Biləsuvar: uğurların təməlində dövlət qayğısı dayanır

 

1970-ci illərdə, ondan sonra 1990-cı illərdə Biləsuvarın inkişafında ulu öndər Heydər Əliyevin çox böyük rolu olmuşdur. Rayonun sosial- iqtisadi inkişafı indi yeni mərhələdədir. Çünki Azərbaycanın bütün bölgələrində olduğu kimi, Biləsuvarda da böyük proqramlar həyata keçirilməlidir. Bütövlükdə, Azərbaycanda regionların inkişafı proqramı bizim siyasətimizin əsas istiqamətini təşkil edir. Çünki Azərbaycanın bölgələrinin inkişafı bütövlükdə ölkəmizi də gücləndirəcək və beləliklə, Azərbaycan hərtərəfli inkişaf edəcəkdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Böyük tarixi keçmişə, geosiyasi əhəmiyyətə malik olan Azərbaycanın qədim yaşayış məskənlərundən biri də Biləsuvardır. "Böyük İpək yolu"nun üzərində yerləşən bu rayon inzibati vahid kimi 1930-cu ildə təşkil olunmuşdur. Muğan düzünün cənub istiqamətində yerləşir. İran İslam Respublikası ilə həmsərhəddir. Əhalisinin sayı 100 minə çatır. Bəzi mənbələrə görə, Büveyli əmiri Piləsuvarın X əsrdə burada saldığı şəhərə onun şərəfinə öz adı verilib: mənası isə "böyük atlı" deməkdir. Başqa bir yozuma görə isə Biləsuvar adı xəzər tayfalarından olan bilər və suvarların yaşadığı yer anlamına gəlir.

 

Biləsuvarın Şəhriyar qala yerinin və buradakı yaşayış məskənlərinin adları da mənbələrdən keçir. 1828-ci ilin fevral ayında bağlanan Türkmənçay müqaviləsinə görə, Azərbaycan bölünəndə onun üç şəhəri - Culfa, Astara və Biləsuvar da iki yerə ayrılıb.

Biləsuvar qalası Cənubi Qafqazdakı mühüm hərbi nəzarət məntəqəsinə çevrilib. Bundan yarım əsr sonra Peterburqda nəşr olunmuş siyasi-inzibati məlumat kitabında qeyd edilir ki, rus Biləsuvarında 139 dım (tüstü çıxan ev, buxarı) vardır ki, onlarda 935 nəfər - 456 tatar (azərbaycanlı), 321 rus, 12 yəhudi, 19 polyak, 7 alman və s. yaşayır.

Digər Azərbaycan əraziləri kimi, Biləsuvarın da ruslaşdırılması siyasəti XX əsrin əvvəllərində geniş miqyas almağa başlamışdı. O zaman Biləsuvarda mövcud olan 28 kənddən yalnız 6-da - Cürəli, Təzəkənd, Dövrüşlü, Ağalıkənd, Bəydili və Xırmandalıda azərbaycanlılar yaşayırdı. Xüsusilə sonralar "Əzizbəyov" adlandırılan kanalın çəkilişi ilə ətrafda xeyli rus kəndi salınaraq buraya Volqaboyu, Don sahilləri, Krasnodar və Stavropol vilayətlərindən ailələr köçürülüb.

Sovet dönəmində hökumət yerli əhalini sərhədboyu zonadan köçürmək adı altında Azərbaycan kəndlərini indiki ərazilərə məcburi köçürərək Puşkin kəndini rayon mərkəzinə çevirib və rayonu Puşkin (1938) adlandırıb. Yalnız müstəqilliyin bərpasından az sonra (1991) rayona öz tarixi adı qaytarılıb. Beləliklə, rayonun qondarma adının dəyişdirilməsini biləsuvarlılar dövlət müstəqilliyimizin onlara ilk töhfəsi hesab edirlər. Sonrakı illərdə isə bu qədim diyarın inkişafına start verilib.

