Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır

 

Müsahibimiz Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlıdır

 

- Mübariz müəllim, Yeni Azərbaycan Partiyasının yaranma tarixi ölkəmizdə çox ağır bir dövrə - hakimiyyətsizliyə, özbaşınalığın, anarxiyanın, xaosun baş alıb getdiyi illərə təsadüf edir. Belə bir dövrdə yaranmış partiya Azərbaycanın ictimai-siyasi mühitinə necə təsir göstərdi? Bunun əsas səbəblərini nədə görürsünüz?

- Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri və rolu olan Yeni Azərbaycan Partiyasının yaranmasının 19 ili tamam olur. Ötən 19 il ərzində Yeni Azərbaycan Partiyası çox mühüm və əhəmiyyətli bir yol keçmişdir. Əslində, bu illər müstəqil Azərbaycanın inkişaf tarixi ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, istiqlalımızın dönməzliyinin təmin olunması və hazırda həyata keçirilən geniş və çoxşaxəli islahatlar məhz YAP-ın lideri, müstəqil Azərbaycan dövlətinin banisi Prezident Heydər Əliyevin adı ilə bağlıdır. Təbii ki, ulu öndərin həyata keçirdiyi siyasətin geniş surətdə təbliğ-təşviq olunmasında YAP fəal iştirak etmişdir.

YAP-ın 19 illik fəaliyyətindən danışarkən müxtəlif məqamları nəzərdən keçirmək zəruridir. Əvvəla bu partiyanın yarandığı tarixi şəraiti təhlil etmək, müxtəlif məsələləri müqayisəli şəkildə araşdırmaq lazımdır. Yeni Azərbaycan Partiyasının təsis olunduğu tarixi gün - 1992-ci il 21 noyabr Azərbaycanın ən yeni tarixinin mühüm və əlamətdar günlərindən biridir. YAP-ın yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni bir mərhələ başlandı. Həmin dövrə nəzər salsaq YAP-ın yaranmasının Azərbaycanın ictimai-siyasi mühitinə nə qədər böyük təsir göstərdiyini əyani olaraq bir daha görə bilərik. Həmin dövrün səciyyəvi əlamətləri Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə verdiyi cavabında aydın şəkildə göstərilmişdir. Burada, YAP-ın yaranmasının zəruriliyi bildirilməklə, belə bir partiyanın perspektivdə ölkənin siyasi həyatında aparıcı rol oynayacağı əminliklə qeyd edilmişdir. Heydər Əliyevin ziyalılara ünvanlanan cavabında deyilirdi: "Belə partiya (YAP nəzərdə tutulur) Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər". Keçdiyimiz tarixi yol Prezident Heydər Əliyevin 1992-ci ilin oktyabrında söylədiyi bu fikirlərin həqiqiliyini sübuta yetirdi.

Yeni Azərbaycan Partiyasının təsis olunduğu vaxtdan bu partiyanın ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərməsinin başlıca səbəbləri nədən ibarətdir ? Bu məsələni izah edərkən öncə siyasi partiyaların cəmiyyətdəki yerinin müəyyən edilməsinin başlıca meyarlarına diqqəti cəlb etmək lazımdır. Məlumdur ki, normal demokratik ölkələrdə əhalinin geniş təbəqələrinin ictimai-siyasi həyatda iştirakı əsasən siyasi partiyalar vasitəsilə reallaşır. Yəni, siyasi proseslərə qatılmaq, siyasətlə məşğul olmaq istəyən şəxslər müəyyən siyasi partiyaya qoşulurlar. Fərdlər ayrı-ayrı siyasi qurumlarda birləşərək konkret məqsəd və vəzifələri, müəyyən konsepsiya və ideologiyanı həyata keçirməyə çalışırlar.

Sivil, demokratik ölkələrin keçdikləri siyasi yola nəzər salarkən partiyaların fəaliyyəti qabarıq şəkildə özünü büruzə verir. Hər hansı bir demokratik ölkənin siyasi sistemi öyrənilərkən, həmin ölkələrdə mövcud olan partiyaların cəmiyyət həyatında tutduğu yer diqqəti cəlb edir. Bu zaman, həmin ölkədə fəaliyyət göstərən partiyaların hansı ideoloji prinsiplərə söykəndiyi, cəmiyyətin hansı zümrəsinin maraqlarını ifadə etdiyi, partiyaların tipləri və funksiyası, ölkənin həyatına və ictimai rəyə təsir imkanları və bu kimi digər amillər nəzərə alınır.

