Prezident İlham Əliyev:
"Əminəm ki, Azərbaycan ötən illər ərzində
necə inkişaf edibsə, bundan sonra daha da inkişaf edəcəkdir"
Bu
gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə
görə ən öndə gedən dövlətlər
sırasındadır.Ölkəmizdə həyata keçirilən
çoxşaxəli islahatlar dövlətin
sütunlarını gücləndirərək vətəndaşların
rifah halının daha da yaxşılaşdırılması
üçün əsaslı baza formalaşdırmış,
respublikamızın beynəlxalq münasibətlər sistemindəki
mövqeyi möhkəmlətmişdir. Görülən
işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq
qurumların hesabatlarında da islahatçı ölkə
kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir
ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı
böyük uğurlara aparan ən doğru yoldur.
Son
illər həyata keçirilən düzgün siyasətin nəticəsidir
ki, ölkəmizdə qeyri-neft sektoru sürətlə
inkişaf etmiş, bir sıra əhəmiyyətli sosial
proqramlar reallaşdırılmışdır. Azərbaycanın
iqtisadi qüdrətinin artması bölgələrimizin
inkişafına da müsbət təsir göstərmişdir.
Belə ki, regionlarda infrastruktur layihələri həyata
keçirilmiş, bir milyona qədər yeni iş yeri
açılmış, əhalinin maddi rifahı
yaxşılaşmışdır.
Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərlər etməsi, əhalinin problemləri ilə maraqlanması regionların sürətli inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısının imzaladığı 2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının, eləcə də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla icra edilməsi nəticəsində bölgələrin sürətli sosial-iqtisadi inkişafına nail olunmuşdur. Dövlət Proqramında regionlarımızın mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənayenin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdur.
Hazırda regionlarda həyata keçirilən kompleks tədbirlər çərçivəsində infrastruktur layihələri uğurla icra edilir, əhalinin qaza, içməli suya olan tələbatı ödənilir. Kənd yollarının asfaltlaşdırılması, magistral yolların çəkilməsi əhalinin gediş-gəlişini daha da yaxşılaşdırır. Kənd təsərrüfatının inkişafı üçün fermerlərə kreditlər, subsidiyalar verilir. Bütün bunlar və bölgələrdə mövcud olan bəzi problemlərin həll edilməsi əhalinin güzəranını daha da yüksəldir.
Uğurların əldə olunmasında görülən işlərin sistemliliyini təmin edən yuxarıda adları çəkilən dövlət proqramlarının əhəmiyyətli rolu danılmazdır. Yeri gəlmişkən, burada bir məqamı qeyd etmək istərdik. Dövlətimizin başçısı İlham Əliyev ikinci regional proqramın icrasını da daim diqqət mərkəzində saxlayır, mütəmadi şəkildə yerlərdə olur, görülən işlərlə ciddi maraqlanır, mövcud problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verir. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikamızın şimal - qərb bölgəsinə səfəri çərçivəsində də özünü bir daha qabarıq büruzə vermişdir. Dövlətimizin başçısı İlham Əliyev səfər çərçivəsində əvvəlcə Oğuz rayonunda olmuşdur. Dövlət başçısı ulu öndərimizin Oğuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, heykəlin önünə gül dəstəsi qoymuşdur.Ölkə Prezidenti səfər çərçivəsində rayon məhkəməsinin inzibati binasının, şəhər mədəniyyət və istirahət parkının, Qəhrəmanlar parkının, Qarğıdalı Emalı və Qlükoza İstehsalı Müəssisəsinin açılışında iştirak etmişdir.
