Beynəlxalq əhəmiyyətli
Qızılağac Dövlət Təbiət Qoruğu
Dövlət
Təbiət Qoruqları xüsusi mühafizə olunan təbiət
ərazilərinə aiddir. Hələ 2001-ci il 4 iyul tarixdə
ulu öndər Heydər Əliyev "Azərbaycan
Respublikası dövlət təbiət və biosfer
qoruqlarının ümumi əsasnaməsinin və Azərbaycan
Respublikasının milli parklarının ümumi əsasnaməsinin
təsdiq edilməsi haqqında" xüsusi fərman
imzalamışdır. Həmin fərmanda deyilir: "Dövlət
təbiət qoruqları səviyyəli və nadir təbiət
komplekslərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət
proseslərinin və hadisələrinin gedişini öyrənmək
məqsədilə yaradılan təbiəti mühafizə və
elmi tədqiqat idarələri statusuna malik olan əraziləridir.
Belə əlazilərdən biri də Qızılağac
Dövlət Təbiət Qoruğudur".
Bu qoruq 1929-cu ildə Lənkəran rayonunun ərazisində yaradılmışdır. O, Böyük Qızılağac körfəzində yerləşir.
Azərbaycanda köçəri quşların daha çox məskunlaşdığı ərazi respublikanın cənub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən Böyük Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir. Həmin körfəzdə və onun ətrafındakı Lənkəran və Masallı rayonlarının bataqlıq sahələrində vaxtı ilə köçəri quşlar daha çox idi. Lakin illər boyu ekoloji şəraitin dəyişməsi və qanunsuz ov nəticəsində köçəri quşlar xeyli azalmışdır. Qızılağac Dövlət Təbiət Qoruğu respublikamızda sahəsinə görə birinci qoruqdur. Qoruğun yaradılmasında məqsəd Azərbaycanın müxtəlif ərazilərində quşları qorumaq, sayını artırmaq, onların məskunlaşması üçün əlverişli şəraiti daha da yaxşılaşdırmaqdır.
Qızılağac Dövlət Təbiət Qoruğu 1976-cı ildən Beynəlxalq konvensiyanın ilk su-bataqlıq regionunun biri kimi siyahıya daxil olmuş, bununla da beynəlxalq əhəmiyyətli qoruq kimi təsdiq edilmişdir. Ərazi əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim tiplərinə hakimdir. Havanın orta illik temperaturu 14,40 dərəcədir. Qışı mülayim keçir, ən soyuq ayın orta temperaturu 3,20 J, ən isti ayın orta temperaturu isə 25,50 dərəcə olur. Böyük Qızılağac körfəzinin dərin sulu sahələrində kiçik dənizotu cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və göy-yaşıl yosunlar geniş sahələri əhatə edir.
Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq, sulələyi və s. sualtı bitki örtüyü əmələ gəlmişdir. Burada qamış, dəniz lığvari, ciyən və s. bitkilər bitir. Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində 30 növdən artıq balıq qeydə alınmışdır. Siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıqlar mühüm sənaye əhəmiyyətlidir. Ərazidə məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çöcükburun, çöl haçaquyruq cüllütü) Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir. Qoruqda məməlilərin də bir çox növləri yaşayır. Burada canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi, uzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılmışdır. Boyük Qızılağac körfəzində Xəzər suitisi vardır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qoruğun mühafizəsinə xüsusi diqqət yetirir və vaxtaşırı nəzarət edir. Bu yaxınlarda nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Qızılağac Dövlət Təbiət Qoruğunda mühafizə rejimini yoxlamaq məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı Qoruğun "Qaraquş", "Xəzər" və "Akkuşa" mühafizə postlarının ərazisində mal-qaranın otarılması faktları aşkar edilmişdir. Həmçinin, "Xəzər" mühafizə postu ərazisində qanunsuz ovun aparılmasına dəlalət edən intensiv atəş səsləri də qeydə alınmışdır. Yol verilmiş qanun pozuntuları nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun qaydada sənədləşdirilmişdir.
Aşkar olunmuş faktlarla bağlı vəzifə səlahiyyətlərinin icrasında yol verdiyi nöqsanlara görə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, onun vəzifəyə uyğunluğu məsələsinin araşdırılması Departament rəhbərliyinə tapşırılmışdır. Digər cavabdeh işçilər barəsində qanunamüvafiq qaydada intizam tənbeh tədbirləri görülmüşdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisi nəzarətdə saxlanılır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 29 noyabr.- S. 6.