Peşəkarlıq
Azərbaycan Ordusunun hədəfidir
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində
keçirilən müşavirədə ordumuzun
yüksək döyüş
hazırlığına malik olduğunu və hərbi
qulluqçularımızın ruh yüksəkliyini
xüsusi vurğulayan
dövlət başçısı ölkənin öz müdafiə qüdrətini daim artırmasını xalqımızın təbii
haqqı kimi dəyərləndirmiş,
Azərbaycan ordusunu bütün
cəhətlərdən Ermənistan ordusundan
daha güclü və
peşəkar bir silahlı qurum kimi xarakterizə etmişdir. Onu da xüsusi
vurğulamışdır ki, Silahlı
Qüvvələr quruculuğuna aid xərclər bundan sonra da sistemli
şəkildə artırılacaqdır.
Silahlı Qüvvələrimiz
uğurla komplektləşdirilir
Məlum
olduğu kimi, oktyabrın 1-dən Azərbaycan Prezidentinin həqiqi
hərbi xidmətə çağırış və
müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularının ehtiyata buraxılması haqqında fərmanına
əsasən Silahlı Qüvvələrin komplektləşdirilməsi
işinə başlanılacaq. Xüsusi əhəmiyyət
daşıyan bu möhtəşəm tədbir ordu
quruculuğu sahəsində kifayət qədər strateji
xarakterə malikdir. Axı Vətənə xidmət hərbi
çağırışdan başlayır və əyninə
əsgər forması geyinən hər bir gəncdə hərbi
xidmət haqqında ilkin təəssüratlar onun
çağırış vərəqəsi
aldığı, hərbi komissarlığın həyətinə
qədəm basdığı andan formalaşır. Etiraf edək
ki, əvvəllər bu sahədə mövcud olan kifayət qədər
ciddi boşluq və problemlər ordunun fəaliyyət
mexanizminə mənfi təsir göstərirdi.
İnsanların süni şəkildə qruplara
bölüşdürülməsi,
çağırışçılar arasında
ayrı-seçkilik salınması, rüşvətxorluq və
s. Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirən
amillərdən idi. Bu mənada müvafiq istiqamətdə təxirəsalınmaz
zəruri islahatların həyata keçirilməsi və yeni
qaydaların tətbiqi Müdafiə Nazirliyi rəhbərliyinin
prinsipial mövqeyini ortaya qoydu.
Qısa
zaman kəsiyində hazırlanan və vaxtında həyata
keçirilən islahatlar artıq öz səmərəsini
verməkdədir.
Kadr hazılığına
xüsusi önəm verilir
Bu
gün ordumuzun kadr potensialını artırması istiqamətində
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin,
Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin,
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin, Təlim
və Tədris Mərkəzinin müstəsna rolu vardır.
Bu sırada əsas yerlərdən birini də Silahlı
Qüvvələr üçün ali hərbi təhsilli
komandir və qərargah zabitlərinin, hərbi-elmi
işçilərin hazırlanmasını, onların
ixtisasının artırılmasını, hərbi iş sahəsində
elmi-tədqiqatların aparılmasını təmin edən Hərbi
Akademiya tutur. 1999-cu ildə yaradılmış bu təhsil
ocağı az müddətdə ordunun kadr potensialının
artırılması işinə layiqli töhfələr
verdi. Bu gün bütün ali hərbi məktəblərimizdə
təlim-tədris işi Azərbaycan Respublikası Müdafiə
Nazirinin 15 iyul 1998-ci il tarixli əmri ilə qüvvədə
olan "Ali hərbi məktəblər haqqında əsasnamə"nin,
eləcə də bakalavr ixtisası təhsili
standartlarının tələblərinə uyğun təşkil
edilir. Peşəkar pedaqoji heyət təhsildə yeni
uğurların qazanılmasında mühüm rol oynayır.
Məktəblərdə onlarla elmlər doktoru, professor, elmlər
namizədi və dosent kursantlara elmin sirlərini öyrədir.
Təlim-tədris ilinin semestr imtahanlarının test üsulu
ilə keçirilməsi obyektivlik prinsipinin qorunmasına zəmin
yaratmışdır. Yeri gəlmişkən, 2011-2012-ci tədris
ilindən etibarən məktəbdə kursantların biliyinin
qiymətləndirilməsi də Avropa Transfer Kredit Sistemi
üzrə aparılacaq ki, bu da onların intellektual
imkanlarını daha da artıracaq. Bu da öz növbəsində
ordumuzun müdafiə qüdrətinin günbəgün
artırılması deməkdir. Hərbi təhsil
ocaqlarımızda bir sıra xarici ölkə gənclərinin
hərb elminə yiyələnməsi buradakı təhsilin
yüksək keyfiyyətindən xəbər verən amillərdəndir.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin
Ali Baş Komandanı İlham Əliyev bu mühüm və
vacib məsələ haqqında danışarkən
demişdir: "Əminəm ki, ali hərbi məktəbi
bitirmiş məzunlar Azərbaycan ordusunda ləyaqətlə
xidmət edəcək və ölkənin müdafiə
qüdrətini möhkəmləndirəcəklər".