Ümumiyyətlə, müəyyən siyasi təşkilatın yaradılmasının elan edilməsi həmin qurumun gücünü və cəmiyyətdəki rolunu müəyyən etmək üçün kifayət deyildir. Müxtəlif dəbdəbəli adlar, cəlbedici proqramlar, şüarlar irəli sürən və xalqı, ölkəni irəli aparacağını vəd edən partiyalar bəzən qısa vaxt içərisində siyasi səhnədən silinib gedirlər. Deməli, siyasi partiyanın ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə çıxması üçün bir neçə mühüm amil gərəkdir və əgər, bunlar biri digərini tamamlamasa, o zaman həmin partiya siyasi sistemdə kifayət qədər yer tuta bilməyəcəkdir. Siyasi partiyaların tarixinin tədqiqi göstərir ki, ümumxalq, ümummilli, ümumdövlət maraqlarını özünün praktik fəaliyyəti ilə ifadə etməyən partiyaların siyasi ömrü çox qısa olur. Burada, böyük öndər Mustafa Kamal Atatürkün məşhur bir kəlamı yada düşür: "Xalqa əfəndilik etmək yoxdur. Xalqa xidmət etmək vardır. Kim xalqa xidmət edirsə, o, xalqa əfəndilik edir". Tarix və politoloji təhlillər bu kəlamın doğruluğunu dəfələrlə sübut etmişdir.

Cəmiyyətin ayrılıqda götürülmüş bir təbəqəsinin və yaxud sosial qrupunun mənafe və marağını qoryuan siyasi təşkilatın, həmçinin ictimai qurumun xalqı, milləti öz arxasınca apara bilməsi həmişə mümkün deyildir. Bu tipli siyasi qurumlar qısa zaman kəsiyində müvəqqəti olaraq irəli çıxa bilsələr də, onların hakimiyyəti əldə saxlaya bilməsi mümkün deyildir. Azərbaycanın müstəqilliyinin ilk illərində AXC-nin fəaliyyəti və yaxud postsovet məkanında mövcud olmuş bir sıra hərəkatların fəaliyyəti buna nümunə ola bilər. Yalnız xalqın bütün təbəqələrinin arzu və istəklərini ifadə edən, güclü ideologiyaya, liderə, yüksək intellektual potensiala malik siyasi elitaya və bitkin təşkilati strukturlara malik olan partiya cəmiyyətdəki aparıcı rolunu qoruyub saxlamağa və hakimiyyəti uzun müddət idarə etməyə qadirdir. Qeyd edilən bu amillərə görə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan heç biri Yeni Azərbaycan Partiyası ilə rəqabətə girə bilməz.

Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin tarixi keçmişinin müxtəlif sahələri kimi siyasi tariximiz haqqında da araşdırmalar aparılmaqdadır. Azərbaycanda siyasi partiyaların təşəkkülü və fəaliyyəti əsasən XX əsrin əvvəllərinə təsadüf edir. XX əsrin əvvəllərində Bakı şəhərində müxtəlif siyasi qurumların fəaliyyəti özünü daha qabarıq şəkildə büruzə verirdi. Çar Rusiyasının mühüm neft mərkəzlərindən olan Bakıda siyasi cərəyanların müxtəlif çalarlarını özündə əks etdirən partiyaların yerli qurumları yaranmağa başlayırdı. Təbii olaraq, Azərbaycan xalqının siyasi marağının daşıyıcısı olan müəyyən partiyaların təşəkkülü prosesi də bu illərə aid edilir.

Lakin, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədə birpartiyalı sovet-kommunist rejiminin bərqərar olması ilə ölkəmizdə siyasi partiyalaşmaya son qoyulur. Təqribən yetmiş il ərzində Azərbaycanda birpartiyalı sistem aparıcı rol oynayır. Aydındır ki, sovet rejimində partiyalardan, siyasi sistemlərdən danışarkən yalnız Kommunist partiyasının fəaliyyəti nəzərdə tutulurdu. Ümumiyyətlə, marksist nəzəriyyə partiya anlayışına tam fərqli yanaşırdı, əslində, sovet sistemində partiya və dövlət idarəçiliyi eyni əldə birləşdirilmişdi. Kommunist Partiyasının proqram və prinsiplərindən fərqlənən düşüncə tərzi, ideologiya yasaq olmaqla, təqib edilirdi.

