Müstəqilliyimizə
əbədi təminat yaratmış lider
Tarixi
təcrübə sübut edir ki, hər bir xalqın milli
müstəqilliyə qovuşması üçün əiverişli
siyasi mühit və milli iradənin olması vacib şərtlərdir.
Lakin güclü və vətənpərvər lideri
olmayan xalqın real şansdan yetərincə yararlanması,
milli iradəsini toparlayaraq müstəqillik, azadlıq
ideallarına qovuşması da mümkün deyildir. Belə
situasiyalarda qətiyyətlə önə çıxan
böyük şəxsiyyətlər xalqlarının daim
arzusunda olduğu azadlıq, müstəqillik və milli
dövlətçilik kimi ali idealların gerçəkləşməsində
müstəsna rol oynayır, bununla da əbədiyaşarlıq
zirvəsinə yüksəlirlər.
XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider Heydər Əliyev də məhz belə xarizmatik liderlərdən biri kimi xalqımızın taleyində misilsiz rol oynadı, onu tarixən can atdığı müstəqillik ideallarına qovuşduraraq mütərəqqi tarixi ənənələr əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürdü. Bu gün siyasi baxışlarından asılı olmayaraq, mütləq əksəriyyət etiraf edir ki, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində və bu istiqamətdə cərəyan edən müxtəlif proseslərdə öndə getdiyini birmənalı olaraq təsdiqləyən faktlar kifayət qədərdir.
Respublikada geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyatı, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atıldı. Muxtar Respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş birinci sessiyasında Azərbaycanın milli dövlətçiliyinin dirçəlişi geniş müzakirə olundu, keçmiş Naxçıvan MSSR-in adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verildi. Həmin sessiyada həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında da yekdilliklə qərar qəbul edildi. Eyni zamanda, yeni gerb və himnin hazırlanması üçün müsabiqə elan olundu.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi xalqımızın müstəqillik mücadiləsi ilə bağlı konstitusion müstəvidəki ilk həlledici addımı atdı. Bu qərarlarla Naxçıvan Muxtar Respublikası faktiki olaraq keçmiş SSRİ-nin yurisdiksiyasından çıxarıldı. Sonrakı mərhələdə muxtar respublika rəhbərliyinin çıxardığı digər tarixi qərarlar da Azərbaycan xalqının həqiqi müstəqilliyə qovuşmasını sürətləndirdi. 1991-ci il martın 17-də Azərbaycanda keçirilən və keçmiş SSRİ-nin saxlanılmasına münasibəti ifadə edən referendumun Naxçıvanda boykot edilməsi faktı da ulu öndərin müstəqillik ideallarına nə qədər bağlı şəxsiyyət olduğunu təsdiqləyir. O zaman respublika rəhbərliyi bu seçkiləri saxtalaşdıraraq Moskvanın tələb etdiyi qərarı "rəsmiləşdirsə" də, Naxçıvan ictimaiyyəti ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqillik istəyini ortaya qoydu.
1991-ci il avqustun 30-da keçmiş Azərbaycan SSR Ali Soveti demokratik qüvvələrin, o cümlədən Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin səyləri ilə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" bəyanat qəbul etdi. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquqi paktlarda və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı. Ali Sovetin 30 avqust tarixli iclasında bəyanatla yanaşı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı" layihəsinin iki həftə müddətində hazırlanması barədə qərar qəbul edilsə də, təəssüf ki, o vaxtkı respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitdi. Etiraf etməliyik ki, həmin vaxt hökumətin hazırladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı" layihəsində müəyyən çatışmazlıqlar, boşluqlar var idi. Məhz buna görə də alternativ layihə hazırlanmış, bu layihə müvafiq işçi qrupuna təqdim edilmişdi. Lakin oktyabrın 17-də Ali Sovetdə dövlət müstəqilliyi barədə Konstitusiya Aktı müzakirəyə çıxarılanda alternativ layihə ümumiyyətlə nəzərə alınmamışdı.