Dövlət başçısı mərasimlərdə rayonda həyata keçirilən tikinti - quruculuq, abadlıq tədbirlərinin geniş vüsət almasından məmnunluğunu bildirmiş, görülən işləri yüksək qiymətləndirmişdir. Prezident İlham Əliyev demişdir:"Ölkə daxilində gedən proseslər göz qabağındadır. Hər bir bölgədə, o cümlədən bu bölgədə, bu rayonda görülən işlər də göz qabağındadır. Bu inkişaf hər bir bölgədə özünü büruzə verir. Daxili siyasətin əsas mahiyyəti ondan ibarətdir ki, ölkə vətəndaşları daha da yaxşı yaşasınlar. Sosial məsələlər daha da uğurla həll olunsun...".
Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.Məlumat verilmişdir ki, inzibati bina Qax şəhərinin Heydər Əliyev prospektində yerləşir. Binanın tikintisinə 2010-cu ilin yanvar ayında başlanılmışdır. Ətrafda əsaslı abadlıq işləri görülmüş, yaşıllıqlar salınmışdır. Ümumi sahəsi 512 kvadratmetr olan ikimərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşə də vardır. İnformasiya-kommunikasiya texnologiyalarının da tətbiq edildiyi yeni binanın bütün otaqlarında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır.
Azərbaycan Prezidentinə "Qax-Avto" MMC-nin avtovağzal kompleksinin açılışında məlumat verilmişdir ki, müasir memarlıq üslubunda inşa olunmuş bu obyektin tikinti sahəsi 522 kvadratmetrdir. Ərazidə yaşıllıq salınmış və dekorativ ağaclar əkilmişdir. Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılmış, müasir havalandırma sistemi quraşdırılmışdır.Bildirildi ki, ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2010-cu ilin əvvəlində başlanılmışdır. Həyətyanı sahədə 6 min kvadratmetr əraziyə asfalt-beton örtük salınmışdır. Burada, həmçinin sərnişinlərin hərtərəfli istirahəti üçün park da yaradılmışdır. Kompleksin ərazisinin 700 kvadratmetrdən çox hissəsində ağaclar, dekorativ kollar əkilmişdir. Kompleksin işıqlandırma sistemi də mükəmməlliyi ilə diqqəti cəlb edir.
Prezident İlham Əliyev Qax şəhərindəki "İçəribazar" qala kompleksində tikinti və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olarkən vurğulanmışdır ki, Qaxda XVI əsrdən mövcud olan "İçəribazar" qala qapıları və divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində hazırda ölkəmizin bütün bölgələrində həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Aparılan tikinti və yenidənqurma işlərindən sonra "İçəribazar" qala kompleksi müasir və füsunkar görkəm almışdır. Burada əsrlərdən bəri qorunub saxlanılan bir çox maddi-mədəniyyət abidələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, onun tarixinə verilən dəyəri də nümayiş etdirir. Buradakı qədim eksponatlar - araba, xanımların istifadə etdikləri müxtəlif əşyalar, xalçalar və digər məhsullar göz oxşayır. Küçə boyunca qədimliyi özündə ehtiva edən qala divarları, drenaj sistemi, təbii daşlar buraya turistləri daha çox cəlb edir. Mükəmməl layihə əsasında açıq səma altında yaradılan 300 yerlik teatr, tətbiqi sənət ustaları üçün 10 emalatxana binası inşa olunmuş və İçəribazar küçəsi yenidən qurulmuşdur. Kompleksdəki 4,4 min kvadratmetr sahədə düzülən sərbənd daşlar bu ərazinin görkəminin rəngarəngliyinə əlavə çalarlar qatmışdır. Ərazidə 225 metr uzunluğunda su arxı da yenidən qurulmuşdur.