Ulu öndər Heydər Əliyev hər zaman Biləsuvarın inkişafına mühüm önəm verib. Azərbaycana rəhbərlik etdiyi ilk dönəmdə də, müstəqillik illərində də bu rayondan qayğısını əsirgəməyib. Sakinlər ümummilli liderin rayona hər gəlişinə, buradan keçib gedərkən yolüstü onlarla görüşməsinə həmişə qəlbən seviniblər. Unudulmaz dahi şəxsiyyətin layiqli varisi, Azərbaycan Prezidenti İlham Əliyev də Biləsuvarda dəfələrlə olub, rayona daim qayğı göstərir və onun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı vaxtaşırı mühüm qərarlar verir. Dövlət başçısının Biləsuvara hər səfərini camaat əsl bayram kimi qeyd eləyir. Çünki bu səfərlər bir qayda olaraq rayona xeyir-bərəkət gətirir, yeni müəssisələrin tikilməsi, iş yerlərinin açılması, güzəranın daha da yaxşılaşması ilə əlamətdar olur.

...Heydər Əliyev Məktəbinin direktoru Gülmalı Gülalıyev neçə il öncə dahi rəhbərin ölməz ruhuna ehtiram əlaməti olaraq öz şəxsi xidmət obyektini muzeyə çevirib, oranı ulu öndərə aid şəkillər, kitablar və digər eksponatlarla bəzəyib. Prezident İlham Əliyev bir neçə dəfə həmin muzeydə olub, sadə zəhmət adamı ilə görüşüb, muzeyin ekspozisiyasına baxıb. Sonralar muzeyin binası rayon rəhbərliyinin köməyi ilə yenidən tikilib. Hazırda Heydər Əliyev Məktəbi əsl ideoloji mərkəzə çevrilib, burada müxtəlif ictimai-siyasi tədbirlər keçirilir, məktəb şagirdləri üçün siyasi tarix dərsləri təşkil olunur. Gülmalı kişi özünü xoşbəxt sayır ki, ulu öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərinin müqabilində o da adi bir vətəndaş kimi böyük tarixi şəxsiyyətə məhəbbətini bu şəkildə ifadə edə bilib.

Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı ilin avqustunda Lənkəran rayonuna səfərdən qayıdarkən yolüstü Biləsuvar sakinləri ilə görüşmüş, aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirmiş, rayonun inkişafına dair əlavə göstərişlər verəcəyini söyləmişdir: "Sizə bir daha söz verirəm ki, rayonun inkişafına çox böyük diqqət yetirəcəyəm..." Nəticəni çox gözləmək lazım gəlməyib. Dövlət başçısının sərəncamları ilə Biləsuvarda quruculuq işlərinə lazımi vəsaitlər ayrılıb, sosial-mədəni obyektlər tikilib, abadlıq işləri sürətlənib. Proses bu gün də eyni vüsətlə davam etdirilir.

Müstəqilliyimizin bərpasının 20 illiyi ərəfəsində Biləsuvarın sosial-iqtisadi həyatına nəzər salanda regional inkişaf üzrə birinci Dövlət Proqramının icrası ilə əlaqədar reallaşdırılan təbdirlər daha qabarıq nəzərə çarpır. Belə ki, əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə mərkəzi yarımstansuyada 40 meqavat gücündə və rayonun Səmədabad kəndində 6,3 meqavatlıq transformator yarımstansiyaları quraşdırılıb. Transformatorların və elektrik dirəklərinin böyük əksəriyyəti təzələnib. Rayona verilən təbii qazın əhaliyə itkisiz çatdırılması məqsədilə əsas daşıyıcı xəttin 7 kilometrlik hissəsi polietilen borularla əvəzlənib, şəhərdə, bir çox kəndlərdə, "Təyyarə meydanı" adlanan yaşayış massivində qaz xətləri yerin üstünə çıxarılıb. Mavi yanacaq alan ərazilər artırılıb. Yaşayış məntəqələrinə içməli su xətləri çəkilib. Rayonun 8 kəndində modul tipli sudurulducu sistem quraşdırılıb, 98 bulaq kompleksi tikilib. Sərhədyanı və rayondaxili yollar beynəlxalq standartlara uyğun təmir edilib. Uzunluğu 18,5 kilometr olan Biləsuvar-İran sərhədi avtomobil yolu yüksək keyfiyyətlə tikilərək istifadəyə verilib. Həmçinin Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisində 13,6 kilometr uzunluğunda asfalt-beton örtüklü hissəsi yenidən tikilib. Şəhər ərazisində 30 kilometr yol asfaltlaşdırılıb, 15 kilometr yol çınqıl-qum materialı ilə təmir olunub. 75 kilometr kəndlərarası yolda da bu işlər həyata keçirilib. Onda hələ Biləsuvar dolama yolunun tikintisi yenicə başlanmışdı. Şəhərdə saatlıq gücü 100 ton olan yeni asfalt-beton zavodu tikilərək istifadəyə verilib, hazırda bütün bölgə üzrə bu zavodun xidmətindən istifadə edilir. Beş ildə altı kənddə yeni poçt binaları, beş kənddə isə elektron tipli ATS-lər inşa olunub.