O zaman Ali Sovetin deputatı kimi mən çıxış edərək göstərdim ki, əgər biz doğrudan da, Azərbaycanın dövlət müstəqilliyini bərpa ediriksə, onda: Birinci, Azərbaycan Respublikasının 1918-ci ilin may ayının 28-dən 1920-ci ilin aprelin 27-nə qədər mövcud olmuş eyniadlı dövlətin hüquqi xələfi adlandırırıqsa, o vaxt Azərbaycanın ərazisi 114 min kvadratkilometr olmuş və ötən 70 il ərzində Azərbaycan öz ərazisinin faktiki olaraq 28 min kvadratkilometrini itirmişdir. Biz əgər dövlət müstəqilliymizi bərpa ediriksə, deməli, bu dövr ərzində torpaqların (28 min kvadratkilometr) verilməsi ilə əlaqədar çıxarılmış qanunlar, qərarlar, müqavilələr və s. sənədlər ləğv edilməlidir və biz həmin əraziləri tələb etməliyik. İkinci, hazırlanan ikinci qanun layihəsi var və mən onu oxumuşam. Yəqin ki, deputat yoldaşlar da oxuyublar. Mən təklif edirəm ki, yeni komissiya yaradılsın, hər iki layihəyə birgə baxılsın, yeni qanun layihəsi hazırlansın və yekun layihə Ali Sovetin sessiyasında müzakirə edilsin. Üçüncüsü, hazırlanmış yekun qanun layihəsi təkliflərlə birlikdə ümumxalq müzakirəsinə (referenduma) verisin. Bu çıxışdan sonra Ali Sovet qərara aldı ki, müvafiq işçi qrupu yaradılsın və hər iki layihə üzərində operativ şəkildə iş aparıb Ali Sovetə müzakirə üçün vahid layihə təqdim etsin. Oktyabrınn 17-də axşam yeni yaradılmış işçi qrupu sənəd üzərində gərgin iş apardı.
Hökumətin hazırladığı sənəd
ilk növbədə hüquq varisliyi, bununla bağlı
yaranan və yaranacaq mülkiyyət məsələlərini əhatə
edirdi. Sənəddə Azərbaycan ərazisində yerləşən
daşınmaz əmlakın Azərbaycana məxsus olması,
daşınar mülkiyyətin isə yalnız müvafiq
sazişlər əsasında başqa dövlətə verilməsi,
keçmiş SSRi qanunvericiliyinin hansı hədlərdə,
ölkə ərazisində hüquqi qüvvəyə malik
olması və s. barədə məsələlər öz əksini
tapmışdı. Bütun bunlar nəzəriyyədən
daha çox, praktiki məsələlər idi. Lakin sənəddə
mülkiyyət hüquqları, sahibkarlıqla bağlı məsələlər
yox dərəcəsində idi. Eyni zamanda, əgər həmin
vaxt Azərbaycan ərazisində yalnız Azərbaycan
qanunlarının işlədiyi bəyan olunsaydı, bu, xaosa,
ağlasığmaz özbaşınalıqlara gətirib
çıxarardı. Çünki mövcud qanunların
hamısı SSRİ dövründə
hazırlanmışdı. Digər tərəfdən,
keçmiş SSRİ-nin heç də bütün
qanunları Azərbaycanın müstəqilliyinə zidd
deyildi. Alternativ layihədə göstərilmişdi ki,
dövlət müstəqilliyinə xələl gətirməyən
SSRİ qanunlarını Ali Sovet özü müəyyənləşdirməlidir.
Bundan başqa, hökumət
layihəsində demək olar ki, preambula yox idi. Nəticə
etibarilə 18 oktyabrda müzakirəyə
çıxarılan layihədə alternativ təkliflərin
böyük qisminin nəzərə alınması "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında Konstitusiya Aktı"nın daha təkmil sənəd
kimi qəbuluna imkan verdi. Bu gün də böyük qürur
hissi ilə xatırlayıram ki, o zaman təşəbbüskarı
olduğum məsələlər reallaşdı və "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında Konstitusiya Aktı" daha da təkmilləşdirildi.
