Gələn ilin dövlət büdcəsi də sosial və investisiyayönümlüdür
Ümummilli
lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf
strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi sayəsində Azərbaycanın
davamlı iqtisadi inkişafı və makroiqtisadi sabitliyi təmin
edilmişdir.Artıq Milli Məclisdə müzakirəsi
başa çatan büdcə zərfi sənədlərində
də bu dəyişikliklər öz ifadəsini
tapmışdır.
Xatırladaq
ki, gələn ilin dövlət büdcəsinin layihəsində
ölkənin müdafiə qüdrətinin gücləndirilməsi,
büdcə təşkilatlarında, o cümlədən hərbi
qulluqçuların, elm, səhiyyə, təhsil, mədəniyyət,
kənd təsərrüfatı və digər sahələrdə
çalışanların əməkhaqlarının, pensiya
və sosial müavinətlərin artırılması, sosial,
aqrar və digər sektorların maddi-texniki təminatının
yaxşılaşdırılması, regionların,
sahibkarlığın inkişafı, sosial və infrastruktur
obyektlərinin tikintisi və yenidən qurulması
üçün vəsaitin ayrılması, dövlət
borclanmasına ehtiyatla yanaşmaqla borclanma limitinin
azaldılması və s. məsələlər müsbət
həllini tapmışdır. 2012-ci ilin dövlət büdcəsinin
layihəsinin tərtibi zamanı İqtisadi İnkişaf
Nazirliyinin hazırladığı 2012-2015-ci illər üzrə
Azərbaycan Respublikasının ortamüddətli makroiqtisadi
proqnoz göstəriciləri, o cümlədən 2012-ci ildə
ÜDM-in 5,7 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə
8,6 faizlik artım sürəti əsas
götürülmüşdür.
2010-cu
ildə neft sektorunun ÜDM-də payı 48,5 faiz təşkil
edirdisə, uğurla həyata keçirilən şaxələndirmə
siyasəti nəticəsində 2015-ci ildə bu göstəricinin
29,3 faizə qədər azalacağı və qeyri-neft
sektorunun payının isə müvafiq olaraq 44,4 faizdən
61,3 faizə qədər artacağı
proqnozlaşdırılır. Bütün bunlara nail
olunması üçün Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq özəl bölmənin
inkişafı məqsədi ilə qanunvericilik bazasının
və bu sahədə dövlət tənzimlənməsi
sisteminin təkmilləşdirilməsi, biznes mühitinin
davamlı olaraq yaxşılaşdırılması,
sahibkarlığın, o cümlədən kiçik və
orta sahibkarlığın inkişafına dövlət dəstəyi
tədbirlərinin genişləndirilməsi davam etdiriləcəkdir.
Avrozona
ölkələrinin üzləşdiyi maliyyə və
iqtisadi problemlər, ABŞ-da böhrandan əvvəlki iqtisadi
fəallığın hələ də bərpa
olunmaması, maliyyə bazarlarında davam edən mənfi
dinamika dünya iqtisadiyyatında böhranın ikinci
dalğasının baş verməsi ehtimalını artırır.
Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatının 2012-ci ildə də
əlverişli olmayan xarici iqtisadi mühit şəraitində
inkişaf edəcəyi proqnozlaşdırılır.
Yaradılmış möhkəm təməl və
düşünülmüş iqtisadi siyasət nəticəsində
2012-ci ilin Azərbaycan iqtisadiyyatı üçün
uğurlu il olacağı və əvvəlki illərdə
müşahidə olunan müsbət meyillərin davam edəcəyi
gözlənilir. Belə ki, 2012-ci ildə ölkədə
iqtisadi artımın 5,7 faiz 2015-ci ilədək isə orta
illik iqtisadi artımın 6,3 faiz olacağı gözlənilir.
Adambaşına düşən ÜDM 2012-ci ildə 4744
manatdan 2015-ci ildə 5963 manata qədər artacaq və Azərbaycanın
yuxarı orta gəlirli ölkələr arasında mövqeyi
daha da möhkəmlənəcəkdir.
