Azərbaycanın
Avropa təhlükəsizlik və əməkdaşlıq
institutları ilə münasibətləri gündən-günə
dərinləşir
Azərbaycanın
beynəlxalq mövqeləri möhkəmlənir, beynəlxalq
imici güclənir. Azərbaycan etibarlı tərəfdaş,
dost ölkə kimi beynəlxalq təşkilatlarda və
dünyada öz yerini möhkəmləndirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
XX əsrin
sonlarında SSRİ-nin və sosializm sisteminin süqutu ilə
dünyada bir sıra dəyişikliklər baş verdi. Soyuq
müharibənin başa çatması ilə beynəlxalq
münasibətlərin əsas güc mərkəzləri yeni
geosiyasi reallıqlardan çıxış edərək
öz fəaliyyətlərini mövcud şəraitə
uyğunlaşdırmağı qərara aldılar. Köhnə
beynəlxalq münasibətlər sisteminin süqutu ilə
yanaşı, yeni dünya düzümünün əsası
qoyulmağa başlandı.
İdeoloji
qarşıdurma başa çatsa da, Avropada sülh və təhlükəsizlik
üçün təhdidlər hələ də qalmaqda idi. Belə
bir şəraitdə keçmiş SSRİ və Yuqoslaviya məkanında
yeni münaqişə ocaqları yaranaraq genişlənməkdə
davam edirdi. Bu amillər beynəlxalq və regional təşkilatların
fəaliyyət istiqamətlərində keyfiyyətcə yeni
mərhələnin başlanmasına imkan yaratdı və
dünya siyasətində ATƏT, NATO, Avropa İttifaqı və
Avropa Şurası kimi təhlükəsizlik və əməkdaşlıq
strukturlarının rolunu əhəmiyyətli dərəcədə
yüksəltdi.
Azərbaycan
Respublikası 1991-ci il oktyabrın 18-də dövlət
müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçilik
prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun
formalaşdırılması və həyata keçirilməsi
ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın
Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə
başlayan hərbi təcavüzün genişlənməsi
ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə
üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici
siyasət fəaliyyətində də mühüm vəzifələrin
yerinə yetirilməsini ön plana çəkdi.
1993-cü
ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin
yenidən hakimiyyətə qayıdışı Azərbaycanda
müstəqil dövlətçilik ideyalarının bərqərar
olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın
xarici siyasət kursunda mövcud reallıqları nəzərə
alan və ölkəmizin milli mənafelərinin qorunmasına
yönəlmiş əməli dəyişikliklər edildi.
Müstəqillik əldə etdikdən sonra demokratik dövlət
quruculuğu yoluna qədəm qoymuş Azərbaycan
Respublikasının beynəlxalq münasibətlər sistemində
layiqli yer tutması üçün dünya siyasətinin
formalaşmasında aparıcı rol oynayan dövlətlərlə
və beynəlxalq təşkilatlarla qarşılıqlı
münasibətlərinin tənzimlənməsi və
inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb
edirdi. 1993-cü ildən Azərbaycan dövlətinin xarici
siyasətində Avropaya inteqrasiya prioritet istiqamətə
çevrilmiş və bu kontekstdə beynəlxalq təşkilat
kimi Avropa İttifaqı ilə fəal əməkdaşlığa
başlanmışdır. Avropa və Asiyanın kəsişmə
nöqtəsində yerləşən Azərbaycanın
strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin
də ölkəmizlə siyasi və iqtisadi münasibətləri
inkişaf etdirmək marağını daha da
artırmışdır. Azərbaycan-Avropa İttifaqı əlaqələri
xüsusi proqramlar çərçivəsində qurulmuş
və müxtəlif sahələr üzrə: iqtisadi və
sosial islahatlara yardım, Şərq-Qərb nəqliyyat-kommunikasiya
(TRASEKA) dəhlizinin yaradılması, infrastrukturların
inkişafı və s. istiqamətlərdə inkişaf
etdirilmişdir.
1993-cü
ilin mayında Brüsseldə Avropa İttifaqının təşəbbüsü
ilə "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi"
(TRASEKA) layihəsi irəli sürülmüş və 8 təsisçi
dövlətin (Azərbaycan, Gürcüstan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Türkmənistan,
Tacikistan və Ermənistan) ticarət və nəqliyyat nazirlərinin
konfransında təsis edilmişdir. "Brüssel Bəyannaməsi"
adlanan iki rəsmi sənəddə qədim Şərq-Qərb
"İpək yolu" dəhlizinin yeni şəraitdə bərpası,
nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən
qurulması və inkişaf etdirilməsi qərara
alınmışdır.
