Gəncə
günbəgün dəyişir, gözəlləşir
Gəncənin
yaxın bir-iki il ərzində necə olacağını təsəvvür
etmək üçün onun küçə və məhəllələrinə
baş çəkmək, ən ucqar sayılan
yaşayış sahələrinə getmək kifayətdir.
Şəhərin elə bir yeri yoxdur ki, orada
abadlığın, yenidənqurmanın izləri olmasın. Bəzən
yeri gəldi-gəlmədi "geniş tikinti
meydançası" sözünü xatırladırlar.
Amma bu gün Gəncə, sözün əsl mənasında,
geniş yox, nəhəng bir tikinti meydanına bənzəyir.
Beş-on gün əvvəl yanından keçdiyin hər hansı bir yeri - istər inzibati bina, istər yaşayış evi, istərsə də ticarət obyekti olsun, tanıya bilmirsən. Əksər küçə və prospektlərdə "hörümçək torları"ndan əsər-əlamət belə qalmayıb. Necə gəldi çəkilən eybəcər, təhlükəli, şəhərin gözəlliyinə xələl gətirən qaz, elektrik, su xətlərini, digər kommunikasiya elementlərini nəzərdə tuturam. Hamısı yerin altına salınıb, polietilen borularla əvəz olunub, səkilər asfaltlanıb, bardürlər düzülüb və sair.
Şəhərin rəhbəri başda olmaqla, əlaqədar strukturların rəhbərlərini kabinetdə görmək müşkül məsələdir. Elə təmir-tikinti obyekti yoxdur ki, orada şəhər və rayon icra hakimiyyətlərinin işçiləri görünməsin, əhali arasında olmasın, izahat işləri aparmasın. Yeri gəlmişkən, qeyd edək ki, son vaxtlar təcrübəli kadrların ayrı-ayrı sahələrə rəhbər işlərə cəlb olunması ümumi işin daha da sürətlənməsinə gətirib çıxarmışdır. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev, şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham Əliyev, digər müavin Rafiq Şəfiyev, mənzil-kommunal istehsalat birliyinin rəisi Elgün Məmmədov və bir çox başqaları bu gün şəhərdə aparılan irimiqyaslı işlərdə xüsusi fəallıq göstərirlər.
Elə adını çəkdiyimiz şəhər mənzil-kommunal istehsalat birliyinin rəisi Elgün Məmmədovla da görüşümüz məhz bu səbəbdən bir neçə gündən sonra baş tutdu.
- Elgün müəllim, Gəncə obrazlı desək, öz libasını dəyişir, yaşayış, inzibati, ticarət-iaşə obyektləri yeni görkəm alır, küçə və prospektlər genişləndirilir, mühəndis-kommunikasiya xəttləri dəyişdirilir, yaşıllıqlar salınır, yeni obyektlər tikilir... Hamı üçün çox maraqlıdır, necə oldu ki, bu qədər irimiqyaslı iş şəhərdə eyni vaxtda başladı?
- Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin Gəncəyə və gəncəlilərə göstərdiyi hədsiz diqqət və qayğının nəticəsidir. Bu gün Gəncədə aparılan irimiqyaslı işlər Prezidentimizin köməyi və xeyir-duası ilə görülür. Gərək nəyin bahasına olursa-olsun bu etimadı doğruldaq. O ki qaldı işlərin hamısının eyni vaxtda başlanmasına bu, Gəncədə bir çox problemlərin birdəfəlik həlli ilə bağlıdır. Əgər qədim Nizami yurdunu gözəl, abad görmək istəyiriksə, əhalinin yaşayış tərzinin daha yüksək səviyyədə təşkil olunmasını istəyiriksə, bu işlər görülməli idi. İlk vaxtlar bizi başa düşə bilməyənlər indi görülən işlərə yüksək qiymət verir, öz minnətdarlıqlarını bildirirlər. Axı kim istəməz ki, yaşadığı binada, onun həyətində, küçə və səkilərdə səliqə-sahman olmasın?!
