Yeni Azərbaycan Partiyası - bu günün, sabahın
və gələcəyin partiyası
Azərbaycanın
öz dövlət müstəqilliyini bərpa etməsinin 20
illiyini böyük fəxr və iftixarla qeyd etdiyimiz bir zamanda
soydaşlarımız, o cümlədən bütün gənclərimiz
ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini
böyük qədirdilənliklə yad edirlər.
Böyük siyasət dahisi, milyonlarla insana nicat, milli dövlətçiliyimizə
qurtuluş gətirmiş ümummilli liderimizin Azərbaycan
tarixindəki rolu, milli tərəqqimizin sürətləndirilməsindəki
xidmətləri barədə dünyanın
tanınmış siyasətçiləri son dərəcə
yüksək fikirlər söyləyirlər: "O, öz
xalqının aydın sabahı və dövlətinin
işıqlı gələcəyi üçün
canını və qanını əsirgəməyən bir
neçə siyasi xadimdən biri idi". "Heydər Əliyev
Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirmiş
tarixi şəxsiyyətdir". Bu qəbildən olan yüksək
fikirlərdən ibarət artıq neçə-neçə
kitablar nəşr olunmuşdur.
Biz -
Azərbaycan gəncliyi fəxr edirik ki, müasir tariximizin
dünya siyasətinə verdiyi ən böyük dövlət
xadimi barədə məhz əcnəbilər bu şəkildə
- səmimi etirafla söz açırlar. Eyni zamanda bizim iftixar
mənbəyimiz olan başqa bir məsələ də ondan
ibarətdir ki, bu gün Azərbaycan gəncləri Heydər Əliyevin
birinci şah əsəri olan müstəqil Azərbaycan
dövlətində yaşayır, onun yaradıb ərsəyə
gətirdiyi Yeni Azərbaycan Partiyasının
sıralarında siyasi cəhətdən yetkinləşir və
ulu öndərin siyasi kursunu uğurla davam etdirən prezident
İlham Əliyevin ətrafında daha sıx birləşirlər.
Bu gün Azərbaycan gəncliyi müstəqil dövlətimizin tərəqqisinə özünəməxsus töhfələr verir, Yeni Azərbaycan Partiyasının məramnaməsinin həyata keçirilməsində fəal iştirak edir və prezident İlham Əliyevin atdığı bütün addımları yüksək səviyyədə dəstəkləyir. Deməli, biz ulu öndərin siyasi irsinin mühüm tərkib hissələri olan azərbaycançılıq, vətənsevərlik, qüdrətli dövlətin formalaşdırılması, milli birlik, tolerantlıq, sosial-iqtisadi inkişaf, yeni əsrin tələblərinə cavab verən intellektual səviyyəli, sağlam gəncliyin yetişdirilməsi, möhtəşəm milli ordunun formalaşdırılması, beynəlxalq aləmə inteqrasiya, vətəndaş cəmiyyətinin yaradılması, hər bir fərdin hüquq və azadlıqlarının qorunmasını təmin edən hüquqi dövlətin formalaşması kimi böyük amallara xidmət edirik. Bütün bunlar artıq arzu deyil, günün reallıqlarıdır.
Bu günlərdə biz Yeni Azərbaycan Partiyasının yaranmasının növbəti ildönümünü qeyd edirik. Əlbəttə, bizim bu istiqamətli ən möhtəşəm tədbirlərimiz gələn ilin payızında olacaq. Çünki gələn il biz öz qüdrətli partiyamızın yaranmasının 20 illiyini qeyd edəcəyik. Bununla belə Yeni Azərbaycan Partiyası istənilən soydaşımızın həyatına elə daxil olub ki, biz bu siyasi təşkilatın yaradılmasının təkcə yubileylərini deyil, bütün ildönümlərini bayram kimi qəbul edirik.
