Ömrünü neft sənayesinə
həsr etmiş insan
Heç
vaxt xəyalına belə gəlməzdi ki, günlərin bir
günündə doğulub boya-başa
çatdığı uzaq dağ rayonundan Bakıya yollanacaq.
Burada üzləşdiyi min bir çətinlik, dözülməz
şərait onu həddindən artıq sıxsa da, taleyinə
boyun əyib, sabaha ümidini itirməyəcək. Ancaq xəyalına
gəlməyənlər başına gəldi. İradəsi
hesabına bütün çətinlikləri dəf edib,
etimad göstərilənlərdən oldu. Ona
tapşırılan hər bir işin, məsul vəzifənin yüksək
səviyyədə icrasına çalışdı, təşəkkürlər,
təltiflər qazandı. Söhbət ARDNŞ-in
Sosial İnkişaf
İdarəsinin struktur vahidi
olan Fəhlə Təchizatı Birliyinin keçmiş rəisi,
əməkdar neftçi mərhum Şahsuvar İbrahimovdan gedir .
Şahsuvar
İbrahimov 1926-cı il avqustun 26-da Qubadlı rayonunun
Çardaxlı kəndində dünyaya göz açıb.
Həmin kənddəki orta məktəbin 6-cı sinfini
bitirdikdən sonra rayon icraiyyə komitəsinin xətti ilə
Bakının Lenin (indiki Sabunçu) rayonunda yerləşən
texniki peşə məktəbinə oxumağa göndərilib.
6 aylıq təhsili uğurla başa vuran 12 yaşlı
yeniyetmə Keşlə qəsəbəsindəki 144 saylı
hərbi sənaye zavodunda çilingər kimi ilk əmək fəaliyyətinə
başlayıb. Özü o illəri belə
xatırlayırdı: "İşlədiyim müəssisədə
Kuybışev şəhərində yerləşən hərbi
zavodun istehsal etdiyi qırıcı təyyarələr
üçün mühərriklər hazırlanırdı.
Daxili nizam-intizam çox ciddi idi. Orada 6 ay işləyəndən
sonra keçmiş SSRİ-nin rəhbəri İosif Stalinin
birbaşa göstərişinə əsasən zavodumuzu
Kuybışev şəhərinə köçürtdülər.
2 il Kuybışevdə çalışdım. Lakin səhhətimdə
yaranan müəyyən problemlər işimi davam etdirməyə
imkan vermədi və mən Qubadlı rayonuna qayıtdım,
kolxozda işləməyə başladım..."
Böyük Vətən müharibəsi başlananda yaşının az olmasına baxmayaraq, dəfələrlə ön cəbhəyə getmək, faşistlərə qarşı vuruşmaq arzusuna düşüb. Amma doğmaları ona səbir, təmkin göstərməyi və 18 yaşı tamam olana qədər arxa cəbhədə çalışmağı tövsiyə ediblər. Deyiblər ki, arxa cəbhə nə qədər möhkəm olsa, düşmənlər üzərində qələbəmiz də bir o qədər tezləşər. Nəhayət, 1944-cü ilin fevralında Şahsuvar İbrahimovun müharibəyə getmək arzusu reallaşıb - onu hərbi xidmətə çağırıblar. Həmin ilin fevral ayından iyul ayınadək Şimali Qafqazda - 402-ci atıcı diviziyaya məxsus 839-cu atıcı polkun tərkibində faşistlərə qarşı aparılan onlarla döyüş əməliyyatında fəal iştirak edib. Sonra səhhəti ilə bağlı ordudan tərxis edilib.
