Salam, ey qoca Bərdə, xoş gördük, yeni Bərdə

 

... Axşamdan xeyli keçib. Rayon icra hakimiyyətinin binasında sakitlikdir. Koridorlardan, pilləkənlərdən səs-küy çəkilib, tetefonlar susub. Bəli, daha bir gərgin iş günü sona çatıb. Ancaq ikinci mərtəbənin otaqlarında hələ də işıqlar yanır. Rayon icra hakimiyyətində yaradılmış operativ qərargah burda yerləşir. Artıq səkkizinci aydır ki, fəaliyyət göstərən bu qərargah rayonda aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin güzgüsüdür, desək, heç də səhv etmərik. Burada hər axşam gün ərzində görülmüş işlər yekunlaşdırılır, təhlil edilir və müqayisələr aparılır, sabah görüləcək işlər dəqiqləşdirilir. Müşahidə edilən nöqsanların operativ şəkildə aradan qaldırılması üçün konkret tədbirlər planlaşdırılır. Onu da öyrəndik ki, belə qərargahlar rayonun, demək olar ki, bütün idarə, müəssisə və təşkilatlarında fəaliyyət göstərir. Jurnalist marağı üstün gəldi. Görünür, elə ona görə də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə ilk sualım bu barədədir. Cavab qısa və konkret oldu:

 

- İndi başqa cür iş qurmaq, sadəcə olaraq, mümkün deyil. Əvvəla, ona görə ki, burada uzun illər ərzində bir sıra problemlər yığılıb qalmışdı və onlar tezliklə öz konkret həllini gözləyirdi. Digər tərəfdən, həyata keçirilən tədbirlərin, görülən işlərin miqyası və həcmi o qədər genişdir ki, onları vahid mərkəzdə cəmləşdirməyə ehtiyac var. Burada pərakəndəliyə, qeyri-ardıcıllığa yol vermək qətiyyən olmaz.

- Heç kimə sirr deyildir ki, bərdəlilər öz doğma şəhərlərinin respublikamızı bürüyən və gündən-günə geniş miqyas alan tikinti-abadlıq və quruculuq yarışına qoşulacağına və öz layiqli yerini tutacağına, az qala, ümidlərini itirmişdilər. Əslində, onları qınamaq da olmazdı. Bütünlüklə, ölkəmizi bürüyən tikinti-abadlıq, inkişaf və yüksəliş tədbirləri, çox təəssüf ki, Bərdədən yan keçmədi. Aparılan işlər isə qeyri-ardıcıl idi, kompaniya xarakteri daşıyırdı Halbuki, 3 min il tarixi olan Bərdənin buna daha çox haqqı vardı. İndi vəziyyət dəyişib. Bərdə başdan-başa tikinti meydançasını xatırladır. Bərdəlilər sakini olduqları şəhərin, qəsəbənin, kəndin dəyişdiyini, abadlaşdığını, gözəlləşdiyini görür, şahidi olur və bundan böyük qürur hissi duyurlar. Söhbətimizin əvvəlindəki mövzuya qayıdırıq: İnam. İstərdik ki, bu inama gedən yol barədə danışasınız...

- Gəlin ötənlərə toxunmayaq. Kimin gücü nəyə çatırsa elə də işləyir. Fakt və həqiqət ondan ibarətdir ki, Bərdə respublikanın ümumi inkişaf və yüksəliş sürətindən geri qalırdı. Orası da var ki, bu bölgə öz zəngin potensialı, istifadə edilməmiş imkan və ehtiyat mənbələri ilə zəngindir.

Əslində, Bərdənin inkişafı xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ötən əsrin 70-80-ci illərində bu bölgə respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından biri idi. Nəinki Azərbaycanda, hətta keçmiş Sovetlər Birliyində ən böyük pambıq istehsalçısı adını qazanmışdı. İndi gördüyünüz ictimai və sosial binaların, demək olar ki, hamısı məhz o illərin yadigarlarıdır. Onu da deyim ki, ulu öndər respublikaya rəhbərlik etdiyi həmin illərdə ən çox səfər etdiyi rayonlardan biri məhz Bərdə idi.

Ancaq təəssüflər olsun ki, 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində, bütövlükdə, respublikamızı bürüyən xaos və qarşıdurma, anarxiya Bərdədən də yan keçməmişdir. Geriləmə bütün sahələri bürümüş, yeni tikintilər bir yana, otaqlar da dağıdılmışdır. 1993-cü ildə ulu öndər ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra hər yerdə olduğu kimi, Bərdədə də tənəzzül və geriliyin qarşısı alındı, xaos və qarşıdurmaya son qoyuldu. Düzdür, ötən müddət ərzində müəyyən işlər görülmüş, bir sıra sahələrdə irəliləyiş əldə edilmişdir. Ancaq sizin də qeyd etdiyiniz kimi, bunlar Bərdənin imkan və potensialı müqabilində çox azdır. Bərdə respublikamızın ümumi inkişaf sürətindən geri qalırdı. Heç uzağa getməyək, qonşu bölgələrlə müqayisədə fərq dərhal nəzərə çarpırdı.