Təbii ki, bu qəbildən olan yazılarda öncə ildönümü barədə söz açılan tarixi hadisənin baş verdiyi ərəfədəki ictimai-siyasi proseslər, tarixi şərait, bu əlamətdar hadisənin baş verməsini zəruri edən amillər və nəhayət, həmin hadisədən sonrakı proseslər xatırlanır. Ulu öndərimiz Yeni Azərbaycan Partiyasının yaranmasından çox sonralar - 1999-cu ildə qeyd etmişdi ki, bu partiyanın yaranması böyük tarixi hadisə idi. Bəs bu gün biz gəncləri də öz ətrafında birləşdirmiş partiyanın yaranmasını tarixi hadisə müstəvisinə gətirən nə idi?
Bu suala cavab vermək üçün 1992-ci ilin oktyabrında Bakıdan Naxçıvana - ulu öndər Heydər Əliyevə 91 nəfər ziyalının imzası ilə göndərilən, sərlövhəsində "Azərbaycan sizin sözünüzü gözləyir" sözləri yazılan məktubu oxumaq kifayət idi. Oradan bir neçə məqamı xatırladaq: "Belə gedərsə, biz siyasi əsarətdən qurtarmamış, tezliklə iqtisadi əsarətə məruz qalacağıq. Çünki respublikanın olan-qalan iqtisadi potensialı sürətlə dağıdılır, təbii sərvətlərimiz talan edilir".
Bu, ölkənin iqtisadi imkanlarının əldən getməsini göstərən məqam. İndi isə intellektual imkanlarımızın əldən getdiyindən narahat olan insanların ürək çırpıntılarını yada salaq: "Vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı - yüksək ixtisaslı kadrlar tərk edir. Sözsüz ki, ən ağır zərbə geniş xalq kütləsinə, aşağı təbəqəyə dəyir". İndi isə daha ağır olan bir məqamın ifadəsinə diqqət edək: "Axırı görünməyən, minlərlə insan ömrü aparan, saysız-hesabsız ailələri doğma yurdlarından didərgin salan Qarabağ fitnəkarlığı bir çoxları üçün siyasi oyunbazlığa, məqam, vəzifə qamarlamaq girəvəsinə, qazanc mənbəyinə dönübdür".
Xalq üçün dəhşətli, dövlət üçün rüsvayçılıqla dolu bir mənzərə idi. Ermənilər torpaqlarımızın işğalını davam etdirir, ölkə daxilində xaos və anarxiya baş alıb gedir, insanlar çörək tapmır, dövlətə inam itir, sabahın daha dəhşətli olacağı barədə nigarançılıqlar milyonlarla azərbaycanlının ürəyini didirdi. Belə bir məqamda xalqın öndə gedən ziyalıları çıxış yolunu ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında, yeni yaradılan siyasi partiyaya rəhbərlik etməsində görürdülər. Nə üçün?
"91-lər"in müraciətindən seçdiyimiz üç sitatın birincisindəki əsas məqamı - "ölkənin olan-qalan iqtisadi potensialının sürətlə dağıdılmasını" yada salaq. Heydər Əliyev bu potensialı yaratmaq üçün 1969-82-ci illərdə çox böyük zəhmət çəkmiş, öz şəxsi nüfuzu hesabına SSRİ büdcəsindən kifayət qədər vəsait ayrılmasına nail olmuşdu. İndi siyasi diletantlar həmin potensialı dağıdırdılar. İkinci sitat: "yüzlərlə ziyalı - yüksək ixtisaslı kadrlar ölkəni tərk edirlər". Heydər Əliyev qeyd edilən illərdə minlərlə Azərbaycan gəncinin SSRİ-nin və digər ölkələrin ən nüfuzlu ali məktəblərində oxumağa göndərilməsini təmin etmiş, möhtəşəm bir ziyalı ordusu formalaşdırmışdı. Siyasət naşılarının yarıtmaz fəaliyyəti nəticəsində həmin ordu dağılıb gedir, bir çoxları ölkəni tərk edirdilər.
