Su həyatın özüdür

 

1970-ci ildən başlayaraq qəzetimizdə aktual problemlərə aid yazılarla çıxış edən və oxuculara yaxşı tanış olan Əziz Əbdüləziz ulu öndərin ictimai-siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş məqalələr müsabiqəsində 2004-cü ildə "Xalq qəzeti"nin birinci dərəcəli mükafatına layiq görülmüşdür. Fəlsəfə elmləri doktoru, peşəkar diplomat, Jurnalistlər Birliyinin üzvü olan Əziz Əbdüləzizin bugün bütün bəşəriyyəti düşündürən içməli su probleminə həsr olunmuş məqaləsini sizə təqdim edirik.

 

2005-ci il martın 22-də düna birliyi ümumdünya içməli su gününü qeyd etdi və 2005-2015-ci illər BMT tərəfindən "İçməli su həyat üçün" devizi altında onillik elan olundu. Bu bir həqiqətdir ki, içməli su problemi bəşəriyyəti bir dünyəvi problem kimi narahat edib və etməkdədir. Hələ qədim zamanlardan bəri bəşər dahiləri içməli suya daim diqqət yetirmiş, insan həyatında onun misilsiz rol oynadığını qeyd etmişlər. Burada görkəmli mütəfəkkir Antuan de Sent-Ekzüperinin dahiyanə sözlərini qeyd etmək yerinə düşərdi. "Demək olmaz ki, su həyat üçün vacibdir, o həyatın özüdür".

 

Yer kürəsinin 4 milyard illik inkişafı tarixində həyatın yaranması və biosferin formalaşması proseslərində su həlledici rol oynamış və oynamaqdadır. Şirin su problemi bu gün dünyada aktual sosial iqtisadi problemə çevrilmişdir və onun həlli yolları, təəssüflə qeyd edilməlidir ki, istənilən səviyyədə deyil. Əgər şirin suyun bir litrinin qiyməti bu gün neftlə bərabər səviyyəyə gəlib çatmışsa, sabahın acı mənzərəsini təsəvvür etmək heç də çətin deyildir. Hazırda bir çox ölkələrdə içməli su ticarət obyektinə çevrilib. Belə ki, Avropanın Almaniya, Niderland, Danimarka kimi inkişaf etmiş ölkələri İsveçdən içməli suyu satın alırlar, Yaponiyada mağazalarda şüşə qablarda Norveçdən gətirilmiş su satılır, 4 milyon nəfər əhalisi olan Honkonq kəmər vasitəsi ilə Çin Xalq Respublikasının (ÇXR) kontinental ərazisindən su ilə təchiz olunur. Səudiyyə Ərəbistanı Filippindən, Sinqapur isə Malayziyadan tankerlərlə içməli su alır.

Təbii su ehtiyatları planetimizin bütün qatlarında - litosferdə, hidrosferdə və atmosferdə mövcuddur. Alimlərin hesablamalarına görə Yer planetinin su ehtiyatları 1454,3 min kubkilometrdir. Bunun 2,5 faizi şirin su ehtiyatlarıdır (yeraltı, çay və göllər, atmosfer). Bu 2,5 faizin də istifadəyə yararlılıq dərəcəsi cəmisi 0,3 faizdir.

BMT-nin su resurslarının qiymətləndirilməsi üzrə ümumdünya proqramının məlumatına görə, 2010-cu ildə dünyada şirin su defisiti artıq 225-230 milyard kubkilometr təşkil etmişdir, 2025-ci il üçün bu rəqəm 6-9 dəfə artaraq 1,3-2 trilyon kubkilometrə çata bilər.

Bunun acı nəticələri bugün özünü göstərməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, yəni hər 17 saniyəyə bir uşaq ölür. Ümumiyyətlə inkişaf etmiş ölkələrdə 80 faiz xəstəliklər içməli suyun keyfiyyəti ilə bilavasitə bağlıdır, bunun nəticəsi olaraq hər il 3 milyon insan dünyasını dəyişir. Ümumilikdə isə 500 milyondan artıq insan içməli su ehtiyacından daim müxtəlif xəstəliklərə düçar olur. Alimlərin fikirlərinə görə, son 100 ildə bəşəriyyət ərazi uğrunda iki dünya müharibəsi ilə üzləşmişdirsə, üçüncü dünya müharibəsi içməli su ehtiyatları əldə etmək üçün ola bilər.

