Kürdəmir rayonunda YAP-ın yaranmasının 19-cu ildönümü qeyd edildi

 

Kürdəmir rayonunda YAP-nın yaranmasının 19-cu ildönümü ilə əlaqədar Heydər Əliyev mərkəzinin iclas zalında yığıncaq keçirildi. Yığıncaqda rayon rəhbərliyi, YAP-nın rayon təşkilatının fəalları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

 

Tədbirdən öncə iştirakçılar H.Əliyev parkında aparılmış yenidənqurma işləri ilə tanış oldular, parkın mərkəzində qurulmuş parka xüsusi gözəllik verən, zövq oxşayan 3 pilləli fəvvarənin istifadəyə verilməsində iştirak etdilər.

Daha sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə tər gül-çiçək dəstələri düzdülər və ona öz ehtiramlarını bildirdilər.

Tədbir Heydər Əliyev mərkəzində eksponatlara baxışdan sonra iclas zalında davam etdirildi.

Yeni Azərbaycan Partiyasının 19-cu ildönümünə həsr olunmuş toplantını giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatının sədri A.Kərimli açaraq Yeni Azərbaycan Partiyasının ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, kəşməkəşli axarda cərəyan etdiyi bir zamanda tarixi zərurətdən yarandığını, formalaşdığı dönəmdən indiyə kimi xalqa xidmət missiyasını şərəflə yerinə yetirdiyini söylədi. O, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətlərindən, Azərbaycanın düşdüyü siyasi, iqtisadi, sosial, mənəvi böhrandan xilas tarixindən söz açdı, YAP-ın ölkə vətəndaşlarının sabaha inamsız baxışlarından xilas etmək məqsədi ilə yarandığını qeyd etdi.

Natiq bu gün YAP-ın yarım milyondan çox üzvünün iki yüz mindən çoxunun gənclər olduğunu qeyd etdi.

Tədbirdə YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Elmira Süleymanova, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Xəqani Qurbanov, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Samir Nuriyev, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Nəsibə Hidayətova çıxış edərək partiyanın yaranma zərurətindən, keçdiyi 19 illik şərəfli yoldan, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, ölkə rəhbərinin apardığı uğurlu iqtisadi-sosial məsələlərdən danışdılar.

Yekunda rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov çıxış etdi, müasir Azərbaycan tarixində YAP-ın rolundan, ümummilli lider Heydər Əliyevin titanik fəaliyyətindən, ölkə rəhbəri İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən, regionlarda həyata keçirilən işlərdən geniş söhbət açdı.

Tədbirin sonunda Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə rayonun ictimai-siyasi, sosial həyatında fəal iştirakına görə ölkə rəhbərinin müvafiq sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilən Sevil Osmanovaya və Sabir Novruzova yüksək mükafatlar təqdim edildi.

Təltifə layiq görülənlər öz növbəsində yüksək mükafata görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Tədbir YAP-ın yaranması və fəaliyyət dövrünə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatdı.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2011.- 22 noyabr.- S. 9.