İlyas Əfəndiyev və Azərbaycan mədəniyyət quruculuğu

 

XX əsr Azərbaycan ədəbiyyatının klassiki, qüdrətli qələm sahibi, lirik hekayələr ustadı, monumental nəsrimizin yaradıcılarından biri və milli dramaturgiyamızın yarım əsrini böyük cəsarətlə öz çiynində daşıyan xalq yazıçısı İlyas Əfəndiyev milli mədəniyyətimizin görkəmli simalarından biridir. Yazıçının bədii əsərlərində toxunduğu mənəviyyat problemləri özəl bədii-estetik dəyərinə, dərin fikir genişliyinə, ictimai-sosial mahiyyətinə görə bu gün də düşündürücüdür, milli əxlaq tərzinin formalaşmasında çox dəyərli əhəmiyyət kəsb edir.

 

Mütəfəkkir sənətkar ən qlobal bəşəri mövzulara, qatı sosial-ictimai problemlərə məhz insan mənəviyyatından pəncərə açdı, yeni baxım bucağı ilə oxucunu daha böyük ülviyyətlə öz qələminin diktəsinə səfərbər etdi. İlyas Əfəndiyev yaşı əsr yarımlıq həddə yaxınlaşan peşəkar teatrımızın əlli ilinin repertuar ağırlığını əzəmətlə çiyinlərində daşıdı. O, damaturgiyamıza onlarca kamil və orijinal obrazlar qalereyası bəxş etdi. İlyas Əfəndiyev Azərbaycan milli teatrında lirik-psixoloji üslubun təməlini qoydu və onun formalaşması üçün ölməz sənət əsərləri yaratdı. Rejissorlar yeni janr, üslub, ifadə vasitələri axtarışlarında öncə İlyas Əfəndiyev dramaturgiyasının incilərinə istinad etdilər. Mövzuların ümumbəşəriliyinə, konfliktlərinin psixoloji dərinliyinə, mənəvi-əxlaqi dəyərlərin miqyasına görə İlyas Əfəndiyevin bədii irsi bu gün də aktualdır.

Ustad sənətkar öz yaradıcılığı etibarilə klassik irsə, milli ədəbi ənənələrə dərin köklərlə bağlı idi. Yazıçının ədəbi qəhrəmanlarını dünya ədəbiyyatı kontekstindən kənarda təsəvvür və təhlil etmək qeyri mümkündür. İlyas Əfəndiyevin əsərləri bir sıra dünya xalqlarının dillərinə tərcümə olunmuş və həmin məmləkətlərdə yaşayan insanların mənəvi aləminə daxil olmuşdur. Çox əlamətdar və sevindirici haldır ki, İlyas Əfəndiyevin oxucu auditoriyası öz çevrəsini mütəmadi olaraq genişləndirməkdədir. Təbii ki, zaman keçdikcə mütəfəkkir sənətkarın yaradıcılığına olan maraqsevgi daha da artacaq.

İlyas Əfəndiyevin ibrətamiz və mənalı həyat yolu sübut edir ki, yazıçının ən böyük vəzifəsi onun yüksək mündəricəli əsərləri, ən böyük sərvəti isə oxucu məhəbbətidir. "İnsan yalnız fədakarlıq göstərəndə öz varlığını sübut edir" - sənətkarın, demək olar ki, bütün əsərlərinin leytmotivinə çevrilən əsl ideya budur. Onun çoxmilyonlu oxucularının qəlbinə yol tapan müsbət qəhrəman obrazları da məhz bu ideyanın bədii təcəssümüdürlər.

İlyas Əfəndiyevin mədəniyyətimizin inkişafındakı ən böyük xidməti, heç şübhəsiz, onun milli teatrımıza bəxş etdiyi dram əsərləri ilə bağlıdır. H.Cavid, C.Cabbarlı, S.Vurğun kimi dramaturqlardan sonra estafeti ələ alanonu inamla irəliyə aparan dramaturq teatrımızda xüsusi bir mərhələ təşkil edən "İlyas Əfəndiyev teatrı"nı formalaşdırdı. Dramaturqun yazdığı 22 pyesdən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və bu pyeslər çağdaş teatr təfəkkürünün inkişafına güclü təsir göstərib. Azərbaycan teatr poetikası bədii-estetik siqlətini geniş anlamda "İlyas Əfəndiyev teatrı"nda tapdı.