Həmin dövrdə, yəni 2003-2008-ci illərdə rayon icra hakimiyyətinin 250 yerlik iclas zalı, şəhər mərkəzində bulaq kompozisiyası, kəndlərdə şadlıq sarayları, un dəyirmanları, 9 ədəd mini çörəkbişirmə sexi, üzlük tava istehsal edən 3 sex, Dövlət Sosial Müdafiə Fondu üçün ikimərtəbəli inzibati bina, "Azpetrol" yanacaqdoldurma məntəqəsi, M.F Axundov küçəsində tağvari giriş qapısı, 66 saylı Dairə Seçki Komissiyasının inzibati binası, Texnikabank filialı, süd emalı zavodu, Milli Bankın ərazi idarəsinin binası, saatlıq gücü 120 kubmetr olan özəl beton zavodu tikilərək istifadəyə verilib. Rayon Maliyyə İdarəsi və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Küçələrə on minlərlə kvadratmetr asfalt tava döşənib, işıqlandırma sistemləri yenidən quraşdırılıb, kəndlər arasında kilometrlərlə beton su kanalı çəkilib, hasarlar hörülüb, rayon prokurorluğu və yanğından mühafizə bölməsi üçün binalar inşa olunub.

Biləsuvarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin qayğıları da unudulmur. Onlar üçün kəndlərdə fərdi evlər, şəhərdə isə 8 və 20 mənzilli yaşayış binaları tikilərək istifadəyə verilib. Sonra da bir neçə belə binanın və fərdi evin tikintisi davam etdirilib. Kommunal evlərin dam örtükləri müasir materiallarla üzlənib.

Rayonda təmizlik işlərini daha səmərəli aparmaq üçün 2008-ci ildə Kommunal Müəssisələri Kombinatına ümumi dəyəri 225 min manat olan 3 ədəd yeni texnika - yükünü özüboşaldan "Kamaz" avtomaşını, "Bobsat"-T-40-140 markalı teleskopik yükləyici və suçiləyici sistern avtomobili verilib. Özəl mebel fabrikində üç istehsal sexi, ofis və fəhlələr üçün istirahət otaqları tikilərək istifadəyə verilib. Hazırda fabrikdə müasir tipli mebel dəstləri istehsal olunur.

Birinci Dövlət Proqramına əsasən, rayonda pambıqçılıq və taxılçılğın dəstəklənməsi üzrə xeyli iş görülüb. Əkin sahələri artırılıb, bu hesaba yüzlərlə adam yeni iş yeri əldə edib. Torpaq adamlarının həyat şəraiti yaxşılaşıb. Suvarmanın yenidən qurulması və mühüm meliorativ tədbirlərin sayəsində kənd təsərrüfatında istehsal yüksəlib, məhsuldarlıq artıb. Heyvandarlıq sahəsində də inkişaf nəzərə çarpıb. 2006-cı ildə "Aqrolizinq" ASC-nin aqroservis xidməti yaradılıb. 2008-ci ildə illik gücü 10 min ton olan süd emalı zavodu işə salınıb.

"Biləsuvar AQRO" MMC adlanan süd emalı zavodu 2007-ci ildə tikilməyə başlanıb. Bir il sonra, oktyabrın 7-də dövlət başçısının iştirakı ilə zavodun açılışı olub.

Həmin dövrdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Biləsuvarda 4 məktəb tikilib. Məktəb-lisey kompleksinin yeni binası 2008-ci ildə istifadəyə verilib. Bundan başqa, bir sıra məktəb üçün əlavə sinif otaqları, yeni korpuslar da inşa olunub. Təhsil ocaqlarının qızdırıcı sistemlə təchizatı yaxşılaşıb, maddi-texniki bazası genişləndirilib.

Səhiyyə sistemi də yeniləşdirilib. Mərkəzi xəstəxananın əksər şöbələri əsaslı təmir olunub. Kəndlərdə neçə-neçə feldşer-mama məntəqəsi, ambulatoriya tikilib və mövcud sağlamlıq ocaqları təmir edilib.

