Ümumrusiya Azərbaycan Konqresinin III qurultayı ölkəmizin diaspor siyasətinin uğurlarının təntənəsi idi

 

Bu il 10 yaşı tamam olan qurum Azərbaycan dövlətinin daimi qayğısı ilə əhatə olunur

 

Əminəm ki, III qurultay Ümumrusiya Azərbaycan Konqresinin, eləcə də bütün Azərbaycan diasporunun fəaliyyətində mühüm hadisə olacaq, hərtərəfli Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və inkişafına kömək edəcəkdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEVİN qurultaya təbrik məktubundan

 

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, xüsusən, 1993-cü ilin oktyabrından etibarən sivil, demokratik, dünyəvi dövlət quruculuğu kursu götürmüş, müasir dövlətçilik təcrübəsinin ən mütərəqqi, ən aktual istiqamətlərini özünün idarəçilik fəaliyyətinə daxil etmişdir.

Bu isə o demək idi ki, gənc müstəqil dövlətimiz öz hüdudları çərçivəsinə qapanmayacaq, beynəlxalq aləmə inteqrasiyanın bütün variantlarından bəhrələnəcəkdir. Sivil dünyaya inteqrasiyanı isə dövlətin xarici siyasət kursu, xarici ölkələrdəki diplomatik korpus, beynəlxalq təşkilatlardakı nümayəndəliklər və təbii ki, diaspor təşkilatları sürətləndirirlər. Bu baxımdan Azərbaycan kimi gənc və ədalətsiz müharibəyə cəlb edilmiş dövlətin xaricdəki diasporun təşkilatlanmasına daha böyük ehtiyacı var idi. Həmin tezisi əsas götürən ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdışından dərhal sonra bu istiqamətdə müvafiq addımlar atmağa başlamışdı.

Əslində bu gün postsovet ölkələrindəki Azərbaycan diasporunun ən üzdə olan nümayəndələri, ziyalılar və nüfuzlu ictimai-siyasi xadimlər məhz Heydər Əliyevin yetirmələridir. Çünki ulu öndər hələ ölkəyə birinci dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə, eləcə də SSRİ rəhbərliyində çalışdığı dövrdə ölkəmizdən minlərlə gəncin oxumaq üçün SSRİ-nin və digər ölkələrin ali məktəblərinə göndərilməsini təmin etmişdi. Bu gün Rusiya, Ukrayna, Qazaxıstan, Belarus və digər ölkələrdəki Azərbaycan diasporunun əksər təmsilçiləri məhz həmin illərdə oxumağa getmiş, ali təhsil aldıqdan sonra o ölkələrdə qalmış şəxslərdən ibarətdir.

Ulu öndər 1993-cü ilin payızından sonra səfər etdiyi istənilən xarici ölkədə özünün rəsmi dövlət tədbirlərindən sonra diaspor nümayəndələri ilə görüşür, onları Azərbaycana dəvət edir, dünyanın bütün ölkələrindəki azərbaycanlıların bir vətəni - müstəqil Azərbaycan dövləti olduğunu dönə-dönə qeyd edirdi. Sonralar diaspor təşkilatlarının vahid mərkəzdən idarə edilməsi Üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradan ulu öndər bütün soydaşlarımızın Azərbaycan ətrafında birləşməsinə nail olmuşdu. Dünya Azərbaycanlılarının qurultaylarının məhz Bakıda keçirilməsi isə soydaşlarımızı Vətənə bağlayan tellərin daha da möhkəmləndirilməsi idi.

Ümummilli liderin ən böyük xidmətlərindən biri də xaricdə yaşayan soydaşlarımızın məhz öz yaşadıqları ölkələrdə də birləşdirilməsinə nail olunması idi. Ümumdünya Azərbaycan Konqresi məhz həmin siyasət nəticəsində ərsəyə gəlmiş və mükəmməl bir quruma çevrilmişdir. Prezident İlham Əliyevin də böyük önəm verdiyi bu təşkilat həm yaxın qonşumuz olan Rusiyanın ictimai-siyasi həyatında özünəməxsus rol oynayır, həm də Azərbaycan-Rusiya dostluq və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinə xidmət edir. Bu günlərdə ÜAK-ın və ümumiyyətlə, Azərbaycan diaspor hərəkatının həyatında mühüm hadisələrdən biri olan III qurultayın keçirilməsi Rusiyada yaşayan soydaşlarımızın hansı şəkildə təşkilatlandığını bir daha sübut etdi.

Qurultayda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev soydaşlarımızın bu ali məclisini olduqca mühüm hadisə adlandırmışdır. Diaspor təşkilatlarımızın son 5 ildəki fəaliyyətini əhatə edən qurultay birona görə əlamətdar idi ki, bu ali məclisdə həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin təbrikləri oxunmuşdur. Bu isə o demək idi ki, həmin təşkilatın fəaliyyətinə təkcə Bakıda deyil, həm də Moskvada xüsusi əhəmiyyət verilir. Xatırladaq ki, Ümumrusiya Azərbaycan Konqresi formalaşarkən iki dost ölkənin o zamankı prezidentləri Heydər Əliyevin və Vladimir Putinin xeyir-duaları səsləndirilmiş, məhz onların iradəsi nəticəsində bu qüdrətli təşkilatın təməli qoyulmuşdu. İndi isə həmin dostluq və qardaşlıq münasibətlərini cənab Dmitri Medvedevlə Prezident İlham Əliyev davam etdirirlər.

Qurultayda geniş məruzə ilə çıxış edən akademik Ramiz Mehdiyev qeyd etmişdir ki, Ümumrusiya Azərbaycan Konqresi Rusiyanın mühüm ictimai təşkilatına çevrilmişdir. Nümayəndə heyətimizin rəhbəri xatırlatmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ikinci qurultayda ÜAK-ın fəaliyyətini yüksək qiymətləndirmiş, onun Rusiyanın dövlət strukturları və siyasi partiyaları ilə səmərəli əməkdaşlıq yaratmasını, mətbu orqanının olmasını, Rusiya Federasiyasının ictimai həyatında, xeyriyyə aksiyalarında və başqa tədbirlərdə iştirak etməsini diqqətə çatdırmışdır.

Xüsusilə qeyd edilməli məqamlardan birio idi ki, Ümumrusiya Azərbaycan Konqresi öz fəaliyyətini gələcəkdə daha da genişləndirəcəyini, xalqlarımız və ölkələrimiz arasında dostluğun dərinləşdirilməsinə xüsusi töhfələr verəcəyini bəyan edən rəsmi məktubla həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də Rusiya Prezidenti Dmitri Medvedevə müraciət etmişdir. Daha bir xüsusi məqam isə ondan ibarət idi ki, konqres rəhbərliyində artıq Azərbaycan gəncliyinin nümayəndəsi də təmsil olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın ÜAK Mərkəzi Şurası Rəyasət Heyətinin üzvləri arasında olması qurumda gənclərə göstərilən etimadın təzahürüdür. Soydaşlarımızın xaricdəki fəaliyyəti Azərbaycan dövlətini daha da möhkəmləndirir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 29 noyabr.- S. 3.