Ş.İbrahimov deyirdi ki, 1944-cü il onun taleyinə həm də döyüş ili kimi həkk olunub: "O il rayon hərbi komissarlığı məni və daha 49 nəfər Qubadlı sakinini Bakının neft mədənlərində işləməyə göndərdi. Qubadlıdakı Akara stansiyasında qatara minəndə bizim kimi paytaxta işləməyə göndərilən 45 nəfər naxçıvanlı ilə rastlaşdıq. Qrupa sonralar Sosialist Əməyi Qəhrəmanı adı almış, bütün respublikada Neftçi Qurban kimi tanınmış, Qurban Abasov rəhbərlik edirdi. Qurban müəllimlə tanışlığım da elə həmin vaxtdan başlandı və həyatımızdakı hadisələrin sonrakı inkişafı bizi yaxın dosta çevirdi. Tale elə gətirdi ki, hətta Nardaran qəsəbəsində bağ qonşusu da olduq. O, Azərbaycanın neft sənayesinin inkişafına böyük töhfələr verməklə bərabər, eyni zamanda, yaddaşlarda gözəl insan, qayğıkeş rəhbər kimi qalıb. Xalq cəbhəsi hakimiyyətə gələndə Q.Abasov Dənizdə Neftqazçıxarma İdarəsinin baş direktoru vəzifəsində çalışırdı. Xarici neft kompaniyaları ilə bağlanması nəzərdə tutulan sazişlərə razılıq vermədiyinə görə onu hətta fiziki cəhətdən məhv etmək niyyətinə düşmüşdülər. Sonuncu dəfə Dövlət neft Şirkətinin binasını mühasirəyə alıb, Qurban Abasovu həbs etmək istəsələr də, buna nail ola bilmədilər, dostları onu binanın arxa qapısından çıxarıb, təhlükədən xilas etdilər. Amma bütün təqiblərə, hədə-qorxulara baxmayaraq, Q.Abasov o cür biabırçı, yəni sonda respublikamızı müflisləşməyə gətirib çıxara biləcək sazişlərin imzalanmasına imkan vermədi. Məhz bu inadkarlığına görə də AXC hakimiyyətinin başında duranlar yeganə çıxış yolunu Qurban müəllimi vəzifədən uzaqlaşdırmaqda gördülər".
Şahsuvar İbrahimov paytaxtımızdakı"Molotovneft" (indiki "Qarabağneft") neftçıxarma idarəsində buruqların yeraltı təmiri üzrə operator köməkçisi, operator, yeraltı təmir ustası, baş usta, baş mühəndis-mexanik vəzifələrində çalışıb. İş şəraitinin ağırlığına baxmayaraq, heç vaxt sabahkı günə inamını itirməyib: "O dövrdə böyük çətinlikləri dəf etməli olurduq. Sutkanın tən yarısını yerin altında - soyuq və rütubətli mühitdə işləyirdik. Ərzaqla təminatımız isə bərbad vəziyyətdə idi, bizə gün ərzində cəmi beş yüz qram quru çörək verilirdi. Doqquz nəfər bir otaqda qalırdıq. İşdəki fəallığımı nəzərə alıb, sonralar məni idarə üzrə azad ilk partiya təşkilatının katibi vəzifəsinə seçdilər".
Ş.İbrahimov 1955-60-cı illərdə Moskva Sovet Ticarət İnstitutunun Bakı filialında qiyabi təhsil alaraq, əmtəəşünas ixtisasına yiyələnib. 1959-cu ildə Qaradağ rayonu "Neft rayonlarının ticarəti" idarəsinə (indiki Fəhlə Təchizatı Birliyi) rəis təyin olunub. 1966-cı ildən başlayaraq onun rəhbərlik etdiyi qurum Azərbaycanın ayrı-ayrı rayonlarında kəşfiyyat quyularının qazılması, fəhlələrin isti yeməklərlə təmin edilməsi məqsədilə iaşə obyektlərinin tikintisi, həmin obyektlərdə yeni avadanlıqlar quraşdırılması istiqamətində xeyli işlər görüb. Məhz həmin fəaliyyətinə görə Ş.İbrahimov keçmiş SSRİ-nin və Azərbaycanın müxtəlif dövlət mükafatları ilə, o cümlədən "Əməkdə fərqlənməyə görə", "Əmək rəşadətinə görə" medalları və "Sovet ticarət əlaçısı" döş nişanı ilə təltif olunub.