Üçüncü sitat: "Qarabağ fitnəkarlığı bir çoxları üçün oyunbazlığa çevrilib". Halbuki, Heydər Əliyev siyasi rəhbərlikdə olarkən nə ermənilər bu məsələni qabarda bilirdilər, nə də o faktdan siyasi oyunbazlıq kimi istifadə edə bilənlər var idi. Məhz bu səbəbləri və ölkənin o zamankı digər reallıqlarını əsas götürən ziyalılar Yeni Azərbayan Partiyasına bilavasitə ulu öndərin rəhbərlik etməsini arzulayırdılar. Həmişə xalqın yanında olan, heç zaman xalqın arzu-istəyinə biganə qala bilməyən ulu öndər bu məsələnin də müsbət həll edilməsinə razı oldu və ümummilli liderimizin şah əsərlərindən olan Yeni Azərbaycan Partiyası siyasi arenaya qədəm qoydu.
Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatına bir aydınlıq, işıq gətirmiş oldu. Beşiyi başında ulu öndərin dayandığı bu qüdrətli siyasi təşkilat tezliklə iqtidara gəldi və bununla da Azərbaycanın dövlət müstəqilliyi bilavasitə Heydər Əliyevin dediyi kimi, "əbədi, sarsılmaz və dönməz oldu". Bu partiya yarananda, əslində, ziyalıların, dövlətçilik təcrübəsi olan insanların partiyası idi. Ancaq ölkə əhalisinin Heydər Əliyev şəxsiyyətinə olan inamı o qədər möhtəşəm idi ki, YAP tezliklə ümumxalq partiyasına çevrildi.
Azərbaycan gəncliyini bu siyasi təşkilat ətrafında birləşdirən məqam isə partiyanın 1999-cu ildə keçirilən birinci qurultayında cənab İlham Əliyevin sədrin müavini, ikinci qurultayda isə sədrin birinci müavini seçilməsi oldu. Hələ 1995-ci ilin iyun ayında təsis edilən YAP Gənclər Birliyi təkcə partiyanın deyil, həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirdi. Ölkə gənclərinin şəriksiz lideri olan İlham Əliyevin partiya rəhbərliyində təmsil olunması bu tendensiyanı daha da gücləndirmiş oldu.
Bu gün Azərbaycan gənclərinin böyük əksəriyyəti özünün ictimai-siyasi fəaliyyətini məhz Yeni Azərbaycan Partiyası ilə bağlayır. Bunun bir səbəbi partiyanı ulu öndər Heydər Əliyevin yaratmasıdırsa, digər səbəbi də partiya sədri, Prezident İlham Əliyevin ölkə gəncliyinə göstərdiyi qayğı və diqqətin miqyasıdır. Bizimlə eyni zamanda dövlət müstəqilliyi qazanmış ölkələrin heç birində orduya, təhsilə, elmə, gənclər siyasətinə bu qədər diqqət ayrılmır. Təkcə təhsil sisteminin inkişafını təmin etmək məqsədiylə 16 Dövlət Proqramının təsdiq olunması prezident İlham Əliyevin ölkə gənclərinin bir nömrəli dostu, himayədarı olduğunu göstərən faktdır. Hər il xaricdə təhsil almaq üçün göndərilən 500 tələbənin təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi isə regionun digər ölkələrindəki yaşıdlarımız üçün əlçatmazdır.
Bir sözlə biz Azərbaycan gəncləri ulu öndər Heydər Əliyevin "bu günün, sabahın və gələcəyin partiyası" - adlandırdığı Yeni Azərbaycan Partiyasının sıralarında olmaqdan fəxr və iftixar hissi keçiririk. Çünki bu partiyada olmaqla ölkəmizin daha firavan, dövlətimizin daha qüdrətli, gəncliyimizin isə daha xoşbəxt gələcəyinə xidmət edirik.
Ləman FƏRZƏLİYEVA,
Bakı Dövlət Universitetinin
hüquq fakültəsinin III kurs
tələbəsi
Xalq qəzeti.- 2011.- 22 noyabr.- S. 9.