Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında həll edilməlidir

 

Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin I hissəsində göstərilir ki, dövlətimizin ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Həmin maddənin II hissəsində daha sonra göstərilir ki, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsi, ölkənin hava məkanı ölkə ərazisinin tərkib hissəsidir.

 

Qeyd edilən maddənin III hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü hissəsinə əsasən, bütün üzv dövlətlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və yaxud Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər. Beləliklə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi beynəlxalq hüququn bir prinsipi kimi qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyev haqlı olaraq demişdir: "Hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin pozulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir".

Hazırda erməni təcavüzü nəticəsində respublikamızın torpaqlarının 20 faizi işğal olunmuş, 900 yaşayış məntəqəsi zəbt edilmişdir. 4366 sosial obyekt, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kino qurğusu, 855 məktəbəqədər müəssisə, 656 poliklinika, ambulatoriya, aptek və digər tibb müəssisəsi, xalqın ibadət yeri olan 10 məscid dağıdılmışdır. Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi ələ keçirilmiş və bütün var-dövləti orada qalmışdır. Respublikamıza təxminən 50 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.

Bir sıra kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Kəlbəcərdə olan qızıl yataqlarının Ermənistan Respublikası tərəfindən qanunsuz emal edilməsini, işğal olunmuş ərazilərdə kütləvi yanğınlar törədilməsini nəzərə alsaq, Azərbaycana dəymiş 50 milyard ziyan ilbəil deyil, aybaay deyil, günbəgün artır.

Azərbaycan xalqının əzəli torpaqlarının Ermənistan tərəfindən işğalının əsası, əslində, 19-cu əsrin əvvəllərində qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanda deyildiyi kimi, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək, ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.

Sovetlər dönəmində, xüsusilə, ötən əsrin 50-60-cı illərində Azərbaycanın ayrılmaz təkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikasına birləşməsi haqqında Ermənistan rəhbərliyi tərəfindən vaxtaşırı təşəbbüs edilmiş, lakin bu həyasızlığın qarşısı həmin vaxtlar alınmışdır.

Ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə edilən cəhdlərin qarşısının alınmasında xüsusi prinsipiallıq göstərmişdir. Bu haqda ulu öndərin aşağıdakı fikirləri xüsusilə maraqlıdır: "1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. O zaman da bu məsələlər qaldırılıbdır. 1977-ci ildə SSRİ Konstitusiyası qəbul olunarkən layihəni hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi. Müttəfiq respublikaların nümayəndələri, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən, bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta, bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu. Ümummilli lider Heydər Əliyev bu məsələləri xatırlayaraq demişdi: "Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma, qarşısını almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım".

Ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyində, keçmiş Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü, keçmiş SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işlədiyi müddətdə erməni şovinistlərinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikasına birləşdirilməsi haqqında cəhdlərin qarşısı qətiyyətlə alınırdı. Lakin keçmiş Sovet İttifaqında "yenidənqurma"nın müəllifi hesab edilən M.Qorbaçovun məkrli niyyəti ilə təzyiqlərə məruz qalan ümummilli lider Heydər Əliyev 22 oktyabr 1987-ci ildə "səhhətinə görə" keçmiş Sov. İKP MK Siyasi Büro üzvlüyündən və keçmiş SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifələrindən istefa verməyə məcbur oldu. Bundan sonra ermənilər və onların havadarlarının əl-qolu açılır. M.Qorbaçovun özünə iqtisadi məsələlər üzrə müşavir seçdiyi akademik Aqambekyan 1987-ci ilin sonunda Fransanın nüfuzlu "Humaniti" qəzetində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınıb, Ermənistana birləşdirilməsi barədə bəyanatla çıxış edir və 1988-ci ilin fevralında məlum Dağlıq Qarabağ hadisələri başlayır.

Ümummilli lider Heydər Əliyev keçmiş Sov. İKP MK-nın 1989-cu ilin aprel ayının 25-də keçirilmiş Plenumunda Sov. İKP MK tərkibindən çıxarıldıqdan sonra ermənilər və onların havadarları, xüsusilə əl-qol açırlar, artıq bu zaman məlum Dağlıq Qarabağ hadisələri intensiv surətdə genişlənir və dərinləşir. Həmin plenumda ümummilli lider Heydər Əliyev Dağlıq Qarabağla bağlı ona qarşı sürülmüş əsassız ittihamları rədd edərək, kəskin çıxış edir. Lakin təəssüflər olsun ki, həmin çıxışın respublika mətbuatında dərc olunmasına ölkənin o zamankı rəhbərliyi imkan vermir, başqa sözlə, bu çıxış ölkə ictimaiyyətindən gizlədildi.

