Erməni faşizmi alman faşizminin aqibətindən ibrət dərsi
götürməlidir
Bu fikir Respublika Veteranlar
Şurasının ümumrespublika toplantısında səslənmişdir
Dünən
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının "Əmək" sarayında
Böyük Vətən müharibəsi veteranlarının
ümumrespublika toplantısı keçirildi. Tədbir Azərbaycan
Respublikasının Dövlət himninin təntənəli sədaları
altında başlandı. Toplantıda faşizm üzərində
Qələbənin qazanılmasında böyük xidmətləri
olan həm müharibə, həm də arxa cəbhə
veteranları iştirak edirdilər.
Respublika
Veteranlar Şurasının sədri Əlövsət
Baxışov toplantını giriş sözü ilə
açaraq tədbirin məramı barədə məlumat
verdi. Dedi ki, İkinci dünya müharibəsindən 66, bu dəhşətli
faciənin başlanmasının səbəbkarlarını
ittiham edən Nürenberq prosesindən isə 65 il keçir.
Respublika Veteranlar Şurası bu hadisələrə
bugünkü baxış bucağından qiymət vermək
və Hitler nasizminin cinayətlərini təkrar edən,
ölkəmizə və xalqımıza qarşı qanlı
cinayətlər törədən erməni faşizminin
iç üzünü açmaq və bir daha dünyaya
yaymaq məqsədi ilə bu toplantını
çağırmaq barədə qərar qəbul etmişdir.
Toplantıda
"İkinci dünya müharibəsi, Nürenberq prosesi və
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə" məruzə ilə
Respublika Veteranlar Şurası Rəyasət Heyətinin
üzvü, görkəmli alim, akademik, Sosialist Əməyi Qəhrəmanı,
96 yaşlı ağsaqqal İsmayıl Əli oğlu
İbrahimov çıxış etdi.
O
dedi ki, İkinci dünya müharibəsi ona görə dəhşətli
idi ki, bu müharibə nəticəsində minlərlə
şəhər və kəndlər viran qaldı, 60 milyondan
artıq insan məhv edildi. Müharibəni, özlərini ali
irq hesab edən, dünyada hegemonluğu ələ almaq istəyən,
Hitler faşizmi başlamışdı. Ədalətsiz
müharibə idi, buna görə də məğlubiyyətlə
başa çatdı. Özlərini müdafiəyə qalxan
xalqlar, o cümlədən, o zamankı SSRİ xalqları bir
yumruq kimi birləşərək Qələbənin
qazanılmasına, sülhün əldə edilməsinə
nail oldular.
Qələbənin
əldə edilməsində Azərbaycan xalqı da öz
töhfəsini vermişdir. Müharibədə iştirak edən
700 min azərbaycanlının yarısı Vətənin
müdafiəsində şəhid oldu. Azərbaycan
xalqının 1941-1945-ci illər müharibəsində
göstərdikləri igidlikləri və fədakarlığı
saymaqla qurtarmaz. Bunları Böyük Vətən müharibəsinin
iştirakçıları, o cümlədən toplantıda
iştirak edən müharibə və əmək
veteranları yaxşı bilirlər.
Natiq
Böyük Vətən müharibəsi illərində
döyüşən cəbhənin neft və neft məhsulları
ilə təmin olunmasında Bakı neftçilərinin, bu məhsulları
cəbhəyə çatdıran dəmiryolçuların, dənizçilərin
müstəsna rolundan da bəhs etdi. Təsadüfi deyildir ki,
görkəmli hərb və dövlət xadimləri G.K.Jukov,
K.K.Rokosovski, R.Y.Malinovski, N.K.Baybakov və başqaları Azərbaycan
neftçilərinin fədakarlığını yüksək
qiymətləndirirdilər. Onlar öz xatirələrində
göstərirdilər ki, Bakı nefti olmasaydı, faşizm
üzərində qələbə çalmaq da mümkün
olmazdı.
Lakin
tək neft sahəsi deyil, Azərbaycan xalqı gecə-gündüz
bilmədən, cəbhəni ərzaq və geyimlə, ehtiyat
hissələri ilə təmin etmək üçün,
sözün əsl mənasında, fədakarlıq göstərirdi.
