləşdiyini
və sonda intihar etdiyini görürük. O, qəhrəmanının
daxili sarsıntılarını o qədər dəqiq cizgilərlə
yaradıb ki, tamaşaçı hər şeyi reallıq kimi
qəbul edir.
Həsən Məmmədov Azərbaycan kinosunda 70-ə
yaxın rol ifa edib. Onlar arasında bir komediya da var. Arif
Babayevin çəkdiyi "Alma almaya bənzər" filmindəki
sürücü Qurban rolunu aktyor məharətlə ifa
etmişdir.
Həsən
Məmmədova "Sevinc buxtası", "Anlamaq istəyirəm",
"Evlənmək istəyirəm", "Özgə
ömrü", "Şeytan göz qabağında",
"Doğma sahillər", "Ölsəm...bağışla",
"Həm ziyarət, həm ticarət" və onlarla filmdə
yaratdığı qəhrəmanlar bu gün də sevilir və
maraqla qarşılanır.
Onun haqqında bir neçə monoqrafiya yazılıb,
yaradıcılıq yolu tədqiq olunub. Ancaq bu hələ
dəryada damladır. İnanırıq
ki, bu böyük aktyorun yaradıcı irsi bundan sonra daha ciddi
tədqiq olunacaq, onun haqqında yeni-yeni əsərlər
yaranacaq.
Həsən
Məmmədova teatr və kino sənətində göstərdiyi
xidmətlərə görə 1971-ci il
noyabrın 18-də Azərbaycan Respublikasının əməkdar
artisti, 1982-ci il dekabrın 1-də isə ona xalq artisti fəxri
adı verilmişdir. Bundan başqa, Həsən Məmmədov
"İstintaq" filmindəki işinə görə
SSRİ Dövlət mükafatına, "Birisigün, gecəyarısı"
filminə görə Azərbaycan Respublikası Dövlət
mükafatına, "Yeddi oğul istərəm" filminə
görə isə Respublika komsomolu mükafatına layiq
görülmüşdür.
Sonralar isə o, Azərbaycanın müxtəlif orden və
medalları ilə təltif olunmuşdu. Bütün
bunlar onun kino və teatr sənətimizə göstərdiyi
böyük xidmətlərin nəticəsi idi. Ən əsası isə onu xalqımız sevir və
filmlərinə bu gün də sevə-sevə baxır.
Onlar Həsən Məmmədovun qiymətli
yadigarlarıdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 20 noyabr.- S. 6.