İqlim dəyişmələri dövrün çox mühüm problemidir

 

Qlobal iqlim dəyişməsi indi dünya alimlərini ciddi narahat edir. Ardı-arası kəsilməyən təbii fəlakətlər bəşəriyyəti çox ciddi sınağa çəkir. Daşqınlar, zəlzələ və vulkanlar, torpaq sürüşmələri, sunami və qasırğalar böyük fəlakətlər törədir. Bu gün bu problemlərlə təkcə ayrı-ayrı dövlətlər deyil, nüfuzlu beynəlxalq təşkilatlar məşğuldur.

 

Əlbəttə, bütün bunlar səbəbsiz deyil. Alimlər bu səbəbləri aşkarlamaq üçün ciddi tədqiqatlar aparır, mümkün xilas yolları axtarırlarr. Elmi faktlarla sübut olunmuşdur ki, müasir dövrdə atmosferin yerə yaxın təbəqəsində qlobal miqyasda istiləşmə prosesi gedir və onun yaxın onilliklərdə nəzərəçarpacaq dərəcədə intensivləşməsi gözlənilir.

Coğrafiya elmləri doktoru Surxay Səfərov yazır: "Müəyyən olunmuşdur ki, Yer kürəsinin orta qlobal temperaturunun ən güclü artımı XIX əsrin axırlarında başlamış və öz maksimal həddinə 1940-ci illərin əvvəllərində çatmışdır. 1970-ci illərin ortalarından başlayaraq daha güclü istiləşmə baş verdiyi müşahidə olunur".

BMT-nin iqlim dəyişikliyi ilə mübarizəyə həsr edilən hesabatında da göstərilirdi ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlmişdir. Bu yüksəlişin yarısı son 25 ilə təsadüf edir. Ekspertlərin ehtimallarına görə, əgər yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər.

Göründüyü kimi, iqlim dəyişmələri bugünkü nəsil qarşısında duran ən ciddi problemdir. İqlim dəyişmələri insanın varlığı üçün real təhlükədir.

Bütün bunlar səyləri birləşdirmək, əsaslı proqnozlar verilməsi zərurətini yaradır. Artıq bu istiqamətdə ötən əsrdən başlayaraq əhəmiyyətli tədbirlər həyata keçirilməyə başlanılıb.

1988-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünyanın 300 aparıcı klimatoloq aliminin daxil olduğu İqlimin Dəyişməsi Problemləri üzrə Hökumətlərarası Ekspert Qrupu (IPCC) yaradıldı. Elə həmin il Kanadanın Toronto şəhərində alimlər və siyasətçilər atmosferə karbon qazı atılmalarının azaldılması yollarını müzakirə etdilər.

1990-cı ildə Nobel mükafatı laureatı olan qırx doqquz alim bəyan etdi ki, "qlobal istiləşmə XXI yüzilliyin ən ciddi ekoloji təhlükəsidir və biz gələcək nəsillərin bu təhlükə ilə üzləşməyəcəklərinə əmin olmaq üçün indidən ölçü götürməliyik".

Elə həmin il müstəqil beynəlxalq ekoloji təşkilat olan "Qrinpis" ABŞ-ın, Böyük Britaniyanın, İsveçin, Braziliyanın və Hindistanın energetika sahəsində aparıcı alimləri tərəfindən yazılmış "Qlobal istiləşmə" məruzəsini dərc etdi. 1992-ci ildə BMT-nin ətraf mühit və inkişaf üzrə Rio-de-Janeyroda keçirilmiş konfransında İqlim Dəyişmələri Haqqında Konvensiya qəbul olundu. Bu sənəddə qlobal istiləşməsinin mənfi nəticələrinin qarşısını almaq üçün cəhdlərin beynəlxalq səviyyədə birləşməsinin zəruri olduğu göstərildi.

1997-ci ilin dekabrında Yaponiyanın Kioto şəhərində BMT-nin İqlimin Dəyişməsi Üzrə Üçüncü Konfransı keçirildi ki, burada dünyanın 171 ölkəsinin dövlət nümayəndələri iqlimin istiləşməsinə aparıb çıxaran karbon qazı atılmalarının azaldılması üzrə saziş (Kioto protokolu) imzaladılar və 2007-ci ildə o, bütünlükdə qüvvəyə mindi. Bu sazişə görə, dünyanın sənaye cəhətdən güclü inkişaf etmiş 38 ölkəsi atmosferə karbon qazı atılmalarını əhəmiyyətli dərəcədə azaldaraq, 2012-ci ilə qədər onların miqdarını 1990-cı ildə olduğundan da 5 faiz az səviyyəyə çatdırmalıdırlar. Bunun üçün Avropa İttifaqı ölkələri karbon qazı da daxil olmaqla istixana qazlarının atılmalarını 8 faiz, ABŞ 7 faiz, Yaponiya isə 6 faiz azaldacaqdır. Protokol istixana qazları atılmaları üçün kvotalar nəzərdə tutur. Bunun mənası odur ki, protokolu imzalamış 38 inkişaf etmiş ölkənin hər biri atmosferə yalnız müəyyən miqdara qədər istixana qazı atacağını öhdəsinə götürür. Kvota həddini keçməyə məcbur olan ölkələr və ya şirkətlər atılmaları kvotada göstərildiyindən az olan ölkələrdən və yaxud şirkətlərdən atmosferə əlavə atılmalar üçün pulla icazə ala bilərlər.