Sovet-kommunist idarəçilik sisteminin böhranı və dağılması keçmiş SSRİ məkanında çoxpartiyalı sistemin yaranması üçün əlverişli zəmin yaratdı. Ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının başlanması, Dağlıq Qarabağ problemi və eyni zamanda sovet rejiminin eybəcərlikləri respublikamızda xalqın kəskin etirazlarına gətirib çıxardı. Bu dövrdə müəyyən siyasi qruplar yaranmağa başladı ki, bunlar da, sonradan partiyalar halında formalaşdı. Azərbaycanda geniş kütlələri birləşdirən xalq hərəkatının aparıcı ideyası ölkəni üzləşdiyi problemlərdən xilas etmək, erməni təcavüzünün qarşısını almaq, Azərbaycanın müstəqilliyinə nail olmaqdan ibarət idi. Xalq hərəkatının geniş vüsət aldığı illərdə milyonlarla insanın iştirakçısı olduğu mitinq və yürüşlərdə Heydər Əliyevin ölkəni böhrandan çıxarmağa qadir lider olması fikrinin dönə-dönə səsləndirilməsi sonrakı mərhələdə YAP-ın yaranması üçün zəmin olmuşdu. Yəni, Yeni Azərbaycan Partiyası yaranmazdan əvvəl Heydər Əliyev şəxsiyyəti, onun ölkəni xilas etməyə qadir lider olması cəmiyyətdə aparıcı fikirlərdən biri idi. Azərbaycanın dərin sosial, siyasi, mənəvi böhran keçirdiyi bir vaxtda xalqın düşünən ziyalıları Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev ideyaları ətrafında birləşməyin zəruri olduğunu xüsusi olaraq vurğulayırdılar.

1992 -ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaranması tarixi zəruri bir addım idi. Bu partiyanın yaranması ilə Azərbaycan siyasi həyatında yeni bir mərhələnin başlanğıcı qoyulur. YAP-ın qəbul edilən proqramında irəli sürülən müddəalar Azərbaycanı böhran məngənəsindən xilas etməyin ən düzgün yolunu müəyyənləşdirdi. Partiyanın bəyan etdiyi əsas ideoloji prinsiplər - müstəqil dövlətçilik; qanunçuluq; azərbaycançılıq; vətənçilik; varislik, yaradıcı təkamül; konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi; sosial ədalət prinsipləri ümummilli səciyyə daşıyır. Özünün proqram prinsiplərinə sadiq qalan YAP ötən illər ərzində Azərbaycanın sosial-iqstiadi tərəqqisi yolunda mühüm işlər görmüşdür.

Yeni Azərbaycan Partiyasının sədri, Prezident Heydər Əliyev YAP-ın yaranmasından sonra partiyanın fəaliyyətindən danışarkən qeyd etmişdir: "Yeni Azərbaycan Partiyası yaranandan onun ən üstün, müsbət cəhəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının amalı, məqsədləri, qəbul etdiyi proqram, müstəqil Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, Azərbaycanda demokratik prinsipləri bərqərar etmək, Azərbaycanı dünya iqtisadiyyatına bağlamaq, Azərbaycanda iqtisadi-siyasi islahatlar həyata keçirmək və Azərbaycanı inkişaf etdirmək olubdur".

- Yarandığı qısa vaxtdan sonra YAP iqtidar partiyası oldu. Bu dövrü necə xarakterizə edərdiniz?