İşlədiyi müddətdə Azərbaycanın dövlət başçısı, ümummilli lider Heydər Əliyevin neftçilərə, neft sənayesinə göstərdiyi diqqət və qayğıdan Ş.İbrahimovun da qismətinə pay düşüb. Deyirdi ki, işdə qazandığı hər bir müvəffəqiyyətin əsasını Heydər Əliyevin ona bəslədiyi yüksək etimad təşkil edib: "1982-ci il idi. Ulu öndər Heydər Əliyev Yevlax şəhərindən qayıdarkən yolüstü Saatlıya baş çəkib, oradakı neftçıxarma idarəsində çalışan fəhlələrin sosial vəziyyəti ilə maraqlandı. Həmin vaxt bizim birliyin vəsaiti hesabına orada fəhlələr üçün yeməkxana və mağaza tikilib istifadəyə verilmişdi. Fəhlələrlə hal-əhval tutub, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlar verən görkəmli dövlət xadimi maşına minib Bakıya yola düşmək istəyəndə Saatlı Rayon Partiya Komitəsinin birinci katibi Əlisahib Babayev ona yeni istifadəyə verilmiş yeməkxana və mağaza barədə məlumat verib, həmin obyektlərlə tanış olmasını xahiş etdi. Heydər Əliyev isə əli ilə mənə işarə edib, "onların hər ikisini bu kişi tikdirib, bu kişinin də işini yoxlamağa ehtiyac yoxdur. Ona bələdəm, çox yaxşı işləyir" - dedi. Rəhbərin mənə belə yüksək etimad göstərməsi ürəyimi qürur hissi ilə doldurdu... Həmin ilin sentyabr ayında ulu öndər Neftçıxarma İdarəsinə gəlib, neftçilərin siyasi dərsində iştirak etdi. Sonra isə Sosialist Əməyi Qəhrəmanı Məmməd Qənbərovun kəşfiyyat buruğuna gedib, işçilərlə görüşdü, neft yığılan anbarlarla tanış oldu. Söhbət əsnasında buruqda çalışan fəhlələrin isti xörəklə necə təmin olunması ilə maraqlandı. Məni görən kimi əl uzadıb görüşdü və fəhlələrin hansı növ ərzaqlarla təmin olunduğunu soruşdu. Mən cavab verdim ki, Ticarət İdarəsi neftçiləri çeşidli və keyfiyyətli ərzaqlarla təmin edir. Həmçinin, bizim yardımçı təsərrüfatımız var, ərzaq çatışmayanda bu təsərrüfatın məhsullarından istifadə olunur. Mənim cavabımdan sonra Qaradağ rayonun birinci katibi Abdullayevə göstəriş verib dedi ki, Təchizat İdarəsinin fəaliyyəti barədə bir təlimat yazılsın və Mərkəzi Komitənin bürosunda nümunə olaraq müzakirə edilsin...".
Ş.İbrahimov ümummilli liderlə 1980-ci ilin avqust ayındakı unudulmaz görüşünü də tez-tez xatırlayardı. Həmin vaxt Saatlı şəhərində 15 min metrlik kəşfiyyat quyusuna baxış keçirməyə gələn Heydər Əliyev adəti üzrə yenə fəhlələrin geyim və isti yeməklərlə necə təchiz olunması ilə maraqlanıb və Ş.İbrahimovun rəhbərlik etdiyi birliyin fəaliyyətindən razılıq ifadə edərək, ona öz təşəkkürünü bildirib. Elə bu etimad və inamın məntiqi nəticəsi olaraq Ş.İbrahimova 1982-ci ildə "Əməkdar ticarət işçisi" adı verilib. 1985-ci ildə keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Xalqlar dostluğu" ordeni ilə təltif olunub və SSRİ Neft Sənayesi Nazirliyinin əmri ilə "Əməkdar neftçi" adına layiq görülüb. Onun fəaliyyəti Azərbaycanın müstəqilliyi dövründə də yüksək qiymətləndirilib. 2004-cü il noyabrın 18-də ölkə Prezidenti İlham Əliyevin fərmanına əsasən "Tərəqqi" medalı ilə mükafatlandırılıb.
Şahsuvar müəllimdən ona bağlı insanlara yadigar qalan əməlləri və keçdiyi zəngin həyat yoludur. Bu zəhmətkeş insanın xatirəsi heç vaxt unudulmayacaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 22 noyabr.- S. 11.