"Turizm ili" ölkəmizin hər bir guşəsinin öyrənilməsinə imkan yaratdı

 

Turizm ilində yeni-yeni turizm obyektlərinin, xüsusən də nadir geoloji obyektlərin aşkarlanması, zəmanətli qorunması və səmərəli istifadəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Abşeron-Qobustan və Xəzəryanı Geoloji Axtarış Ekspedisiyasının geoloqları tərəfindən respublikamızın ərazisində bir çox marşrutlar müayinədən keçirilmişdir. Belə marşrutlardan biri də Quba-Xınalıq yolu olmuşdur.

 

Quba rayonunun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub-şərq batımının şimal-şərq yamacının mənzərəli bir hissəsini əhatə edir. Rayonun mərkəzi Quba şəhəridir. Quba rayonu ərazisində eko, geoturizmin inkişaf etdirilməsi üçün çoxşaxəli turizm marşrutları vardır. Belə marşrutlardan biri də Quba-Xınalıq yoludur. Xınalıq uca dağlar qoynunda yerləşən və inzibati cəhətdən bu rayon ərazisinə aid olan bir kənddir.

Bu gün həm yerli əhali, həm də bura gələn turistlər yolun rahatlığından, onun ətrafında olan təbiəti, təbiət abidələrini seyr etməklə dincəlirlər. Yolun tikintisinin başa çatması ilə əlaqədar bu ərazidə çoxlu sayda yeni-yeni istirahət mərkəzləri və müxtəlif təyinatlı tikintilər inşa edilmişdir. Yol boyunca yerləşən kəndlər abadlaşdırılmışdır və abadlaşmaqda davam edirlər.

Quba-Xınalıq yolu Quba şəhərindən başlayaraq Qudyalçayın dərəsi boyunca Xınalıq kəndinə, zirvələrə doğru istiqamətlənir. Yolun aşağı hissəsi Qudyalçayın aşağı axımının sağ-sol sahili boyunca əmələ gəlmiş 80-100 metrlik terras səviyyələrinin səthi üzrədir. Ərazidə olan bütün yaşayış məntəqələri bu terrasların səthində yerləşir. Bu ərazi ilin yaz-yay fəsillərində yaşıllığa bürünür. Ərazi özünün meyvə bağları, yaşıllığı, havası, relyefis. ilə diqqəti cəlb edir.

Yol boyunca, dağlara doğru landşaftın, havasının dəyişməsi maraqlı faktorlardandır.

Cənub-qərb istiqamətində, Qudyalçay dərəsi ilə dağlara doğru irəlilədikcə maraqlı mənzərələr: kanyonlar, şəlalələr, tektonik proseslər nəticəsində brekçiyalaşmış dolomitli əhəngdaşlarından əmələ gəlmiş sıldırım qayalar, bu qayalarda əmələ gəlmiş karstabənzər boşluqlar daha sonra isə müxtəlif qalınlıqlı, yatımlı qumdaşları və gil şistlərindən təşkil olunmuş uca zirvələr bir-birini əvəz edir.

Yolda rast gəlinən ən maraqlı mənzərələrdən biri, sanki Qudyalçayın əhəngdaşlarını kəsib keçdiyi yerdir . Burada çatın eni 3-4 metrə çatır. Qudyalçayın çat boyunca olan yatağı yuxarı qalxdıqca yolun meylliliyinin artmasına baxmayaraq, sanki kanyonlar daralır və dərinləşir. Belə ərazilərdə Qudyalçayın səsi daha gur gəlir.

Ərazinin ən maraqlı, qayaların karniz əmələ gətirdiyi, yolun karniz altından keçdiyi ərazilərindən biri də meşə zolağının Alp çəmənliyi ilə əvəz olunduğu sahədir. Burada yol serpantin şəklində olmaqla çox yoxuşdur.

Çayın gurultulu səsi ətrafda öz əks-sədasını tapır. Xınalığa doğru irəlilədikcə çoxlu sayda müxtəlif hündürlüklüsu tutumlu şəlalələrə rast gəlinir. Şəlalələrin bəziləri istirahət zonaları ətrafında insanların diqqətini cəlb etmək məqsədilə süni yolla yaradılmışdır. Təbii şəlalələr bir qayda olaraq əhəng daşlarının qırılıb düşməsi nəticəsində əmələ gəlmiş amplitudalar üzrə inkişaf tapmışlar. Şəlalələr kənardan daha cazibədar görünür. Hər yerdə olduğu kimi burada da şəlalələr ətrafında çoxlu turistlərə rast gəlmək mümkündür.

Yolun Alp çəmənliyinə çıxması ilə qarşıda yeni bir mənzərə açılır. Bu da uca, qarlı zirvələri olan dağlar, sulu, enli dərələrdir. Bu hissədə çay çöküntüləri əsasən bozumtul-qara rəngli şistlərdən, gil şistlərindən ibarətdir. Ərazidəki təbii açılışlar ümumi geologiya üçün əyani dərs vəsaitidir.

Yolun axırı ərazisi çox da böyük olmayan Xınalıq kəndində bitir. Bu kənd dəniz səviyyəsindən 2175 metr yüksəklikdə yerləşir. Bu ərazidə çoxlu sayda sürüşmə zonası olduğundan kənd sürüşmədən müdafiə məqsədi ilə, bilavasitə qayalıqların səthində salınmışdır.

Kəndin digər ərazilərdən fərqli arxitektur tikintisi, əhalisinin özünəməxsus dili və adət-ənənəsi vardır. Əhalisi saf ürəkli və qonaqpərvərdir. Kənddə turizm mərkəzi və tarix-etnoqrafiya muzeyi fəaliyyət göstərir. Muzeydə olan eksponatlar çox təvazökar və bacarıqlı Niyaməddin Cabbarov tərəfindən toplanmışdır. Eksponatlar yaxın keçmişə aid olsa da çox maraqlıdır. Onu da qeyd etmək lazımdır ki, digər kəndlərimizdə də bu tip muzeylərimizin yaradılması faydalı olardı.

Xınalıqdakı yaşayış evləri yerli daş materiallarından sement istifadə edilmədən tikilmişdir. Evlər üçün düzbucaqlı formalar səciyyəvidir. Əhali bilavasitə heyvandarlıqla məşğuldur.

Kənddə gedən sosial-iqtisadi inkişaf adamı sevindirir. Lakin burada olan səciyyəvi, yerli əhaliyə məxsus köhnə üslubda tikilmiş evlər dağıdılır və yeniləri ilə əvəz olunur. Yaxşı olardı ki, keçmişimizi unutmamaq üçün köhnə üslubda tikilmiş evlər bir tikinti eksponatı kimi saxlanılsın. Yenilərini isə qonşu ərazilərdə tikmək olar.

Kənd haqqında, onun əhalisi, onların yaşayış tərzi, dili, adət-ənənələri, relyefi haqqında çox yazmaq mümkündür, lakin bu kəndi təsəvvür etmək üçün kifayət etməz. Ona görə də bu ərazini hər kəs özü görsə, burada insanların yaşayış tərzi ilə tanış olsa bundan ancaq faydalana bilər.

Xınalıq kəndi yuxarıda söylənilən xüsusiyyətlərinə görə beynəlxalq əhəmiyyətli turizm obyeki sayıla bilər.

 

 

Fəxrəddin ABDULLAYEV,

geoloq

 

Xalq qəzeti.- 2011.- 24 noyabr.- S. 7.