- Yeni Azərbaycan Partiyası yaranarkən müxalifət partiyası kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə hakimiyyətdə olan AXC iqtidarı ölkədəki böhranlı vəziyyəti nəinki aradan qaldıra bilmədi, əksinə onu daha da dərinləşdirdi. 1993-cü ilin iyun ayında Azərbaycan kəskin və ağır bir vəziyyətlə üzləşmişdi. Ölkədə faktiki olaraq vətəndaş müharibəsi başlanmışdı. Belə bir vaxtda xalqın təkidli tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi. O zamankı iqtidar Gəncədə başlayan və bütün Azərbaycanı bürüyən böhranlı situasiya qarşısında çox aciz qalmışdı. Hərb cəbhəsində də ağır vəziyyət hökm sürürdü. Bu cür ağır bir vaxtda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı istiqlalını, ərazi bütövlüyünü itirmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanın yeganə xilas yolu idi. Heydər Əliyevin respublikanın rəhbərliyinə qayıdışı ilə YAP-ın iqtidar partiyası kimi fəaliyyəti başlayır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə müxtəlif yönümlü siyasi partiyalar yaranmağa başladı. Siyasi partiyaların yaranması prosesi indi də davam edir. Hazırda ölkədə rəsmi qeydiyyatdan keçmiş çoxlu sayda siyasi partiya vardır. Ancaq siyasi partiyaların içərisində ümummilli səviyyədə təsir gücünə malik olan təşkilat Yeni Azərbaycan Partiyasıdır. Demək olar ki, keçirilən rəy sorğularında və eyni zamanda prezident, parlament və bələdiyyə seçkilərində YAP birinciliyini qoruyub saxlaya bilmişdir.

Azərbaycanın siyasi sisteminin geniş və hərtərəfli təhlili YAP-ın cəmiyyətdəki aparıcı rolunu bir daha aydın göstərir. Məlumdur ki, politoloji baxımdan siyasi partiyaların təsnifatı məsələsi siyasi sistemin öyrənilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanda mövcud olan partiyaların proqram prinsiplərinə istinadən onların təsnifatını vermək mümkündür. Elmi ədəbiyyatda partiyanın təsnifatı məsələsinə yanaşmada müxtəlif fikirlər vardır. Əlbəttə, bizim məqsədimiz heç də bu məsələni geniş izah etmək deyildir. Lakin, bir məqamı xüsusi qeyd etmək istərdik. Müasir dünyada partiyaların yaranmasının əsaslarında sinfi və qatı ideoloji çərçivə, radikalizm rədd edilir. YAP-ın proqramı bu baxımdan da beynəlxalq siyasi mədəniyyətin konyukturasına uyğundur. Siyasi partiyaya müəyyən sinfin, zümrənin, təbəqənin, sosail qrupun, müəyyən fərdlərin və s. maraqlarını ifadə edən bir qurum kimi yanaşanlar vardır. Azərbaycanın siyasi həyatında mövcud olan bir sıra partiyaların və onun rəhbərliyində duran şəxslərin partiya quruculuğuna məhz bu formada yanaşdıqları müşahidə olunmaqdadır. Müxalifət partiyalarının "ideoloqları" siyasi mübarizə, siyasi əxlaq anlayışlarına kommunist dövründən qalma düşüncə tərzi ilə yanaşaraq, siyasi partiyanın rolunu və yerini yalnız hakimiyyət uğrunda mübarizə ilə məhdudlaşdırırlar. Halbuki, siyasi partiya cəmiyyətin müəyyən hissəsi olaraq yalnız hakimiyyətə çatmaq naminə fəaliyyət göstərmir.

Azərbaycanda olan siyasi partiyaların ideoloji təsnifatına nəzər saldıqda YAP-ın istər proqram prinsipləri, istərsə də fəaliyyət istiqamətləri baxımından digər partiyalarla müqayisədə öncül mövqedə dayandığını görmək olar. Siyasi ədəbiyyatda verilən bölgüyə görə siyasi partiyalar ideoloji əlamətinə görə inqilabçı, islahatçı, mühafizəkar və praqmatik yönümdə olur. YAP-ın siyasi fəaliyyətində islahatçılıq, mühafizəkarlıq və praqmatiklik daha qabarıq şəkildə özünü göstərməkdədir. İqtidar partiyası kimi YAP ölkədə həyata keçirilən sosial-siyasi islahatların reallaşmasında əhəmiyyətli rol oynayır. Mühafizəkarlıq məsələsinə gəldikdə isə YAP cəmiyyətin müsbət ənənələrinin qorunmasını vacib sayır. Yeniləşmə hər bir cəmiyyətə xasdır. Totalitar rejimdən demokratiyaya keçid dövrünün çətinliklərinin aradan qaldırılması heç də köhnənin müsbət təcrübəsinin məhv edilməsi, dağıdılması demək deyildir. YAP sağ yönümlü mərkəzçi bir partiya kimi yeniliyin tətbiqində təkamül prosesini əsas götürür. YAP-ın sədri, ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətində praqmatizm aydın şəkildə özünü göstərir. Bu, hər şeydən əvvəl Azərbaycanın maraqlarının təmin edilməsi üçün həyata keçirilən məqsədyönlü siyasətdir.

