Azərbaycanın
bank sistemi müstəqillik
illərində mühüm inkişaf yolu keçmişdir
(əvvəli qəzetin
ötən sayında)
Bütün bu meyillər Azərbaycanda iqtisadi artıma, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə mənfi təsir göstərir, yeni özəlləşdirilmiş istehsal sahələri-yüngül və yeyinti sənaye sahələri, kənd təsərrüfatı və ümumilikdə ticari mallar istehsalı üzrə "ölkədaxili bazar qiymətləri" problemini kəskinləşdirirdi.Yaranmış problemin monetar sferada həlli isə AMB və Azərbaycan hökuməti ilə BVF arasında sərtləşdirilmiş kreditlər üzrə yeni razılıqların əldə olunmasını, reallaşdırılan sərt makroiqtisadi tənzimləmə siyasətinin yumşaldılmasını tələb edirdi. 2000-ci ilin əvvəllərindən etibarən AMB-in fəaliyyəti ölkədə makroiqtisadi şəraitin təkmilləşdirilməsinə, bank sistemində keyfiyyət dəyişikliyinə və beynəlxalq standartlara müvafiq bank sektorunun formalaşması üzrə tədbirlərin reallaşdırılmasına istiqamətləndi.
2000-2003-cü illər ərzində bank sektorunda keyfiyyətin və etibarlılığın artırılması, zəif bankların fəaliyyətinin qarşısının alınması üçün bankların birləşdirilməsi və iriləşdirilməsi istiqamətində tədbirlər davam etdirildi. Bu proseslər nəticəsində bank sektorunda fəaliyyət göstərən bankların sayı 46-ya endirildi. AMB-in fəaliyyətinin inkişafı tarixində bu illər makroiqtisadi vəziyyətə xarici və daxili təzyiqlərin kəskin təsir göstərdiyi illər kimi xarakterizə olunur. Belə ki, xarici təzyiqlər qismində 2004-cü ilin əvvəllərindən etibarən dünya iqtisadiyyatında gedən proseslər, ilk növbədə ABŞ dollarının dünyanın aparıcı valyutalarına nisbətdə sürətli devalvasiyası, bunun nəticəsində ölkəyə idxal inflyasiyası səviyyəsinin yüksəlməsi, ölkəyə daxil olan valyuta kütləsinin sürətli artımı ilə əlaqədar milli valyutanın nominal mübadilə məzənnəsinə təzyiqlərin güclənməsi müşahidə olunurdu.Xarici amillərlə yanaşı, makroiqtisadi vəziyyətə ölkədaxili amillərin də təzyiqləri güclənirdi-iqtisadiyyatda məcmu xərclərin bütün komponentlər üzrə artımı inflyasiya proseslərinin sürətlənməsini şərtləndirirdi. 2005-2008-ci illər ərzində AMB monetar siyasətdə bir sıra düzəlişləri - iqtisadiyyatda pula olan tələbin zəiflədilməsi məqsədilə yeni maliyyələşdirmə üzrə faiz dərəcəsi dəhlizinin yuxarı və aşağı hədlərinin yüksəlməsi, valyuta bazarına təzyiqlərin azaldılması üçün istifadə olunan valyuta rejimi üzrə liberallaşdırmanın dərinləşdirilməsi, hüquqi və fiziki şəxslərin valyuta köçürmələrinə məhdudiyyətlərin azaldılması və kommersiya banklarının mərkəzləşdirilmiş kreditləşdirilməsi prosedurlarının sərtləşdirilməsini reallaşdırdı.Bunula da ölkədə makroiqtisadi mühitin əsaslı sarsıntılardan qorunması təmin edildi. İqtisadiyyatda pul kütləsinin sürətli artımına, inflyasiya proseslərinin sürətlənməsinə, milli valyutanın nominal və real effektiv mübadilə məzənnəsinin möhkəmlənməsinə baxmayaraq, ölkədə investisiyaların, məşğulluğun, ümumi gəlirlərin artımı üzrə müsbət meyillər qorunub saxlanıldı. AMB kommersiya banklarının fəaliyyətini müəyyənləşdirən bir sıra parametrləri - kapitalın adekvatlığını, cəlb olunmuş vəsaitlərin səviyyəsini, kreditlər üzrə ehtiyatların yaradılması səviyyəsini və bazar riskləri (kredit riski, valyuta riski, faiz dərəcəsi riski) səviyyələrini qiymətləndirməyə və nəzarətdə saxlamağa başladı. Bu amil isə bankların stabil və dayanıqlı fəaliyyətinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edirdi. Bundan başqa, bankların məcmu kapitalına və kapitallaşma səviyyəsinə olan tələblərin artırılması ilə (2007-ci ilin ortalarından etibarən bankların məcmu kapitalına olan minimum tələb 10 milyon manat səviyyəsinə qaldırıldı) bankların konsolidasiyasının stimullaşdırılması prosesi gücləndirildi və nəticədə bank sektorunda 44 bankın fəaliyyəti reallaşdı.