- Yadımdadır, bu ilin fevral ayının sonlarında şəhərə yenicə icra hakimiyyətinin başçısı təyin olunan Elmar Vəliyev fəallarla görüşündə demişdi ki, gəncəlilər 6 aydan sonra görülən işlərin nəticəsini hiss edəcəklər. Bu gün sakinlər şəhər rəhbərinin sözlə işinin vəhdət təşkil etdiyinin bir daha şahidi olurlar. Sizcə, arxayınçılıq, işlərin gedişində ləngimələr ola bilərmi?
- Bu, mümkün olası iş deyil. Əksinə, fikir versəniz görərsiniz ki, ilk aylar 300-400 obyektdə iş gedirdisə, indi onlar minlərlə ölçülür. Elmar müəllim elə tələbkar şəxsdir ki, on-on beş dəqiqə də boş dayanmaq, başqa bir işə baş qoşmaq mümkün deyil. Digər tərəfdən, işimizin bəhrəsini görəndə yorğunluq da yaddan çıxır. Təki şəhərimiz gözəlləşsin, abadlaşsın, adamlar bizdən razı qalsın. Gələn ay şəhərdə Ulu Nizami Gəncəvinin 870 illiyini təntənə ilə qeyd edəcəyik. Şəhərə bir çox yerlərdən, o cümlədən, xarici ölkələrdən qonaqlar gələcək. Gərək elə edək ki, yubiley günləri hər kəsdə xoş təəssürat yaratsın. Təbii ki, hazırda obyektlərdə, küçə və məhəllələrdə, yollarda işlər gedir və onların hamısının həmin günlərədək hazır olması qeyri-mümkündür. Amma artıq görməli, baxmalı çox yerlər var. Nizami məqbərəsi və onun ətrafı, məqbərəyə daxil olan yollar, körpü tamamilə başqa görkəm alıb, minlərlə ağac əkilib, yaşıllıq zolaqları salınıb, işıqlandırma sistemi dəyişib və sair. Tezliklə Gəncənin hər yeri gözəl olacaq. Bizim üçün şəhərin "mərkəzi", "ucqarı" deyimi yoxdur. Söhbət Gəncənin bütövlüklə abadlaşdırılmasından, yenidən qurulmasından, genişləndirilməsindən gedir.
- Yaşayış və inzibati binaların hamısının görkəmi dəyişəcək?
- Əlbəttə, hamısı. Amma nəzərə alın ki, şəhərdə 5,7,9 mərtəbəli 1666 yaşayış binası var. Bunların hamısının qısa müddətdə fasadlarının, həyətinin, dam örtüyünün dəyişdirilməsi çətin bir işdir. Tədricən bütün binalar öz görkəmini, indiki nimdaşlığını dəyişəcək. Bu günədək 78 yaşayış binasının dam örtüyü müasir "mansard" formasında dəyişdirilib. Fasadlar gülbağ daşından yenidən qurulur, milli ornamentlərə üstünlük verilir. Yaşayış binalarında hər cür şərait yaradılacaq, nümunəvi məhəllələr salınacaq. İki-üç məhəllədən bir xeyir-şər binaları tikiləcək, uşaq əyləncə-idman meydançaları salınacaq.
Binaların su problemi də
həll olunur. Bildiyiniz kimi,
bu yaxınlarda Göygöldən şəhərə
gələn xəttin
su anbarının təməlqoyma mərasimi
keçirildi. Qızılqaya su kəməri və Şəmkir dəryaçasından gələn
xətlərin çəkilişindən
sonra şəhər sakinləri evlərində
fasiləsiz su ilə təmin olunacaqlar.
Çoxmərtəbəli binalarda lift problemləri də həll olunacaq. Artıq
"Gilanlift holdinq"lə
müqavilə bağlamışıq.
Şəhərdəki 190 liftin 10-u təzəsi
ilə əvəz olunur. 20-si əsaslı
təmir edilir. Digərləri də normal vəziyyətə
salınacaq.
