Beynəlxalq elmi
konfrans iştirakçıları Azərbaycan Turizm
İnstitutu ilə əməkdaşlığa maraq göstərirlər
Bu günlərdə Bolqarıstan
Respublikasının paytaxtı Sofiya şəhərində
Milli və Dünya İqtisadiyyatı Universitetində "XXI
əsrdə turizmin problemləri" adlı beynəlxalq elmi
konfrans keçirilmişdir. 1920-ci ildən fəaliyyət
göstərən bu təhsil ocağının iki institut və
8 fakültəsində ali təhsilin bütün pillələrində
(bakalavr, magistr və doktorantura) 35 ixtisas üzrə kadr
hazırlığı aparılır. Hazırda bu ali təhsil
ocağında 17 mindən çox tələbə təhsil
alır. Qeyd etmək lazımdır ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev də
həmin Milli və Dünya İqtisadiyyatı Universitetinin
"Fəxri doktoru"dur.
Beynəlxalq elmi konfrans universitetin "Turizmin iqtisadiyyatı" kafedrasının 20 illik yubileyinə həsr edilmişdi. Beş ölkəni təmsil edən nümayəndələr konfransın 3 bölməsində müasir şəraitdə turizmin inkişaf perspektivlərinə həsr olunmuş fikirlərini həmkarlarının diqqətinə çatdırmışlar. Azərbaycan Turizm İnstitunun 4 əməkdaşı -dosent Bahadur Bilalov, müəllimlər Qəhrəman Yusupov, Şəmsiyyə Tahirbəyova və Rəfiqə Nəcəfova konfransın işində iştirak etmişlər. Nümayəndə heyətinin rəhbəri Bahadur Bilalov bildirmişdir ki, ATİ əməkdaşlarının ölkə turizminə həsr olunmuş məruzələri konfrans iştirakçılarının böyük marağına səbəb olmuş, verilən çoxsaylı suallar hərtərəfli cavablandırılmışdır.
Beynəlxalq konfrans iştirakçılarından - Fransadakı Sahilyanı Opal Joast Universiteti, Tbilisi Dövlət Universitetinin Beynəlxalq Turizm kollecini təmsil edən nümayəndələr Azərbaycan Turizm İnstitutu ilə əməkdaşlıqda maraqlı olduqlarını nəzərə çatdırmışlar.
Z. BƏŞİRQIZI
Xalq qəzeti.- 2011.- 29 noyabr.- S. 6.