Yeni Azərbaycan Partiyasının yaranması müasir tariximizin ən əlamətdar hadisələrindən biridir

 

Bu partiya qısa bir zamanda böyük siyasi nüfuz qazanaraq ümumxalq partiyasına çevrilmişdir

 

Müasir partiya tarixi predmetinə və ümumiyyətlə, partiyaların tarixinə nəzər saldıqda bir neçə mühüm həqiqətin şahidi oluruq. Bu amillər partiyaların yaranma zərurətində, qarşıya qoyulan məqsədlərdə və formalaşdırılan qurumun siyasi istiqamətində özünü daha aydın şəkildə göstərir. Bəzi məramı aydın olmayan siyasi qüvvələrin yaratdığı partiyalar istisna olmaqla bütün partiyalar məhz zamanın çağırışına cavab olaraq ərsəyə gəlir və öz üzərinə düşən vəzifələri yerinə yetirir. Regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da məhz bu klassik tendensiyanın davamı kimi, zamanın çağırışlarına cavab vermək məqsədiylə, ölkədəki və regiondakı ictimai-siyasi proseslərin əks-sədası olaraq, ən başlıcası isə xalqın arzu və istəklərinin reallaşdırılması üçün yaradılmışdı.

 

Bəzi ekspert və politoloqlar yanlış olaraq belə düşünürlər ki, istənilən ölkədə yaranmış siyasi partiyanın fəaliyyəti ölkə daxilində reallaşdırılır və ancaq bu məhdud məkanı əhatə edir. Ancaq zaman sübut edir ki, həmin yanaşma kökündən yanlışdır. Çünki partiya öz məramnaməsində qarşıya qoyduğu vəzifələri reallaşdırmaq üçün mütləq regionda və dünyada gedən prosesləri nəzərə almalı, reallıqlara əsaslanmalıdır. Fəxr ilə deyə bilərik ki, bu sahədə də Yeni Azərbaycan Partiyası özünəməxsus nümunələr formalaşdırmış, dünya partiya tarixinə xüsusi töhfələr vermişdir. Bu töhfələr nədən idarət idi? Əvvəla, Yeni Azərbaycan Partiyasını yaratmaq ideyasını ortaya atanlar ölkəmizdə və regiondakı bir çox siyasi partiyalardan fərqli olaraq cəmiyyətin qaymağı sayılan insanları öz ətrafında toplamışdılar. Siyasi cəhətdən yetkin olmayan, məram və məqsədi cəmiyyət tərəfindən qəbul edilməyən, ictimai-siyasi mövqeyi bilinməyən adamların formalaşdırdığı güc mərkəzlərindən fərqli olaraq Yeni Azərbaycan Partiyasının məqsədi aydın, məramı bəlli idi. Ona görə də bu quruma tanınmış ziyalılar, siyasət, diplomatiyaiqtisadiyyat sahəsində təcrübəsi olan, cəmiyyət tərəfindən qəbul edilən insanlar üz tutmuşdular.

Yeni Azərbaycan Partiyasının dünya partiya tarixi təcrübəsinə verdiyi növbəti töhfə partiya sədrinin liderlik məharəti və siyasi müdriklik səviyyəsi ilə bağlı idi. Bəzi xırda partiyalardan fərqli olaraq YAP-ın qısa müddətdə möhtəşəm qüdrətli bir siyasi gücə çevrilməsinin əsas səbəbi onun liderinin mürikliyi idi. Kimsə ətrafına 50-100 adam toplayıb özünü partiya sədri elan edirdisə, Heydər Əliyevə xalqın ziyalı zümrəsi onu özünə lider seçmək üçün müraciət etmiş, yeni yaradılan partiyaya məhz onun sədrlik etməsini istəmişdi. Bu, mühüm faktor idi. Çünki ziyalılar bilirdilər ki, ölkənin və regionun həmin günlərində Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələri reallaşdıra biləcək yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyevdir. Xalqın öndə gedən insanlarının qətiyyəti özünü yüksək səviyyədə doğrultduümummilli lider Heydər Əliyevin siyasi müdrikliyi nəticəsində Yeni Azərbaycan Partiyası yuxarıda qeyd etdiyimiz kimi qısa zamanda böyük siyasi gücə çevrildi. Yeni Azərbaycan Partiyası yaranmasından cəmi 6 ay sonra ölkədə siyasi hakimiyyətə gəlmək nümunəsi yaratmış oldu. Əcnəbi ekspertlərin fikrincə Yeni Azərbaycan Partiyasının ümumxalq məhəbbəti qazanmasının əsas səbəbi onun rəhbərliyində Heydər Əliyev kimi siyasət dahisinin olması idi. Bu partiyanın ümumxalq məhəbbəti qazanması isə ancaqancaq onun tezliklə siyasi hakimiyyətə gəlməsi ilə nəticələnə bilərdi. Bu, belə də oldu.