1996-cı
il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan
Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat,
qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni
ticarətin qarşısının alınması sahəsində
əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq
və Əməkdaşlıq Sazişi"nin imzalanması Azərbaycanın
xarici siyasətinin ən uğurlu səhifələrindən
biri kimi qiymətləndirilir. Dövlətimiz və
xalqımız üçün mühüm tarixi əhəmiyyət
kəsb edən bu müqavilə Azərbaycanın Avropa
strukturları və institutları ilə əlaqələrinin
genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində
hüquqi baza rolunu oynayır. Müqaviləni imzalamış
bütün dövlətlər tərəfindən ratifikasiya
edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən
və ümummilli lider Heydər Əliyevin imza
atdığı bu saziş tərəflər arasında
yüksək səviyyəli əməkdaşlığın
təşəkkül tapmasını təsdiqləyir.
Avropa
İttifaqının region dövlətləri ilə həm
ikitərəfli, həm də regional inteqrasiya kontekstində
çoxtərəfli münasibətlər qurması və gələcəkdə
onların təşkilatla daha sıx əməkdaşlığı
üçün ciddi fəaliyyət göstərməsi nəticəsində
son illərdə adıçəkilən təşkilat
öz sərhədlərini bir qədər də genişləndirmişdir.
Bununla da sərhədləri genişlənən İttifaq
Avropada yeni qonşular qazanmış və 2003-cü ildə
"Daha geniş qonşuluq: Şərq və Qərb
qonşularla yeni çərçivə təşəbbüsü"
adlı proqram qəbul etmişdir.
Azərbaycan
Prezidenti İlham Əliyevin 2004-cü il mayın 19-da
Brüsselə səfəri Azərbaycanın Avropa
İttifaqı ilə münasibətlərində tamamilə
yeni mərhələ oldu və ölkəmizin adıçəkilən
İttifaqla "Avropa Qonşuluq Siyasəti"nin proqramı
çərçivəsində genişmiqyaslı əməkdaşlığına
dair razılaşmalar əldə edildi.
2004-cü
ilin may ayında Qonşuluq Siyasətinin həyata keçirilməsi
üçün 255 milyon avro vəsait ayıran Avropa
İttifaqı Cənubi Qafqaz dövlətləri ilə bu
istiqamətdə məqsədyönlü iş aparır.
Adıçəkilən proqrama qoşulan ölkələr
İttifaq institutlarına insan hüquqlarına hörmətlə
yanaşmaq, qanunların aliliyini təmin etmək, səmərəli
və şəffaf idarəçilik yaratmaq, bazar
iqtisadiyyatı tələblərinə hörmət bəsləmək
və xarici siyasət sahəsində beynəlxalq hüquq
normalarına əməl etmək əzmində
olduqlarını nümayiş etdirməlidirlər.
Azərbaycan
Respublikası da bu sahədə qarşıda duran vəzifələrin
həlli istiqamətində ardıcıl addımlar atmaqla
öz mövqeyini ifadə etmişdir. Bu məqsədlə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il iyunun
1-də "Azərbaycan Respublikasının Avropaya
inteqrasiyası üzrə Dövlət Komissiyasının
yaradılması haqqında" imzaladığı sərəncamda
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin
daha da gücləndirilməsi, İttifaqın Azərbaycan
üzrə Fəaliyyət Planının hazırlanması və
həyata keçirilməsi üzrə səmərəli, əlaqələndirilmiş
işin təmin edilməsi məsələləri öz əksini
tapdı.
Azərbaycan
Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri
Joze Manuel Barrozu 2006-cı il noyabrın 7-də Brüsseldə
"Azərbaycan Respublikası və Avropa İttifaqı
arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa
dair anlaşma memorandumu" imzaladılar. Bununla da, Azərbaycan
ilə Avropa İttifaqı arasında enerji dialoqunun genişləndirilməsi
istiqamətində yeni imkanlar açılmışdır.
