Olimpiya hərəkatının aynası

 

Bu gün 845 nömrəyə gəlib yetişmiş "Olimpiya dünyası" qəzetinin nəşrə başlamasının 10 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Mətbuat Şurasının Milli Olimpiya Komitəsi ilə keçirdiyi yubiley mərasimində qəzetin uğurlarına və perspektivinə nəzər salındı, yaradıcı heyətə media və idman ictimaiyyətinin təbrikləri, xoş arzuları çatdırıldı.

 

AMŞ-nin sədri Əflatun Amaşov ölkənin qəzet bolluğunda "Olimpiya dünyası" qəzetinin öz hədəfini və auditoriyanı düzgün seçməklə, milli jurnalistika ənənələrinə və çağdaş peşəkarlıq meyarlarına sadiq qalmaqla populyarlaşdığını, ölkədə olimpiya hərəkatının aynasına çevrildiyini vurğuladı. O, idman nəşrləri arasında 10 yaşlı bir qəzetin öncül mövqeyə çıxdığını, redaksiyanın ciddi yaradıcılıq yolunda olduğunu bildirdi, kollektivə yeni uğurlar arzuladı.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə olimpiya hərəkatının genişlənməsində, idmanın kütləviləşməsində "Olimpiya dünyası" qəzetinin fəal rolunu nəzərə çatdırdı, MOK ilə redaksiya kollektivinin səmərəli əməkdaşlığının önəmini açıqladı. O, qəzetin dövriliyinin artırılması, tirajının yüksəldilməsi üçün MOK rəhbərliyinin dəstəyinin gücləndiriləcəyini də bildirdi.

"Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev keçilmiş 10 illik yol barədə məlumat verdi, ölkəmizdə idmanın yüksəlişi naminə bundan sonra da həvəslə çalışacaqlarını söylədi.

Milli Məclisin üzvləri - "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və "Ədalət" qəzetinin təsisçisi Aqil Abbas, İdman Jurnalistləri Assosiasiyasının rəhbəri Eldar İsmayılov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paralel" qəzetinin baş redaktoru Vüqar Tapdıq və digər media təmsilçiləri yubilyar kollektivi təbrik etdilər, qəzetə uzun ömürlük, geniş auditoriya, nüfuzlu populyarlıq arzuladılar.

Redaksiyanın bir qrup əməkdaşına respublikamızda idmanın və medianın inkişafında fəallıqlarına görə Azərbaycan Mətbuat Şurasının diplomları təqdim olundu.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2011.- 24 noyabr.- S. 7.