1991-ci il
oktyabrın 18-də böyük dövlət xadimi Heydər Əliyevin
bir il əvvəl təşəbbüskarı olduğu lAzərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında Konstitusiya Aktı"nın Ali Sovet tərəfindən
qəbul edilməsiylə Azərbaycanın istiqlaliyyəti
bütün dünyaya bəyan edildi. Həmin Konstitusiya
Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq
Cümhuriyyətinin varisi və müstəqil respublika elan
etdi. Bu tarixi sənəddə Azərbaycan xalqının idarəetmə
formasını seçmək, başqa xalqlarla münasibətlərini
müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni
həyatını öz tarixi və milli ənənələrinə,
ümumbəşəri dəyərlərə uyğun
inkişaf etdirmək hüququ təsbit olunmuşdu. "Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi haqqında
Konstitusiya Aktı"nın 12-ci maddəsində Azərbaycan
xalqının müstəqil, dünyəvi, demokratik,
hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri
öz əksini tapmışdı. Bu ali sənəddə
hakimiyyətin və eləcə də bütün təbii sərvətlərin
xalqa mənsubluğu, mülkiyyətin bütün
formalarının bərabərliyi, vətəndaşların
seçki hüququnun, çoxpartiyalı sistemin təminatı,
habelə insan və vətəndaş hüquq və azadlıqlarının
ümumi prinsipləri də rəsmən elan edilmişdi. Beləliklə,
Azərbaycan xalqı uzun illərdən sonra özünün
müstəqillik ideallarına qovuşsa da, bu, əslində,
formal xarakter daşıyırdı. Yalnız 1993-cü ildə
ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində
dövlətçilik ideyalarının bərqərar
olması fundamental mahiyyət kəsb etməyə
başladı. Ölkə xaosdan, vətəndaş müharibəsindən,
hərc-mərclikdən, bir sözlə, dövlətçiliyini
itirmək təhlükəsindən qurtuldu. 1994-cü ilin
oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev
özünün qətiyyəti və xarizması ilə Azərbaycan
dövlətçiliyini ağır faciələrdən xilas
edə bildi. Ümummilli lider siyasi sabitliyi təmin etməklə
yanaşı, həm də demokratik dövlət modeli
konsepsiyasını da uğurla həyata keçirməyə
başladı. 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə
Azərbaycan demokratik, hüquqi, unitar dünyəvi dövlət
kimi ilk dəfə olaraq insan hüquqlarının
prioritetliyini və hakimiyyət bölgüsünü
özünün gələcək inkişaf yolu kimi
seçdi. Ulu öndər Heydər Əliyevin müəllifliyi
ilə hazırlanmış və ümumxalq səsverməsi
nəticəsində qəbul olunmuş bu ali sənəd
müstəqil Azərbaycan Respublikasının
Konstitusiyası kimi tarixə yazıldı. Dövlətçiliyin
əsas atributlarından biri sayılan bu mühüm sənəd
həmin ilin noyabr ayının 12-də ümumxalq səsverməsi
ilə qəbul olundu. Ulu öndər Heydər Əliyevin Azərbaycan
dövlətçiliyi qarşısındakı ən
böyük xidmətlərindən biri də müstəqil
Azərbaycanın uğurlu neft strategiyasının
hazırlanaraq həyata keçirilməsidir. 1994-cü ilin 20
sentyabrında dünyanın iri neft şirkətləri ilə
imzalanmış "Əsrin müqaviləsi", bu mənada,
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində
müstəsna rol oynadı. Həmin saziş nəticəsində
bütün dünyanın diqqət mərkəzinə
çevrilən Azərbaycan, eyni zamanda, qlobal məkanda
özünün statusunu müəyyənləşdirməyə
nail oldu.
Ümumiyyətlə,
Heydər Əliyevin böyük müdrikliklə irəli
sürdüyü inkişaf modeli spesifikliyi ilə fərqlənməklə,
demokratik dəyərləri özündə maksimum ehtiva edən
milli inkişaf prioritetlərini müəyyənləşdirmişdir.
Məhz bunun nəticəsidir ki, Azərbaycan cəmi 17 il
müddətində inanılmaz yol qət edərək bir
sıra Qərb dövlətlərinin onilliklər ərzində
zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə
nail olmuşdur. Demokratiyanın davamlı milli inkişaf
baxımından qaçılmazlığı və müstəsna
əhəmiyyət daşıması fikri ictimaiyyət tərəfindən
də birmənalı qəbul olunmuşdur.
70 il
inzibati-amirlik sistemində yaşamış, milli ideallardan
uzaqlaşdırılmış, iqtisadiyyatı səmərəsiz,
köhnə texnologiya və infrastruktur üzərində qurulmuş
respublikanın bu gün qazandığı nailiyyətlərin
miqyası Azərbaycanla genişmiqyaslı əməkdaşlığa
maraq göstərən beynəlxalq təşkilatlarda, habelə
aparıcı Qərb dövlətlərində də heyrət
doğurmaqdadır. Qürur hissi ilə deyə bilərik ki,
Prezident İlham Əliyevin ötən 8 il müddətində
həyata keçirdiyi siyasət Azərbaycanda möhkəm təməllərə
söykənən və dinamik sosial-iqtisadi tərəqqinin
qorunub saxlanılmasına yönəlib.