Bunun regional təhlükəsizlik, eləcə də əməkdaşlıq
və ümumiyyətlə, Avroatlantik məkana inteqrasiya,
xüsusilə, Azərbaycanın böyük neft, qaz
ehtiyatları və ölkəmizin gələcək
inkişafı üçün böyük əhəmiyyəti
vardır.
Bundan
əlavə, 2008-ci il mayın 26-da Avropa İttifaqının
xarici işlər nazirlərinin Brüsseldə
keçirilmiş görüşü zamanı Polşa və
İsveç tərəfindən Şərq Tərəfdaşlığı
təşəbbüsü irəli
sürülmüşdür. Şərqi Avropa Qonşuluq
Siyasəti ölkələri üçün vahid formatın
təsis edilməsini nəzərdə tutan bu təşəbbüs
Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və
Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə
edir.
Avropa
İttifaqı ilə əlaqələrin genişləndirilməsi
baxımından Azərbaycan Prezidenti İlham Əliyevin
2009-cu il aprelin 28-29-da Belçika Krallığına
mühüm əhəmiyyət kəsb edən səfəri
zamanı İttifaqın Nazirlər Şurasının Baş
katibi, xarici siyasət və təhlükəsizlik siyasəti
üzrə ali nümayəndəsi Xavyer Solana ilə
keçirdiyi görüşdə Avropa İttifaqı ilə
ölkəmiz arasında əlaqələrin
qarşılıqlı şəkildə faydalı
olduğunu və "Şərq tərəfdaşlığı"
proqramı çərçivəsində yaranacaq yeni
formatın bu əlaqələri daha da möhkəmləndirəcəyini
bəyan etdi.
Bu səfərin
davamı olaraq mayın 7-də Praqada Avropa
İttifaqının "Şərq tərəfdaşlığı"
Sammitində iştirak edən Prezident İlham Əliyev bu
proqramın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin
daha da yaxınlaşmasına və genişlənməsinə
təkan verəcəyini qeyd edərək, ölkəmizin
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında əhəmiyyətli rol oynadığını
diqqətə çatdırdı.
2011-ci
il yanvarın 13-də Avropa Komissiyasının prezidenti Joze
Manuel Barrozunun Azərbaycana səfəri zamanı bir sıra
mühüm sənədlərin imzalanması ikitərəfli
əməkdaşlığın genişləndirilməsi
istiqamətində atılan mühüm addım oldu. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Avropa
Komissiyasının sədri Joze Manuel Barrozu tərəfindən
"Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə","Azərbaycan
Respublikası və Avropa Komissiyası arasında
2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair
Anlaşma Memorandumu" və "Azərbaycan Respublikası
və Avropa Komissiyası arasında hərtərəfli
institusional quruculuq proqramının çərçivə sənədi
üzrə Anlaşma Memorandumu"nun imzalanması ölkəmizin
Avropa İttifaqı ilə əlaqələrinin müxtəlif
sahələrdə inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.
Müasir
dövrdə ölkəmiz Avropa İttifaqı ilə
münasibətlərində öz xarici prioritetlərinə
uyğun olaraq daha çox ikitərəfli əlaqələrə
üstünlük verir. Avropa İttifaqının regional layihələrində
iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı
ümumi iqtisadi tərəqqidəki payına görə lider
dövlət olan Azərbaycan İttifaqın xarici əlaqələrində
müəyyən mövqe tutmağa çalışır.
Odur ki, Azərbaycan dövləti Avropa İttifaqı ilə
ikitərəfli əlaqələrin yeni formatlarını
yaradır, onunla yaxınlaşmaq üçün zəruri
olan bütün təsisatları inkişaf etdirərək
İttifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik
məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir.
Bu baxımdan 1994-cü il mayın 4-də Azərbaycan
Prezidenti Heydər Əliyevin NATO-nun "Sülh naminə tərəfdaşlıq"
proqramının çərçivə sənədini
imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin
möhkəmlənməsi istiqamətində atılan
mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan
üçün əhəmiyyəti ondan ibarətdir ki,
ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və
ABŞ-la dünya təhlükəsizlik sisteminin, eləcə
də beynəlxalq münasibətlərin sivil qaydaları
çərçivəsində hər cür əməkdaşlıq
etmək imkanı qazandı. Bu da öz növbəsində
NATO-nun hərbi strukturları ilə Azərbaycan ordusunun
sülh naminə əməkdaşlıq etmək, birgə təlim
və manevrlər keçirmək, onların ordu quruculuğu
təcrübəsindən bəhrələnmək, kadr
hazırlığı və s. sahədə birgə hərəkət
etmək imkanı verməklə yanaşı, ölkəmizin
bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin
həyata keçirilməsi üçün də əlverişli
şərait yaratmışdır.