Əlbəttə, illərlə yığılıb qalmış problemlərin hamısını qısa zaman kəsiyində həll etmək o qədər də asan deyil. Ancaq gördüyünüz kimi, işlər bütün sahələrdə yüksək sürət və keyfiyyətlə aparılır. Nəticə isə göz qabağındadır. Qədim Bərdə öz görkəmini az qala hər gün dəyişir, daha abad, gözəl və yaraşıqlı olur. Özü də biz bu zaman tariximizi, milli memarlıq və arxitektura ənənələrimizi qoruyub saxlamağa çalışırıq.

- Sözsüz ki, sutkanı uzatmaq mümkün deyil. Ancaq orası da var ki, görüləsi işlər, problemlər də təkidlə öz həllini tələb edir. Deməli, ən vacib olanları seçmək, ilk növbədə, onların həllinə nail olmaq lazımdır...

- Haqlısınız. Ancaq elə ilk gündən haradan və necə başlamaq sualı qarşısında qalmadıq. Ona görə ki, görüləcək işlərin həcmi və istiqaməti məlum idi. Əlbəttə, əsas səy və qüvvələr tariximizin müəyyən mərhələsində ölkə paytaxtı olmuş Bərdə şəhərinin, əslində, tamamilə yenidən qurulmasına, abadlaşdırılmasına yönəldildi. Qısa müddət ərzində bütün potensial hərəkətə gətirildi.

İşin gedişində ortaya maraqlı, mən deyərdim ki, ibrətamiz məqamlar çıxırdı. Məlum oldu ki, bərdəlilər bu günü - abadlıq, quruculuq, inkişaf və yüksəliş gününü çoxdan gözləyirmişlər. Təsadüfi deyildir ki, rayon ziyalılarından, ağsaqqallardan, gənclərdən maraqlı təkliflər, təşəbbüslər gəlirdi. Hamı könüllü olaraq bu ümumrayon tədbirində fəal surətdə iştirak edir. Bu isə sözsüz ki, bizə böyük ruh və həvəs, işlərin daha sürətlə aparılmasına əlavə təkan verir.

- Rayon icra hakimiyyətinin başçısı kimi sizin iş üslubunuza, təşkilat-idarəetmə məsələlərində tətbiq etdiyiniz maraqlı formalara yaxşı bələdəm. Bizcə, Bərdədə daha çox nəzərə çarpan bunlardır: çevik və operativ idarəetmə, ardıcıl və sistemli icra intizamı, kadrlara qarşı ciddi tələbkarlıq, daha çox elmi münasibət...

- Həyatımızın başqa sahələrində olduğu kimi, burda da bütün zamanlar üçün hamımıza parlaq örnək, canlı nümunə, əsl məktəb var. Bu, Heydər Əliyev məktəbi, Heydər Əliyev nümunəsi, Heydər Əliyev şəxsiyyətidir. Olduqca fərəhlidir ki, həmin zəngin ənənə bu gün daha böyük uğurla davam etməkdədir. Respublika Prezidenti İlham Əliyevin qətiyyətli, müdrik daxili və xarici siyasət xətti, dünyanın ən böyük dövlət və siyasət adamlarını belə heyran qoyan geniş dünyagörüşü, dərin zəkası, regionlara müntəzəm xarakter alan səfərləri, adamlara qayğısı, sözün həqiqi mənasında, bizim üçün həyat dərsləridir. Biz bu zəngin və tükənməz xəzinədən mümkün qədər çox şey öyrənməliyik.

- Sizi daha çox iş üstündə, adamlar arasında görmək olar...

- İndi kabinetdən rəhbərlik dövrü deyil. Adamlarla ardıcıl və sistemli iş qurmadan, onların vacib sosial ehtiyaclarını bilavasitə yerlərdə öyrənmədən, möhkəm icra intizamı yaratmadan hər hansı sahədə uğur qazanmaq mümkün deyil. Adamlar sənə inanmalı, ürəyini açmalı, çətinlik və problemlərini çəkinmədən deməlidirlər. Onu da nəzərə almaq lazımdır ki, hər hansı arayış, yaxud telefon zəngi yerlərdə adamlarla keçirilən canlı görüş və söhbətləri əvəz edə bilməz.