Bəşəriyyət hazırda hər il 4 min kubkilometr içməli su işlədir, yəni planetin hər bir sakininin payına (2010-cu ildə planetin əhalisi 6,8 milyard nəfər idi) ildə 588,2 kubmetryaxud günə 1611 litr içməli su düşür, halbuki bir insana fizioloji tələbatı ödəmək üçün hər gün 2,5 litr su tələb olunur. Qalan miqdar kənd təsərrüfatında suvarma üçün ( 69 faiz), sənayedə (23 faiz) və məişətdə (6 faiz) istehlak olunur. Hər 3 ildən bir BMT-nin su ehtiyatlarının qiymətləndirilməsi üzrə ümumdünya proqramı içməli su ehtiyatlarının real vəziyyətini əks etdirən müvafiq məruzə hazırlayır. 2009-cu ildə İstanbul şəhərində keçirilmiş beşinci ümumdünya su forumunda qeyd olunduğu kimi, bir çox ölkələrdə su istehlakı imkanlarından maksimal dərəcədə istifadə olunur. Vəziyyəti iqlim dəyişiklikləri daha da mürəkkəbləşdirir.

Yaxın gələcəkdə ölkələr arasında, kənd və şəhər arasında, müxtəlif sahələr arasında su əldə etmək üçün rəqabətin güclənməsi gözlənilir. Bu isə öz növbəsində, su ehtiyatlarının çatışmazlığının siyasi problemə çevrilməsinə zəmin yaradır.

Ümumiyyətlə içməli su problemi dövlət üçün həyati əhəmiyyət kəsb edən problemdir. Bu bütün dövlətlərə aiddir. Son zamanlar biz tez-tez fikirləşirik: biz hansı suyu içirik? Şəhər su təchizatı kranından, təmizlənmiş şüşə qabdanyaxud bulaq suyundan? Şəhər su təchizatının şəhər sakinlərinə verdiyi su sanitar normalara uyğun olmasına baxmayaraq, lakin o heç də lazımi təmizlikdə deyil. Razılaşın ki, bu gün heç bir insan şəhər su təchizatı kranından su içməyə risk etməz. Krandan gələn xlorlanmış su insan səhhəti üçün təhlükəlidir. Düzdür, xlor çoxlu təhlükəli mikrobları məhv edir. Lakin eyni zamanda xlor ateroskeleroz xəstəliyinin əmələ gəlməsinin səbəblərindən biri hesab edilə bilər. Suda olan üzvi maddələrlə birləşən xlor konserogen maddələrin əmələ gəlməsinin və onlardan ən təhlükəli olan dioksinin yaranmasının əsas səbəbkarıdır. Dioksini ABŞ ordusu Vyetnamda ötən əsrin 70-ci illərinin müharibəsində geniş istifadə etmişdir. O ki, qaldı distillə olunmuş suya, o da həmçinin insan səhhəti üçün təhlükəlidir, çünki xüsusi metodlarla təmizlənmiş suyun tərkibində zərərli bakteriyalarla yanaşı, xeyirli mikroelementlər də məhv olurbu su insan səhhəti üçün mənasız bir suya çevrilir. Belə bir su uzun müddət içilərsə, nəticədə insan bədənində mineral duzların itirilməsi baş verirbunun nəticəsi olaraq ürək-damar və sümük sistemlərində xoşagəlməz proseslər əmələ gəlir. Bu isə öz növbəsində insan orqanizminin vaxtından əvvəl qocalmasına səbəb olur. Bugünkü bulaq suyundan istifadə o qədər də təhlükəsiz hesab edilə bilməz. Bulaq suyunun keyfiyyəti nəzarətsizdir və ümumiyyətlə bahar dövründə qarların əriməsi zamanı daha da korlanır. Laborator analiz edildikdə onun tərkibində adətən pestisidlər, fosfatlar, ağır metallar və.s. aşkar olunur.

Cənubi Qafqaz regionunda içməli suyun vəziyyətinə gəldikdə, tam məsuliyyətlə demək olar ki, dünyanın bu regionunda da içməli suyun vəziyyəti acınacaqlı şəkildədir. Cənubi Qafqazdakı səth sularının bir hissəsi Türkiyə və İranın ərazilərində formalaşır. Transsərhəd Küronun əsas qolu olan Araz çayları Cənubi Qafqazın əsas su arteriyalarıdır və bu çayların hövzəsində regionun əsas şirin su ehtiyatı cəmləşmişdir.