Partiyaların ideoloji təsnifatı ilə bağlı məsələləri ümumiləşdirdikdə belə nəticəyə gəlmək olur ki, yarandığı vaxtdan Azərbaycanın ictimai-siyasi həyatına, ictimai rəyə həlledici təsir göstərməyə qadir olan bir partiya kimi YAP ümumxalq partiyasıdır.

- Yeni Azərbaycan Partiyasının qısa vaxt ərzində böyük nüfuz qazanması, üzvlərinin sayının sürətlə çoxalması xalqın bu partiyanın yaradıcısı Heydər Əliyevə olan inamından, etimadından irəli gəlirdi?

- Hər hansı siyasi təşkilatı digərləri ilə müqayisə edərkən bir neçə aspektə diqqət yetirmək vacibdir. Birincisi, həmin təşkilatın ideoloji prinsipləri. Bu məsələ barədə fikirlərimizi yazının əvvəlində qeyd etdik. Yəni ideoloji cəhətdən YAP-ın istinad etdiyi prinsiplər gerçəkdə ümumazərbaycan səciyyəlidir və hamı tərəfindən qəbul edilir. İkincisi, siyasi təşkilatın liderliyində dayanan şəxsiyyətin ümumxalq səviyyədə tanınması (onun xarizması) və təşkilatın elitar hissəsinin cəmiyyətdə nüfuzu. Məsələnin bu cəhətinə diqqət yetirsək YAP-ın lideri, ulu öndər Heydər Əliyevin ümumiyyətlə bütün hallarda digər partiyalara rəhbərlik edənlərdən tam üstün olduğunu görə bilərik. Bu məqam hətta əleyhdarlar və müxalifət tərəfindən də etiraf edilir. Əslində, Heydər Əliyev siyasi xadim, dövlət xadimi və siyasətçi kimi ümumdünya miqyasında tanınan, sayılan şəxsiyyətlərdəndir. Eyni zamanda onun 30 ildən çox bir müddət ərzində ali rəhbərlikdə olması uzun illər Azərbaycanı idarə etməsi, ölkənin ağır vaxtlarında xilaskarlıq missiyasını uğurla həyata keçirməsi, xalq arasında ona böyük nüfuz qazandırmış, ümummilli lider kimi hamı tərəfindən qəbul edilmişdir. Heydər Əliyevin ümummilli lider olması onun rəhbərlik etdiyi YAP-ın cəmiyyətdəki nüfuzuna da həlledici təsir göstərir. YAP-ın siyasi elitasına daxil olan şəxslərin Azərbaycanın ictimai rəyinə təsiri də kifayət qədərdir. YAP Heydər Əliyev ideyalarının daşıyıcısıdır və bu ideyalar ümumazərbaycan səviyyəsində qəbul edilmişdir. Üçüncüsü, siyasi təşkilatın kəmiyyət və keyfiyyəti məsələsidir ki, bu istiqamətdə də YAP aparıcı rola malikdir. Hazırda YAP üzvlərinin sayına və Azərbaycanın rayon (şəhər), kənd (qəsəbə) və digər yaşayış yerlərində ilk təşkilatların olmasına görə birinci partiyadır.

Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolundan danışarkən partiyanın yaradıcısı Heydər Əliyev demişdir:"Bizim partiya sağlam düşüncə, sağlam fikir - xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədi ilə yarandı. Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, XX əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır".

Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzu ölkədə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində onun qələbəsinin təmin olunması ilə müşayiət olunur. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü təklif və təşəbbüslərin xalq tərəfindən müdafiə olunması YAP-ın cəmiyyətdə rolunu daha da artırır. 2002-ci il avqust ayının 24-də Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsində (referendumda) əhalinin YAP sədri, Prezident Heydər Əliyevin təşəbbüsünə böyük dəstəyi deyilənləri bir daha sübut edirdi. Yeni Azərbaycan Partiyasının siyasi varislik prinsipi ilə irəliyə doğru inkişaf edirdi. 2001-ci ilin noyabırında partiyanın II qurultayında Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri və nüfuzu olan İlham Əliyevin partiya sədrinin birinci müavini seçilməsi ölkənin siyasi həyatında mühüm hadisə kimi yadda qaldı.