Ulu öndərin xatirəsinə tikilmiş möhtəşəm park və muzeyin 2008-ci il may ayının 10-da təntənəli açılış mərasimi keçirilib. Mədəniyyət obyektləri də günün tələbləri səviyyəsində yenilənib. İnşasına 2006-cı ildə başlanmış Olimpiya İdman Kompleksi də iki il sonra qapılarını gənclərin üzünə açıb. Kompleksdə örtülü zal, hovuz, mehmanxana, açıq stadion, tennis kortu, voleybol və basketbol meydançaları, kotteclər və digər idman qurğuları fəaliyyət göstərir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Biləsuvar rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti də müsbətdir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, xidmət, təhsil, səhiyyə, mədəniyyət sahələrində böyük uğurlar qazanılıb.

Biləsuvarın həyatında 2010-cu il də yaddaqalan hadisələrlə zəngin olub. Həmin il aprelin 29-da rayona səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvarda "Azərsun" Holdinqin nəhəng konserv zavodunun, rayon mərkəzindəki "Ana və Uşaq Mərkəzi"nin, gömrük buraxılış məntəqəsində yük terminalının və 12 kilometrlik dolama yolun açılış mərasimlərində iştirak etmiş, xeyir-dua və tövsiyələrini vermişdir.

"Azərsun"un yeni kompleksi rayonun iqtisadiyyatını xeyli gücləndirib. Xaricdən müasir avadanlıq gətirilib və burada ən geniş çeşiddə tomat pastası, turşu, yaşıl noxud, qarnirlər, tərəvəz konservləri istehsal edilir. Məhsullar ekoloji saflığı ilə seçilir. İstehdsal gücü 60 min tona bərabərdir. Məhsullar daxili bazarla bərabər, MDB, Yaxın Şərq və Avropa ölkələrinə ixrac olunur. Müəssisədə 250 nəfər daimi iş yeri tapıb, mövsüm zamanı çalışanların sayı 2500-ə çatır. Zavodun 3500 hektaradək əkin sahələri də var.

Müəssisənin işinə yüksək qiymət verən dövlət başçısı milli sahibkarlara Azərbaycan iqtisadiyyatına töhfələr verməyi tövsiyə etmişdir: "Arzu edirəm ki, Azərbaycan sahibkarları öz sərmayələrini Azərbaycana qoysunlar. Azərbaycanda və xaricdə qazanılan vəsaiti Azərbaycan iqtisadiyyatına qoysunlar ki, ölkəmiz daha da sürətlə inkişaf etsin, çiçəklənsin və iqtisadi inkişaf baxımından dünyanın aparıcı ölkələri sırasına daxil olsun. Mən şübhə etmirəm ki, vaxt gələcək və Azərbaycan, sözün əsl mənasında, dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir. Bizim iqtisadi imkanlarımız artır, maliyyə resurslarımız kifayət qədərdir, iradə güclüdür, bütün işləri görmək üçün texniki imkanlarımız var, dövlət investisiya proqramı da çox geniş və çoxşaxəlidir. Biz bütün bu amilləri cəmləşdirsək görərik ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı təmin ediləcəkdir".

Biləsuvar Regional Ana və Uşaq Mərkəzinin təməli 2009-cu ildə qoyulub. Bir il sonra dövlət başçısı müasir səhiyyə ocağının açılışına gəlib. Bildiyimiz kimi, dövlət müstəqilliyimizin bir əsas nailiyyəti də səhiyyə sisteminin yenidən qurulmasıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər Azərbaycanda səhiyyə işinin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genofondun qorunmasına, mövcud problemlərin köklü həllinə yönəlmişdir.

Biləsuvardakı mərkəzin müasir cərrahiyyə bloku, poliklinikası, ginekologiya, perinatal və digər şöbələri var. Tikintinin böyük zövqlə və keyfiyyətlə başa çatdırıldığını vurğulayan Prezident İlham Əliyev deyib ki, indi əsas məqsəd burada yaxşı tibbi xidməti təmin etmək olmalıdır. Hazırda mərkəzdə bu yöndə səylər davam etdirilir.

Rayonun sürətli inkişafı daha bir qurumun - sərhəd keçid məntəqəsinin yenidən qurulması və yeni gömrük məntəqəsinin yaradılması zərurətini ortaya çıxarmışdı. Prezident İlham Əliyev buraya da gəlmiş, məntəqənin imkanları və iş şəraiti ilə tanış olmuşdur.