Azərbaycan
ilə NATO arasında yaradılan əməkdaşlığın
əsas prinsipləri və istiqamətləri "Sülh
naminə tərəfdaşlıq" proqramında və Azərbaycanın
təqdim etdiyi "Prezentasiya sənədi"ndə öz əksini
tapmışdır. 1994-1996-cı illərdə əsası
qoyulmuş və inkişaf etdirilmiş Azərbaycan-NATO əlaqələri
sonrakı dövrdə qarşılıqlı münasibətlərin
daha da intensivləşdirilməsi üçün əlverişli
baza rolunu oynadı. Məhz həmin illərdə münasibətlərin
hüquqi cəhətdən tənzimlənməsi və bir
sıra praktiki addımların atılması NATO-nun Azərbaycan
ilə əməkdaşlığı inkişaf etdirməyə
olan marağını artırdı.
Azərbaycanın
NATO ilə əməkdaşlığı sonrakı dövrdə
də ildən-ilə yeni keyfiyyət almış, NATO mütəxəssisləri
Azərbaycan ordusunun modernləşdirilməsi
üçün ölkəmizə müntəzəm olaraq
texniki və təlim xarakterli yardım etmişlər. Siyasi və
iqtisadi cəhətdən durmadan tərəqqi edən Azərbaycanda
hərbi quruculuğun da yüksək səviyyədə
olmasını artıq hamı etiraf edir. Milli silahlı
qüvvələrimizin maddi-texniki bazasının NATO
standartları səviyyəsində yenidən qurulması isə
bilavasitə ümummilli liderimiz Heydər Əliyevin
Brüsseldə imzaladığı məlum sənədin
icrası nəticəsində mümkün olmuşdur.
1997-ci
ilin ortalarında Azərbaycan NATO-nun Planlaşdırma və
Analiz Prosesi (PARP) sənədinə qoşuldu. Bu, tərəfdaş
dövlətlərlə NATO arasında əməkdaşlığın
səmərəsini artırmaq məqsədi ilə bir
sıra praktiki tədbirlərin birgə həyata keçirilməsini
nəzərdə tutur. Elə həmin il Azərbaycan NATO-nun
Brüsseldəki mənzil - qərargahında öz diplomatik
nümayəndəliyini təsis etdi. Bu isə əməkdaşlıq
əlaqələrinə daha yeni təkan verdi. Hazırda orada
Azərbaycan Silahlı Qüvvələrini iki zabit təmsil
edir.
Şimali
Atlantika Alyansı ilə əməkdaşlığın
inkişafı sahəsində növbəti addım 1997-ci il
noyabrın 14-də Azərbaycan Prezidenti Heydər Əliyevin
imzaladığı "Azərbaycan Respublikasının NATO
ilə əməkdaşlığını daha da gücləndirmək
tədbirləri haqqında" sərəncamı oldu. Sərəncama
əsasən Azərbaycan Respublikası Prezidenti yanında NATO
ilə əməkdaşlıq üzrə dövlət
komissiyası yaradıldı. Dövlət komissiyası
"Sülh naminə tərəfdaşlıq" proqramı
çərçivəsində əməkdaşlığın
vahid proqramının hazırlanması ilə əlaqədar
müvafiq nazirlik və təşkilatların fəaliyyətinin
koordinasiya edilməsi sahəsində ardıcıl iş
aparır.
Qeyd
olunan müddətdə Azərbaycan NATO-nun nüfuzlu qurumu
hesab olunan Parlament Assambleyası ilə əməkdaşlığı
dərinləşdirmək siyasətini davam etdirirdi. Bunun nəticəsi
olaraq, 2002-ci il noyabrın 19-da Azərbaycan Respublikası
NATO-nun Parlament Assambleyasına assosiativ üzv qəbul edildi.