Respublikanın sənaye müəssisələri
bütünlüklə hərbi vəziyyətə
keçmişdi. 130-dan artıq müxtəlif adda silah, mərmi,
o cümlədən düşməni dəhşətə gətirən
məşhur "Katyuşa" bu müəssisələrdə
istehsal edilirdi. Respublikada 132 hərbi hospital yerləşdirilmişdi,
onlardan 86-sı Bakıda fəaliyyət göstərirdi.
Onların işinə xalqımızın ən layiqli şəxsiyyətləri,
ən bilikli alimləri və həkimləri cəlb
edilmişdi. Burada müalicə edilib, sağaldılan zabitlər
və əsgərlər yenidən dərhal cəbhəyə
göndərilirdi.
İ.İbrahimov
çıxışında daha sonra bildirdi ki, Nürenberq
prosesindən 65 il keçir. Tarixin dönüş nöqtələrindən
istifadə edən və dənizdən-dənizə fatehlik
xülyasına düşən, Hitler faşistləri kimi
özlərini ən ali, ən qədim millət kimi qələmə
verən erməni nasistləri, görünür, Nürenberq
prosesindən heç bir ibrət dərsi götürməmişlər.
Onlar havadarlarının köməyi ilə artıq 20 ildir
ki, Azərbaycan torpaqlarını işğal altında
saxlayırlar. İşğal nəticəsində 900-dən
artıq yaşayış məntəqəsi talan edilmiş,
yandırılmış, 6 min sənaye, kənd təsərrüfatı
müəssisəsi və digər obyektlər məhv
edilmişdir. 150 min yaşayış binası
dağıdılmış, 4366 sosial-mədəni obyekt, eyni
zamanda 695 tibb ocağı yerlə yeksan edilmişdir.
İşğal edilmiş ərazilərdə hidrotexniki
qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri
tam sıradan çıxarılmışdır.
Dağıntılar nəticəsində respublikamızın
iqtisadiyyatına 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.
"Hərbi
münaqişələr zamanı mədəni sərvətlərin
qorunması haqqında" Haaqa Konvensiyasının və
"Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi
haqqında" Paris Konvensiyasının müddəalarını
kobudcasına pozan Ermənistan Respublikasının
işğalçı qüvvələri ələ
keçirdikləri Azərbaycan ərazilərində 927
kiabxananı, 464 tarixi abidə və muzeyi, 100-dən çox
arxeoloji abidəni, 6 teatrı və konsert zalını
dağıtmışlar.
İşğal
olunmuş torpaqların qeyd-şərtsiz azad edilməsi barədə
BMT Təhlükəsizlik Şurasının hələ
1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə və
başqa aparıcı beynəlxalq təşkilatların qərarlarına,
bütün dünya dövlətlərinin Azərbaycanın ərazi
bütövlüyünü tanımalarına və məsələni
sülh yolu ilə həll edilməsinə dair ATƏT-in Minsk qrupunun
həmsədrlərinin konkret təkliflərinə, Azərbaycan
hökumətinin, ümummilil ilder Heydər Əilyevin və
onun layiqli davamçısı hörmətli Prezidentimiz
İlham Əliyevin yorulmaq bilmədən bu istiqamətdə
apardıqları ardıcıl fəaliyyətə baxmayaraq,
keçən əsrin 80-cı illərində Ermənistan tərəfindən
başlanmış təcavüz bu gün də davam edir. Atəşkəs
barədə iki dövlət arasında bağlanmış
müqavilə Ermənistan tərəfindən hər gün
pozulur, müharibə qurbanlarının sayı artır.
Natiq
belə bir faktı acı təəssüf hissi ilə
vurğulayaraq dedi ki, münaqişənin uzanmasından istifadə
edən Ermənistan rəhbərliyi öz
işğalçılıq siyasətini davam etdirir, hər
cür vasitələrlə tarixi saxtalaşdırmağa,
milli ayrı-seçkiliyi dərinləşdirməyə
çalışır, erməni gənclərini qonşu
xalqlara qarşı düşmənçilik ruhunda tərbiyə
edir. Bunu Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda jurnalistlərlə
görüşündə və Düşənbədə
MDB Ölkələri Başçıları Şurasında
çıxışları aşkar surətdə sübut
edir.