Biləsuvar dairəvi yolunun tikintisi Azərbaycanın iqtisadi qüdrətinin, potensialının göstəricilərindəndir. Prezidentin rəmzi lentini kəsdiyi bu yol cənub bölgəsinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasında mühüm rol oynayır. Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolu ilə hərəkət edən tranzit nəqliyyat vasitələri artıq Biləsuvar şəhərinə girmədən keçib gedir. Burada sutkada 7 mindən artıq avtomobil şütüyür. Sürücülər də, şəhərdaxili yollarının sıxlığı, gərginliyi azalan Biləsuvarın sakinləri də bu rahatlıqdan çox məmnundurlar.

Ötən il Biləsuvarda "Bayraq meydanı"nın və 2 hektar ərazidə parkın, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı ilə bağlı yerlər qaydaya salınıb. Rayonun infrastrukturu daha da genişləndirilib. "Azərsun" Holdinqin "Biogübrə" zavodu tikilir. "Biləsuvar-Süd" MMC təsis edilib, bu müəssisənin ixtiyarına 800 hektar torpaq sahəsi verilib. Burada iri heyvandarlıq kompleksi yaradılır, əkin və digər təsərrüfat işləri görülür.

Cari il də uğurla başlayıb. Rayonda tikinti-abadlıq sahəsində xeyli iş görülüb. Yeni rəhbərlik işlərin zövqlə, səliqə və keyfiyyətlə aparılmasını diqqətdə saxlayır. Yolların təmiri yüksək səviyyədə gedir. Şəhərin beş küçəsində 4 kilometrədək asfalt-beton örtüklü yol çəkilib. Eyni zamanda, rayonun kəndlərində 40 kilometrdən artıq məsafədə yol-təmir işləri həyata keçirilib. Qarabağ əlilləri və şəhid ailələri üçün şəhər ərazisində dördmərtəbəli, 16 mənzilli yaşayış binasının və kəndlərdə 9 fərdi evin tikintiləri başa çatdırılıb. Milli Qəhrəman M.İbrahimovun ailəsi üçün Əliabad kəndinin giriş hissəsində ikimərtəbəli yaşayış evinin tikintisi, ərazidə yaşıllıq zolağının salınması, 400 metr məsafədə magistral yolun genişləndirilməsi, asfaltlaşdırılması və müasir işıqlandırma sisteminin quraşdırılması başa çatıb. Bundan başqa, şəhərin M.İbrahimovun adı verilmiş küçəsində abadlıq tədbirləri lazımi səviyyədə görülüb. Səmədabad kəndində yanğından mühafizə bölməsinin, şəhər ərazisində "Aqrolizinq" ASC-nin rayon aqroservisi üçün inzibati bina və texnika parkının inşası davam etdirilir. Şəhər ərazisində maliyyə idarəsinin inzibati binasında, Əliabad kəndində 192 şagird yerlik orta məktəb binasında əsaslı təmir aparılıb, şəhərin Heydər Əliyev küçəsində vergi terminalının tikintisinə başlanıb.

Qarşıdakı dövrdə Dövlət Proqramına uyğun olaraq bir sıra işlər görülməlidir. Elektrik təsərrüfatının yenidən qurulması, yaşayış məntəqələrinin ardıcıl qazlaşdırılması, yol infrastrukturunun qorunması və genişləndirilməsi, içməli su və kanalizasiya xətlərinin çəkilməsi bu qəbildəndir. Rayon mərkəzindəki Gənclər parkı yenidən qurulacaq və parkda Heydər Əliyev muzeyi yaradılacaq. Gənclər Mərkəzi, Şahmat Məktəbi, Elektron kitabxana tikiləcək və s.

...Biləsuvarın şöhrətli oğullarından olan mərhum şair Zamin Mahmudov əyilməzlik mövzusunda qələmə aldığı bir şeirində yazırdı ki, "gözəlliyin önündə insan əyilsin təki". Bu gün, doğrudan da, şəfəqlər içində sayrışan Muğanda - Biləsuvarda önündə əyilməyə dəyən gözəllikər çoxdur. Bunlar hamısı dövlət müstəqilliyimizin verdiyi imkanlar sayəsində yaradılıb. İnanmaq istərdik ki, inkişafının təməlində dövlət qayğısının dayandığı Biləsuvar bundan sonra daha da böyüyəcək və gözəlləşəcək.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 2 oktyabr.- S. 7.