Kür çayı Türkiyənin Ərdahan vilayətindən, 2470 metr hündürlükdən başlayır, uzunluğu 1515 kilometr, su yığma hövzəsi isə 188 min kvadratkilometrdir. Axarı boyunca onun və qollarının əhatə etdiyi ölkələrdəki ərazilər aşağıdakı kimidir: Azərbaycan-52,9 min kvadratmetr, İran-40 min kvadratkilometr, Gürcüstan-36,4 min kvadratkilometr, Ermənistan-29,8 min kvadratkilometr, Türkiyə-28,9 min kvadratkilometr. Axımın əsas hissəsi bu şəkildə formalaşır: Gürcüstan-7,7 faiz, Ermənistan-23,4 faiz, Azərbaycan-21,5 faiz, Türkiyə-13,6 faiz və İran-3,8 faiz.

Kür çayının ən böyük qolu, hövzəsi 102 min kvadratkilometrə bərabər olan Araz çayıdır. Bu çay da Türkiyədən, hündürlüyü 2990 metrə çatan Bingöl silsiləsindən başlayır. Onun uzunluğu 1072 kilometrdir. Kür hövzəsinin su resurslarının çoxillik orta həcmi 26,6 kubkilometrə bərabərdir. Çayın hövzəsindəki ölkələrin illik orta su istifadəsi 23 kubkilomterdir, yəni hövzədəki su resurslarının 86,6 faizi iqtisadiyyatburada yaşayan 20 milyon əhalinin ehtiyacları üçün istifadə olunur. Sudan belə istifadə hövzənin bəzi çaylarının qurumasına və Kürün aşağı axarında axının azalmasına gətirib çıxarır.

Kür çayı hövzəsində yerləşmiş Cənubi Qafqaz ölkələrində sudan istifadənin strukturu belədir: suvarma-68 faiz, istilik enerjisi-11,0 faiz, sənaye-6,9 faiz, məişətdə istifadə-6,3 faiz, kənd təsərrüfatının su təminatı-5,2 faiz, balıq təsərrüfatı-2,6 faiz. Son zamanlar bu ölkələrdə sudan istifadə hiss olunacaq dərəcədə artmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın su resurslarının 80 faizi Kür çayı və onun qollarının payına düşür.

Üç Qafqaz ölkəsinin əhalisi məişətdə, energetikada, sənayedə, kənd təsərrüfatında əsasən Kür çayı hövzəsinin su resurslarından istifadə edir. Ona görə də, su resurslarının istifadəsi və mühafizəsi region üçün çox aktual problemdir. SSRİ dağılana qədər su resurslarından istifadə və keyfiyyətinə nəzarət bu ölkənin normativ aktları, İran və Türkiyə ilə müqavilələr əsasında həyata keçirilirdi. Eyni zamanda keyfiyyətə sistemli dövlət monitorinqi və tənzimləmə, nəzarət işləri, tullantı sularının utilizasiyası və drenajı həyata keçirilirdi. Ayrı-ayrı elmi tədqiqat institutları araşdırmalar aparır, müvafiq tövsiyələr hazırlayırdılar.

Bu gün iqtisadi və digər səbəblərdən və ölkələrarası su anlaşmaları mövcud olmadığından regionda bir qarışıqlıq yaranmışdır. Məlumatın toplanması və mübadiləsi sistemi işləmədiyindən məsul və səlahiyyətli təşkilatlar vaxtında və obyektiv qərar qəbul edə bilmirlər. Suyun həcmi və keyfiyyəti haqqında önləyici xəbərdarlıq sistemiyoxdur. Bunların acı nəticəsi Kür çayının aşağı axarında həmişə özünü göstərir. Məsələn: Gürcüstan və Ermənistandan zəruri məlumat gəlmədiyindən Mingəçevir, Şəmkir və Naxçıvan kimi iri su anbarlarının həcmini nizamlamaq mümkün olmur. Ekoloji baxımdan vəziyyət daha gərgindir. Təmizlənməmiş tullantı sular nizamsız şəkildə çaylara axıdılır, nəticədə çayların axımında özünü təmizləmə qabiliyyəti itirilir. Bəzi çayların çirklənmə dərəcəsi icazə verilən həddən bir neçə dəfə çox olur.

