"Abşeron"un payız rəngləri
İçərişəhərdəki "Abşeron" rəsm qalereyası
tanınmış rəssam Təbriz Abdullayevin
yaradıcılığının mühüm
bir hissəsini əks etdirən sərgini
sənətsevərlərə təqdim etdi.
Açılış mərasimindən əvvəl
keçirilən mətbuat konfransında sərginin təşkilatçıları
və rəssam ekspozisiya barədə media təmsilçilərini bilgiləndirdilər.
"Abşeron"
rəsm qalereyasının rəhbəri Eldəniz İbrahimov
bildirdi ki, yeni sərgi əməkdar rəssam Təbriz
Abdullayevin ötən həftə Rəssamlar
İttifaqının Vəcihə Səmədova adına sərgi
salonunda start götürən yaradıcılıq
hesabatının davamıdır. Bu ekspozisiyada istedadlı
fırça ustasının müxtəlif illərdə
işlənmiş tabloları yer almışdır. İlk sərgisini
9 il bundan əvvəl sənətsevərlərə təqdim
etmiş Təbriz o vaxtdan bəri məhsuldar
çalışmış, özünün orijinal
üslubunu inkişaf etdirmişdir. Rəssamın son dövrdə
işlədiyi kompozisiyalar koloristikası, motivləri, işlənmə
tərzi ilə xüsusi seçilir. Bu əsərlər əsrarəngiz
ruhu ilə tamaşaçıları heyran edir. Rəssamın
yetkin yaradıcılığı payızın əlvan rəngləri
fonunda daha cazibədar görünür.
Rəssamlar
İttifaqının katibi Ağaəli İbrahimov,
kinorejissor, xalq artisti Oqtay Mirqasımov, sənətşünas
Ziyadxan Əliyev Təbriz Abdullayevin əsərlərinin
mövzusu, işlənmə texnikası, estetik yönü, bədii
dəyəri barədə ətraflı məlumat verdilər.
Sərginin açılışından sonra rəssam ekspozisiya qarşısında sənətsevərlərlə söhbəti davam etdirdi, onların suallarını cavablandırdı. Sonda sənətşünas Eldəniz İbrahimovun Təbriz Abdullayevin yaradıcılığına həsr olunmuş və 3 dildə çap olunmuş "Obrazlar və gerçəkliklər" kitabı da tamaşaçılara təqdim olundu.
Sərgi noyabrın 30-dək davam edəcək.
R.TAHİR
Xalq qəzeti.- 2011.- 29 noyabr.- S. 8.