Müstəqil
Azərbaycan son illərdə inanılmaz dərəcədə
dəyişib, zamanı qabaqlayaraq az müddətdə onilliklərə
bərabər yol qət edib. Bu gün ikinci elə bir dövlət
tapmaq çətindir ki, son 8 ildə dövlət büdcəsi
10 dəfə, hərbi xərcləri 20 dəfə, valyuta
ehtiyatları 18 dəfə yüksəlmişdir. Azərbaycanda
ötən dövrdə maaş və pensiyalar da orta hesabla
5-6 dəfə artmış, yoxsulluq 5 dəfə azalaraq 49
faizdən 9,1 faizə enmiş, 900 minədək yeni iş yeri
açılmışdır. Bütövlükdə milli
iqtisadiyyat 3 dəfə, büdcə xərcləri 12 dəfə
artmışdır.
Azərbaycan
təkcə sosial-iqtisadi sahədə deyil, siyasi müstəvidə
də bir çox problemləri geridə qoyur. Bir vaxtlar
dünya xəritəsində yetərincə tanınmayan, bədnam
erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə,
təhdidlərə, ədalətsizliklərə məruz
qalan, informasiya blokadası şəraitində haqlı
mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan
bu gün tamam fərqli statusda çıxış edir.
Qürur doğuran bir haldır ki, Azərbaycan bu gün
bütün regional məsələlərdə əsas
oyunçulardan biridir, regiondakı strateji əhəmiyyətli
heç bir layihə Azərbaycansız gerçəkləşə
bilməz. Dünya siyasətinə əsaslı təsir
imkanları olan dövlətlər hazırda Azərbaycanla
hesablaşır, onun mövqeyini nəzərə alırlar.
Azərbaycanın
yaxın-uzaq ölkələrlə münasibətləri
qarşılıqlı maraqlar, sivil birgəyaşayış
prinsipləri əsasında inkişaf edir. Bəzən Azərbaycanın
bölgədə artan rolunu qərəzli olaraq respublikanın
karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə
də rast gəlinir. Qərb dövlətləri iqtisadi
dirçəliş və demokratiya yolunda olmayan heç bir
ölkə ilə davamlı, uzunmüddətli,
qarşılıqlı faydalı əməkdaşlıq
münasibətləri qurmayıb. Bərabərhüquqlu tərəfdaşlıq
və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi
Bakı hansısa dövlətin Azərbaycanın daxili
işlərinə qarışmasına da qətiyyətlə
yol vermir.
Prezident
İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik
yubileyi ilə əlaqədar keçirilən təntənəli
mərasimdə demişdir: "Müstəqillik o deməkdir
ki, ölkə tam şəkildə müstəqil siyasət
apara bilsin. Ölkələr var ki, müəyyən səbəblərə
görə müstəqil siyasət aparmaq iqtidarında
deyildir, haradasa imkanları yoxdur, haradasa tədbirlər
görülməyibdir. Azərbaycan bu baxımdan ayaq üstə
çox möhkəm dayanan ölkədir. Bizim vəzifəmiz,
borcumuz, bütün Azərbaycan xalqının borcu ondan ibarətdir
ki, bu müsbət meyilləri daha da möhkəmləndirək".
Azərbaycan
bunlarla yanaşı, həm də regionların sosial-iqtisadi
inkişafına xidmət edən mühüm dövlət
proqramlarını, fərman və sərəncamları
uğurla icra etmiş, həyata keçirilən sosial
infrastruktur layihələri nəticəsində bölgələrin
siması dəyişmişdir. Sahibkarlığın
inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə
başlaması, yeni iş yerlərinin açılması
naminə sistemli addımlar atılmışdır. Bu gün
Azərbaycan regionda hansısa ölkədən enerji
asılılığı olmayan yeganə ölkədir.
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri
dünya miqyaslı layihələr olmaqla, Azərbaycanın enerji
təhlükəsizliyinə geniş imkanlar açır. Bu
layihələr respublikamızın müstəqilliyini daha da
möhkəmləndirir, regionda müstəqil siyasət
aparmasını təmin edir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında" sərəncamında
vurğulandığı kimi, bu gün Azərbaycan,
sözün əsl mənasında, tam müstəqil ölkədir.
İnqilab NADİROV,
sabiq millət vəkili,
iqtisadçı alim,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Xalq qəzeti.- 2011.- 2 oktyabr.- S. 5.