Akademik Aqambekyan və digər erməni ideoloqları Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsini, bir qayda olaraq, Dağlıq Qarabağın inkişafına Azərbaycanın lazımi qayğı göstərməməsi, bu bölgənin Azərbaycanın tərkibində, digər bölgələrə nisbətən, iqtisadi cəhətdən geridə qalması, əhalinin yaşayış səviyyəsinin aşağı olması ilə əsaslandırmağa çalışırdılar.

Əslində isə bu belə deyildi. Bu sahədəki vəziyyəti bilmək üçün "Kommunist" qəzetinin 11 mart 1988-ci il tarixli nömrəsində dərc olunmuş Azərbaycan Respublikasının sosial inkişafının müqayisəli göstəriciləri barədə statistik məlumatlara müraciət edək. Əgər keçmiş Azərbaycan SSR-də əhalinin hər 10 min nəfərinə 93,5 nəfər orta tibb işçisi düşürdüsə, bu rəqəm Dağlıq Qarabağda 122,7 nəfər, SSRİ-də isə 114,7 nəfər idi. Deməli, bu sahədə DQMV-də vəziyyət, hətta keçmiş SSRİ göstəricisindən yüksək idi.

Həmin məlumatlara görə, 1 sakin hesabı ilə mənzil fondu keçmiş Azərbaycan SSR-də 10,9 kv.m olduğu halda, bu rəqəm DQVM-də 14,6 kv.m, keçmiş SSRİ-də isə 14,9 kv.m idi. Sosial inkişafın müqayisəli göstrəricilərinə əsasən, birinci növbədə məşğul olan şagirdlərin sayına görə keçmiş Azərbaycan SSR-də əhalinin ümumi sayına nisbətdə 74,3 faiz təşkil etdiyi halda, bu rəqəm DQMV-də 92,5 faiz, keçmiş SSRİ-də 78,2 faiz təşkil edirdi. Göründüyü kimi, DQMV-də əhalinin rifahı heç də Aqambekyan kimi üzdəniraq erməni ideoloqlarının qələmə verməyə çalışdıqları kimi deyil, əksinə, Azərbaycan SSR-də olan səviyyədən, bir sıra hallarda isə, hətta, keçmiş SSRİ-dən yüksək idi.

Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışmışdır. Lakin heç kəsdən gizli deyildir ki, dünyada ikili standartlar mövcuddur.

Müstəqil dövlətimizin Konstitusiyasının 7-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Konstitusiyaya əsasən Azərbaycan Respublikası dünyəvi dövlətdir, lakin dünyanın bir sıra xristian dövlətlərinin nəzərində Azərbaycan Respublikası İslam dövləti kimi səciyyələndirilir. Əgər belə olmasaydı, dünyanın 191 ölkəsinin daxil olduğu Birləşmiş Millətlər Təşkilatı (bundan sonra - BMT) Təhlükəsizlik Şurasının qətnamələri çoxdan icra olunmuş olardı. BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı 30 aprel 1993-cü il tarixdə 822 nömrəli, 29 iyul 1993-cü ildə 853 nömrəli, 14 oktyabr 1993-cü ildə 874 nömrəli və 11 noyabr 1993-cü ildə 880 nömrəli qətnamələr qəbul etmişdir. Həmin sənədlərin mətnlərinin öyrənilməsi göstərir ki, BMT Təhlükəsizlik Şurası, əslində, Dağlıq Qarabağın və ona bitişik bir sıra rayonların Ermənistan tərəfindən işğalını tanımışdır. BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixdə 822 nömrəli qətnaməsinin 1-ci bəndində göstərilir ki, atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılması tələb olunur. BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il tarixli 853 nömrəli qətnaməsinin 3-cü bəndində göstərilir ki, bu qurum bütün hərbi əməliyyatların təxirə salınmadan dayandırılmasını və münaqişədə iştirak edən işğalçı qüvvələrin Azərbaycan Respublikasının Ağdam rayonundan və bu yaxınlarda işğal olunmuş bütün digər rayonlardan dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Həmin qətnamənin 9-cu bəndinə əsasən isə Ermənistan Respublikası hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ermənilərinin 822 (1993) nömrəli qətnamənin müddəalarına əməl etməsi və ATƏT-in Minsk qrupunun təkliflərini həmin tərəfin qəbul etməsi məqsədilə öz təsirini göstərməyi davam etdirməyə təkidlə çağırır. BMT Təhlükəsizlik Şurasının 14 otkyabr 1993-cü il tarixli 874 nömrəli qətnaməsinin 3-cü bəndinə əsasən, Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) nömrəli qətnamələrin həyata keçirilməsinə dair təxirəsalınmaz tədbirlərin yeniləşdirilməsi tədbirlərini alqışlamasına, tərəflərin buna diqqət yetirməsini tövsiyə etməsinə və tərəfləri həmin cədvəli qəbul etməyə çağırmasına baxmayaraq, BMT kimi mötəbər beynəlxalq təşkilatın bu qətnamələri bu günə kimi icra edilməmişdir.