Kommunikasiya xətlərinin yerin
altına salınması
istiqamətində çox
iş görülüb
və bu işlər davam etdirilir. Artıq Heydər Əliyev,
Nizami və Atatürk prospektləri, M.Abbaszadə və İ.Qayıbov, Cavadxan və digər küçələrdəki qaz
xətləri başdan-başa
polietilen borularla əvəz olunub və yerin altına
salınıb. Əslində, bu, çox ağır bir işdir. Çünki təkcə borunu
dəyişməklə məsələ
bitmir. Qazılan yerlərin doldurulması,
asfaltlanması, səkilərin
düzəldilməsi, bardürlərin
düzülməsi, abadlıq,
yaşıllıq salınması
və sair işlər xeyli vaxt aparır. Yeri gəlmişkən, qeyd edim ki, şəhərdə
su və kanalizasiya xəttinin tamamilə dəyişdirilməsindən
sonra Gəncənin bütün yolları, hətta döngələr,
ayrı-ayrı yerlər
başdan-başa asfaltlaşdırılacaqdır.
- Qırmızı kərpicdən
hörülmüş tarixi
binalara da əl gəzdirilir, onlara "ikinci həyat" verilir. Şəhərdə belə binalar
çoxdurmu?
- Gəncədə qırmızı
kərpicdən hörülmüş
qədim tarixi binalar az
deyil. Gigiyena və Epidemiologiya Mərkəzinin, qadın məsləhətxanasının, Kəpəz Rayon Hərbi komissarlığının, 45 nömrəli
orta məktəbin, xalq artisti Mobil Əhmədovun yaşadığı
binanın və digər binalarda Azərbaycan memarlığının
qorunub saxlanması, yaşadılması üçün
təmir-bərpa işləri
aparılmışdır. Cavadxan
küçəsinin özündə
neçə-neçə belə
inzibati və yaşayış binası
var. Yeri gəlmişkən,
gəncəlilərin daha
çox sevdiyi, gediş-gəliş çox
olan bu tarixi
küçə və
buradakı binalar tamamilə yenidən qurulur, fəvvarələr
inşa olunur, istirahət guşələri
yaradılır, işıqlandırma
sistemi yenilənir, çilçıraqlar quraşdırılır.
Bir sözlə, Cavadxan küçəsi Gəncənin
qədim tarixi küçəsi kimi daha da gözəl
olacaqdır. Burada işlər
artıq tamamlanmaq üzrədir.
- Qəzetimizin səhifələrində
Gəncədə aparılan
abadlıq-quruculuq işləri
haqqında müntəzəm
yazılar, müsahibələr
dərc olunur. Bundan sonra da müxtəlif
sahələrin işindən
bəhs edən yazılar vermək niyyətindəyik. Qısaca da
olsa digər işlər haqqında məlumat verməyinizi xahiş edirik.
- Heydər
Əliyev meydanı tamamilə yenidən qurulur. İnzibati
binanın daxili və xaricində aparılan işlər
yekunlaşıb. Yaşıllıq, işıqlandırma
sistemi dəyişib. İnzibati binanın sağ və sol tərəfindəki
beşmərtəbəli yaşayış binaları
ümumi ansambla uyğunlaşdırılıb və çox
gözəl binalara çevrilib.
Heydər
Əliyev parkında qızğın iş gedir. Burada yeni
artezianlar qazılıb, yaşıllıqlar salınıb.
Ulu öndərin adına olan mərkəzin inşasına
başlanıb. Nizami Mərkəzinin də tikintisi gedir. Dahi
şairin adını daşıyacaq park salınır.
Buradakı "Üçbulaq" "Beşbulaq"la əvəz
olunub və tezliklə istifadəyə veriləcək. Bayraq
meydanında inşaat işləri aparılır.
Hündürlüyü 100 metrə çatacaq bayraq
meydanı bu yerlərə xüsusi əzəmət verəcək.
Bundan başqa, hündürlüyü 50 metr olacaq daha bir
bayraq baş meydanda ucalacaq.
İşlər
çoxdur və onların hamısı haqqında indi
danışmaq çətindir. Amma bilirəm ki, Gəncəni
tezliklə çoxları tanımayacaq və bir daha sübut
olunacaq ki, bu qədim şəhər təsadüfən Azərbaycanın
ilk paytaxtı seçilməyib.
Söhbəti yazdı: Hamlet QASIMOV
Xalq qəzeti.- 2011.- 30 sentyabr.- S.
7.