İ.İbrahimov
çıxışını optimist ruhda bitirirək dedi ki,
şükürlər olsun ki, bugünkü müstəqil Azərbaycan
nə Xalq Cümhuriyyəti, nə Sovetlər, nə də
Sovetlərin dağılması dövründəki Azərbaycan
deyildir. Dövlətimizin başçısı İlham Əliyevin
apardığı düzgün siyasət nəticəsində
Azərbaycan özünün hərbi gücü ilə hər
an öz torpaqlarını işğaldan azad etməyə
qadirdir. Lakin erməni nasistlərindən, onun prezidentindən
fərqli olaraq bizim dövlət
başçılarımız - ulu öndər Heydər Əliyev
və hörmətli Prezidentimiz İlham Əliyev heç bir
zaman başqa xalqlara qarşı düşmənçilik
münasibətində olmamışlar. Bu, xalqımızın
tarixindən və milli mənəviyyatından irəli gəlir.
Azərbaycan xalqı həmişə öz sülhsevərliyi,
beynəlmiləlçiliyi və tolerantlığı ilə
fərqlənmişdir. Həmişə belə olmuşdur, bu
gün də belədir. Ölkə başçısı
İlham Əliyev özünün mötəbər məclislərdəki
çıxışlarında dəfələrlə bəyan
etmiş və bildirmişdir ki, münaqişəyə
sülh yolu ilə son qoyularsa, azərbaycanlılarla ermənilərin
birgə yaşayış hüququ təmin ediləcəkdir.
Tədbirdə
çıxış edən müharibə və əmək
veteranları Seyfulla Baxışov, Qara Sarıyev, Sergey Məmmədov
və başqaları toplantının olduqca mühüm məsələyə
həsr olunduğunu vurğulayaraq bildirdilər ki, Respublika
Veteranlar Şurası özünün əməli fəaliyyətində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllini haqlı olaraq daim diqqət mərkəzində
saxlayır. Razılıq hissi ilə qeyd olundu ki, Respublika
Veteranlar Şurasının Rəyasət Heyəti keçən
il MDB Ölkələri Veteranlar Təşkilatının Əlaqələndirmə
Şurasına və Dünya Veteranlar Federaiyasına bəyanatlar
göndərmişdir. Şuranın rəhbərliyi Moskvada və
Parisdə çıxış edərək Qarabağ həqiqətlərini
bütün dünyaya çatdırmışdır.
Toplantı
iştirakçıları Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə
ATƏT-in Minsk qrupu ölkələrinin dövlət
başçıları - Rusiya Federasiyasının Prezidenti
Dmitri Medvedevə, Amerika Birləşmiş
Ştatlarının Prezidenti Barak Obamaya və Fransa Prezidenti
Nikola Sarkoziyə müraciət qəbul etdilər.
Müraciətdə
deyilir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tezliklə həll edilməsi, BMT Təhlükəsizlik
Şurasının, başqa beynəlxalq təşkilatların
qərarlarının yerinə yetirilməsi, Azərbaycan
torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsi
üçün sizin siyasi iradə göstərməyiniz, qətiyyətli
tədbirlər görməyiniz tələb olunur, başqa yol
yoxdur! Münaqişənin uzanması bölgədə
yaşayan xalqların maraqlarına deyil,
işğalçı və separatçı dairələrin
mənafeyinə xidmət edir. İkinci dünya müharibəsindən
66 il ötür. Biz, həyatın qanunu ilə sürətlə
azalan müharibə veteranları, son və müqəddəs
borcumuzu yerinə yetirərək sizə müraciət edir, əsası
olmayan, ədalətsiz Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə son qoyulmasını istəyirik".
Müraciət
rus, ingilis və fransız dillərinə tərcümə
edilərək yuxarıda adları çəkilən ölkələrin
Bakıdakı səfirləri vasitəsilə tezliklə
ünvanlarına çatdırılacaq. Qeyd edək ki, toplantının
materialları Azərbaycan, rus, ingilis dillərində
ayrıca kitabça şəklində dərc ediləcəkdir.
Məsaim ABDULLAYEV,
Elçin ABBASOV
Xalq qəzeti.- 2011.- 30 sentyabr.- S.
3.