Nəhayət, BMT Təhlükəsizlik Şurasının 11 noyabr 1993-cü il tarixli 884 nömrəli qətnaməsinin 4-cü bəndində Təhlükəsizlik Şurası 822 (1993), 853 (1993), (S/26522, əlavə) saylı qətnamələrinin yerinə yetirilməsini, hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal və ləngidilmədən dayandırılmasını, Azərbaycan Respublikasının işğal olunmuş rayonlarından qəsbkar qüvvələrin çıxarılmasını maraqlı tərəflərdən tələb edir. Burada haqlı sual meydana çıxır. Əgər BMT-nin Təhlükəsizlik Şurası kimi mötəbər təşkilatın qətnamələri indiyə kimi icra edilmirsə, onda bu qərarlar kimin üçün və nəyə görə qəbul edilib?! Bütün bunlar dünyada hələ də beynəlxalq səviyyədə müxtəlif məsələlərin, o cümlədən ərazi münaqişələrinin həllində ikili standartların mövcud olmasını bir daha təsdiq edir.

Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra xaricə bütün səfərlərində Qarabağ həqiqətlərinə bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli lider bu səfərlərdə istər dövlət başçıları ilə, istərsə də həmin ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri ilə, iş adamları ilə, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərdə, bir sözlə, bütün auditoriyalarda xəritə ilə əyani surətdə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da nail olmuşdur.

Təsadüfi deyildir ki, BMT Baş Məclisinin 6 sentyabr 2006-cı il tarixli "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsində Azərbaycanın işğal edilmiş ərazilərində baş verən yanğınlardan və onun vurduğu böyük ekoloji ziyandan ciddi narhatlığı vurğulanmışdır. Ermənistan artıq iqtisadi müstəvidə uduzduğu kimi, siyasi müstəvidə də uduzduğunu başa düşür. Bu ölkənin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq layihələrdən kənarda qalması, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun çəkilməsi ilə beynəlxalq aləmdən təcrid olunması Azərbaycanın iqtisadi sahədə qazandığı uğurların nəticəsidir.. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin BMT-nin Baş Məclisinin sesssiyasına çıxarılması, BMT, AŞ, AB, İKT kimi beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması isə ölkəmizin siyasi-diplomatik uğurlarından xəbər verir.

Ölkə başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazilərinin bütövlüyü çərçivəsində həll edilə bilər. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə riayət edilməsi əsasında diplomatik vasitələrlə həlli Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin əsas prioriteti olaraq qalır.

Ulu öndər Heydər Əliyev demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm".

Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı İlham Əliyevin titanik fəaliyyəti nəticəsində qondarma Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normalarına uyğun olaraq yaxın vaxtlarda öz ədalətli həllini tapacaqdır. Əgər bu mümkün olmasa, Ali Baş Komandan kimi, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan xalqı, onun Silahlı Qüvvələri işğal olunmuş və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı silah gücünə də azad edəcəkdir. Bu Azərbaycan xalqının təbii, ayrılmaz və konstitusiya hüququdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında giriş nitqində demişdir: "Sadəcə demək istəyirəm ki, Azərbaycanın prinsipial mövqeyi var, bu mövqe həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Biz bu mövqedən kənara bir addım atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və olmayacaqdır. Çalışacağıq ki, bütün imkanlardan istifadə edib ərazi bütövlüyümüzü bərpa edək".

Bu yaxınlarda Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvliyinə seçilməsi nəinki ölkəmizin hər bir vətəndaşında, eyni zamanda, yaşadığı ölkədən asılı olmayaraq, hər bir azərbaycanlıda böyük qürur hissi doğurmaqla, qondarma Dağlıq Qarabağ probleminin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə inamımızı daha da artırır.

 

İlham ABBASOV, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi

 

 

Xalq qəzeti.- 2011.- 30 noyabr.- S. 4.