Bununla da respublikamız öz problemlərini və digər
aktual məsələlərini dünya ictimaiyyətinə
çatdırmaq üçün yeni beynəlxalq tribuna əldə
etdi. 2004-cü il mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin
Brüsseldə NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə
görüşü zamanı Azərbaycanın
hazırladığı Fərdi Tərəfdaşlıq
üzrə Fəalliyət Planının təqdimat sənədini
ona təqdim edərək bildirdi ki, bu plan Azərbaycanla NATO
arasında əməkdaşlığın daha da
yaxınlaşmasına kömək edəcək. Bundan sonra
respublikamızın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı
bu plan əsasında davam etdiriləcək. Azərbaycanın
Silahlı Qüvvələrinin təkmilləşdirilməsi,
NATO standartlarının tətbiqi, təminat və təchizat
sisteminin, maddi-texniki bazanın yeniləşdirilməsi və
başqa sahələrdə əsaslı islahatlar həyata
keçiriləcək. Bu isə Azərbaycan-NATO əməkdaşlığında
yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə
bilər.
Azərbaycanın
"Sülh naminə tərəfdaşlıq"
proqramına qoşulması və "Fərdi Tərəfdaşlıq
üzrə Fəalliyət Planı" nı imzalaması nəticəsində
NATO ölkələri ilə siyasi, hərbi, mədəni,
humanitar əlaqələrinin inkişaf etdirilməsi
üçün geniş imkanlar
açılmışdır. Bir tərəfdaş olaraq, Azərbaycan
Şimali Atlantika İttifaqının əsas məqsədinə
- bütün Avratlantika zonasında sülhün və
sabitliyin möhkəmləndirilməsinə öz sadiqliyini
nümayiş etdirir. NATO ilə yaradılmış hüquqi
münasibətlər bu beynəlxalq təşkilata daxil olan
ölkələrdə gələcəkdə Azərbaycan
ordusu üçün zabit kadrlarının hazırlanmasına,
NATO İttifaqının keçirdiyi sülhməramlı tədbirlərdə
və hərbi manevrlərdə ordu hissələrimizin
iştirakına, milli ordu quruculuğunda blokun imkanlarından
istifadə edilməsinə əsas verir.
Avropa
strukturlarında təmsilçilik, ölkəmizin gələcəyinin
sivil bir Avropa ölkəsi kimi qurulması baxımından
mühüm əhəmiyyət daşıyır. Müstəqilliyini
əldə etdikdən sonra Azərbaycanın əməkdaşlığa
böyük maraq göstərdiyi nüfuzlu təşkilatlardan
biri də məhz Avropa Şurasıdır. Azərbaycan
Respublikası 1992-ci ilin yanvarında ona "xüsusi dəvət
edilmiş qonaq" statusu verilməsi üçün Avropa
Şurasına rəsmi müraciət etdi. Müraciət bu
nüfuzlu Avropa təşkilatının bərabərhüquqlu
üzvü olmaq üçün ilk addım olmaqla bərabər
Avropa ölkələri ilə siyasi, iqtisadi, mədəni və
humanitar sahələrdə əməkdaşlığın
daha da genişləndirilməsi məqsədi
daşıyırdı.
1994-1995-ci
illərdə Azərbaycan ilə Avropa Şurası
arasında yaranmış əlaqələr təşkilatın
müxtəlif təsisatlarının nümayəndələrinin
ölkəmizə səfərləri zamanı Ermənistan-Azərbaycan
münaqişəsinin nizama salınması, eləcə də
Azərbaycanda demokratik təsisatların inkişafı, insan
hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi
məsələləri müzakirə olunmuşdur. Avropa
Şurası ilə əlaqələrin genişlənməsi
Azərbaycana bir sıra qanunvericilik aktlarına yenidən
baxmaq üçün ekspert köməyi əldə etmək
imkanı verdi.
Belə
ki, 1996-cı il martın 1-2-də Azərbaycan nümayəndə
heyəti ilk dəfə iştirak etdiyi Avropa
Şurasının Venesiya Komissiyasının iclasında
ölkəmizin bu quruma üzvlük hüququnun verilməsini
xahiş etmiş və həmin il mayın 17-18-də Azərbaycanın
bu komissiyaya üzv olması haqqında qərar qəbul
edilmişdir. Həmin il iyunun 26-28-də AŞPA-nın
növbəti sessiyası zamanı assambleyanın bürosu Azərbaycana
"xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi
barədə qərar qəbul etdi.