2000-ci ilin noyabrında Hollandiyanın Haaqa şəhərində BMT və Dünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunmuş iqlim üzrə konfransda istixana effekti probleminə baxıldı. Burada A.Karnauxovun (Rusiya Elmlər Akademiyasının Hüceyrənin Biofizikası İnstitutu) etdiyi məruzədə göstərilmişdi ki, karbon qazının atmosferdə olan miqdarı artmaqda davam edərsə, temperaturun yuxarı qalxması nəticəsində 100 ildən sonra hökmən qlobal fəlakət baş verəcəkdir.

Ayrı-ayrı elmi məktəblər tərəfindən və müxtəlif zamanlarda edilmiş proqnozlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, akademik M.İ.Butıkov və bəzi amerikalı tədqiqatçılar 1980-ci illərdə belə güman edirdilər ki, XXI əsrin birinci rübünün axırına qədər Yer atmosferinin illik orta temperaturu 1,5°C, Arktikada havanın maksimal yay və qış temperaturları isə 10-15°C artacaqdır. Bu, iqlimin kəskin surətdə dəyişməsinə səbəb olardı. Həmin halda əbədi donuşluq zonasının cənub sərhədləri xeyli şimala tərəf çəkilər, Arktikadakı buzların çox hissəsi əriyər, Qrenlandiyanın buz örtüyü ildə 0,5-0,7 metr azalar, Antarktidadakı şelf buzlaqları dağılmağa başlayardı. Mülayim qurşaqda qlobal istiləşmənin təsiri bundan az hiss olunardı.

Kontinental buzlaqların tam əriməsi və suyun istidən genişlənməsi nəticəsində Dünya okeanının səviyyəsi indikinə nisbətən 70-80 santimetr yuxarı qalxar, hazırda milyonlarla insanın məskunlaşdığı sahilyanı yaşayış yerlərini su basar. Çayların deltaları və aşağı axarları ətrafında yerləşmiş münbit torpaqların su altında qalması nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı kəskin surətdə aşağı düşər və bütün dünyada ciddi ərzaq qıtlığı başlayar. Siklonların və antisiklonların illik hərəkət trayektoriyaları dəyişər, bu, iqlimin daha da dəyişməsinə, bir çox bitki və heyvan növlərinin nəslinin kəsilməsinə səbəb olar.

İqlim Dəyişmələri üzrə Beynəlxalq Komissiyanın hesablamalarına görə, əgər istilik effekti yaradan qazların havaya atılmasını azaltmaq üçün radikal tədbirlər görülməzsə, atmosferdə karbon qazının miqdarının iki dəfə artması nəticəsində XXI əsrin sonunda qlobal istiləşmə 2,5°C və bəlkə də 5,8°C olacaqdır. Bu rəqəm arxasında regional və hətta qlobal xarakterli real coğrafi dəyişikliklər durur.

Qlobal istiləşmə kənd təsərrüfatı ilə məşğul olan və buna görə də iqlim şəraitinə həssas bir çox rayonlara xüsusilə güclü mənfi təsir edəcəkdir. Mərkəzi Asiyada, Avstraliyada, Cənubi Avropada, Mərkəzi və Cənubi Amerikada kənd təsərrüfatı istehsalı kəskin surətdə aşağı düşəcəkdir. XXI əsrin sonunda artan istiləşmə nəticəsində kontinental və dağ buzlaqlarının əriməsi, okeanda suyun istidən genişləndirilməsi nəticəsində dəniz səviyyəsinin 1,5 metr artması baş verə bilər ki, bu da adaların və çay deltalarının çoxsaylı əhalisi üçün fəlakət yaradar. Meşə yanğınlarının, şirin sudan istifadənin pozulması hallarının, suyun və hava çirklənməsinin görünməmiş dərəcədə artması insan sağlamlığına təsir göstərərək labüd olaraq kütləvi miqrasiyalara gətirib çıxarar.

Xoşbəxtlikdən tədricən məlum olur ki, bir çox həyəcanlı proqnozlar özünü tam doğrultmur.

Ümumilikdə son illər alimlər 1960-1970-ci illərdə söylənmiş maksimalist fikirlərdən getdikcə əl çəkirlər. Belə hesab olunur ki, qlobal istiləşmə və okean səviyyəsinin artması təhlükəsi, həmçinin istixana effektinin həcmləri xeyli dərəcədə şişirdilmiş idi. Əksinə, fotosintezin intensivləşməsi hesabına kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artması ilə əlaqədar müsbət nəticələrin də olacağı gözlənilir.

Antarktidanın və Qrenlandiyanın materik buzlarının əriyəcəyi fərziyyəsinin də yanlış olduğu güman edilir, çünki Antarktidanın buz örtüyü 35 milyon il əvvəl əmələ gəlmiş və o vaxtdan Yer kürəsində indikindən də güclü bir çox istiləşmələr zamanı salamat qalmışdır. Belə güman edilir ki, qlobal istiləşmə Antarktidanın və Qrenlandiyanın buz örtüklərinin bir qədər kiçilməsinə gətirib çıxaracaqdır. Okean səviyyəsi isə 50 santimetrə qədər arta bilər ki, bu da bəşəriyyət üçün xüsusilə böyük təhlükə yaratmayacaqdır. Belə bir fikir də vardır ki, qlobal istiləşmənin səbəblərini əsasən insan tərəfindən atmosferə atılan istixana qazlarının miqdarının artması ilə əlaqələndirmək düzgün deyildir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 23 noyabr.- S. 7.