Müstəqillik - 20. Müstəqil Azərbaycan: uğurlar qürur doğurur

 

Hələ 10 il qabaq görkəmli partiya və dövlət xadimi Nikolay Baybakov Azərbaycanın dövlət müstəqilliyi və bu müstəqilliyin qorunması üçün ulu öndər Heydər Əliyevin həyata keçirdiyi çoxsaylı tədbirlər haqqında söz açarkən demişdi: "Azərbaycan xalqı bu gün öz dövlət müstəqilliyinin 10 illiyini qeyd edir. Mənim fikrimcə Heydər Əliyeviç siyasi hakimiyyətə qayıtmasaydı, bu xalq nəinki müstəqilliyin 10-cu ildönümünü, heç beş illiyini də qeyd edə bilməzdi... Mən Heydər Əliyev qədər öz xalqını sevən ikinci bir siyasətçi görmədim". Haqlı qiymətləndirmədir. Elə bu yazı da ulu öndərin həmin titanik fəaliyyəti barədədir. Xalqlar da insanlar kimidir. Səadətə qovuşanı da var, ona əli çatmayanı da. Tanrı səadəti onu qoruyub saxlaya bilən adama verdiyi kimi xalqlara da xoşbəxtliyi ardıcıl olaraq həmişə bəxş etmir. Gərək onun qədrini biləsən, qoruyasan, əbədiləşdirməyi bacarasan. Azadlığını, müstəqilliyini, dövlətinin suverenliyini qoruyub saxlaya bilən xalqların xoşbəxtliyini kim görməyib ki? Tanrı bizə o sərvəti bir əsrdə iki dəfə bəxş etmişdi.

 

Birinci dəfə - cəmi 23 ay yaşamış müstəqil Azərbaycan dövlətini qoruyub saxlaya bilməməyimizin çoxsaylı səbəbləri var idi. Ən başlıcası isə o dövrdə zamanın ağır sınaqlarına qarşı çıxa bilən liderimizin olmadığına görə dövlət müstəqilliyimizi qoruya bilməmişdik. Əsrin sonunda - ikinci dəfə dövlət müstəqilliyimizə qovuşanda da az qala əvvəlki aqibəti yenidən yaşayacaqdıq. Ancaq bu dəfə Azərbaycan xalqının önündə gedən lider, canını və qanını öz milli dövlətçiliyinin qorunması üçün əsirgəməyən öndər, böyük tarixi şəxsiyyət, zamanın addımlarını istiqamətləndirməyi bacaran dahi dövlət xadimi var idi.

Əslində, ulu öndər Heydər Əliyev təkcə Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirdiyinə görə deyil, həm də azadlıq uğrunda xalq hərəkatını dəstəkləməklə tarixi proseslərə müdrikcəsinə yolgöstəricilik etmişdi. Beynəlxalq aləmdəki erməni lobbisinin əlində oyuncağa çevrilmiş Mixail Qorbaçov iqtidarının Azərbaycanda baş qaldıran milli azadlıq hərəkatını qan içərisində boğmaq üçün 1990-cı ildə 20 Yanvar faciəsini törətməsi az qala xalqın azadlıq ruhunu öldürəcəkdi. Ancaq faciənin ertəsi günü dünya siyasətinin ən görkəmli simalarından olan ulu öndər Heydər Əliyevin öz övladları ilə birlikdə respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, Qorbaçovun qanlı siyasətini lənətləyən bəyanat verməsi, SSRİ rəhbərliyinin xalqlara qarşı ayrı-seçkilik siyasətindən əl çəkməyə çağırması azadlıq mücahidlərinə möhtəşəm bir mənəvi dəstək oldu. Ulu öndər həmin qətiyyəti sonralar Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə dəfələrlə nümayiş etdirmişdi. SSRİ-nin saxlanılması üçün keçirilən referenduma Muxtar Respublikada "yox" deyilməsi məhz Heydər Əliyevin qətiyyətinin təzahürü idi. Eləcə də Muxtar Respublikanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması və Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının ölkə ərazisində ilk dəfə Naxçıvanda Dövlət bayrağı kimi qaldırılması ulu öndərin hələ müstəqillikdən əvvəl müstəqilliyimizə verdiyi dəstək idi. Biz hələ o dahi şəxsiyyətin 1969-82-ci illərdə ölkə iqtisadiyyatını qüdrətləndirməsini, gələcək müstəqil Azərbaycan dövləti üçün hərtərəfli təhsil görmüş ziyalılar ordusu yaratdığını demirik.