Eyni
zamanda, 1996-cı il iyulun 13-də dövlət
başçısı Heydər Əliyev Avropa Şurası
Baş katibinin adına məktub göndərərək
ölkəmizin bu təşkilata tamhüquqlu üzv qəbul
olmaq və digər üzv dövlətlər kimi
"İnsan hüquqları və azadlıqlarının
müdafiəsi haqqında" Avropa Konvensiyasına
qoşulmaq arzusunda olduğunu bildirdi.
Azərbaycan
Prezidenti Heydər Əliyevin 1998-ci il yanvarın 20-də
"Azərbaycan Respublikası ilə Avropa Şurası
arasında əməkdaşlığın dərinləşdirilməsi
sahəsində tədbirlər haqqında"
imzaladığı sərəncam ölkəmizin Avropa
Şurasına tamhüquqlu üzv kimi qəbul olunması sahəsində
atılan mühüm addımlardan biri oldu. Sərəncamda Azərbaycan
Respublikasının Avropa Şurasına tamhüquqlu üzv
kimi qəbul edilməsi istiqamətində respublikada
görülən işlər və Avropa Şurası ilə
əməkdaşlıq məsələləri öz əksini
tapmışdır.
2000-ci
il martın 18-də Azərbaycan Prezidenti Heydər Əliyev
"Avropa Şurasının fəaliyyətinə və Azərbaycan
Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa
dair məlumatların yayılması barədə" sərəncam
imzaladı. Ümummilli lider Heydər Əliyevin 1996-2000-ci illərdə
Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığına
dair imzaladığı sərəncamlar respublikamızın
bu nüfuzlu beynəlxalq təşkilata qəbul edilməsi
istiqamətində aparılan məqsədyönlü fəaliyyətə
zəmin yaratdı. Azərbaycanın Avropa institutlarına
inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu
üzvü olması - respublikamızın mühüm problemlərinin
dünya ictimaiyyətinin diqqətinə obyektiv
çatdırılması üçün yeni və
çox mötəbər tribuna vermiş oldu. Belə ki,
Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın
17-də nümayəndələr səviyyəsində
keçirilmiş iclasında Azərbaycan Respublikasının
Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə
dair qərar qəbul edildi.
Az
sonra, yəni yanvarın 25-də Azərbaycan Prezidenti Heydər
Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata
üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim
keçirilmiş və dövlətimizin üçrəngli
bayrağı ucaldılmışdır. Bu hadisəni
ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirərək
demişdir: "Azərbaycanın Avropa Şurasına qəbul
edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi
dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin
bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin
inkişafında yeni mərhələnin
başlanğıcıdır".
Azərbaycan
Prezidenti Heydər Əliyev Avropa Şurasının
tribunasından Azərbaycanın mənafeyinə uyğun
şəkildə istifadə edilməsi üçün
uğurlu bir addım atdı. Belə ki, Avropa Şurası
Parlament Assambleyasındakı Azərbaycan nümayəndə
heyətinə Milli Məclisin deputatı İlham Əliyevin rəhbərlik
etməsi və daha sonra cənab İlham Əliyevin AŞ
PA-dakı fəaliyyəti ümummilli liderimiz Heydər Əliyevin
qarşıya qoyduğu bütün vəzifələri
reallaşdırdı.
Məhz
cənab İlham Əliyevin prinsipial və ardıcıl fəaliyyəti
nəticəsində AŞ PA-nın 2002-ci ilin sentyabrında
keçirilən payız sessiyasında ilk dəfə olaraq bu
beynəlxalq qurumun sənədlərində Ermənistan
silahlı qüvvələri tərəfindən
Dağlıq Qarabağın işğalı faktı rəsmi
şəkildə öz əksini tapdı. Bu hadisə Azərbaycan
nümayəndə heyətinin, xüsusilə, nümayəndə
heyətinin rəhbəri cənab İlham Əliyevin qətiyyətli
mövqeyinin nəticəsi idi. Bütün bunların məntiqi
davamı kimi 2003-cü il yanvarın 27-də siyasi qabiliyyəti,
diplomatik məharəti və prinsipiallığı ilə
xüsusi seçilən Azərbaycan nümayəndə heyətinin
rəhbəri cənab İlham Əliyevin AŞPA-nın
vitse-prezidenti və qurumun Büro üzvü seçilməsi
ilə müstəqil Azərbaycan tarixinə yeni səhifə
yazılmış oldu.