İlyas Əfəndiyev elə bir şəxsiyyət və yaradıcı sənətkar idi ki, o, istedadının gücü ilə mədəniyyətimizin müxtəlif sahələrinə nüfuz edə bilmişdir. Xalq yazıçısının çoxçeşidli yaradıcılığında televiziya, kino, teatr, musiqi və xanəndəlik sənəti, sanki bir-birinə qovuşub-qarışıb yaşayır. Belə ki, Azərbaycan ədəbi mühitində ustad sənətkarın bir sıra əsərləri həm uğurla səhnədə tamaşaya qoyulmuş, həm də kinoteleviziya ekranına yol tapmışdır. Bütövlükdə, İlyas Əfəndiyev yaradıcılığı milli mədəniyyətimiz üçün əsl məhək daşı qüdrətinə malikdir.

Xalq yazıçısının dram əsərləri ilə yeni rejissor, aktyor, bəstəkar və rəssam nəsli formalaşdı. "İlyas Əfəndiyev teatrı"nın fəlsəfi-estetik və fikri-bədii təravəti bu gün də oxucuların və tamaşaçıların vətənpərvərlik hissininestetik zövqünün formalaşmasına öz təsirini göstərir. Akademik Bəkir Nəbiyev haqlı qeyd edir ki, "Leninə, Stalinə, sosializmə, partiyaya dair şüarşit təriflərlə dolu olan bu cür yazılardan tamamilə fərqli olaraq İlyas Əfəndiyevin əsərləri azərbaycançılığın, ilk növbədə, məhz ədəbi, milli-mənəvi dəyərlər, yüksək bəşəri ideallar işığında təqdimindən və tərənnümündən ibarətdir".

İlyas Əfəndiyev Azərbaycan nəsr tarixinin ən parlaq, ən uğurlu səhifələrindən biridir. Onun "Kənddən məktublar", "Yun şal", "Qırçı və qırmızı çiçək", "Apardı sellər Saranı", "YusifEsfir", "Yaylaq qonşumuz", "Dağlar arxasında üç dost", "Üçatılan", "Geriyə baxma, qoca", "Körpüsalanlar", "Söyüdlü arx", "Sarıköynəklə Valehin nağılı" və s. hekayə, povest və romanları milli ədəbiyyatımızın yeni bir mərhələsidir. İlyas Əfəndiyev Azərbaycan sovet ədəbiyyatının kanonlaşdırılmış çərçivələri hüdudlarından imtina edərək yeni ədəbiyyatın yaranması üçün bədii-estetik zəmin hazırladı. Onun yaradıcılığında müasirlik geniş fəlsəfi məna daşıyır. Müasirlik öncə onun əsərlərinin ideya-məzmununda, yaratdığı obrazların dünyagörüşündə, mənəvi-əxlaqi aləmində özünü göstərir.

Dramaturqun qəti inamına görə ədəbiyyatda müasirlik müasir həyatı düzgün, istedadla əks etdirmək deməkdir. Professor Yaşar Qarayev yazırdı: "Sənətdə Cabbarlı təliminin bir məqamı İlyas Əfəndiyevin yazıçı üslubunda xüsusi olaraq gözlənilir: məişətdə, əxlaqda inqilabyenilik. Yalnız texnikada, sənayedə, paltarda və güzəranda yox, ürəkdə, fikirdə, daxili aləmdə yenilik. Məhz müasirlik bir keyfiyyət kimi bu yaradıcılığı mövzu-problem baxımından tam xarakterizə edir: o, müasir olmayan pyes, müasirliyə xidmət etməyən nəsr yazmamışdır. Ən başlıcası isə odur ki, ədibin həyatda yenilik, müasirlik axtarışları sənətdə və sənətkarlıqda yenilik axtarışları ilə vəhdət təşkil edir".

