Biro yerlərə qayıda bilsək...

 

"Yurdunun ocağı sönmüş, gündüzü gecəyə dönmüş, bəxtinin çarxı çönmüş", "neçə ildir gözü, dağı-düzü, çöl-çəməninin üzü gülməyən", "yarası köz bağlamayan, çiçəyi şeh saxlamayan, dərdə öyrəşib ağlamayan" qələm dostum Vaqif Bayramovun publisistik kitabı - "Bilməz idim ayrılıq var..." məni yaman duyğulandırıb. Yayda bir, payızda da bir oxumuşam onun bu kitabını. Hər kəsə söylənilməyən, yalnız doğma, yaxın bir adama yazılan həsrət, möhnət, dərd məktublarının toplusuna bənzəyir Vaqifin qələmə aldıqları. Kitabda müəllifin doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Sisyan rayonu, onun qayım-qədim yaşayış məskənlərindən olan Ağdü kəndi haqqında qeydləri, düşüncələri ipə-sapa düzülüb. Mən bu yazıları mənsur yurd bayatıları da adlandırardım.

 

Doğrusu, son illərdə tanıdığım Vaqif Bayramovun iqtisadi-siyasi mövzularda, özü də gündəlik olaraq yazdığı məqalələrinə əsaslanıb deməzdim ki, o, belə kövrək, həyəcanlı, şairanə üsluba sahib ola bilər. Sən demə, belə imiş. Yurd istəyi, ayrılıq nisgili, Vətən məhəbbəti yazılarına elə təbii axarla gəlib-dolub ki, canda sevgi, damarda qan, gözdə işıq kimidir. Bütün bunlar onun yazılarının ruhunu, mayasını təşkil edir. Ayrılmazdır, bağrıbadaşdır...

"Gorusu keçən kimi kəndimizin - Ağdünün havasını ciyərlərimə çəkirəm. Sağda İşıqlı, solda Salvartı dağlarına baxıb az qala havalanıram. Qulağıma məzəmmət, tənə dolu səslər gəlir. "Heykəl qayalar" dil açıb danışır: insan nə qədər etibarsız olurmuş... Bizi yağıların tapdağında qoyub hara qaçdınız, hara getdiniz?! Sinəmizdə açılan çalın-çarpaz yaralar çətin ki, sağala... Qəbiristanlıqlar dağılıb, ruhlar da bu yerlərdən didərgin düşüb. Hər addımda çağlayan bulaqların gözü tutulub. Bazarçayın çaylığından əsər-əlamət qalmayıb - murdarlanıb, zəhərlənib. Yolları-rizləri ot-ələf basıb. Bağlar-bağçalar quruyub, sovulub...

...Yox, yox, belə yuxu, röya ola bilməz.

Bu kənd bu günə niyə düşməliydi ki?!..

"Ümumiyyətlə, Sisyan bölgəsinin camaatı zəhmətsevər, vətənpərvər, xalqımızın adət-ənənələrinə möhkəm tellərlə bağlı, cəsur olmuşdur. Bu bölgənin neçə-neçə igid oğlu yalnız və yalnız xüsusi təlim görmüş rus və erməni qoşunları ilə qeyri-bərabər döyüşlərdə qəhrəmancasına həlak olduqdan sonra düşmən bu torpaqlara sahib çıxmışdır.1853-cü ildə düşmən qoşunu Qarakilsəyə hücum edir. Yerli əhaliyə Ağdü və Şəki kəndləri köməyə gəlir. Nəticədə işğalçılar məhv edilir. Yaxud da 1905-ci ildə erməni sərkərdəsi Stepan güclü qoşunla Sisyan bölgəsinin ən böyük kəndi olan Ağdünü məhv etmək istəyir. Ağdü igidləri Stepanın qoşununu qırır, özünün də başını kəsib Türkiyə sultanına hədiyyə göndərirlər"...

"Bizim sinəsində gəzmək, qarından ovuclayıb yemək həsrəti ilə yaşadığımız Salvartının qoynunda azəri türklərinin neçə-neçə yurd yerinin xarabalıqları qaralırdı - Yayçı, İrmiş, Bəhlullu, Alışar, Dulus, Alullu, Pulkənd, Şükar, Qalacıq... 1918-də Andranik Ozanyanın quldur dəstəsi həmin kəndlərin sakinlərini vəhşicəsinə qırmış, ocaqlarını söndürmüşdü"...

Kitabı oxuduqca ulu yurd yerlərimiz, dumanlı dağlarımız, meyvəli bağlarımız, dəlisov çaylarımız, şır-şır bulaqlarımız, tüstülü bacalarımız əlvan tablolar kimi göz önündə canlanır. Adamı qəribə bir doğmalıq duyğusu sarır. Şəxsən mən bu kitabın mütaliəsindən Ağdü haqqında o qədər zəngin bilgilər aldım ki, az qaldım, yaddaşıma şübhə eləyəm: bu kənddə olmuşammı? Qarşısında Salvartı dağı ucalan, Bazarçayın iti sularının gurultusu lap yaxından eşidilən, Qızılqayanın mamırlı daşları boy göstərən aynabəndli evlərinin birində qalmışammı? Bəlkə də, nə bilim, axı... o qədər tanış gəlir ki... Eynən xalq yazıçısı Əli Vəliyevin "Budağın xatirələri" əsərində təsvir olunan yerlərdir.