Prezident İlham Əliyev Qax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "...Azərbaycanın bölgələri öz müxtəlifliyi ilə fərqlənir, seçilir. Hər bir bölgə, hər bir rayon üçün ayrıca bir şəhərsalma inkişaf planı hazırlanmalıdır. Bəzi yerlərdə artıq işlər başlamışdır, bəzi yerlərdə yaxın zamanlarda başlanacaqdır. Əlbəttə ki, bu gözəl yerlər turistləri cəlb edəcəkdir. Bu bölgənin inkişafı daha çox turizmlə bağlı olacaq və Azərbaycan bu məsələlərlə çox ciddi məşğuldur. Bu il Azərbaycanda "Turizm ili" elan edilmişdir. Paytaxtda, bölgələrdə gözəl mehmanxanalar açılıb. O cümlədən Qaxda yeni mehmanxananın açılışında da iştirak etmişəm. Deyə bilərəm ki, ən inkişaf etmiş ölkələrdə olan şəraitlə bu mehmanxanadakı şərait arasında heç bir fərq yoxdur. Bu, onu göstərir ki, investorlar Azərbaycanın gələcəyinə inanır. Baxmayaraq ki, Qax paytaxtdan uzaqda yerləşir, indi tikilən və gələcəkdə tikiləcək yollar, aeroportlar Qaxı paytaxt ilə birləşdirir. Bir də ki, burada yaradılan şərait, bütün bu gözəl təbiət bizi ruhlandırır. Ancaq əgər şərait yaradılmasa heç kim gəlməz, nə ölkə daxilindən, nə də ki, xaricdən. Gözəl təbiət və təbii şərait böyük üstünlüyümüzdür, xüsusilə Qax kimi mənzərəli yerlərdə. Ancaq burada yaradılan infrastruktur, xidmət obyektləri də bu təbiətə uyğun olmalıdır və mən bunu görürəm. Bir daha demək istəyirəm ki, mən artıq bir neçə dəfə burada olmuşam və hər dəfə Qaxda olanda, yenilikləri görəndə çox sevinirəm..."
Dövlət başçısı bildirmişdir ki, Qaxın inkişafı üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında konkret tapşırıqlar verilmişdir. Onlar icra edilir. Proqram 2013-cü ildə başa çatacaqdır. Əminəm ki, o vaxta qədər rayonun əsas infrastruktur, sosial və iqtisadi problemləri öz həllini tapacaq. Bütün infrastruktur yenidən qurulacaq və ondan sonrakı dövr üçün biz yeni proqram hazırlayacağıq. Bu proqram artıq sürətli inkişaf proqramı olacaqdır. Çünki 2003-2013-cü illərdə diqqətimizi daha çox infrastruktur layihələri cəlb etmişdir. Yollar, elektrik enerjisi təchizatı, qazlaşdırma, su-kanalizasiya layihələri, məktəblərin tikintisi, xəstəxanalar, idman qurğuları. Növbəti iki il ərzində ölkə miqyasında bu məsələlər öz həllini tam şəkildə tapmalıdır. Ondan sonrakı dövrdə də əlbəttə ki, həyat yeni tələbləri qoyacaq qarşımızda. Həyat yerində durmur. Azərbaycan inkişaf edir və çox uğurla inkişaf edir.
Prezident İlham Əliyev görüşdə həmçinin ölkəmizin müstəqillik illərində keçdiyi böyük inkişaf yolundan da ətraflı danışmışdır. Dövlət başçısı demişdir: "...Müstəqilliyimiz labüd idi, yəni, bu qaçılmaz idi. Aydın idi ki, Sovet İttifaqı dağılmaq ərəfəsində idi. Ancaq bu müstəqilliyi yaxınlaşdırmaq və tezliklə əldə etmək üçün hər halda Azərbaycanda ilk addımlar məhz ulu öndər tərəfindən Naxçıvanda atılmışdır. Həm milli bayrağın dalğalanması, Yeni Azərbaycan Partiyasının yaradılması, Sovet İttifaqının saxlanılması haqqında referendumun Naxçıvanda keçirilməməsi - bütün bu addımlar çox böyük siyasi iradə və cəsarət tələb edirdi. Çünki o zaman hələ Sovet İttifaqının nə vaxt dağılması haqqında qəti fikir yox idi və bugünkü Azərbaycan bax o çətin anlarda atılmış addımların nəticəsində həm formalaşmış, həm özünü qoruya bilmişdir. Xüsusilə 1993-cü ildə ölkəmiz üçün ən ağır vəziyyətdə yenə Heydər Əliyev artıq respublika miqyasında bütün məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı böyük bəlalardan xilas edə bilmişdir. Bu il biz müstəqilliyimizin 20 illiyini böyük sevinclə, böyük qürur hissilə, gözəl nəticələrlə qeyd edirik. Ölkə daxilindəki nəticələr göz qabağındadır. Hara getsən, hansı bölgəyə səfər etsən görərsən ki, hər yerdə inkişaf, hər yerdə tərəqqi, hər yerdə nikbinlik ovqatı vardır. Bundan sonra daha da yaxşı olacaqdır. Beynəlxalq səviyyədə, qeyd etdiyiniz kimi, uğurlarımızın bariz nümunəsi dünya birliyinin bizimlə olması nəticəsində özünü göstərmişdir. Bu, böyük tarixi qələbədir, gördüyümüz işlərin nəticəsidir. Bu hadisə Azərbaycanın dünyadakı imicinin nə qədər yüksək səviyyədə olmasını göstərir...".