AMB-in fəaliyyətinin mühüm istiqamətlərindən biri də ölkədə pərakəndə bankçılığın- plastik kart dövriyyəsinin genişlənməsinə, əhalinin ən geniş təbəqəsinin plastik kart xidmətləri ilə əhatə olunmasına və bankların bu istiqmətdə apardığı biznesi genişləndirməyə imkan verən "Milli kart" prosessinq mərkəzinin fəaliyyətinin təşkili və istifadəyə verilməsi oldu. Bu addımla iqtisadiyyatda nağdsız hesablaşmalar və bank dövriyyəsinə sərbəst vəsaitlərin cəlb olunması prosesi sürətləndi. Azərbaycanda elektron texnologiyaların istifadəsinin inkişaf etdirilməsi ilə banklarda zamanın tələblərinə uyğun olaraq məsafədən göstərilən xidmətlər-"İnternet bankçılıq", "SMS bankçılıq", "İnternet treydinq" kimi ölkə bazarı üçün yeni xidmət növləri inkişaf etməyə başladı. Bu illər ölkədə bank sektorunun infrastrukturunun inkşafının digər mühüm istiqamətləri-müştərilərin kredit tarixi haqqında məlumat alaraq banklarda kredit risklərinin minimallaşdırması üçün "Mərkəzləşdirilmiş kredit reyestri", dövriyyədə olan sərbəst, o cümlədən, əhalinin əlindəki nağd pul vəsaitlərinin bank dövriyyəsinə cəlb olunmasının sürətləndirilməsi üçün "Əmanətlərin sığortalanması fondu" və nəhayət, ölkə iqtisadiyyatının inkişafına xüsusi təsiri ilə fərqlənən "İpoteka fondu" da reallaşdı. 2008-ci ilin ikinci yarısından etibarən dünyanın aparıcı ölkələrini bürümüş qlobal maliyyə böhranı Azərbaycanda da makroiqtisadi vəziyyətə və bank sektorunun fəaliyyətinə öz mənfi təsirini göstərməyə başladı.Dünyanın enerjidaşıyıcılar bazarında qiymətlərin sürətlə enməsi Azərbaycanda neft gəlirlərinin, dövlət büdcəsi üzrə gəlirlərin və valyuta bazarlarına daxilolmaların səviyyəsini kəskin azaltdı. İqtisadiyyatda manatın devalvasiyası istiqamətində təzyiqlər güclənməyə başladı. 2009-cu ilin birinci yarısı, son onillikdə ilk dəfə AMB-in valyuta bazarında satış yönümlü intensiv valyuta müdaxilələrinin nəticəsi olaraq, qızıl-valyuta ehtiyatları səviyyəsində və dövriyyədə olan pul kütləsinin artım sürətlərində azalma meyilləri formalaşmağa başladı.Böhrandan öncəki il ölkənin bir sıra aparıcı bankları iri həcmdə xarici vəsaitlər (qısa və uzunmüddətli kreditlər, depozitlər və s.) cəlb etmiş, bu vəsaitlər bankların aktiv əməliyyatlarında əhəmiyyətli yer tutmuşdu. Böhranla bağlı xarici vəsaitlərin-qısa müddətli kreditlərin və depozitlərin banklardan çıxarılması belə bankların fəaliyyətində sarsıntılar müəyyənləşdirir, bank sektorunda sistem böhranı təhlükəsi yaradırdı.Bundan əlavə, əmlak bazarında daşınmaz əmlakın qiymətlərinin sürətlə enməsi bank sektorunda verilmiş kreditlər üzrə təminatlar problemi yaratmağa başladı.Belə vəziyyətdə monetar sferada böhranın təzyiq istiqamətlərinə əks təsirlərin müəyyənləşdirilməsi tələb olunurdu.