- Siz ixtisasca tarixçisiniz, tarix elmləri namizədisiniz. Mən sizin bu titulunuzla 3 min il tarixi olan qədim Bərdədə icra başçısı vəzifəsində çalışmanız arasında bir simvolika, bir qanunauyğunluq görürəm...

- Məncə, ixtisasın o qədər də dəxli yoxdur. Söhbət işin təşkilindən, adamlarla işləmək, onları öz ardınca apara bilmək bacarığından, tariximizə, torpağımıza, millətimizə bir övlad məhəbbətindən, yaradıcı və təşəbbüskar fəaliyyətdən gedir. Biz yeri gəldi-gəlmədi, Bərdənin qədimliliyindən, məşhurluğundan danışırıq. Böyük Nizaminin "Bərdə nə gəşəngdir, ah nə gözəldir. Yayı da, qışı da güldür, çiçəkdir" misralarını tez-tez iəkrar edirik, yaxud 70-80-ci illərdəki şöhrətindən və s. həvəslə danışırıq. Ancaq gəlin görək, Bərdənin indiki görkəmi belə bir zəngin tarixə nə dərəcədə yaraşır? Axı, 3 min il yaşı olan Bərdəyə hörmət və qayğı həm də tariximizə hörmət və qayğı deməkdir. Bu mənada bu qədim və şöhrətli bölgəni layiq olduğu səviyyəyə çatdırmaq üçün hələ çox iş görülməlidir.

- Yuxarıda iş üslubu barədə danışdıq. Burada kadrların düzgün seçilməsi və yerləşdirilməsi yada düşür. Siz xaraktercə narahat, operativ insansınız. Yəqin ki, kadrlardan da daha çox bunları tələb edirsiniz. Bərdədə də belə bir işgüzar və mobil komanda yarada bilmisinizmi?

Kadrlar hər şeyi həll edir. Əslində, bu deyim bütün zamanlara və bütün cəmiyyətlərə aiddir. Doğrudan da, hər hansı sahədə işin uğurlu təşkili kadrların düzgün seçilməsindən və yerləşdirilməsindən çox asılıdır.

Əlbəttə, Bərdədə iş və mənəvi keyfiyyətləri ilə fərqlənən kadrlar çoxdur. Biz belələrini vaxtında görür, qiymətləndirir və etimad göstəririk. Sözsüz ki, indi dövr başqadır və kadrlara verilən tələblər də başqadır. Təşəbbüskarlıq, axtarış meyli, yüksək səviyyə, adamları inandırmaq, onları öz ardınca apara bilmək qabiliyyəti - kadrlardan tələb olunan bax bunlardır. Yeri gəlmişkən, bir vacib cəhəti də qeyd etmək istəyirəm. Biz kadrlara etimad göstərib irəli çəkərkən onların müstəqil ölkəmizə, millətimizə, xalqımıza sevgisi, ulu öndər Heydər Əliyevin ölməz və həmişəyaşar ideyalarına, ölkə Prezidenti İlham Əliyevin apardığı qətiyyətli, müdrik daxili və xarici siyasət xəttinə sonsuz sədaqətini həlledici amil kimi qəbul edirik.

Bəli, bu gün Bərdədə yüksək peşəkarlığa malik işgüzar, çevik və mobil bir komanda formalaşıb. Ötən aylar ərzində görülüb başa çatdırılmış və hazırda davam etdirilən genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri, bütün sahələri əhatə edən yüksəliş və dinamika bir də onu göstərir ki, bu komanda ilə daha böyük uğurlar qazanmaq mümkündür. Biz, necə deyərlər, hələ böyük yolun başlağıcındayıq.

İcra başçısı bu cür nikbin və qətiyyətli fikrində tam haqlıdır. Ən azı ona görə ki, ötən ayların sürətli dinamikası, rəsmi statistika, fakt və rəqəmlər bunu bir daha təsdiq edir.

Cari ilin ötən ayları ərzində rayonda təxminən 145,1 milyon manatlıq ümumi məhsul, 6,2 milyon manatlıq sənaye, 81,6 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 14,1 milyon manatlıq tikinti-quraşdırma işləri aparılmışdır. Göstərilən dövrdə orta aylıq əmək haqqı 13,3 faiz artaraq 204 manata çatmışdır.

Keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 16,3 faiz, sənaye məhsulunun həcmi 19,6 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 8,4 faiz, əsas kapitala yönəldilən investisiyalar 27,3 faiz, tikinti-quraşdırma işlərinin həcmi 19,2 faiz artmışdır.