Ümumiyyətlə,
Azərbaycanın Avropa Şurası ilə diplomatik münasibətləri
son illər yüksələn xətt üzrə inkişaf
etmişdir. Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə
düzgün şəkildə çatdırılmasında
bu qurumun mühüm rolu olmuşdur. Belə ki, Azərbaycan
Respublikasının Parlament nümayəndə heyətinin səyi
ilə AŞPA-da münaqişə haqqında obyektiv rəyin
formalaşması nəticəsində 2005-ci ilin qış
sessiyasında qəbul edilən sənəd ölkəmiz
üçün mühüm əhəmiyyətə malikdir.
Xatırladaq ki, 2005-ci il yanvarın 25-də Devid Atkinsonun
hazırladığı və AŞPA-da müzakirəyə
çıxarılan "ATƏT-in Minsk qrupu tərəfindən
araşdırılan Dağlıq Qarabağ münaqişəsi"
adlı məruzənin 1416 saylı qətnamə hissəsində
Azərbaycan ərazisinin böyük bir hissəsinin Ermənistan
qoşunlarının işğalı altında olduğu, eləcə
də Dağlıq Qarabağ regionuna hələ də
separatçı qüvvələrin nəzarət etdiyi
göstərilirdi.
Hazırda
Azərbaycan-Avropa Şurası əməkdaşlığı
daha intensiv xarakter almışdır. Azərbaycan nümayəndə
heyəti qurumun müxtəlif strukturlarında keçirilən
tədbirlərdə iştirak edərək müzakirə
edilən məsələlərlə bağlı ölkəmizin
mövqeyini bu mötəbər qurumun kürsüsündən
Avropa ictimaiyyətinə çatdırır. Eləcə də,
Azərbaycanda gedən proseslər Avropa Şurası tərəfindən
diqqətlə izlənilir və buna adekvat münasibət
bildirilir.
Azərbaycanın
Avropa Şurasının müvafiq qurumları ilə müxtəlif
sahələrdə bir sıra tədbirlərin keçirilməsi
bu təşkilatla əməkdaşlığın
bütün sahələrdə uğurla inkişaf etdiyinə
sübutdur. Bütün bunlarla yanaşı, Azərbaycan Milli
Məclisi 31 maddədən ibarət Avropa Sosial
Xartiyasının 18 maddəsini Azərbaycan Avropa
Şurasına üzv olduqdan cəmi 3 il sonra ratifikasiya
etmişdir.
Qazanılan
bu uğurlarla yanaşı, Azərbaycanın ən
ağrılı problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması ümumilli lider Heydər Əliyevin xarici siyasət
fəaliyyətində başlıca yer tutmuşdur. Bu məqsədlə
1993-cü ilin ikinci yarısından başlayaraq Prezident Heydər
Əliyev respublikamızın təhlükəsizlik problemlərini,
xüsusilə, Ermənistanın ölkəmizə
qarşı əsassız ərazi iddiaları və hərbi
təcavüzü məsələlərini beynəlxalq aləmə
çıxararaq, regionda sülhün bərqərar
olunması üçün beynəlxalq təşkilatların
təsirini artırmağa çalışmışdır.
Bu məqsədlə
Azərbaycan Prezidenti Heydər Əliyevin ən yüksək səviyyədə
dövlət başçıları və nümayəndə
heyətləri ilə ikitərəfli, eləcə də
çoxtərəfli görüşlərində, ATƏT-in
Zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri
ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan
prezidenti ilə danışıqlarda göstərdiyi səylər
ümummilli liderin apardığı məqsədyönlü
siyasətin mühüm tərkib hissəsini təşkil
etmişdir.
Belə
ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin dinc vasitələrlə nizama
salınması istiqamətində məhz Prezident Heydər Əliyevin
qətiyyətli və gərgin fəaliyyəti nəticəsində
1994-cü il mayın 12-də atəşkəs haqqında
razılıq əldə edildi və bundan sonra ATƏT-in Minsk
qrupu çərçivəsində müntəzəm olaraq
danışıqlar aparılmağa başlandı. 1994-cü
il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən
Zirvə toplantısında Prezident Heydər Əliyevin
çevik diplomatiyasının təsiri ilə
"Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi"
barədə qərar qəbul olundu. 1996-cı ilin dekabrın
2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə
toplantısında qəbul edilən və münaqişənin
nizama salınmasının beynəlxalq-hüquqi
bazasını təşkil etmiş olan sənəd
dünyanın 53 dövləti tərəfindən müdafiə
olundu və Lissabon sammitinin Yekun sənədlərinə əlavə
edildi.