Yeni Azərbaycan Partiyası gələcəyə çox böyük nikbinliklə, inamla baxır. Ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı XXI əsrdə daha yüksək zirvələrə çatdırmaq imkanına malik olan YAP qüdrətli və xalq tərəfindən müdafiə olunan bir partiya olaraq Heydər Əliyev yolunu davam etdirməyə qadir olan İlham Əliyev kimi liderə malikdir.

- Prezident İlham Əliyevin YAP-ın sədri seçilməsindən sonra bu təşkilatın həyatında yeni mərhələ başlandı.

- 2005-ci ilin mart ayında YAP-ın III qurultayında Azərbaycan Prezidenti, YAP sədrinin birinci müavini İlham Əliyev partiyanın sədri seçildi. Bununla da partiyanın həyatında yeni mərhələ başladı. Bu dönəmdən başlayaraq müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi xalqın rifah halının yaxşılaşdırılması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi naminə ardıcıl siyasət həyata keçirildi və bu prosesdə YAP daim ön sıralardadır. YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla bu siyasətin uğurlarını xalq arasında geniş təbliğ etməkdədir. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin YAP-ın sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olunur. Faktlara diqqət yetirsək, ötən müddət ərzində ümummilli lider Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Hazırda partiya üzvlərinin sayının yarım milyonu ötməsi də bunu təsdiqləyir.

Dövlət başçısının istər daxili, istərsə də xarici siyasət sahəsində qazandığı uğurlar xalqımızın öz tarixi seçimində yanılmadığını sübut etdi. Prezident İlham Əliyev həm seçki kampaniyası dövründə, həm də andiçmə mərasimində xalqımız qarşısında verdiyi bütün sözləri yerinə yetirmək istiqamətində mühüm addımlar atdı və sözlə əməlin üzvü vəhdətinə söykənən lider imici ilə həm də gələcək nəsillər üçün mükəmməl nümunə yaratdı. Dövlət başçımızın məntiqli, düşünülmüş daxili və xarici siyasəti nəticəsində Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.

Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası adlandırmışdır. Partiyanın fəaliyyəti keçdiyi yol gələcəyə ünvanlanmış proqram müddəaları deməyə əsas verir ki, YAP ümumxalq, ümumazərbaycan partiyasıdır və onun Azərbaycanın ictimai-siyasi həyatında uzun müddət özünəməxsus yeri olacaqdır.

YAP-ın ümdə keyfiyyətlərindən biri hakim partiya olaraq ölkəni irəli aparmaq istiqamətində ardıcıl fəaliyyət göstərməsidir. Heydər Əliyev ideyasını yaşadan, onu gələcəyə aparan YAP yeni Azərbaycanın, müstəqil Azərbaycanın inkişafında bundan sonra da illərlə fəaliyyət göstərəcəkdir. Daim inkişafda olan həyatda mövqelərini saxlamaqdan ötrü hər bir insan kimi, siyasi təşkilatlar da müntəzəm olaraq baş verən dəyişikliklərə uyğunlaşmalı, müvafiq fəaliyyət göstərməlidir. YAP-ın bu gün ölkəmizdə qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər, ölkəmizin ictimai-siyasi həyatında malik olduğu ciddi mövqe bu mənada onunla da əlaqədardır ki, partiya daim yeniləşir, müasirləşir. Partiyamızın yaranma tarixi dərinləşdikcə onun yaradıcısı, ilk əsasnamə və məramnaməsinin müəllifi Heydər Əliyevin uzaqgörənliyi, böyüklüyü, təkrarolunmaz şəxsiyyəti daha da aydınlaşır. Üzvlərinin sayı yarım milyondan çox olan Yeni Azərbaycan Partiyası dünyanın aparıcı ölkələrində uzun illər fəaliyyət göstərən bir çox güclü partiyaların sırasına cəmi 19 ildə qoşulub. Bütün bunlar deməyə əsas verir ki, bu partiya həqiqətən demokratik, hüquqi dəyərləri özündə cəmləşdirmiş gənc partiya kimi daim inkişafda, möhkəmlənməkdə, demokratik dünyaya inteqrasiya etməkdədir.

 

 

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 22 noyabr.- S. 6.