İlyas Əfəndiyev dövrün hakim ideologiyasına boyun əyməyərək, xalq həyatını azərbaycançılıq və türkçülük məfkurəsi ilə təcəssüm etdirərək XX əsr Azərbaycan ədəbiyyatının klassikinə, ən böyük yazıçısına çevrildi. Onu bəşəri və heç bir zaman təravətini itirməyən əsərləri dünya miqyasında tanıtdı. Sənətkarın əsərləri fransız, ingilis, alman, ərəb, rus, fars, türk, çex, polyak, slovak, bolqar, macar, ispan, litva, eston, gürcüs. xalqların dillərinə tərcümə olunub. İlyas Əfəndiyev XX əsr Azərbaycan nəsrinin, dramaturgiyasının, ədəbi dilininteatr sənətinin inkişafında xüsusi yeri olan sənətkardır. İlyas Əfəndiyev yaradıcılığının özünəməxsus dilüslub özəllikləri var. Qüdrətli qələm sahibi Azərbaycan dilinin saflığı uğrunda ardıcıl çıxış etmişdir. Dilin gözəlliyindən bəhs edən ədib yazırdı: "Xalqımızın dili onun əvəzsiz sərvətidir. Qafqazda, Yaxın Şərqdə bu dilin əhəmiyyəti barədə yüksək fikirlər söylənilib. Dədə-babalarımız, görkəmli söz adamlarımız dilimizi qoruyub zənginləşdiriblər. Ana dilimizin qayda-qanunlarını pozmağa heç kimin haqqı yoxdur. Dili qorumaq qeyrət işidir, buna etinasız yanaşmaq olmaz".

İlyas Əfəndiyev yaradıcılığı əsasən milli ədəbi ənənələrimizin yeni forma və məzmununda davaminkişaf etdirilmişdir. Bədii əsərlərinin dili əfsanə, rəvayət, nağıl və dastanların leksikasından gələn üslubi çalarlarla zəngindir. El ədəbiyyatından gələn dərin hikmət, hər bir sözü yerində işlətmək, bədiilik və obrazlılıq, şirin təhkiyə, yüksək şeiriyyət bu əsərlərin təsirliliyini, bədii siqlətini və məna dərinliklərini daha da artırır.

Dramaturqun tarixi dram əsərləri özünün bədii-fəlsəfi fikir dərinliyi, milli problematikanın müasirliyi, yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə özünəməxsus mövqe tutur. Yüksək ideya- bədii səviyyəsinə, tarixi hadisələrin real təsvirinə və müvəffəqiyyətli səhnə təcəssümünə görə dramaturqun "Xurşidbanu Natəvan" əsəri həm oxucuların, həm də tamaşaçıların dərin marağına səbəb oldu. Ümummilli lider Heydər Əliyev "Xurşidbanu Natəvan" pyesinin uğurlu tamaşasına baxdıqdan sonra öz fikirlərini dramaturqa bildirərək demişdir: "Natəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı, gözəl xan qızının timsalında siyasi baxımdan və onun xan qızına layiq hərəkətləri ilə bizim Şərq qadınlarının obrazını yarada bildiniz. Mən buna görə sizə sağ ol deyirəm. Mən son monoloqunuza görə sağ ol deyirəm".

"Sosializm realizmi" deyilən qondarma (əslində ideologiyanı təbliğ edən) bir metodun tüğyan etdiyi zamanda xalq yazıçısı öz mənəvi dünyasında yaşatdığı əsl sənət əsərlərini yaratdı. Vətənimizi iki yerə parçalayan müstəmləkəçilik siyasəti, xalqımızın bütövlüyü və müstəqilliyi hər an sənətkarı düşündürən əsas məsələlərdən olub. Cənubi Azərbaycanın tarixi olayları, milli xalq qəhrəmanlarının şərəfli mübarizə yolları, tarix və ədəbiyyatı, mədəniyyət və dil məsələlərinin dərindən tədqiq edilib öyrənilməsinə xalq yazıçısı ciddi əhəmiyyət verirdi. Xüsusilə, milli folklor xəzinəmizin toplanmasında və nəşrində Cənubi Azərbaycan folklorunun oraya qatılmasını da ustad sənətkar vacib sayırdı.