Rayonun sosial-iqtisadi inkişafının gələcək istiqamətlərini müəyyənləşdirmək üçün, ilk növbədə, mövcud problemlər sistemləşdirilmiş, onların həlli ardıcıllığı müəyyənləşdirilmiş, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün konkret planlar tərtib edilmiş və icrasına başlanmışdır. Sözsüz ki, burada, ilk növbədə, aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərindən danışmaq lazımdır. Belə ki, qısa müddət ərzində 6,9 kilometr olan Heydər Əliyev prospekti, 1,2 kilometr olan H.Aslanov, 2,1 kilometr olan Koroğlu, 2,2 kilometr olan Bakı küçələrinin, şəhərin mərkəzi hissəsinin yenidən qurulmasına, mühəndis-kommunikasiya xətlərinin texniki normaya gətirilməsinə, magistral avtomobil yollarının, küçə və meydanların yaşıllaşdırılmasına başlanmışdır. İndiyədək 12 kilometrdən çox gecə işıqlandırma sistemi qurulmuş, 3 kommunal yaşayış binasının dam örtüyü yenisi ilə əvəz edilmişdir, 6 binanın fasadı rənglənmiş, 1 binaya aqlay üzlük çəkilmiş, 4 kommunal binanın qarşısı abadlaşdırılmışdır. Əhalinin istirahəti üçün 7 guşə yaradılmışdır. Ümumiyyətlə, ilin əvvəlindən 187 obyektin tikintisinə və yenidən qurulmasına başlanılmışdır.

Şəhərin mərkəzi küçələrində 44,5 min kvadratmetrdən çox hasar hörülmüş, 34,6 min kvadratmetr üzlük çəkilmişdir. 9,5 min kvadratmetr suvaq vurulmuş, 281 ədəd gecə işıqlandırma dirəkləri basdırılmışdır. 213,7 mindən çox ağac və gül kolları əkilmişdir. Aparılan tikinti, abadlıq və quruculuq işlərinə 801,2 min mişar daşı, 1500 ton sement, 12,5 min kubmetr qum, 8,2 min ton asfalt və s. işlənmişdir.

Şəhərin Yevlax, Tərtər və Ağdam rayonları istiqamətindən giriş hissələrində abadlıq işləri aparılmışdır. Nizami küçəsi boyunca Yevlax şəhəri sərhəddinədək və Ağdam rayonu istiqamətində "Bərdə Pambıq" ASC-nin qarşısınadək, H.Aslanov küçəsi boyunca Tərtər rayonu istiqamətində elektrik şəbəkəsinin ərazisinədək səki daşı döşənmiş, istinad divarları tikilmişdir. Bakı küçəsinin ətrafına torpaq verilərək abadlaşdırılmışdır. Yenidən qurulan bütün küçələrdə mühəndis-kommunikasiya xətləri qaydaya salınmış və gecə işıqlandırma şəbəkəsi qurulmuşdur.

Abadlıq və quruculuq işləri rayonun kəndlərində də sürətlə davam etdirilir. Doqquz ay ərzində 7 kəndin giriş qapısı yenidən qurulmuşdur. 11,6 kilometr kəndlərarası, 54,6 kilometr kənddaxili yollar təmir edilmişdir. 1,9 kilometr su xətləri çəkilmiş, 5 körpü salınmışdır. 6 abidə və 11 inzibati bina təmir olunmuş, 11600 ədəd ağac əkilmişdir.

Ötən dövr ərzində Statistika və Mərkəzi Poçtamtın inzibati binaları, 1 saylı orta məktəb əsaslı təmir edilmişdir. Hazırda Baytarlıq və Maliyyə idarələrinin, Miqrasiya Xidmətinin inzibati binaları, Vergilər İdarəsinin terminalı tikilir. Elektrik şəbəkəsinin inzibati binası və 6 saylı uşaq bağçası isə əsaslı təmir edilir. Bundan başqa, 6,5 hektar ümumi sahəsi olan "Oəhrəmanlar" parkında, sahəsi 0,7 hektar olan Bayraq meydanında işlər başa çatmaq üzrədir.

Hazırda rayonda aparılan tikinti, abadlıq və quruculuq işlərində 185 briqada işləyir. İlin əvvəlindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 3330 yeni iş yerləri açılmışdır ki, bunun da 1048-i daimidir.

Əhalinin və iqtisadiyyatın elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının fasiləsizliyinin təmini istiqamətində təsirli tədbirlər görülmüşdür. Şəbəkələrin texniki problemləri həll edilmiş, əsas diqqət qarşıdakı vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir.

