Dünyaya İsfəndiyar
kimi gəldi –
Xan kimi qaldı
Noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində
Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi,
respublikanın xalq artisti Xan Şuşinskinin anadan
olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri
keçirildi.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin, Şuşa Rayon Mədəniyyət və Turizm İdarəsinin və Şuşa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən bu gecəyə dəvət olunmuş qonaqlar sırasında respublikanın tanınmış elm, sənət adamları, Milli Məclisin deputatları, görkəmli sənətkarla uzun müddət çiyin-çiyinə çalışmış həmkarları, eləcə də ailə üzvləri və ictimaiyyət nümayəndələri var idi.
Tədbir Xan Şuşinskinin həyat və yaradıcılığını əks etdirən video görüntülərlə başladı. Yubiley tədbirini Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Rəfail Hüseynov açaraq Xan Şuşinskinin böyük və şərəfli ömür yolundan, çoxşaxəli yaradıcılığından söz açdı. Natiq iftixar hissi ilə dedi ki, bu gün Azərbaycan musiqisini muğamsız təsəvvür etmək qeyri-mümkündür. O, muğamın bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada olduğunu və YUNESKO-nun Dünya İrs siyahısına daxil edildiyini Azərbaycan incəsənətinin parlaq qələbəsi olduğunu qeyd etdi.
Nadir istedada, geniş səs diapazonuna, gur və məlahətli səsə, yüksək ifaçılıq mədəniyyətinə malik Xan Şuşinskini hələ gənclik illərindən tanıdığını qeyd edən xalq artisti Habil Əliyev dünyaya ikinci bir "Xan"ın gələcəyinə inanmadığını bildirdi.
Xalq artisti Əlibaba Məmmədov Xan Şuşinski ilə birgə qastrol xatirələrini yada salmaqla onun Azərbaycan muğamının zənginləşməsində böyük xidmətlərini hörmətlə qeyd etdi və dedi ki, o, bir neçə muğama yeni guşələr və şöbələr əlavə etmişdir. X. Şuşinski özünəməxsus sənətkarlıqla xırdalıq və gəzişmələrlə muğamları daha da təkmilləşdirmişdir. "Mirzə Hüseyn" muğamında - Manəndi-Müxalif, "Rast" və "Kürdü Şahnaz"da Dilkəş şöbələrini ilk dəfə Xan Şuşinski əlavə edib oxumuşdur. Xalq artistləri Arif Babayev, Firudin Ələkbərov, Canəli Əkbərov, Ramiz Quliyev və digər qonaqlar böyük sənətkarla bağlı xatirələrini bir daha yada saldılar. Tədbir iştirakçıları böyük sənətkarın ifasında səslənən bir çox muğam və xalq mahnılarını sürəkli alqışlarla qarşıladılar. Respublikanın xalq artistləri Alim Qasımov, Mələkxanım Əyyubova, Aygün Bayramova, Nəzakət Teymurova, müğənni Almaz Orucova, respublikanın əməkdar artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi "Göy-göl" ansamblının, eləcə də Şuşa Rayon Xalq Çalğı Alətləri ansamblının solistlərinin çıxışları yubiley tədbirini daha rəngarəng və yaddaqalan etdi.
Tədbirin sonunda yubilyarın övladları səhnəyə çıxaraq yubiley tədbirinin keçirilməsində zəhməti olanların hamısına ailələri adından təşəkkürlərini bildirdilər.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2011.- 24 noyabr.- S. 7.