Sovet ideologiyasına xidmətdən hər zaman uzaq olan yazıçı müsahibələrinin birində yazırdı: "Hər xalqın taleyində müqəddəs, göynərtili dərdlər olur. Azərbaycan xalqının da belə faciələrindən biri onun ikiyə parçalanması, qardaşın-qardaşa həsrət qalmasıdır. Bu elə dərddir ki, Azərbaycan dilində yazan hər bir sənətkarın ürəyində qubar bağlayıb. Kimi az, kimi geniş şəkildə müxtəlif formalarda həmin mövzulara müraciət edib. O cümlədən mən də".

Ayrılığın acısını, insani hüquqları tapdanmış soydaşlarının acınacaqlı taleyini düşünən sənətkar yazırdı: "Ümumiyyətlə, bu ayrılığın acısını qəlbimdə həmişə hiss edirəm. Yeri gəldikcə, istər "Apardı sellər Saranı", "Qarı dağı", "Gənclər" və sairə nəsr əsərlərində, istərsə də "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Natəvan", "Büllur sarayda", "Bizim qəribə taleyimiz" pyeslərimdə bu barədə bəzən dolayı yolla, bəzən də birbaşa sözümü deməyə çalışmışam. Əlbəttə ki, vaxtı ilə bu mövzunu dilə gətirmək mümkün deyildi".

İlyas Əfəndiyev yaradıcılığı boyu milli mədəniyyətimizin təəssübkeşi olub. Onun mədəniyyətimizə həsr etdiyi nəzəri-estetik məqalələri öz aktuallığı, məna tutumu ilə seçilir. Dramaturgiyaya, teatra, kinoya, musiqimizə, təsviri sənətimizə, mənəviyyatımıza həsr etdiyi məqalələri bu günmüasirdir.

Mənəvi dəyərlərimizin qorunmasına və yaşadılmasına yazıçı daim yüksək qiymət verirdi. O, milli-mənəvi dəyərlərimiz haqqında düşünərkən, babalarımızın vaxtilə müqəddəs saydıqları namus ənənələrinin yanından sükutla keçə bilmirdi. "Bizim milli namusumuz hər dövrdə, hər bir çətinlikdə xalqımızın mənəvi dayağı olub. Milli namus yalnız ər-arvad məsələlərinə aid olmayıb. Atalarımız milli namus dedikdə, Vətən, millət namusu, qonum-qonşu təəssübü, böyük-kiçiyə hörmət və izzət haqqında düşünüblər".

Azərbaycan ədəbiyyatı və mədəniyyətini həmişəyaşar əsərləri ilə zənginləşdirən görkəmli dramaturqumuz, sevimli xalq yazıçımız İlyas Əfəndiyevin vəfatından on beş il keçir. Çoxşaxəli yaradıcılığında milli özünüdərklə ümumbəşəri dəyərlər arasında bir körpü yaradan dünya şöhrətli dramaturqun bütün zamanlarda oxunan bədii irsi bu günçoxmilyonlu oxucular tərəfindən sevilə-sevilə oxunur. İlyas Əfəndiyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyi idi. O, öz yaradıcılığında azadlığımızı, milli suverenliyimizi və istiqlalımızı həmişə tərənnüm edirdi. Müdrik sənətkar sağlığında bu arzusuna çatdı. Ancaq Qarabağın ermənilər tərəfindən işğalı ona böyük dərd oldu. Və özüylə birlikdə Qarabağ nisgili apardı.

Ümumxalq məhəbbəti qazanmış ölməz sənətkarımız əbədiyyətə qovuşsa da Azərbaycan xalqının qəlbində özünə əbədi heykəl ucaltdı.

 

 

Vəfa XANOĞLAN,

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2011.- 2 oktyabr.- S. 6.