Qarabağdakı yurd yerlərimizə qovuşacağıq!

 

Qarabağ xalqımızın mədəniyyətinin, incəsənətinin, elminin və iqtisadiyyatının inkişafında çox böyük rol oynamış əzəli və əbədi Azərbaycan torpağıdır

 

XIX əsrin ortalarında Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir özünün "Qarabağ tarixi" (1847-ci il) əsərində Qarabağın ərazisini və sərhədlərini çox dəqiq təsvir edərək yazırdı: "Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".

Tarix əsrlər boyu Azərbaycan xalqını böyük sınaqlarla qarşı-qarşıya qoyub. XX əsrin sonlarında ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa əsassız ərazi iddiaları, onların "Böyük Ermənistan" yaratmaq xülyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranmasına gətirib çıxartdı.

Öz çirkin niyyətlərini həyata keçirmək üçün hər cür vəhşiliyə əl atan Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə ölkəmizə qarşı apardığı genişmiqyaslı hərbi təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi itirildi. Dağlıq Qarabağ və ona bitişik 7 rayon işğal edildi. Bu təcavüz nəticəsində 20.000-ə yaxın insan həlak oldu, 50.000 nəfər yaralandı və əlil oldu, 1 milyondan çox azərbaycanlı öz doğma el-obasından didərgin salınaraq məcburi köçkünə çevrildi.

Dağlıq Qarabağın keçmiş Ağdərə rayonunun azərbaycanlılar yaşayan kəndləri də ermənilər tərəfindən talan edildi və yandırılaraq yer üzündən silindi. Ağdərə rayonu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ən böyük rayonlarından biri idi. Həmin rayonun Narınclar, Çərəktar, İmarət - Qərvənd (Kərəmli) kəndlərinin azərbaycanlı əhalisi də (1542 nəfər - 440 ailə) öz ata-baba yurdlarından didərgin düşərək respublikanın 43 rayonunda - 87 yaşayış məntəqəsində müvəqqəti məskunlaşdılar. Həmin ailələr hazırda Kəlbəcər rayonunun tabeçiliyində olan 3 inzibati ərazi nümayəndəliyinin qeydiyyatındadırlar.

Qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısına görə Azərbaycan nümunəvi ölkə hesab olunur. Bütün məcburi köçkünlər kimi keçmiş Ağdərə rayonunun əhalisi də dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2004-cü ildə qəbul edilmiş, 2007-ci, 2011-ci illərdə əlavələr edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı"nın icrasına uyğun olaraq məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən məqsədyönlü siyasət aparılır, konkret addımlar atılır. Dövlət Proqramının qəbul edilməsi keçmiş Ağdərə rayonundan olan məcburi köçkünlərin də həyat tərzinin yüksəlməsinə, mənzil şəraitinin yaxşılaşdırılmasına səbəb olmuşdur. Belə ki, 143 məcburi köçkün ailəsi Dövlət Proqramına əsasən yeni salınmış qəsəbələrdə, 22 ailə Göygöl rayonunun "Murovdağ" məcburi köçkün qəsəbəsində mənzillərlə təmin olunmuşlar. 275 ailə isə inzibati binalarda, məktəb və uşaq bağçalarında yerləşmişlər.

Dağlıq Qarabağdan olan azərbaycanlıların pozulmuş insan hüquqlarının bərpasına, ağır vəziyyətə düşmüş soydaşlarımızın qayğı və problemlərinin həllinə hərtərəfli köməklik göstərilməsi məqsədi ilə 2009-cu il 5 iyun tarixində "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin I Qurultayı keçirildi. Həmin qurultayda İctimai Birliyin idarə heyəti təsis olundu və mən də idarə heyətinin üzvü seçildim.

İdarə Heyətinin üzvü, həm də Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti kimi məcburi köçkünlərin üzləşdikləri bir çox problemlərin həllində yaxından iştirak edirəm. İdarə heyəti tərəfindən verilən tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışıram. Məcburi köçkünlərin qaldırdıqları problemlərin həlli ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən də vaxtında lazımi tədbirlər görülür. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov, eləcə də rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən Ağdərədən olan soydaşlarımıza hərtərəfli qayğı və diqqət göstərilir.

Milli Məclisin deputatı, "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov da mütəmadi olaraq qaçqınlarla görüşür, onların qayğı və problemləri ilə yaxından tanış olur, əlindən gələn köməyi əsirgəmir.

Dağlıq Qarabağ bölgəsindən məcburi köçkün düşmüş soydaşlarımızın vəziyyətinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasına köməklik göstərilməsi "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyininonun idarə heyətinin qarşısında duran ən mühüm vəzifədir.

Dağlıq Qarabağın azərbaycanlı icmasının geniş fəaliyyət istiqamətləri var. İcma öz fəaliyyətində Dağlıq Qarabağdan didərgin düşmüş insanların pozulmuş hüquqlarının bərpa olunması istiqamətinə xüsusi önəm verir.

Dağlıq Qarabağda yaşayan ermənilər aydın dərk etməlidir ki, gec-tez Azərbaycan dövləti öz suverenliyini tam bərpa edəcək, işğal olunmuş torpaqlarını qəsbkarlardan azad edəcəkdir. Əgər erməni icması gələcəkdə bizimlə bir yerdə yaşamaq istəyirlərsə birbaşa bizimlə danışıqlarda iştirak etməli, problemin sülh yolu ilə həllini arayıb axtarmağa çalışmalıdırlar.

Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə danışıqlar aparmağa hazırdır. Mən də idarə heyətinin üzvü kimi erməni icması ilə danışıqlar aparılmasının tərəfdarıyam. Dağlıq Qarabağın hər iki icmasının görüşünə ehtiyac varbu görüşlər mütəmadi keçirilməli, danışıqlar aparılmalıdır. Belə hesab edirəm ki, icmalar arasında görüşlərin keçirilməsi münaqişənin sülh yolu ilə həllinə müsbət töhfələr verə bilər.

Dağlıq Qarabağda yaşayan ermənilərə üz tutaraq onlara bildirmək istəyirəm: Azərbaycan Respublikasının Konstitusiyasına hörmət edin ki, sürətlə inkişaf edən Odlar Yurdunun artan iqtisadiyyatından, firavan yaşayışından istifadə edə biləsiniz. Ermənilər Azərbaycan Konstitusiyasına hörmət etmək şərti ilə respublikamızın var-dövlətini bizimlə bərabər bölüşə bilərlər. Əgər istəmirlərsə, bu onların ciddi problemidir.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" ictimai birliyionun İdarə Heyəti tərəfindən yerlərdə məcburi köçkünlərlə çox fəal və ardıcıl işlər aparılır. İdarə heyəti tərəfindən mütəmadi olaraq azərbaycanlı icmasının yığcam yaşadıqları yerlərdə səyyar iclasların keçirilməsini daha məqsədəuyğun hesab edirəm. İctimai birliyin özünün fəaliyyəti, gördüyü işlərin və nəzərdə tutulan planların həyata keçirilməsi barədə həmin soydaşlarımızla məsləhətlər aparması bu yolda məram və məqsədimizin səmərəliliyini daha da artırardı. Bununla əlaqədar olaraq, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyininonun idarə heyəti üzvlərinin geniş fəaliyyətinin, keçirdikləri yerli və beynəlxalq əhəmiyyətli görüşlərin, müsahibələrin, tədbirlərin hər ay xüsusi olaraq xronika şəklində "Şuşa", "Xocavənd", "Qarabağa aparan yol", "Qarabağ" və "Xocalının səsi" qəzetlərində dərc edilməsi məcburi köçkünlərimizin məlumatlandırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Hesab edirəm ki, Dağlıq Qarabağdan didərgin salınmış azərbaycanlı məcburi köçkünlərin müharibə zamanı başlarına gələn ağır və dəhşətli faciələrə, həyat səviyyəsinə, üzləşdikləri çətinliklərə, problemlərə, ən əsası, yurd həsrətinə, sevgisinə həsr olunmuş kinofilmlər daha çox çəkilməli, həmin filmlər xarici dillərə tərcümə edilərək Azərbaycan səfirlikləri vasitəsi ilə beynəlxalq ictimaiyyətə çatdırılmalıdır.

Azərbaycanda fəaliyyət göstərən hər bir tarix-diyarşünaslıq muzeyində Dağlıq Qarabağdan olan azərbaycanlı əhalinin didərgin salınmasına dair xüsusi guşələr yaradılması bura təşrif buyuran xarici ölkə vətəndaşlarının hadisələrə daha real yanaşmasına və əsl həqiqətlərin öyrənilməsinə şərait yaradardı. Tarixi bəlalarımızın səbəblərinin əyani vasitələrlə işıqlandırılması mühüm əhəmiyyət kəsb etdiyindən, buna ciddi diqqət yetirilməsi artıq zərurətə çevrilməlidir.

Məcburi köçkünlərimizin hazırkı vəziyyətinin işıqlandırılmasında televiziyanın imkanlarından hələ də tam istifadə olunmur. Yaxşı olardı ki, AzTV-də ayda bir dəfə bu qəbildən olan xüsusi verilişlər hazırlansın.

Dağlıq Qarabağın azərbaycanlı icmasının Ağdərə rayonundan olan məcburi köçkünləri gələcəyə çox nikbin ümidlərlə baxırlar. Bu ümidi və inamı bizə günü-gündən çiçəklənən, iqtisadiyyatı durmadan inkişaf edən, hərbi gücü daim artan, regionun ən qüdrətli söz sahibinə çevrilən müstəqil Azərbaycan dövləti və onun başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev verir. Azərbaycanın son 20 ildə əldə etdiyi tarixi nailiyyətlərin və möhtəşəm uğurların nəticəsidir ki, bu gün Azərbaycan dünyada çox böyük nüfuz və hörmət qazanmışdır. Dövlətimizin dünyada sülhün və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə verdiyi böyük töhfə xalqımıza, respublikamıza geniş şöhrət gətirmiş və güclü inam, etimad yaratmışdır.

Dağlıq Qarabağdan olan məcburi köçkünlər oktyabr ayının 24-də Azərbaycan dövlətinin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsindən böyük qürur hissi keçirir və dövlət başçımızla fəxr edirlər. Biz ümid edirik ki, Azərbaycanın prioritet məsələsi olan ərazi bütövlüyünün bərpası məsələsi dünyanın ən mötəbər təşkilatının tribunasından bir daha eşidiləcək, Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail olacağıq.

Əminliklə qeyd etmək olar ki, Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınması istiqamətində aparılan məqsədyönlü siyasət öz müsbət nəticələrini verəcək və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir. İnanırıq ki, o gün gələcək və bütün məcburi köçkünlər Qarabağdakı yurd yerlərinə qovuşacaqlar!

 

 

Şaban QURBANOV,

"Azərbaycan Respublikası Dağlıq

Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"

İctimai Birliyinin idarə heyətinin üzvü,

Kəlbəcər Rayon İcra Hakimiyyətinin ərazi

idarəetmə orqanları ilə iş şöbəsinin böyük

referenti

 

Xalq qəzeti.- 2011.- 20 noyabr.- S. 3.