Eldar İsmayıl beynəlxalq təşkilat tərəfindən mükafatlandırıldı

 

Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı XIX əsrin əvvəllərindən başlanan soyqırım indiki dövrdə də davam etdirilir.Bu soyqırım əvvəlki dövrdə çar Rusiyasının, sonrakı dövrdə isə Sovet dövlətinin himayədarlığı, bilavasitə onların iştirakı ilə, o cümlədən ümumxristianlıq mafiyasının istəyi ilə həyata keçirilmişdir. Məhz buna görə də beynəlxalq aləmdə gücü, qüdrəti olan böyük xristian dövlətləri bu soyqırıma göz yumurlar.

 

Xalqımıza qarşı törədilmiş soyqırımın tarixçi alimlər, yazıçılar, şairlər və jurnalistlər tərəfindən qələmə alınması ümummilli liderimiz Heydər Əliyev tərəfindən tövsiyə edildi. Yaradıcılığının qayəsini erməni məsələsi təşkil etsə də, ümummilli liderimizin çağırışına ilk səs verənlərdən biri şair-publisist, yazııçı-jurnalist Eldar İsmayıl oldu. O, istər nəzm, istərsə də nəsr əsərlərində və publisistik kitablarında ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən, doğma yer-yurdlarımızın həsrətindən, qohum- əqrəba, dost- tanış ayrılığından yazır. Bunları indiki və gələcək nəsillərə, eləcə də dünyaya çatdırır.

Çiyinlərində "Ağrı dagı" qədər ağrılar gəzdirən bu böyük sənətkər əsərlərində Qərbi Azərbaycan dərdi, Təbriz həsrəti, Qarabağ, Xocalı, İrəvan, Göyçə nisgili yaşayır. Soydaşlarımızın taleyinə yanır. Milli dəyərlərimizi, adət-ənənələrimizi yaşatmağa, düşmən əlində olan torpaqlarımızı almağa çağırır. Onun bu qəbildən olan "Allah amanatı", "Mən burda qəribəm, yurd orda qərib", "Sabaha məktub", "Ulu Göyçə, de, yatanlar ayılsın" nəzm, "Səttar oğlu", "Göyçənin qisası qalır ", "Ulu Turan yolunda", "Zülmətdə parlayan qılınc" kimi nəsr və "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ermənistan türklərinin 1988-ci il soyqırımı", "Şəhid yurdun şəhid övladları", "Ağrı dağı qədər ağrılarım var", "Oğuz yurdun övladları", kimi publisistik əsərləri ədəbiyyat xəzinəmizin inciləridi.

Eldar İsmayıl yaradııcılığı boyu türkçülüyə, müsəlmançılığa həmişə diqqət yetirmiş, bu məsələyə əsərlərində öz ürək sözlərini açıqlamışdır. Məhz bu baxımdan onun " Sabaha məktub" və " Allah amanatı" şeir kitabları qardaş Türkiyə Respublikasında yüksək qiymətləndirilmişdir. Bu kitablar Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin Kazım Qarabəkir Təhsil fakultəsində orta təhsil məktəbləri üçün dərslik kimi hazırlanmışdır.

"Türkün xilaskarı" (2005) poeması Türk xalqına, Türkiyə Cümhuriyyətinin banisi Atatürkə həsr olunmuşdur. Bu şairin türk dünyasına sevgisinin, məhəbbətinin təcəssümü deyilmi? Onun bu zəhməti də Türkiyədə yüksək qiymətləndirilmiş, Türk Dünyası Araşdırmaları Uluslararası Elmar Akademiyası Yüksək Yönetim Kurulunun qərarı ilə Türk ədəbiyyatının inkişafında xidmətinə görə "Türk Ədəbiyyatına Hizmət" beynəlxalq ödülü ilə mükafatlandırılmışdır.

Şairin zəhmətinin növbəti dəyərləndirilməsi "Heyrət" ədəbi dərgisinin dövlət və cəmiyyətin təməl prinsiplərinin qorunmasını, inkişafını özündə ehtiva edən səmərəli ədəbi fəaliyyətinə, ictimai vətəndaşlıq mövqeyinə görə "Məslək Şərəf Diplomu" ilə təltif edilməsidir.

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyində Eldar İsmayılın imza günü keçirildi. Bu tədbirdə də onun erməni təcavüzünü və soyqırımını əks etdirən əsərləri barədə şair Ənvər Əhməd, şair Musa Ələkbərli Eldar İsmayıl yaradıcılığının pərəstişkarları tərəfindən müsbət fikirlər söylənildi, onun zəhmətinə yüksək dəyər verildi.

Eldar İsmayılın yaradıcılığı son dövrlərdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mahmud Kaşkari adına Beynəlxalq Fondun təşəbbüsü ilə keçirilən " Soyqırım və erməni təcavüzü" müsabiqəsində "Göyçəmin qisası qalır" tarixi- sənədli romanı "Xüsusi mükafat"a layiq görülmüşdür. Kitab 1905-1920-ci illərdə ermənilərin törətdikləri soyqırımdan, qədim Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaq xülyalarından, soydaşlarımızın öz dədə-baba yer-yurdları uğrunda apardıqları mübarizədən bəhs edir.

Eldar İsmayıl 2010-cu ilin sentyabrında ATU rəhbərliyinin ədalətli təqdimatı əsasında "Təbib" qəzetində səmərəli fəaliyyətinə görə "Əməkdar jurnalist " adına layiq görülmüşdür.

Bu günlərdə Eldar İsmayıl sevərlərini, pərəstişkarlarını daha bir xoş xəbər sevindirdi.O, Beynəlxalq Təltiflər İttifaqı Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən ədəbiyyatda böyük xidmətlərinə görə " Vəzifə və Şərəf" Ordeni ilə təltif edilmişdir.

Eldar İsmayıl Azərbaycan xalqına, millətinə şərəf gətirən böyük sənətkardır. Onun artıq 38 kitabı işıq üzü görmüşdür.

 

 

Saşa ƏLİYEV,

ATU əsaslı kitabxanası direktorunun

elmi işlər üzrə müavini, Azərbaycan

Jurnalistlər Birliyinin üzvü

 

Xalq qəzeti.- 2011.- 25 noyabr.- S. 7.