Ümumiyyətlə, bu gün Azərbaycanda keyfiyyətcə yeni iqtisadi şərait yaranmışdır. Azərbaycan iqtisadiyyatı bu uğur sayəsində dünyadakı iqtisadi böhrandan da çox az itki ilə çıxmışdır. İndi Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının dörddəüçünü özündə birləşdirir, yoxsulluq səviyyəsi 5 dəfə azalmışdır. Azərbaycan iqtisadiyyatı son 8 ildə 3 dəfə artmışdır. Dünyada isə qlobal böhranın ikinci dalğası artıq başlayır. Hamıya məlumdur ki, bu, başlıca olaraq avrozonanı əhatə edir. Bu gün Avropanın beş dövlətinin toplam borcu 4 trilyon ABŞ dollarından çoxdur. Bu, fantastik bir rəqəmdir. Həmçinin ABŞ-da da eyni böhran yaşanır. İşsizlik bu ölkələrə hakim kəsilmişdir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə isə dünya üzrə resessiya çox zəif gedir.
Qlobal iqtisadi böhrana qarşı Azərbaycanda dövlət başçısının uğurlu fəaliyyəti nəticəsində nümunə göstərilən dayanıqlıq təmin edilmişdir. Hazırda dünyanın əksər ölkələrinə təsir göstərən qlobal böhran Azərbaycandan demək olar ki, yan keçmişdir. Dünya iqtisadiyyatında müşahidə olunan tənəzzülə baxmayaraq, 2011-ci ilin 10 ayı ərzində Azərbaycanda ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 8,6 faiz artmış və 10 ay ərzində bu sahədən büdcəyə proqnozda nəzərdə tutulandan 21,8 faiz çox vergi daxil olmuşdur. Ümumilikdə 10 ay ərzində ölkə üzrə 114,1 milyard manat vergi yığılmışdır ki, bu da ötənilkindən 26,5 faiz çoxdur. Bu gün Azərbaycanda işsizlik məşğul əhalinin 0,8 faizini təşkil edir. Cari ilin ötən 10 ayı ərzində 71 minə yaxın iş yeri açılmış, əhalinin pul gəlirləri 19 faiz artmışdır. Əhalinin banklara qoyduğu əmanətlərin məbləği isə 29,5 faiz çoxalmışdır. Regionların sosial-iqtisadi inkişafı nəticəsində yerlərdən büdcəyə daxilolmaların çəkisində də artım vardır. Bu artım ilin sonunda 14,4 faizə çatacaqdır.
2012-ci ildə ölkə iqtisadiyyatına 14 milyard manata yaxın sərmayə qoyulacaqdır. Bu, cari illə müqayisədə 10 faizə yaxın artım deməkdir. İnvestisiyaların ümumi həcmində daxili sərmayələrin payı 70 faizdən çox olacaqdır.Ötən dövrdə olduğu kimi, gələn ildə də əhalinin rifah halının yüksəldilməsi diqqət mərkəzində saxlanılacaqdır. Orta aylıq əməkhaqqının 432 manata çatdırılması, yaxud 11,6 faiz artırılması proqnozlaşdırılır.
İqtisadiyyatda baş verən real struktur dəyişiklikləri onun neft amilindən asılılığının azaldılmasına, qeyri-neft sektorunun, xüsusən, kənd təsərrüfatının, emal sənayesinin, turizmin, xidmət sahələrinin genişlənməsinə, regionların inkişafına, insan resurslarından səmərəli istifadə olunmasına yönəlmişdir.Bu baxımdan makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, iqtisadi tənzimləmə mexanizmlərinin sadələşdirilməsi dövlət büdcəsi zərfində diqqəti çəkən mühüm məsələlərdir.
Büdcə siyasətinin ən mühüm məsələlərindən biri daxil olmuş pul vəsaitlərinin optimal bölgüsü, təyinatı üzrə qənaətlə istifadəsi və proseslərin şəffaflığının təmin edilməsidir. 2012-ci ildə dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 39 faizi həcmində proqnozlaşdırılır. Bu, 17 milyard manat və ya 21,5 milyard ABŞ dolları deməkdir. Beləliklə, büdcə xərclərində cari illə müqayisədə 1 milyard manatdan çox, yaxud 6,5 faiz artım nəzərdə tutulmuşdur.