Elektrik şəbəkəsində 752 yararsız dayaqlar yenisi ilə əvəz edilmiş, 80 kilometr yeni naqil çəkilmişdir. 1317 "Smart" tipli sayğac quraşdırılmışdır. 110 transformator əsaslı, 78 transformator cari təmir edilmiş, 177 yeni sayğac quraşdırılmışdır.

Həyata keçirilmiş bütün tədbirlər nəticəsində elektrik enerjisi ilə təchizatın fasiləsizliyinə, enerji sərfiyyatının aşağı salınmasına, istehlak edilmiş enerjinin haqqının ödənilməsi səviyyəsinin yüksəlməsinə nail olunmuşdur. Ötən müddətdə 162 milyon kilovatt/saat elektrik enerjisi istehsal edilmiş, istehlak edilmiş enerjinin haqqı 86 faiz ödənilmişdir.

İlin əvvəlindən 8 kənd qazlaşdırılmış, şəhərdə isə qazlaşdırma 98,4 faizə çatdırılmışdır. Gərənə, Qazaxlar, Hacılı və Soğanverdilər kəndinə təbii qaz verilişinin bərpası üçün bütün işlər görülmüşdür. Əhalinin və iqtisadiyyatın təbii qazla təminatının fasiləsizliyi təmin edilmişdir. Qaz itkisi kəskin surətdə azalmış, istehlak edilmiş təbii qazın haqqının ödənilməsi səviyyəsi yüksəlmişdir. Məsələn, keçən ilin müvafiq dövrünə nisbətən təbii qaz istehlakı 19,5 faiz artdığı halda, istehlak edilmiş təbii qazın ödənilməsi səviyyəsi 70,4 faiz artmışdır.

Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanmış, əvvəllər müşahidə olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmışdır. Əsas cəhət odur ki, həmin sahələrin maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Məsələn, Birinci Hacallı kəndində 220 yerlik, Şahvəllər kəndində 220 yerlik tam orta məktəblər tikilmişdir. Şəhər 1 saylı orta məktəbin əsaslı, Saatlı, Qarağacı, Mollagüllər, Şorəlli, Qaradəmirçi, Məmmədli, 1 saylı Nazırlı, Alpout, Muğanlı, Lənbəran, Hacılar və Qaratəpə kənd orta məktəblərində cari təmir işləri aparılmışdır. Hazırda 360 yerlik Soğanverdilər kənd orta məktəbinin tikintisində, 6 saylı uşaq bağçasının əsaslı təmirində işlər davam etdirilir. Yaxın vaxtlarda 360 yerlik Zümürxan kənd orta məktəbinin tikintisinə başlanacaqdır.

Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi, sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 117 otaqdan ibarət 2 və 3 mərtəbəli korpuslar əsaslı təmir edilmiş, müasir tibb avadanlıqları ilə təmin olunmuşdur. Mərkəzi xəstəxananın yerləşdiyi 7 hektar ərazidə abadlıq işləri aparılmış, 40 ton su tutumu olan hovuz tikilmiş, 2,5 mindən çox ağac və gül kolları əkilmişdir.

İqtisadiyyatın əsasını təşkil edən aqrar sahənin inkişafı üçün bir sıra ciddi tədbirlər həyata keçirilmişdir. Hazırda baytarlıq idarəsinin inzibati binası, Lək kəndində 2 min tonluq soyuducu ambar, Mehdili kəndində gündəlik gücü 15 ton olan ətkəsmə müəssisəsi tikilir. 528 min başlıq broyler-quşçuluq fabriki yenidən qurulur.

Bu il 12793 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Nəticədə 43806 ton taxıl məhsulu tədarük edilmiş, hər haktardan məhsuldarlıq 29,8 sentnerə çatdırılmışdır. 2355 ton kartof, 26695 ton tərəvəz, 31185 ton bostan məhsulları istehsal edilmişdir. Keçən ilə nisbətən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı artmışdır.

İri buynuzlu malın sayı 82300 başa, qoyun və keçilərin sayı 130800 başa çatmışdır. Ötən müddət ərzində 8812 ton diri çəkidə ət, 39700 ton süd, 19,8 milyon ədəd yumurta, 380 ton yun istehsal edilmiş ki, bu da ötən ilə nisbətən xeyli çoxdur.

Bərdəlilər cəmi bir neçə ay ərzində baş vermiş bütün bu inkişaf və yüksəlişi haqlı olaraq ilk növbədə ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısının konkret nəticəsi kimi qəbul edir, respublika rəhbərinə öz minnətdarlıqlarını bildirir, bundan sonra da səy və bacarıqlarını əsirgəməyəcəklərini bəyan edirlər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 27 noyabr.- S. 4.