Zaqatala: sahibkarlar
ölkənin ümumi inkişafına
töhfə verirlər
Bir
ayda ikinci dəfə Zaqatala mövzusuna müraciət etməyim
heç də bu rayona xüsusi önəm verməyim kimi qəbul
edilməməlidir. Mən bir bölgə müxbiri kimi fəaliyyət
göstərdiyim bütün rayonlara eyni səviyyədə
hörmət və ehtiramla yanaşır, hamısı barədə
məhəbbətlə söz açıram. Zaqatala barədə
ikinci yazını qələmə almağım isə sadəcə
bu rayondan olan fermerlərə verdiyim sözə əməl
edilməsi kimi başa düşülməlidir. Bu insanlarla
söhbət zamanı onları həmişə ərzaq
bolluğunun təminatçısı kimi qiymətləndirmişəm.
Fəxr etmişəm ki, belə bir insanlarla təmasda oluram.
İndi
isə qayıdaq mətləbə. Söhbət ondan gedir ki,
noyabrın əvvəlində Zaqatalada görüb-eşitdiklərim
barədə səhifə hazırlayarkən oradakı
dostlarımızın bəziləri haqqında ümumi
söz açmış və söz vermişdim ki, lap tezliklə
aqrar bölmədə fəaliyyət göstərən
iş adamları barədə bir qəzet materialı
hazırlayacağam. Diqqətli oxucunun bəlkə də
yadındadır. Noyabr ayının əvvəli idi, qəzetdə
gedən "Zirvələri ancaq istəyi olanlar fəth edirlər"
adlı materialda belə cümlələr var idi:
"Zaqatalada ayrı-ayrı sahibkarlarla çox
görüşmüşəm, hamısı da onlara göstərilən
qayğıdan ağızdolusu danışıblar. Bu da təsadüfi
deyil. Rayonda bu sahənin inkişafı diqqət mərkəzindədir".
İndi həmin sahibkarlardan, daha doğrusu, fermerlərin bəzilərindən
eşitdiyim fikirləri hörmətli oxuculara da təqdim etmək
istəyirəm. Əlavə edim ki, hələ ötən əsrin
70-ci illərindən tanışlığım olan Zaqatalada
bu gün nəinki hər bir idarənin kollektivi, hətta hər
bir fərd öz üzərinə düşən vəzifəni
layiqincə yerinə yetirir, dövlətin və rayon rəhbərliyinin
tapşırıqlarını yüksək səviyyədə
reallaşdırırlar. Mən bu rayonda kiminsə verdiyi vədə
əməl etmədiyini eşitməmişəm. Elə bu sətirlərin
qələmə alınması da həmin ənənənin
davamıdır.
Rayon
icra hakimiyyəti başçısının aqrar məsələlər
üzrə müavini İlkin Şəfizadə ilə
söhbət zamanı hazırlayacağım növbəti
yazının mövzusunu xatırlatdım. Birinci dəfə
idi ki, İlkin müəllimdən konkret cavab ala bilmədim.
Daha doğrusu, o mənə hansısa konkret ünvan göstərmək
istəmədi:
-
Çox yaxşı mövzudur. Dövlətin aqrar siyasətinin
həyata keçirilməsində və rayonda məhsul
bolluğunun yaradılmasında fermerlərin xidməti
çoxdur. Onların işi ağır, fəaliyyətləri
məsuliyyətli, əməlləri savablı, çörəkləri
halaldır. Çörəyi torpaqdan çıxan adam
haqqında nəinki qəzet məqaləsi, hətta kitab
yazılsa belə, yenə də azdır. Buyurun, yazın.
Zaqatalada haqqında söz açılmalı fermerlər istənilən
qədərdir.
Başçının
müavini bu sözləri dedi və sanki verəcəyim
sualı kağızdan oxuyurmuş kimi cavab verdi: - Kimdən
istəyirsiniz başlayın. Onsuz da Zaqatalada az qala
hamını tanıyırsınız.
Elə ona görə də söhbətə çoxdan tanıdığım bir halal zəhmət sahibi ilə başladım. Müxax kəndindəki fermer təsərrüfatlarından birinin rəhbəri İbadullah Adamov haqqında əvvəllər də qəzetimizdə söhbət açmışam. Atası Əhməd kişinin süfrəsində həmişə halal çörək olduğuna görə İbadullah da işin ağırını, çörəyin halalını seçib. Zaqatalada deyirlər ki, el arasında üzüağ olan adamın danışmağa sözü də çox olur. İbadullahın söhbəti həmin fikrin təsdiqi kimi səslənirdi:
- İşdir, başlamışıq, davam etdiririk. Qiymətimizi qoy başqaları versinlər. Əslində, biz Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirən ulu öndər Heydər Əliyevin və müstəqil dövlətimizi dünya miqyasında tanıdan cənab dövlət başçımızın siyasətini həyata keçiririk. Bir də ki, tək mənə yox, ümumiyyətlə rayondakı bütün fermerlərə, sahibkarlara qayğı, dəstək olmasaydı, biz bu uğurları əldə edə bilməzdik. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə daim bizim fəaliyyətimizi dəstəkləyib, problemlərimizin həllinə yardımçı olub. Ona görə də indi sizin "uğur" adlandırdığınız göstəriciləri əldə edə bilmişik.
