Qarabağın mədəni
irsi xalqımızın misilsiz
sərvətidir
Ümummilli
lider Heydər Əliyevin başladığı və nizama
saldığı dövlət quruculuğu prosesini bu gün
Prezident İlham Əliyev uğurla davam etdirir. Həyata
keçirilən məqsədyönlü tədbirlər, bir
sıra sahələri əhatə edən dövlət
proqramlarının qəbul olunması nəticəsində Azərbaycanın
əldə etdiyi uğurlar onu beynəlxalq aləmdə
böyük nüfuz sahibinə çevirmişdir.
20
illik müstəqillik tarixində dövlətimizin beynəlxalq
aləmdə imza atdığı uğurlu addımlardan biri də
bu il oktyabrın 24-də Azərbaycanın BMT Baş Məclisinin
plenar iclasında gizli səsvermənin nəticələrinə
görə bu mötəbər təşkilatın Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsidir. Bu gün
yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli, ərazi
bütövlüyümüzün bərpa olunması,
doğma yurd yerlərimizin erməni
işğalçılarından azad edilməsidir.
Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan erməni təcavüzkarları Dağlıq Qarabağ və onun ətraf rayonlarında məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, kurqanları, bir sözlə, tarixi mədəniyyət abidələrini illərdən bəri dağıdır, qəsdən korlayırlar. Bu isə "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir. Beynəlxalq təşkilatların qətnamə və qərarlarına əhəmiyyət verməyən erməni vandalları bununla da kifayətlənməyərək Qarabağa məxsus yurd yerlərinin adlarını dəyişdirir, mədəniyyətimizə məxsus xalq nümunələrini, musiqilərimizi, xalçalarımızı, kulinariyamızı mənimsəyir, öz adlarına çıxırlar.
Ermənistanın hərbi təcavüzünə, onun ağır nəticələrinə, qeyri-konstruktiv mövqeyinə baxmayaraq inanırıq ki, Prezident İlham Əliyevin bu məsələnin həlli istiqamətində apardığı müdrik siyasət nəticəsində tezliklə torpaqlarımız işğalçı qüvvələrdən tamamilə azad ediləcək, bütün məcburi köçkünlər, o cümlədən, biz şuşalılar da öz doğma, tarixi yurdlarımıza qayıdacağıq. Bu gün hər birimiz əsl vətəndaşlıq mövqeyi göstərib möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşib, öz əməli fəaliyyətimizlə bütün işlərdə ona dəstək olmalıyıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəmizi vermək, itirilmiş yurdun mədəni irsini, mühitini qoruyub saxlamaq və Qarabağsız böyüyən nəsillərə çatdırmaq zəruri məqsədimizdir. Yeniyetmə və gənclərimizin Qarabağın tarixi, onun zəngin və çoxşaxəli mədəniyyəti haqqında daha geniş biliklərə yiyələnməsi, öz doğma torpağına mənən bağlılıqlarının artırılması, əsl vətənpərvər vətəndaş kimi böyüməsi, o yurdun "vətən daşı" olduqlarını övladlarımıza hiss etdirmək ərazisi işğal olunmuş bir ölkədə mənəvi tərbiyənin, təbliğatın daimi hədəflərindəndir. Bununla əlaqədar "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi, Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsi bu günlərdə "Qarabağın mədəni irsini qoruyaq" mövzusunda II konfrans keçirmişlər.
2011-ci ildə Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətinə, Qarabağ mədəni mühitinin, irsinin qorunmasına, təbliğinə həsr edilmiş məclis iştirakçıları öncə foto - sərgi ilə tanış olmuşlar. "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov konfransı giriş sözü ilə açıq elan edərək demişdir ki,"Qarabağ Azərbaycan tarixinin bir çox milli-mənəvi dəyərlərinin daşıyıcısıdır. Bu gün Ermənistanın hərbi təcavüzünə məruz qalan Dağlıq Qarabağ bölgəsindəki və ətraf rayonlardakı misilsiz mədəniyyət nümunələrinin dəyəri ölçüyəgəlməzdir. Azərbaycanın mədəni irsinin qorunması, təbliği ilə əlaqədar görülən mühüm əhəmiyyətli tədbirlər xüsusi önəm daşıyır. Məqsəd itirilmiş yurd yerlərimizə məxsus mədəni irsimizə sahibliyimizi təsdiq etməkdir. Bu gün o torpaqlarda böyüməyən yeniyetmə və gənc övladlarımıza Qarabağa - Şuşaya, Xocalıya, Xocavəndə, Laçına... məxsus qədim mədəni irsimizi tanıtmalı, Qarabağ torpağının əzəli, əbədi varisləri olmağımızı bütün dünyaya sübut etməliyik. Yaxşı olardı ki, bu işdə hamı vətəndaşlıq mövqeyi göstərsin, istədiyi layihə, proqram əsasında təkliflərini "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin idarə heyətinə təqdim etsin!".
Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov Qarabağın tarixi və mədəni mühiti haqqında konfrans iştirakçılarına geniş məlumat vermişdir. O, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən layihələrdən, Qarabağın mədəni irsinin təbliği ilə bağlı tədbirlərin əhəmiyyətindən danışmışdır. Sonra Z. Abbasov Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin 2011-ci ildəki fəaliyyətini məcburi köçkün həyatı yaşayan Şuşa uşaq musiqi məktəbinin "Şuşanın dağları" ansamblının İtaliyada səfərdə olmasını diqqətə çatdırmışdır.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısının təhsil, səhiyyə, mədəniyyət məsələləri üzrə müavini Vüsalə Fətəliyeva bildirmişdir ki, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin fəaliyyətində Qarabağın mədəni irsinin qorunması və beynəlxalq aləmdə təbliği ilə bağlı tədbirlərin keçirilməsi ilə əlaqədar mədəniyyət komissiyası yaradılması, yaxşı olardı. Qarabağ mədəni irsi və mühitinin öyrənilməsi, təbliği məqsədi ilə mədəniyyət lektoriyalarının, sərgilərin, musiqi festivallarının keçirilməsi, bukletlərin, video-çarxların və s. hazırlanması da günün tələbidir.
Bakı İncəsənət Mərkəzi yaradıcılıq evinin direktoru Rəfael Gülməmmədli Qarabağ mədəni irsini təbliğ etmək məqsədilə indiyə qədər 3 mühüm layihənin - Qarabağ mədəni mühitindən bəhs edilən foto-sərginin (1995-ci il), "Şuşasız keçən 10 il"(2002-ci il), "Şuşa və şuşalılar" (2006-cı il) həyata keçirilməsini yada salmış, təklif etmişdir ki, Qarabağın, Şuşanın mədəni irsini qorumaq və təbliğ etmək məqsədilə "Qarabağ evi" yaradılsın. Bu qurumun elmi mərkəzə çevrilməsi çox yaxşı olardı.
Söz Azadlığı Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqli bildirmişdir ki, Qarabağın mədəni irsinin qorunması məqsədi ilə hər kəs öz töhfəsini, bacardığı köməkliyi göstərməlidir. Son 2 ildə bununla bağlı 3 böyük layihə həyata keçirilmişdir. Söz Azadlığını Müdafiə Fondu (SAMF) "Turizm ili" çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin qalibi olaraq "Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili hesabatının ictimailəşdirilməsi" adlı layihə həyata keçirmişdir. Layihənin əsas məqsədi Qarabağ torpaqlarında, Azərbaycanın işğal altında qalan tarixi ərazilərində potensial turizm məkanlarının gündəmə gətirilməsi, ölkəmizə dəyən ziyanların beynəlxalq təşkilatların diqqətinə çatdırılması idi.
Mədəniyyət və Turizm Nazirliyinin regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli Qarabağın mədəni irsinin qorunmasında dövlət orqanlarının fəaliyyətindən danışmışdır. Əməkdar incəsənət xadimi Sərdar Fərəcov isə bildirmişdir ki, Azərbaycan xalq mahnılarının və rəqslərinin əksəriyyəti Şuşada yaranmışdır. "Qarabağ mahnıları", "Qarabağ rəqsləri" adlı məcmuələrin nəşrinə ehtiyac var. "Qarabağa aparan yol" qəzetinin redaktoru Əli Mahmud, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Gülağa Zeynalov da təklif və tövsiyələrini bildirmişlər.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin üzvü, millət vəkili Elman Məmmədov Qarabağ mədəni mühitinin Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrdən söz açmışdır. Konfransda "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Şuşa Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi mədəni-kütləvi tədbirləri əks etdirən videolent nümayiş etdirilmişdir.
Gülbəniz BABAYEVA,
Şuşa Rayon İcra Hakimiyyətinin
baş məsləhətçisi
Xalq qəzeti.- 2011.- 24 noyabr.- S. 7.