 

Axan bir ulduzu yedəkləyib mən

Yüyürmək istədim kəndimizəcən.

(Məmməd Araz)

 

...Vaqifin rəhmətlik atası Binyət müəllim həmkəndlilərinin hamısından fərqli olaraq, Ağdü həsrətinə həyatında bir yox, bir neçə dəfə düçar olub: ikinci cahan savaşında cəbhələrdə vuruşanda - bir, əsir düşəndən sonra Almaniyada legioner taleyi yaşayanda - iki, Vətənə qayıdandan sonra, burada yola verilməyərək baş götürüb Daşkəndə fəhləliyə gedəndə - üç, yenidən Azərbaycana gəlib Sisyanda deyil, başqa bir rayonda yaşamalı olanda - dörd!

Müharibədən sonra Stalinin əsirlərə qarşı amansızlığı ucbatından onların çoxu Vətənə qayıtmağa ürək eləmirdi. O zaman Almaniyada Məhəmməd Əmin Rəsulzadə azərbaycanlı əsirləri xilas üçün Azərbaycan Demokrat Birliyi yaratdı. Həmin cəmiyyət adından əsirlərə müraciət qəbul etdi. ADB müraciəti legionerlər arasında yaydı. Müraciətin bir yerində deyilirdi: "Vətən həsrətinə köks gərin, olduğunuz ölkələrdən ayrılmayın, milli təşkilatlarımız ətrafında birləşin, bundan aldığınız güclə də mücadilənizi davam etdirin"... Amma "Vətən həsrətinə köks gərməyi" bacarmayan Binyət müəllim qarşılaşacağı təqibləri, təzyiqləri göz önünə alıb qorxmadan, çəkinmədən Vətənə dönmüş və gözlənildiyi kimi, olmazın əzablara qatlaşmalı olmuşdu.

"Dədəm neçə illər sonra doğma kəndin həsrətindən qurtardı, burada müəllimlik fəaliyyətini davam etdirdi. 1988-ci ildən sonra isə Sumqayıtda didərginlik ömrünü yaşadı. 1991-ci ildə də dünyasını dəyişdi"... Əlbəttə, ömrü boyu ayrılıq məşəqqətlərini görmüş bir kişinin oğlu olan Vaqif Bayramov yurd həsrətindən məhz belə oxunaqlı, maraqlı kitab yazmalı idi.

Yeni kitabda itirilən torpaqlarımız, indi Ermənistan adlanan respublikanın tərkibində qalan ata-baba yurdlarımız, o unudulmaz yerlərin tarixi, folkloru, etnoqrafiyası, toponimikası, habelə mənfur qonşularımızın zaman-zaman millətimizə qarşı törətdiyi soyqırım siyasəti barəsində bir-birindən maraqlı yazılar toplanıb, ibrətamiz hadisələr yada salınır.

Təqdir edilməlidir ki, Vaqif Bayramov həmin mövzuları özü bacarıqla işıqlandırdığı kimi, eyni məramla yazılmış bir sıra əsər haqqında da rəylər qələmə alaraq kitabına daxil edib. Bu baxımdan onun görkəmli alim Mirəli Seyidovun "Azərbaycan xalqının soykökünü düşünərkən", Yaqub Mirzəyevin "Yolu yox bərə", Q.Qeybullayevin "Azərbaycan türklərinin təşəkkül tarixindən", Bəxtiyar Tuncayın "Qafqaz albanlarının dili və ədəbiyyatı" kitabları, Əyyub Abbasovun "Zəngəzur" romanı, Famil Qaracallının, Kamran Nəzirlinin, Mirəli Vəkiloğlunun yazıları haqqında qeydləri diqqətəlayiqdir. Vaqif kitabında doğma kəndinin ziyalıları, alimləri, yazıçıları haqqında qürur dolu duyğu və düşüncələrinə də yer ayırıb.

Yazıçı Marsel Prustunun suallarından birinə Vaqif Bayramovun cavabı məni yaman tutub:

"-Hazırda əhvalınız necədir?

-Dağlara duman-çən gələndə o mənzərəni içində, iç dünyasında yaşayan insanın ovqatı kimi"...

Qələm dostum 1984-86-cı illərdə Ağdü məktəbində müəllim işləyib. Sonra Bakıya köçsə də, o doğma yerlərə boylana-boylana qalıb. Xatırlayanda ürəyindən qara qanlar axır. Sisyanı, Ağdünü görmək bir də ona qismət olacaqmı? Kitabı oxuduqca hiss edirsən ki, Vaqifin buna dəli bir ümidi var. O da görməsə, övladı, nəvəsi, ya da elə bir başqa Vaqif mütləq gedib görəcək oranı. Tez, ya da gec-o yerlər əsl sahibini mütləq qoynuna alacaq.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 27 noyabr.- S. 6.