Təsərrüfatımız 1998-ci ildən fəaliyyət göstərir, 33 nəfər işçimiz var. Mövsümlə əlaqədar onların sayı 50 nəfərə çatır. Taxılçılıq, maldarlıq, qoyunçuluq və bir qədər fərqli fəaliyyət sahəsi olan ictimai iaşə xidməti ilə məşğul oluruq. Artıq 78 baş iri, 2550 baş xırdabuynuzlu heyvanımız var. 644 hektar yay otlaq sahəsini icarəyə götürmüşür. 230 hektar sahədə mal-qara üçün yaşıl yem-xəsil yetişdiririk. 50 hektar isə dənlik məhsul əkmək üçün sahəmiz var. 32 hektarında taxıl, qalanında isə qarğıdalı əkirik. Yəni maldarlığı, qoyunçuluğu inkişaf etdirmək üçün ən zəruri məsələ olan otlaq və yem problemini yüksək səviyyədə həll etmişik. İşçilərimizə 150-200 manat aylıq əmək haqqı veririk. Deməli, biz həm iş yerlərinin yaradılmasında, həm də kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında dövlətin qarşıya qoyduğu vəzifələrin icrasına kömək etmiş oluruq.
İbadullahın təsərrüfatına Elnur adlı cavan sürücü ilə getmişdik. Hərbi xidmətdən təzə qayıdıb. Əsgərliyi başa vurduğunu biləndə dedim ki, qarşındakı əsas məsələlərdən birini yerinə yetirdin, indi qalır ikincisi. Maraqla soruşdu ki, o hansı məsələdir? Dedim, evlənmək. Üzü bir az qızarsa da, gözləri güldü: - Hələ bir az işləyək, görək.
Sürücü ilə bu söhbətimiz barədə İlkin Şəfizadəyə heç nə demədim. Nə işimə qalıb ki, öz aramızda olan söhbətdir.
Lahıc kəndində Xuraman İbiyevanın rəhbərlik etdiyi fermer təsərrüfatı da 1998-ci ildən xırda sahibkarlıq subyekti kimi fəaliyyət göstərir. 2004-cü ildə hüquqi şəxs kimi qeydiyyatdan keçən bu təsərrüfat artıq iri fermer təşkilatlarından biridir.
Xuraman xanımın təsərrüfatı taxılçılıq və tütünçülük sahələri üzrə ixtisaslaşıb. Başa çatmaqda olan ildə 80 hektar sahədə taxıl əkiblər və hər hektardan 20 sentner hesabıyla 160 ton məhsul götürüblər. Maraqlıdır ki, bu göstəricini təsərrüfatın cəmi üç nəfər işçisi əldə edib. Qalan 15 nəfər isə 34 hektar sahədə əkilmiş tütünçülüklə məşğul olub. Bu sahədə də məhsuldarlıq ürəkaçandır. Hektardan 10 sentner, yəni 34 ton quru tütün yarpağı əldə edilib.
Təsərrüfat rəhbəri deyir ki, hələlik işçilərin orta aylıq əmək haqqı 150-200 manatdır. Ancaq təsərrüfatın genişlənməsi və məhsuldarlığın artması ilə təbii ki, işçilərin əmək haqqı da artacaq: - Təki sağlıq olsun, təki dövlətimiz qüdrətlənsin, təki ölkəmizin ərazi bütövlüyü bərpa edilsin.
Əliabad qəsəbəsindəki Rizbulla Həmzəyevin yaratdığı fermer təsərrüfatı yuxarıda qeyd etdiyimiz təsərrüfatlardan iki yaş böyükdür. 1996-cı ildə formalaşdırılıb. Eyni zamanda, burada çalışanlar da çoxdur. Rizbulla nə az, nə çox, düz 200 nəfər həmyerlisi üçün iş yeri yaradıb. Böyük hünərdir. O da maraqlı həmsöhbətdir. Amma rəhbəri olduğu təsərrüfatla yanaşı, başqa bütün sahələrdən danışmağı sevir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən, Avropa mahnı müsabiqəsinin növbəti yarışmasının Bakıda keçiriləcəyindən, Qəbələdə Beynəlxalq aeroportun açılmasından, zaqatalalı cavanların dünya idman yarışlarında əldə etdiyi uğurlardan - bir sözlə çox məsələlərdən söhbət etdik. Axırda da gülə-gülə söhbətə belə bir yekun vurdu: - Xatırladım ki, Qəbələdən əvvəl Beynəlxalq aeroport Zaqatalada tikilib istifadəyə verilib.