Peşəkarlıq
üçün stimul
Son
yeddi il ərzində dövlət büdcəsindən hərbi
sahəyə ayrılan xərclərin 14 dəfə
artırılması, hərbi qulluqçuların sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində həyata
keçirilən ardıcıl tədbirlər ordu mənsublarında
yüksək döyüş əhval-ruhiyyəsi
yaratmışdır. 18 iyun 2010-cu il tarixdə müdafiə və
təhlükəsizlik xərclərinin daha 400 milyon manat
artırılması nəticəsində hərbi xərclərimiz
2 milyard 150 milyon dollaradək yüksəlmişdir. Milli Məclisin
məlum sessiyasından sonra, 23 iyun 2010-cu il tarixdə ölkə
başçısının imzaladığı sərəncama
əsasən hərbi qulluqçular üçün xidməti
yaşayış evlərinin tikintisinə daha 5 milyon manat vəsait
ayrılmışdır. Bu sırada ölkə
başçısının şəxsi
tapşırığı ilə müxtəlif hərbi
qarnizonlarda bir sıra sosial, mədəni və məişət
obyektləri ilə birlikdə inşa olunan beş hərbi
şəhərcik kompleksi də xüsusi qeyd
olunmalıdır. Tikintisi yaxın vaxtlarda başa
çatdırılacaq, ümumilikdə 627 mənzilə malik
yaşayış binaları da ömrünü hərb sənətinə
həsr edən gizir və zabitlərimiz üçün
dövlətin dəyərli töhfəsidir. 20 sentyabr 2010-cu
il tarixdə ölkə başçısının
imzaladıfğı növbəti sərəncama əsasən,
Müdafiə Nazirliyində çalışan hərbi
qulluqçuların və mülki işçilərin
aylıq vəzifə maaşları sentyabrın 1-dən orta
hesabla 10 faiz artırılmışdır. Nəhayət,
ölkə başçısının 25 iyun 2011-ci il tarixli
sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi
qulluqçularının və mülki əməkdaşlarının
maaşı müvafiq olaraq daha 25 və 10 faiz
artırılmışdır. Ümumiyyətlə, son bir neçə
il ərzində hərbçilərimizin vəzifə və
rütbə maaşları, sığorta məbləğləri
davamlı şəkildə artırılmış, onlara
verilən ipoteka kreditlərinin faiz göstəriciləri
güzəştli şərtlərlə müəyyənləşdirilmişdir.
Silahlı
Qüvvələrin döyüş
hazırlığını artırmaq məqsədilə təxminən
1 milyard ABŞ dollarından artıq dəyərdə modern
silah və texnika hərbçilərimizin ixtiyarına
verilmişdir. İstismarda olan silahların müasir tipli optik
gündüz və gecəgörmə nişangahları,
müşahidə cihazları ilə kompleksləşdirilməsi,
müasir tipli cihazların alınması və hərbi hissələrə
təhvil verilməsi Silahlı Qüvvələrimizin
döyüş imkanlarını ikiqat
artırmışdır. Atəşin və
döyüşün müasir tipli idarəetmə sistemlərinin
fəaliyyəti nəzarət altında saxlanılmış,
birləşmələrin zirehli texnikası üzərində
modernləşdirmə işləri davamlı şəkildə
reallaşdırılmışdır. Tank əleyhinə raket
sistemlərinin döyüşə hazırlığı və
radiolokasiya stansiyalarının fasiləsiz fəaliyyəti tam
təmin edilmişdir. İdarəetmə sistemlərinin təkmilləşdirilməsi,
vahid idarəetmə, nəzarət, rabitə və
avtomatlaşdırılmış rabitə sisteminin tətbiqi
üzrə işlərin artan sürətlə davam etdirilməsi
cari ildə qoşunlarımızın döyüş
hazırlığı sahəsində yeni keyfiyyət göstəricilərinə
yiyələnməsi ilə nəticələnmişdir. Azərbaycan
dövlətinin ordu quruculuğu ilə bağlı siyasəti
ən yaxın gələcəkdə Silahlı Qüvvələrimizin
daha böyük uğurlara imza atacağından xəbər
verir. Azərbaycan Prezidenti İlham Əliyev bu mühüm və
vacib məsələ haqqında danışaraq demişdir:
"Ermənistandan fərqli olaraq, iqtisadiyyatımızı,
ordumuzu Azərbaycan xalqının iradəsi və zəhməti
hesabına qururuq. Xalqımızın zəhməti
hesabına qazanılmış gəlirlər Azərbaycan
üçün ən vacib olan ordu quruculuğu sahəsinə
yönəldilir. Biz gələcəkdə də bu işləri
davam etdirəcəyik." Azərbaycan Prezidentinin fikirlərini
yüksək dəyərləndirən ordu mənsubları
dövlətin qayğı və etimadına cavab olaraq hər
il ayrı-ayrı təlim mərkəzlərində
keçirilən onlarla müxtəlif xarakterli
döyüş təlimlərində əsl peşəkarlıq
nümayiş etdirir, xidməti vəzifələrini layiqincə
yerinə yetirirlər.
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist
Xalq qəzeti.- 2011.- 30 sentyabr.- S.7.