Ulu öndərin xalqın təkidli tələbləri və o zamankı iqtidarın acizanə xahişləri ilə siyasi hakimiyyətə qayıdışına qədər yaşadığımız müstəqillik ayları, sözün həqiqi mənasında, məhrumiyyətlərlə, həlli düyünə düşmüş problemlərlə, ağrı-acı, xaos, anarxiya, özbaşınalıq, zorakılıq və bu kimi hallarla dolu idi. İqtisadiyyat çökmüş, xalqın siyasi elitaya və dövləti idarə edənlərə inamı itmiş, yoxsulluq, işsizlik və aclıq qarşısıalınmaz bir bəlaya çevrilmişdi. Ancaq bütün bunlara bəlkə də dözmək olardı. Çünki bizim xalqımız öz tarixi boyu çox məhrumiyyətlərə sinə gərmiş, sınaqlardan çıxmışdı. Dözülməsi mümkün olmayan üç bəla var idi ki, Heydər Əliyevdən əvvəlki iqtidarlar nəinki o bəlaları aradan qaldıra bilməzdi, əksinə, o fəlakətlərin yaranmasında əsas günahkarlardan idilər: Birinci, Ermənistan silahlı birləşmələri öz havadarlarının köməyi ilə ərazilərimizin işğalını genişləndirir, ikinci, ölkə vətəndaş müharibəsinə doğru sürüklənir və nəhayət, üçüncü, Azərbaycanın dövlət müstəqilliyinin əldən getmək qorxusu gündən-günə çoxalırdı. Xalqın öndə gedən ziyalıları məhz bu dəhşətli arqumentləri əsas götürərək ulu öndərin Naxçıvandan Bakıya gəlməsi üçün ona müraciət etdilər.

Ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışının ən böyük nəticəsi müstəqilliyin əbədiləşdirilməsi oldu. Yəni ümummilli liderimiz Heydər Əliyev gənc, müstəqil Azərbaycan dövlətini 1918-20-ci illərdəki xalq cümhuriyyətimizin taleyini yaşamağa qoymadı. Halbuki, ikinci dəfə qazandığımız dövlət müstəqilliyimizin bədxahları və gözü götürməyənləri daha çox idi. Ulu öndər öz siyasi uzaqgörənliyi ilə həm ölkə daxilindəki, həm də xaricdəki bədxahlarımızın arzusunu gözündə qoydu. Çünki ulu öndər istənilən problemi həll etmək üçün konkret detallarına qədər işlənmiş variantlar düşünür, mükəmməl nəticələr əldə edirdi. Ona görə də ulu öndərin titanik siyasi fəaliyyəti barədə yüzlərlə mükəmməl kitabların yazılması, çoxsaylı sənədli filmlərin və televiziya verilişlərinin lentə alınması tamamilə təbiidir. Çünki bu günlər 20 illiyini qeyd etməyə hazırlaşdığımız dövlət müstəqilliyimizin Heydər Əliyev dövrünün hər günü bir kitabın və ya filmin mövzusudur.