Azərbaycan Prezidenti İlham Əliyev Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməlqoyma mərasimində, "El Resort" mehmanxanasının, İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış tağvari metal körpünün açılışı mərasimlərində də iştirak etmişdir.
Prezident İlham Əliyev səfər çərçivəsində Şəki rayonunda da olmuşdur. Dövlət başçısı rayonda "Aqroinvestkom" MMC-nin Şəki şərab zavodunun açılışında iştirak etmişdir.Dövlət başçısına məlumat verilmişdir ki, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq yaradılan zavodun ümumi sahəsi 7,8 hektardır. Tikintisinə 2008-ci ildə başlanılan zavod ildə 3 min ton üzüm emal etmək gücünə malikdir. Lakin gələcəkdə bu rəqəmin 10-15 min tona çatdırılması nəzərdə tutulmuşdur. Məlumat verildi ki, burada üzümün qəbulu, fermentləmə, texnoloji emal, markalı şərabların istehsalı və qablaşdırma sexləri yaradılmışdır. Üzümün qəbulu sexində ağ və qırmızı üzüm növləri üçün iki qəbuledici bunker, üzüməzən avadanlıq quraşdırılmışdır. Burada iki xətt ağ və qırmızı, bir xətt isə elit şərabların istehsalı üçün nəzərdə tutulmuşdur. Sexdə, həmçinin Azərbaycanda ilk dəfə üzümün tumlarını ayıran qurğu da quraşdırılmışdır. Digər sexlər də ən son avadanlıqla təchiz edilmişdir. İstehsal prosesi kompyuterləşdirilmiş sistemlə idarə edilir. Qablaşdırma sexi ilə tanışlıq zamanı bildirilmişdir ki, burada qurulmuş müasir avadanlıq saatda 3 min şüşə şərab doldurmağa imkan verir. Bu zavodda ilkin mərhələdə süfrə şərablarının istehsalı nəzərdə tutulmuşdur. Sexdə qablaşdırılan şərablar "Çinar" markasının texnologiyasına uyğun hazırlanır. İstehsalın sonrakı mərhələsində "Şəki", "Çələbi", "Karvansaray", "Xan sarayı" adı ilə şərabların istehsalı planlaşdırılır. İstehsalın üçüncü mərhələsində, yəni 2012-ci ildən kəmşirin, portveyn və desert tipli şərabların istehsalına üstünlük veriləcəkdir. İstehsalın dördüncü mərhələsində isə konyak spirti və konyak istehsalı sexinin yaradılması planlaşdırılır.
Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Sabit Rəhman adına Dövlət Dram Teatrının binası ilə tanış olmuşdur.Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat vermişdir ki, 1973-cü ildə ipəkçilərin mədəniyyət sarayı kimi fəaliyyətə başlamış bu bina iki ildən sonra Sabit Rəhman adına Dövlət Dram Teatrının kollektivinin ixtiyarına verilmişdir. Teatr maraqlı çıxışları ilə təkcə Şəkinin deyil, ölkəmizin bütün sənətsevərlərinin rəğbətini qazanmışdır. Teatr binasının uzun müddət əsaslı təmir olunmaması kollektivin fəaliyyətinə təsirsiz ötüşməmişdir. Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında indi ölkəmizin bütün tarixi abidələri, sənət ocaqları əsaslı şəkildə yenidən qurulur. Buna uyğun olaraq, Şəki Dövlət Dram Teatrının binasının da əsaslı təmiri planlaşdırılır.
Prezident İlham Əliyevə Şəki şəhərində "Aşağı Karvansaray" kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olarkən, məlumat verilmişdir ki, qədim abidələrlə zəngin bölgələrimizdən olan Şəkidəki XIX əsrə aid "Aşağı Karvansaray" Yaxın Şərqdə ən böyük karvansaradır. Kompleksdə əsaslı təmir və bərpa işlərinin aparılması dövlətimizin tarixi keçmişimizin qorunmasına olan həssas münasibətindən qaynaqlanır. Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən bu tarixi binada 200-dən çox otaq vardır. Kompleksdə görülən işlər barədə məlumat verilərkən bildirildi ki, indiyədək uzunluğu 5,2, eni isə 4,3 metr olan 30 tağbənd qurulmuş, 5 min 197 kvadratmetrlik dam örtüyünün konstruksiyası yenidən quraşdırılaraq kirəmitlə örtülmüşdür. Bundan başqa, kompleksdə 5,2 min kvadratmetr damüstü sahə torpaqdan təmizlənmiş və yenidən qurulmuşdur. Burada 3 min 146 kvadratmetr fasad, 16 min 428 kvadratmetr interyer və tağbəndlər köhnə suvaqdan təmizlənmişdir. Kompleksin şimal-qərb fasadları qarşısında 175 metr məsafədə 2,5 metr hündürlüyündə istinad divarları hörülmüşdür...
Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində "Green Hill İnn" mehmanxanasının açılışında iştirak etmişdir. Məlumat verilmişdir ki, beşmərtəbəli turizm kompleksinin ümumi ərazisi 1,2 hektardır. Kompleksə daxil olan otel və kotteclərin ümumi sahəsi isə 5 min kvadratmetrdən çoxdur. Ərazidə mehmanxana binası ilə yanaşı, yardımçı tikililər, böyük və kiçik hovuz yaradılmışdır. Mehmanxananın həyəti abadlaşdırılmış, geniş yenidənqurma işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. 8 üçotaqlı, 3 dördotaqlı nömrələr qonaqlara təklif olunur. Mehmanxana binasının beşinci mərtəbəsində isə 18 otaq yaradılmışdır. Nömrələrin hamısı ən son informasiya-kommunikasiya avadanlığı, o cümlədən internetlə təmin olunmuşdur. Binada sürətli liftlər quraşdırılmışdır.
"Green Hill İnn" mehmanxanası Şəkinin turizm potensialının göstəricisi olmaqla bu bölgənin imkanlarını da nümayiş etdirir. Burada yaradılan şərait təsdiqləyir ki, müasir dövrdə turizmin əsas məqsədi ölkə iqtisadiyyatının kompleks inkişafını təmin etməkdir. Son illər Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi, bu sahədə xırda və orta sahibkarlıq üçün möhkəm bazanın yaradılması regionların infrastruktur cəhətdən inkişafını da təmin edir.
Dövlət başçısı səfər çərçivəsində Qəbələ rayonunda da olmuş, Nic qəsəbəsindəki 2 nömrəli tam orta məktəb binasının, Qəbələ Olimpiya İdman Kompleksinin, Qəbələ Beynəlxalq Aeroportunun, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi, "Gilan Qəbələ Konserv Zavodu" MMC-nin Qəbələ limonad zavodunun açılışı mərasimlərində də iştirak etmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 20 noyabr.- S. 1-
2.