Sumqayıt gənclərinin
konfransı keçirilmişdir
Ümummilli
lider Heydər Əliyevin təşəbbüsü ilə
1996-cı ildən etibarən Azərbaycan gənclərinin
forumları ərəfəsində respublikanın
bütün şəhər və rayonlarında toplantılar
keçirilir. Sumqayıt gənclərinin növbəti, VI
konfransı da bu qəbildən olan tədbirlərdən idi.
Konfrans
iştirakçıları əvvəlcə gənclərə
daim inam və etimad göstərmiş, onları Azərbaycanın
parlaq gələcəyi adlandırmış ulu öndərin
abidəsi önünə gül dəstələri qoydular və
Vətən uğrunda döyüşlərdə canlarından
keçmiş igid oğulların uyuduğu Şəhidlər
Xiyabanını ziyarət etdilər.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının zalında keçirilən konfransın əvvəlində "Sumqayıt gəncləri 2006-2010-cu illərdə" adlı sənədli film nümayiş etdirildi. Azərbaycanın dövlət himni səsləndirildi.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənovun məruzəsi maraqla dinlənildi. O bildirdi ki, ötən illər Sumqayıt gəncliyi üçün dinamik keşmiş, Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsqid edilməsi haqqında" sərəncamı gənclərin fəallığının artırılmasında böyük rol oynamışdır. Bundan bir il sonra dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur. Gənclərin problemlərinin həlli proqram başa çatdıqdan sonra da diqqət mərkəzində qalmışdır. Gənclər gününün keçirilməsi və digər bu kimi tədbirlər buna sübutdur. Bu il Prezident İlham Əliyevin sərəncamı ilə qəbul olunan növbəti dövlət proqramı da bu sahəyə göstərilən qayğının təzahürüdür.
Məruzəçi dedi ki, üç il öncə keçirilmiş gənclər konfransından sonra Sumqayıt gənclərinin fəallığı daha da yüksəlmiş, bütün sahələrdə uğurları artmışdır. Əsas məqsədi ölkədə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllinə nail olmaqdan ibarət olan mühüm dövlət sənədi Sumqayıtda da layiqincə icra edilir. Baş idarənin ötən müddətdə gənclərlə iş, bədən tərbiyəsi və idman sahələri üzrə uğurları əsl mənada fərəh doğurur. Sonra M.Həsənov həmin uğurları konkret misallarla diqqətə çatdırdı. Ali məktəblərə tələbə qəbulunda, beynəlxalq fənn olimpiadalarında, festivallarda, layihələrin tətbiqində, mötəbər idman yarışlarında Sumqayıt təmsilçilərinin möhtəşəm qələbələrini sadaladı.
Məruzə ətrafında müzakirələrdə iştirak edən gənclər onlara göstərilən dövlət qayğısından hədsiz razılıqla danışdılar və bundan sonra da öz potensiallarını Vətənin mənafeyinə sərf edəcəklərini söylədilər.
Konfransda Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov və Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının müavini Sahib Quliyev çıxış etdilər, qarşıda duran vəzifələri nəzərə çatdırdılar.
Sonda Azərbaycan Gənclərinin VI Forumuna nümayəndələr seçildi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 2 oktyabr.- S. 8.