Mənim yaxşı yadımdadır. Müstəqilliyin ilk illərində Azərbaycan Xocalı faciəsi və Gəncə hadisələri ilə üz-üzə qalmışdı. Həmin illərdə ölkəyə rəhbərlik edənlər, nəinki Xocalı və Gəncə hadisələrinə siyasi-hüquqi qiymət verməmişdilər, hətta, milli-azadlıq hərəkatımızın boğulması üçün törədilmiş 20 Yanvar faciəsinə də siyasi-hüquqi qiymət verilməsi istiqmətində heç bir addım atılmamışdı. Heydər Əliyev həmin faciələrə siyasi-hüquqi qiymət verilməsinə nail olmaqla xalqın dövlətə olan inamını bərpa etmiş oldu. Ölkədəki xaos və anarxiyanın aradan qaldırılması ilə daxili ictimai-siyasi sabitlik bərqərar olundu. Bu, gənc müstəqil respublikanın beynəlxalq aləmdə öz sözünü deməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki daxili sabitliyi olmayan ölkələrə heç bir xarici ölkə və ya şirkət sərmayə yatırmır. İqtisadiyyatı böhran, əhalisi aclıq içərisində olan ölkənin əcnəbi sərmayəyə nə qədər ehtiyacı olduğunu söyləməyə ehtiyac yoxdur. Ulu öndər ölkəyə xarici sərmayənin gətirilməsi üçün atılan addımların nəticə verməsini gözləmədən iqtisadi islahatlara start verdi. Xüsusən, dövlət əmlakının mərhələ-mərhələ özəlləşməsinin açıq elan edilməsi büdcəyə müəyyən qədər vəsaitin daxil olmasına zəmin yaratdı.

Beləliklə, müəyyən ictimai-siyasisosial-iqtisadi addımların reallaşdırılması ilə yanaşı, yeni neft strategiyasının işlənib hazırlanması prosesinə start verildi. Həm ulu öndərin özünün, həm də onun ən yaxın silahdaşı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevin səyləri nəticəsində neft strategiyasının icrasını təmin edəcək nəhəng saziş imzalandı. 1994-cü ilin sentyabrında xarici ölkələrin aparıcı neft şirkətlərinin yaratdığı konsorsiumla ARDNŞ arasında bağlanan Hasilatın Pay Bölgüsü müqaviləsi - sonralar onu "Əsrin müqaviləsi" adlandırıldı və bu günlərdə həmin müqavilənin növbəti ildönümü qeyd etdik - Azərbaycanın iqtisadi inkişafının təməlini qoymuş oldu. Ancaq əcnəbi şirkətlər öz sərmayələrinin qorunması üçün ciddi hüquqi bazanın olmadığından narahat idi. Bu işin mahiyyətini istənilən əcnəbidən qat-qat yaxşı bilən ulu öndər ölkədə hüquq islahatlarına start verdi. Cəmi bir ildən sonra Azərbaycanda Əsas Qanun - Konstitusiya qəbul edildi. 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbul edilməsi ilə eyni vaxtda keçirilən parlament seçkilərinin foromalaşdırdığı ilk Milli Məclisimiz isə istənilən müqavilə və sazişin qanunverici orqan səviyyəsində ratifikasiyasına zəmin yaratdı. Beləliklə, artıq dünyanın heç bir ölkəsi Azərbaycanla əməkdaşlıqla tərəddüd etmədi və ... ölkəmizin bugünkü təntənəsinin, hərtərəfli inkişafının təməli qoyuldu.

Doğrudur, müstəqillik bizə bu gün regionun ən qüdrətli siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılması, ölkədə çoxpartiyalı sistemin formalaşdırılması, cəbhədə atəşkəsə nail olunması, ölkəmizin BMT-yə üzv qəbul edilməsi, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşulmağımız və digər bu kimi mühüm uğurlar bəxş etmişdi. Ancaq ən böyük uğuru ulu öndər Heydər Əliyevin neft strategiyasının reallaşdırılması nəticəsində qazandıq. Həmin strategiya Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün Azərbaycanın tərəfdarlarını çoxaltdı, rəsmi Bakı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm ünvanlardan birinə çevrildi, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün böyük zəmin yarandı və sair. Ölkədə yoxsulluğunişsizliyin minimuma qədər azaldılması, bir milyona yaxın yeni yerlərinin yaradılması, minə yaxın yeni məktəb binasının tikilməsi, təhsillə bağlı 16, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2 böyük Dövlət Proqramının uğurla icra edilməsi, ölkənin hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən artıq olan bir səviyyəyə qaldırılması, Qafqazda ilk dəfə olaraq Azərbaycanın kosmosa rabitə peyki çıxarmaq üçün hazırlıq işlərini başa çatdırması, Bakının çoxsaylı beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi və digər uğurlarımızın hamısı ulu öndərin yeni neft strategiyasının inkişafı nəticəsində mümkün olmuşdur.