Akademik Budaq Budaqovun fikrincə, bu partiyanın tezliklə siyasi hakimiyyətə gəlməsinin əvvəlki iki səbəbi onun liderinin siyasət dahisi olması və üzvlərinin hamısının cəmiyyətdə sayılıb-seçilən insan kimi qəbul edilməsi idisə, üçüncü səbəbi də var idi. Bu səbəb həmin illərdə ölkəyə rəhbərlik edən insanların siyasi diletantlığı, cəmiyyət tərəfindən heç cür qəbul edilə bilməmələri, xalqın onlara inamının itməsi idi. 1988-ci ilin payızından etibarən ölkədə və regionda gedən ictimai-siyasi proseslərin heç biri Azərbaycan rəhbərliyi tərəfindən adekvat addımla qarşılanmamışdı. Daha doğrusu, ölkəyə rəhbərlik edən şəxslərin heç biri belə addım atmaq iqtidarında deyildi. Mixail Qorbaçovun Azərbaycandakı milli-azadlıq hərəkatını boğmaq üçün törətdiyi 20 Yanvar faciəsi Əbdürrəhman Vəzirovun öz vəzifəsindən xəlvəti qaçmasına səbəb olmuş, havadarlarının köməyi ilə Xocalı şəhərini yer üzündən silmiş ermənilərin vəhşiliyi və təcavüzkar hücumları qarşısında aciz qalması isə Azərbaycan prezidenti Ayaz Mütəllibovu həmin rüsvayçılığa məcbur etmişdi. Bunlar az imiş kimi ölkənin ikinci prezidenti Əbülfəz Elçibəy də az sonra xəlvəti olaraq paytaxtdan qaçmışdı. Bunlar günün reallıqları idixalq dövlət başçısı vəzifəsində qətiyyətli, cəsarətli, mətanətli və heç bir təhlükədən çəkinməyən, eyni zamanda siyasi prosesləri layiqincə qiymətləndirməyi bacaran, dövlət idarəçiliyində təcrübəsi olan bir insanı görmək istəyirdi. Bu insan Heydər Əliyev idi. Xalq onu siyasi hakimiyyətə dəvət etməklə milli dövlətçiliyimizə qurtuluş, ölkə əhalisinə nicat, regiona sabitlik, Yeni Azərbaycan Partiyasına isə möhtəşəm bir nüfuz qazandırmış oldu.

Ulu öndərin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə daxili sabitlik yarandı, xalqın dövlətə inamı bərpa edildi, cəbhədə atəşkəsə nail olundu, yeni neft strategiyasının icrasına start verildi, gənc müstəqil dövlətimizin beynəlxalq aləmə inteqrasiyası sürətləndirildi, cəmiyyət həyatının bütün sahələrində köklü islahatlara start verildi və sairə. Bütün bu proseslərin fonunda Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi. Mühasirə şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında yaradılan Yeni Azərbaycan Partiyası qısa bir müddət ərzində yüz minlərin partiyasına çevrildi.

Ümummilli liderin siyasi müdrikliyinin nəticəsi idi ki, gənclərin lideri kimi qəbul edilmiş, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev YAP sədrinin müavini, daha sonra isə birinci müavini seçildi. Bu seçim gənclərin Yeni Azərbaycan Partiyasına axına səbəb oldu. Bu gün sırasında yarım milyondan çox siyasi həmfikiri birləşdirən Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, eləcə də regionun və dünyanın ictimai-siyasi həyatında mühüm rol oynayır. Artıq bu partiyanın xətti ilə Bakıda bir neçə beynəlxalq tədbir keçirilib. Dünyanın aparıcı siyasi partiyaları ilə hərtərəfli əməkdaşlıq edən YAP özünün bütün uğurlarına görə ulu öndər Heydər Əliyevin siyasi müdrikliyinə minnətdardır.

Fikrimizi görkəmli tarixçi alim, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun hələ 2001-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası haqqında söylədiyi bir həqiqətlə tamamlamaq istəyirik: "Yeni Azərbaycan Partiyasının qüdrəti onun başçısında idi. Etiraf etmək lazımdır ki, xalq sadəcə olaraq Yeni Azərbaycan Partiyasına daxil olmaq, onun ətrafında sıx birləşmək, qurub-yaratmaq eşqi ilə yox, həm də Heydər Əliyevin ətrafında birləşmək arzusu ilə çırpınırdı... Etiraf etmək lazımdır ki, məhz Heydər Əliyev bu partiyanın sədri olduğu üçün partiya az bir vaxt ərzində uğur qazandı və kütləvi bir siyasi partiyaya çevrildi".

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 20 noyabr.- S. 3.