Belə ki, Azərbaycan, Gürcüstan və Ermənistanın su mühafizə təşkilatlarının məlumatlarına görə 1992-ci ildə Kürün hövzəsinə 575 milyon kvadratkilometr tullantı suları axıdılmışdır. Onlardan 300 milyon kubkilometr (ümumi həcmin 52 faiz) Ermənistanın, 250 milyon kubkilometr (43 faiz) Gürcüstanın və 25milyon kubkilometr (5 faiz) Azərbaycanın payına düşür. Sonrakı illərdə həmin respublikalardakı iqtisadi çətinliklərlə əlaqədar bir çox zavod və fabriklərin dayanması səbəbindən bu rəqəmlər bir qədər azalmış, 1998-ci ildə ümumi həcm 453 milyon kubkilometrə (3,7 faiz) düşmüşdür. Lakin son illər yenidən bu rəqəmlər artmaqda davam edir. Bütün bunların nəticəsində bu çayların suları ilə aşağı axına, yəni Azərbaycan ərazisinə, 7662 min ton həll olmuş kimyəvi birləşmələr, 6060 min ton asılqan maddələr, 4-5 min ton neft məhsulları, 350 ton fenol və 300 tona qədər ağır metal birləşmələri gətirilir.

Kür çayından təmin olunan Bakı şəhəri ən təhlükəli vəziyyətdədir. Ən çox narahatlıq yaradan məqamlardan biri Bakıya verilən suyun Kür çayının Arazla birləşməsindən sonra götürülməsidir (Sabirabad şəhəri yaxınlığında Talış kəndi). Yəni, biz həm də Araz çayından gələn suyu içirikbununla da özümüzü müəyyən mənada erməni terroruna məruz qoyuruq. Terror aktlarına misal olaraq, Ermənistan ərazisində çaya buraxılmış və içərisinə partlayıcı qurğu yerləşdirilmiş uşaq oyuncağının partlaması nəticəsində Tovuzda 13 yaşlı qızın həlak olmasını hamımız yaxşı xatırlayırıq. Əgər ermənilər Araza dioksid tipli zəhərli maddələr töksələr, nəticəsi daha dəhşətli ola bilər.

Qeyd edək ki, öz bulanıqlıq səviyyəsinə görə Araz çayı Nil, Xuanxe və Amudərya kimi çaylarla müqayisə olunur. Yəni, antropogen təsirsiz də bu çayın suyu içməyə qətiyyən yararlı deyil. ArazKür çaylarına qonşu respublikalardan çirkab və tullantıların qarışdırılması bu çayların sularından istifadəni kritik dərəcədə çətinləşdirir. Xüsusilə Araz çayına Metsamor atom elektrik stansiyasından radioaktiv tullantıların axıdılması, təkcə Arazboyu rayonların deyil, bütöv Xəzəryanı dövlətlərin canlı varlığına təhlükə törədir.

Suların çirklənməsi problemi Azərbaycanda həm yerüstü, həm də yeraltı sulara aiddir. Bir çox sənaye rayonlarında və şəhərlərdə qrunt suları kəskin surətdə çirklənmiş, səviyyəsi qalxmış və bu sular artıq yararsız vəziyyətə gəlib çıxmışdır.

Respublika üzrə bir çox rayon və yaşayış məntəqələrində kanalizasiya sistemlərinin olmaması yerüstü və yeraltı su mənbələrinə ekoloji cəhətdən böyük ziyan vurur. Xüsusilə Nabran istirahət massivində və Xəzərin müvafiq zonalarında vəziyyət son dərəcədə ağırdır.

Bakı və digər böyük şəhərlərdə su paylama şəbəkələrinin köhnəlməsi 30-40 faizə qədər su itkisinə, nəticə etibarilə qrunt sularının çirkab suları ilə çirklənməsinə səbəb olur.

Azərbaycan əhalisi və iqtisadiyyatının şirin su ilə təmin edilməsi bu gün bəlkə də Qarabağ probleminə bərabər bir problemdirbu problemə sinə gərmək, onun aradan qaldırılması üçün kömək və istək göstərmək milli mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının borcudur.

 

 

Əziz ƏBDÜLƏZİZ,

fəlsəfə elmləri doktoru,

Beynəlxalq Ekoenergetika

Akademiyasının həqiqi üzvü

 

Xalq qəzeti.- 2011.- 26 noyabr.- S. 6.