Ancaq bu zaman bir məqamı xüsusilə qeyd etmək lazımdır. Belə ki, ölkənin təbii ehtiyatlarının və geosiyasi əhəmiyyətinin düşünülmüş rəhbərlik olmadan səmərə verməsi qətiyyən mümkün deyildir. Yəni, bütün inkişaf və tərəqqilərin yolu düzgün seçilmiş siyasi kursdan və idarəetmənin mükəmməlliyindən keçir. Bəzi dövlətlərin təbii sərvətləri yoxdur, amma inkişaf ediblər, bəzi dövlətlər neftqazla zəngin olsalar da, məhrumiyyətlər içərisində yaşayırlar. Deməli, inkişafın əsas dayaqlarından biri də məhz, ədalətli və reallığın əsas götürülməsi ilə həyata keçirilən rəhbərlikdir. Biz bunu ulu öndər Heydər Əliyevin müdrikliyinin timsalında uzun illər görmüşdük. Ancaq ümummilli liderimiz 2003-cü ilin oktyabrında elə bir müdriklik nümayiş etdirdi ki, Azərbaycan xalqı həmin müdrikliyin səmərəsini hələ uzun əsrlər boyu görəcək. Böyük dövlət xadimi öz xalqına ünvanladığı tarixi müraciətdə deyirdi: "Mən inanıram ki, mənim başa çatdıra bilmədiyim işləri İlham Əliyev sizin köməyinizlə başa çatdıra biləcək... Mən ona özümə inandığım kimi inanıram".

Xalq Heydər Əliyevə inanırdı və həmin inamın nəticəsi idi ki, prezidentliyə namizəd İlham Əliyev səs çoxluğu ilə qalib gəldi. Çünki artıq bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən Azərbaycanda siyasi kursun dəyişməsi heç kəsə sərf etmirdi. Üstəlik, prezidentliyə namizəd olan İlham Əliyevin siyasətçi, diplomat, iqtisadçı kimi keyfiyyətləri və idarəetmədəki məharəti hamıya məlum idi. Nəticə isə bütün dünyanın gözü qabağındadır. Dünyanın ən görkəmli şəxsiyyətləri bu nəticəni çox tez-tez təqdir edirlər. Beynəlxalq aləmdə dövri olaraq təqdir olunan məsələlərdən biriulu öndərin adını daşıyan fondun, xüsusən, fondun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi üçün həyata keçirdiyi çoxsaylı layihələrdir. Məhz həmin layihələr nəticəsində Azərbaycan mədəniyyəti bütün dünyada təbliğ olunur.

...Gələn ay Azərbaycan özünün dövlət müstəqilliyinin bərpasının 20-ci ilini qeyd edəcək. Geridə qalan bu müddətdəki uğurlarımızın bir neçəsini sadaladıq. Bu, bizim saydığımız tarixi faktlardır. Ancaq xaricdəki dostlarımız Azərbaycanın dövlət müsəqilliyinin xalqımıza bəxş etdiyi töhfələri belə sıralayırlar: "Əsrin müqaviləsi"nin imzalanması, Azərbaycanın Avropa Şurası üzvlüyünə qəbul edilməsi, Heydər Əliyev Fondunun yaradılması və nəhayət, ixrac neft və qaz kəmərlərinin çəkilməsi. Haqlı qərardır. Çünki bu amillərin hər biri müasir - inkişaf etmiş, qüdrətli Azərbaycan dövlətinin formalaşdırılmasında xüsusi rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan 20 il ərzində çox uğurlainamla inkişaf edib, ölkə qarşısında duran bütün vəzifələr icra edilib, ölkəmiz güclənib və dünya xəritəsində öz layiqli yerini tuta bilibdir.

 

 

Nəbi XƏLİLOV,

YAP Binəqədi rayon təşkilatının sədri

 

Xalq qəzeti.- 2011.- 30 sentyabr.- S. 4.