Nərimanov
rayonunda cəmiyyətin inkişafında mətbuatın rolu
müzakirə edilmişdir
Nərimanov Rayon İcra Hakimiyyəti Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu ilə birlikdə "Müstəqil Azərbaycan-20:
cəmiyyətin inkişafında mətbuatın rolu"
mövzusunda "dəyirmi masa" keçirmişdir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media qurumlarının rəhbərləri və Nərimanov rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A. Fərzəliyev son dövrlər Azərbaycanda, eləcə də adı çəkilən rayonda aparılan abadlıq-quruculuq işlərindən danışmaqla yanaşı, ölkə mətbuatının vəziyyətinə də nəzər saldı.Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkədə müstəqil mətbuatın inkişafı üçün əlverişli zəmin yaranıb. Belə ki, məhz ulu öndərin rəhbərliyi dövründə Azərbaycanda senzura ləğv olunub və azad mətbuatın inkişafı üçün geniş imkanlar açılıb.
KIVDF-in icraçı direktoru Vüqar Səfərli vurğuladı ki, Azərbaycan demokratik dövlətdir və burada mətbuatın xüsusi rolu var. O, bildirdi ki, müstəqilliyin bərpa edildiyi ilk illərdə müstəqil mətbuat formalaşmağa başlasa da, həmin dövrdə müstəqil mətbuatın inkişafı üçün əngəllər mövcud idi. Müstəqil mətbuat təsis etmək də çətin idi. Çünki həmin dövrdə Mətbuat Nazirliyi var idi və hər hansı qəzeti qeydiyyata almaq üçün bir çox bürokratik əngəllər yaranırdı. Bundan əlavə, mətbuatın üzərində senzura da mövcud idi. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə senzura ləğv edildikdən sonra əsl müstəqil mətbuat formalaşmağa başladı.
V.Səfərli KİVDF-nin fəaliyyəti haqqında da tədbir iştirakçılarına məlumat verdi. Bildirdi ki, hazırda jurnalistlər üçün müxtəlif müsabiqələr, redaksiyalar üçün layihələr həyata keçirilir.
"Dəyirmi masa"da Mətbuat Şurasının sədri Ə.Amaşov qeyd etdi ki, söz və məlumat azadlığının təmin olunması sahəsində həyata keçirilmiş məqsədyönlü siyasətin nəticəsində bu gün Azərbaycan kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Ölkəmizdə 4500-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində uçota götürülmüş, 50-dən çox informasiya agentliyi müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir.
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranmışdır. Ölkəmizdə söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixli fərmanı ilə Nazirlər Kabinetinin nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilmiş, bununla da mətbuata tətbiq edilən senzura aradan qaldırılmış, milli mətbuatın inkişafı yolunda yeni perspektivlər açılmışdır. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunmuş və dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilmişdir. 2003-cü ildə Azərbaycan Jurnalistlərinin I Qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yaranmışdır.
Diqqətə çatdırılmışdır ki, 3 il bundan əvvəl fəaliyyətə başlamış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən bir sıra müsabiqələr keçirilmişdir. Bu müsabiqələr jurnalistlərin peşə hazırlığının və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına kömək etmişdir. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir.
Azərbaycanda söz azadlığının təmin olunması istiqamətində atılan mühüm addımlardan danışan natiqlər həmçinin son illər "reket" qəzetlərin sayının artmasını, heç bir savadı, ali təhsili olmayan redaktorların "fəaliyyətini" kəskin tənqid etdilər.
Daha sonra tədbir qarşılıqlı dialoq şəklində davam etdi. Nərimanov rayon ictimaiyyətinin sualları media qurumlarının rəhbərləri tərəfindən cavablandırıldı.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 25 noyabr.- S. 4.