Doğrusu, alqışlanmalı hissdir. Bu, əlbəttə, yurdsevərlik, doğma ocaq təəssübkeşliyi idi. Rizbulla bu təəssübkeşliyi rəhbərlik etdiyi təsərrüfatın əldə etdiyi uğurlarla da sübuta yetirib. 50 hektar taxıl sahəsinin hər hektarından 30 sentner məhsul götürüb. 130 baş iri, 530 baş xırdabuynuzlu heyvan olan bu təsərrüfatın rayonda ət və süd istehsalının artırılmasında özünəməxsus xidmətləri var. Deyir, rayonda hamı ümumi inkişafa nə isə bir töhfə verirsə, biz nə üçün kənarda qalmalıyıq? Azərbaycan hər bir azərbaycanlının Vətəni, Zaqatala hər bir zaqatalalının yurdudur. Ona görə də kim əlini əlinin üstünə qoyub hardansa kömək gözləyirsə, o, özü özünü aldadır. Ümumi işin, elliklə reallaşdırılan planların nəticəsi təkcə şirin olmur, həm də xeyirli olur. Arıların zəhmətinin nəticəsi kimi.
Fındıqlı kənd sakini Zaur Dimanovun özü kimi fermer təsərrüfatı da cavandır. Bu qurum 2001-ci ildən fəaliyyət göstərir. Üstəlik, yuxarıda qeyd etdiyimiz təsərrüfatlardan fərqli olaraq burada ənənəvi heyvandarlıq və taxılçılıq sahələrindən başqa fındıqçılıq, tərəvəzçilik və bostançılıq sahələri də inkişaf etdirilir. Sonuncu təsərrüfat ilində Zaur Dimanovun bağları 3500 kiloqram fındıq məhsulu verib. Tərəvəzçilik və bostançılıq sahələri üzrə göstəriciləri də rayonun orta məhsuldarlıq göstəricilərindən artıqdır.
Zaurdan maraqlı
bir söhbət eşitdim. Deyir, əslində təsərrüfat
və ya hansısa istehsalat sahəsi bir istiqamətdə ixtisaslaşsa
daha yaxşıdır.
Ancaq bu tezis o zaman
məqbul sayılır
ki, təsərrüfat
güclü olsun və təbii hadisələrin, ilin quraq və ya
yağmurlu keçməsinin
törətdiyi fəsadlar
ona ciddi bir ziyan vura
bilməsin. Bizim kimi
kiçik təsərrüfatlarda
müxtəlif istiqamətlərin
məqbul sayılması
isə ona görədir ki, fındıqçılıq üzrə
məhsuldarlığımız aşağı olanda onu bostançılığın
məhsulu ilə kompensasiya edə bilək. Yaxud tərəvəzçilikdə
nəticə pis olarsa təsərrüfatı
maldarlığın hesabına
saxlaya bilək və sairə. Ən başlıcası işləməkdir.
İşləyən adamın zəhməti
nəticəsiz qalmır.
Zaqatalanın ən gözəl yaşayış məntəqələrindən
biri də Muğanlı kəndidir. Maraqlıdır ki, ölkənin aranlı, dağlı bütün rayonlarda olan Muğan və ya Muğanlı
kəndlərinin hamısı
həm təbiətcə,
həm də insanlarına görə yaddaqalan, sevilən kəndlərdir. Bu gözəl və yaddaqalan məkanın zəhmətkeş sakinlərindən
olan Məmməd Həsənov da 1996-cı
ildən etibarən taxılçılıqla məşğul
olur. Deyir, bütün bitkilər
günəşlə böyüyüb
məhsul versə də, günəşin gücü, qüdrəti
daha çox taxılda cəmləşir.
Təsadüfi deyil ki, il boyu hansısa meyvədən və ya bostan-tərəvəz məhsulundan yeməsən
belə, o qədər
də narahat olmursan. Ancaq insan bircə
gün çörəksiz
qala bilmir. Bu, taxılın qüdrətidir.
Həmin prinsipi əsas götürən Məmməd təkcə bu il
300 ton taxıl məhsulu
əldə edib. Həm öz çörəyi boldur, həm də rayonun taxıl ehtiyatını kifayət qədər zənginləşdirib. Bu hələ harasıdır.
O, son illər üzümçülük
təsərrüfatı da
yaradıb. Düzdür,
bu il
hələlik cəmi
15 ton üzüm məhsulu
olub. Deyir taxılçılığa başlayanda da əvvəlki illər bu qədər məhsul götürürdüm.
İndi
300 tona çatdırmışam.
Əminəm ki, üzümçülükdə
də kifayət qədər uğur əldə edə biləcəyik. Ən başlıcası,
torpağın dilini bilməkdir. Bildin, vəssalam.
Maraqlıdır, torpağın da dili olurmuş. Hər halda o dil varsa, onu bilənlər də var və məhz insanın torpaqla dil tapmasının nəticəsidir ki, Zaqatalada bolluğun rəhni olan fermerlər gündən-günə yeni uğurlara, göstəricilərə imza atırlar. Bizim bu yazının qəhrəmanları isə həmin dili bilənlərin bir hissəsidir. O dildə danışanlar, gecəsi-gündüzü torpaqla bərəkətlənib, zəhmətlə ətirlənən insanlar Zaqatalada çoxdur. Odur ki, növbəti dəfə söz veririk: həmin adamlar haqqında da nə vaxtsa yazacağıq. Sağlıq olsun.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 27 noyabr.- S. 5.