Ümummilli
lider tərəfindən müəyyənləşdirilmiş
prinsiplərə sadiq qalan dövlət
başçısı İlham Əliyev ölkəmizin xarici
siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq
hüququn norma və prinsipləri çərçivəsində
Azərbaycanın ərazi bütövlüyünün təmin
edilməsi şərti ilə nizama salınmasının
vacibliyini bildirmiş və beynəlxalq təşkilatların
bu sahədə səylərini gücləndirməsinin zəruriliyini
bəyan etmişdir. Azərbaycan Prezidenti bütün xarici səfərlərdə,
eləcə də Bakıda keçirdiyi çoxsaylı
görüşlərdə Ermənistanın hərbi təcavüzü
məsələsini daim önə çəkərək Azərbaycan
xalqının öz torpaqlarının işğalı ilə
heç zaman razılaşmayacağını, ehtiyac
yarandığı halda hərbi əməliyyatların
başlanmasına qərar verəcəyini
vurğulamışdır.
Göründüyü
kimi, artıq 20 ildir ki, müstəqil dövlətimiz
bütün sahələr üzrə inkişafını
davam etdirir, beynəlxalq aləmdə müqavilələrini
daha da möhkəmləndirir, xarici siyasət sahəsindəki
uğurlarını intensivləşdirir. Məhz bunun nəticəsidir
ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması istiqamətində
dövlət başçısı cənab İlham Əliyevin
mövqeyi dünyanın aparıcı dövlətləri və
nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri
tərəfindən yüksək qiymətləndirilir və
müdafiə olunur.
Ümumiyyətlə,
münaqişənin dinc vasitələrlə nizama
salınması istiqamətində bütün beynəlxalq təşkilatların
qəbul etdiyi sənədlər Azərbaycanın
mövqeyinin bir daha gücləndirilməsi və məsələnin
beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi
deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT,
Avropa Şurasının qərarları da əhəmiyyətlidir
və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq
səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.
Son zamanlar isə, Avropa Parlamenti və NATO-nun Zirvə
toplantılarında qəbul olunan qərarlarda birmənalı
şəkildə Azərbaycanın ərazi
bütövlüyü dəstəklənir və
işğala son qoyulması bildirilir.
Bununla
yanaşı, Azərbaycan müasir dövrün hədə və
təhdidlərinin əlaqələndirilmiş şəkildə
qarşısının alınması, eləcə də
aradan qaldırılması üçün beynəlxalq
birliyin səylərini səfərbər etmək məqsədilə
beynəlxalq və regional təşkilatların işində
fəal iştirak edir. Müstəqilliyinin 20 illiyini qeyd
etdiyimiz Azərbaycan Respublikası adıçəkilən
nüfuzlu beynəlxalq təşkilatlarla siyasi, iqtisadi, hərbi,
mədəni, humanitar və s. sahələrdə
genişmiqyaslı əməkdaşlıq edir və bu da
ölkəmizin maraqlarının daha dolğun ifadə
olunmasına, dünyanın aparıcı dövlətləri
ilə qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinə
mühüm təsir göstərir.
Azərbaycanın
Avropa təhlükəsizlik və əməkdaşlıq
institutları ilə münasibətləri, eləcə də
bu günə qədər əldə edilmiş uğurlar və
Avropa inteqrasiya proseslərində iştirakı, ölkəmizin
bu beynəlxalq təşkilatlarla əməkdaşlığın
genişləndirməsi, eləcə də öz
maraqlarını bilavasitə təmsil etməsi
baxımından əhəmiyyətli olduğu
üçün bu sahədə fəaliyyət Azərbaycan
dövlətinin xarici siyasət prioritetlərindən biridir.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının
Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyası
"Beynəlxalq münasibətlər
və xarici siyasət"
kafedrasının dosenti, siyasi elmlər
üzrə f
əlsəfə doktoru
Xalq qəzeti.- 2011.- 27 noyabr.- S. 4.