Makroiqtisadi siyasətdə həlli tələb olunan əsas məsələlərdən biri manatın nominal mübadilə məzənnəsi üzrə mümkün dəyişmə meylinin - manatın devalvasiyası, sabit məzənnə və ya manatın möhkəmlənməsi rejiminin seçilməsi idi.AMB ölkədaxili iqtisadi vəziyyəti müəyyənləşdirən əsas makroiqtisadi amillərin təhlili nəticəsində böhran illərində Azərbaycanın əsas ticarət tərəfdaşı ölkələrindən (Rusiya Federasiyası, Türkiyə və s.) fərqli olaraq manatın nominal mübadilə məzənnəsinin sabitliyinin qorunmasını zəruri hesab etdi. Böhrandan sonrakı illərin təhlili göstərdi ki, bu, böhran illəri üçün ən doğru seçim idi. İqtisadiyyatın pul ilə təminat səviyyəsinin yaxşılaşdırılması və ölkədə iqtisadi fəallığın canlandırılması məqsədilə 2008-2010-cu illər ərzində bankların likvidlik və iqtisadiyyatın pul ilə təminatı səviyyəsinin yüksəldilməsi üçün bankların məcburi ehtiyat normaları 10 faizdən 0,5 faizə kimi faiz dərəcəsi 15 faizdən 2 faizə kimi azaldıldı (təkcə bu tədbirin nəticəsi olaraq dövriyyəyə əlavə olaraq 2 milyard ABŞ dollarına ekvivalent vəsait daxil oldu).Bunlardan başqa, monetar siyasətin hədəfləri və tələblərinə müvafiq olaraq ümumi iqtisadi siyasətdə-Azərbaycan İnvestisiya Şirkətinin iri investisiya layihələrində iştirakı, Sahibkarlığa Yardım Milli Fondunun kiçik və orta sahibkarlığa, dövlətin yerli iri şirkətlərə maliyyə dəstəyi artırıldı. Likvidlik problemi yaşayan banklarda fəaliyyətin davam etdirilməsi, bank sektorunda ümumi likvidlik səviyyəsinin qaldırılması və nəhayət, mümkün ola biləcək neqativ meyllərin qarşısını alınması üçün bankların əhəmiyyətli kreditləşdirilməsi aparıldı.
Böhran illəri bank sektorunda "pis" aktivlərin, o cümlədən vaxtı ötmüş kreditlərin səviyyəsinin yüksəlməsi banklarda kapitallaşma problemini kəskinləşdirdi. Bu məqsədlə vergi qanunvericiliyində müvafiq dəyişikliklər edildi və 2009-2012-ci illər ərzində bankların kapitallaşma səviyyəsinin yüksəldilməsi məqsədilə onlar mənfəət vergisindən azad edildi.Depozitlərin səviyyəsinin azalması meyillərinin qarşısının alınması və əhalinin bank sektoruna inam və maraqlarının bərpa olunması üçün Əmanətlərin Sığortalanması Fondu üzrə banklarda əmanətlərin sığortalanan hissəsi yüksəldildi. Bütün bu tədbirlərin nəticəsində dünyanın əksər ölkələrində iqtisadi və maliyyə tənəzzülü müşahidə edildiyi halda, Azərbaycan iqtisadiyyatı inkişaf meyillərini və bank sistemində stabilliyi qoruyub saxladı.
Ağakərim
HACIYEV, AMEA İqtisadiyyat İnstitutunun
Makroiqtisadi inkişaf
və iqtisadi artım şöbəsinin müdiri, iqtisad elmləri
üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2011.- 30 noyabr.- S. 5.