Növbəti jurnalist müsabiqəsinə start verilmişdir

 

Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazılarına dair müsabiqə elan etmişdir.

 

Xatırladaq ki, müsabiqə Nərimanov rayonunun sosial-iqtisadiictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədi daşıyır. "Nərimanov rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda keçirilən müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnalinformasiya agentlikləri) fasiləsiz işləyən şəxslər iştirak edə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun məlumatına görə, müsabiqəyə təqdim ediləcək yazılar Fond tərəfindən elan edilmiş mövzuya uyğun olmalıdır. Bundan əlavə, müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Həmin yazılar isə son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Həmçinin yazıda "Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Xatırladaq ki, müsabiqənin şərtlərinə əsasən, yazının dərc olunduğu mətbuat orqanınin bir nüsxəsi, müəllifin imzası göstərilməklə A4 formatda çap (3 nüsxə), elektron (Times New Roman şriftində - 12, CD diskdə) variantları fonda təqdim olunmalıdır. Yeri gəlmişkən, yazılar A3 formatda 1 səhifə (9-11 min işarə) olmalıdır. Müsabiqənin şərtlərinə əsasən yazılar 29 noyabr 2011-ci il tarixdən 24 dekabr 2011-ci il tarixədək, rəsmi günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır. Müsabiqə iştirakçıları, həmçinin əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surətini, şəxsi VÖEN və surətini, şəxsi bank rekvizitlərini, eləcə də şəxsiyyət vəsiqəsinin əslini və surətini fonda təqdim etməlidirlər. Xatırladaq ki, müsabiqə qaliblərinin adları Yeni il ərəfəsində- dekabrın 31-də elan olunacaq.

Müsabiqə yazılarının qiymətləndirilməsi zamanı mövzunun əhatəliyi, jurnalist araşdırması və əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dilüslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, eləcə də ictimai maraqların müdafiəsi kimi meyarlar əsas götürüləcəkdir.

Xatırladaq ki, müsabiqədə birinci yeri tutan jurnalistin yazısı min manat mükafata layiq görüləcək. Bununla yanaşı, ikinci yerin iki qalibinin hər birinə 800 manat, üçüncü yeri tutan üç nəfərin hər birinə isə 600 manat mükafat veriləcək. Müsabiqə iştirakçısı olan daha beş nəfərə 200 manat məbləğində həvəsləndirici mükafat təqdim ediləcək. Qaliblər, həmçinin Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

 

M.YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 30 noyabr.- S. 5.