Əvvəlki illərdə olduğu kimi, 2012-ci ilin dövlət büdcəsi də sosial və investisiya yönümlü olacaqdır. Belə ki, sosial məqsədlərə ayrılan xərclər büdcənin ümumi xərclərinin 28 faizini, mütləq ifadədə 4,7 milyard manat təşkil edəcəkdir. Bu isə cari ilə nisbətən 10 faiz artım deməkdir. Gələn il əsaslı vəsait qoyuluşları isə 7,8 milyard manat, yaxud ümumi xərclərin 46 faizi həcmində proqnozlaşdırılır. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, ordunun, hüquq-mühafizə və məhkəmə hakimiyyəti orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahələrdə xidmət edənlərin sosial müdafiəsinin təmin olunması məsələləri də diqqət mərkəzində saxlanılacaqdır.
2012-ci il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 37,8 faizi həcmində proqnozlaşdırılır ki, bu da 2011-ci illə müqayisədə 1,1 faiz çoxdur. Mütləq ifadədə 2011-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon manat və yaxud 2011-ci ilin proqnozuna nisbətən 5,7 faiz (882,2 milyon manat) çox nəzərdə tutulmuşdur.Gəlirlərin 12035 milyon manatı və ya 73,2 faizi neft, 4401,4 milyon manatı və ya 26,8 faizi isə qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcəkdir.
Növbəti il dövlət
büdcəsinin xərcləri 16 milyard
984 milyon manat olacaqdır
ki, bu da
2011-ci illə müqayisədə 6,5 faiz çoxdur. Kəsirin maliyyələşmə
mənbələri və Dövlət Neft
Fondundan ayrılan 9905 milyon
manat transfert nəzərə
alınmaqla 2012-ci il dövlət büdcəsinin
xərcləri 16984,4 milyon manat
proqnozlaşdırılmışdır. Bu da cari ilə nisbətən
1043,2 milyon manat və ya
6,5 faiz çoxdur.
Dövlət büdcəsi xərclərinin
51,8 faizi və ya 8 milyard
794 milyon manatı cari xərclərə,
46,1 faizi və ya 7 milyard 828 milyon manatı əsaslı xərclərə,
2,1 faizi və ya 362,4 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə
yönəldiləcəkdir. 2012-ci ilin dövlət büdcəsinin kəsiri
548 milyon manat və ya ÜDM-in 1,3 faizi həcmində
nəzərdə tutulmuşdur.
2012-ci il icmal büdcəsinin
gəlirləri 18 milyard
220 milyon manat olmaqla 2011-ci ilə nisbətən 1 milyard
762,2 milyon manat və ya 8,8 faiz, xərcləri 20 milyard 26 milyon olmaqla 2011-ci ilə nisbətən 1 milyard 412 milyon manat və
ya 7,6 faiz çox nəzərdə
tutulmuşdur.İcmal büdcəyə
daxil olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri
2 milyard 454 milyon manat proqnozlaşdırılır.Dövlət
Neft Fondunun büdcəsinin xərcləri
10 milyard 483 milyon manat olmaqla 2011-ci illə müqayisədə
630,1 milyon manat və ya 6,4 faiz çoxdur.
Onu da deyək ki,
2012-ci il üçün
yaşayış minimumu
ölkə üzrə
95 manatdan 108 manata, əmək qabiliyyətli əhali üçün
102 manatdan 116 manata, pensiyaçılar üçün
72 manatdan 84 manata, uşaqlar üçün
76 manatdan 87 manata, ünvanlı dövlət
sosial yardımının
təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 75
manatdan 84 manata qaldırılacaqdır.
2012-ci ildə də ölkə iqtisadiyyatının dinamik inkişafı davam etdiriləcəkdir. Əhalinin gəlirləri 6,8 faiz artacaqdır. İlin sonuna orta aylıq əmək haqqı ilin əvvəlinə nisbətən 11,8 faiz artaraq 432,5 manat təşkil edəcəkdir. Əmək qabiliyyətli əhalinin orta illik sayı 5 milyon 913 min, iqtisadi fəal əhalinin orta illik sayı 4 milyon 366 min, iqtisadiyyatda məşğul olanların orta illik sayı 4 milyon 161 min nəfərə çatacaqdır.
İqtisadiyyatda muzdla işləyənlərin orta illik sayının azalma tempi 3 dəfə aşağı düşəcəkdir. Gələn ilin sonuna əhalinin sayının 9 milyon 342 min nəfərə çatacağı proqnozlaşdırılır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 26 noyabr.- S.1.