Xocavənd rayonunun işğalından 19 il ötür

 

Qarabağı Azərbaycandan heç kim qopara bilməz

 

1905 - 1907, 1918 - 1920, 1948 - 1953-cü illərində baş verən azərbaycanlıların kütləvi deportasiya və soyqırımı, erməni terrorları silsiləsinin davamı olaraq, 1988-ci ildə yenidən baş qaldıran erməni millətçi separatizminin tarixi kökləri XIX əsrin əvvəllərindən ermənilərin çar Rusiyasının birbaşa yardımı ilə tarixi Azərbaycan vilayətlərində məskunlaşmasından, torpaqlarımıza sahib çıxmasından qaynaqlanır. Dağlıq Qarabağda getdikcə artıb çoxalan ermənilər hər vəchlə bu yerlərin əzəli və əbədi sahibləri olan azərbaycanlıları sıxışdırır, qədim kəndlərimiz heç bir zərurət olmadan ləğv edilir, başqa yerə köçürülür, tarixi adlar təhrif olunur, dəyişdirilirdi. Məqsəd məkrli niyyətləri həyata keçirmək, ərazilərimizi mənimsəməkdən ibarət idi.

 

Rəsmi Bakının 1988-ci ilin fevralından baş verən separatist meylləri neytrallaşdırmaqda tərəddüd etməsi, həmçinin vilayət rəhbərliyinin ictimai asayişi pozan hadisələri himayə etməsi Ermənistandan gəlmiş emissarların və silahlı dəstələrin pozucu güc mərkəzinə çevrilmələrinə, Ermənistandan verilən tapşırıqlara uyğun olaraq vəziyyəti daha da genişləndirmələrinə münbit şərait yaradırdı. 1988-ci ilin may ayından etibarən münaqişə hərbi müstəviyə keçdi. Mərkəzin ermənipərəst mövqe tutması, beynəlxalq aləmin antiazərbaycan münasibətini, yerli rəhbərliyin laqeydliyini görən Qarabağın azərbaycanlı əhalisi yaxşı bələd olduğu erməni məkrini vaxtında dayandırmaq üçün səfərbər olsalar da, çox təəssüf ki, ermənilərin silah sursatla təmin və təchiz edilməsində çox böyük canfəşanlıq göstərən hakim dairələr azərbaycanlı əhalidə olan adi ov silahlarını da yığmışdı. Keçmiş İttifaq rəhbərlərinin birtərəfli mövqeyi, ermənilərə qarşı ilıq münasibəti, istər dolayısı, istərsə də açıq-aşkar havadarlıq etməsi göz qabağında idi.

Qədim yurd yerlərimiz getdikcə oda qalanır, dinc insanlar vəhşicəsinə qətlə yetirilirdi. Dağlıq Qarabağda vəziyyət son dərəcə ağır və mürəkkəb, azərbaycanlılar isə köməksiz qalmışdılar. Bütün cəhdlərə baxmayaraq, kəndlər işğal olunur, yandırılır və dağıdılırdı. Tarixi ərazilərimizi - Dağlıq Qarabağ bölgəsini beləcə itirməyə başladıq. 1992-ci ilin fevral ayında Xocalı şəhərində ermənilər tərəfindən azərbaycanlılara qarşı misli görünməmiş soyqrım törədildi, may ayında isə Şuşa şəhəri işğal edildi. Artıq müharibə Dağlıq Qarabağın sərhədlərindən kənarda, digər şəhər və kəndlərimizdə gedirdi. Dünya ermənilərinin, muzdluların, Sovet ordusunun, xüsusilə Xankəndində yerləşən 366-cı alayının birbaşa və ya bilavasitə köməyi ilə şəhərlərimiz, kəndlərimiz işğal olunur, yandırılaraq talan edilirdi.

Bütün bunlar Qarabağ dərdli məmləkətimizin bir bölgəsinin üzləşdiyi qanlı faciələr idi. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər yaşayış məntəqələri kimi Xocavəndin azərbaycanlılar yaşayan kəndləri də dörd il ərzində ermənilərin hücumuna məruz qalır, demək olar ki, hər gün bir qanlı hadisə törədilirdi. Erməni qəsbkarları və muzdlu döyüşçülərlə gedən qeyri-bərabər döyüşlərdə rayonun azərbaycanlı kəndləri qarış - qarış, addım - addım itirildi. 30 oktyabr 1991-ci il tarixdə rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, 1991-ci ilin 15 noyabrında Xətai, 19 noyabr 1991-ci il tarixdə Xocavənd, 1992-ci il yanvar ayının 9- da Haxullu kəndləri işğala məruz qaldı.

1992-ci il fevralın 17-də ermənilər Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törətmiş, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirərək soyqırım həyata keçirmişlər. 1992-ci il oktyabr ayının 2- də Əmirallar, Muğanlı və Kuropatkini, 1993-cü ilin 23 iyul tarixində isə Günəşli kəndləri Ermənistan silahlı qüvvələri və onların havadarları tərəfindən işğal edilərək yandırılmışdır.

Xocavənd rayonu Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279-XII nömrəli Qanununa əsasən Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılmışdır. Rayonun ərazisi 1458 kvadratkilometr, əhalisi 42120 nəfər, o cümlədən azərbaycanlılar 10994 nəfərdir. Rayonun inzibati ərazisində bir şəhər, 2 qəsəbə və 81 kənd mövcud olmuşdur ki, onlardan da 10-da azərbaycanlılar yaşamışdır. Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın və Xocalı rayonları ilə həmsərhəddir. İqtisadiyyatında üzümçülük, heyvandarlıq, quşçuluq və bostançılıq üstünlük təşkil etmişdir. Füsünkar təbiəti ilə fərqlənən Ziyarət, Kirs və Ərgünəş yaylaqları Kiçik Qafqazın əsrarəngiz təbiət gözəlliklərini özündə əks etdirir.

Xocavənd rayonu üzümü və yaşıl mərməri ilə məşhur olmuşdur. Rayon ərazisindəki Bağırxan, Qırmızı Bazar, Mədə bulağı , Baba bulağı kimi istirahət zonaları minbir dərdin dərmanı idi. Bəşər sivilizasiyasının beşiklərindən biri olan Xocavənd bölgəsi antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş-qoç heykəllərə, ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə hər yerdə rast gəlinirdi. Xocavənd ərazisində 72 dünya və Respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri var. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənələrini göstərən abidələrdir. Erməni təcavüzü nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələrinə nümunə olaraq Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid alban kilsəsi, I-V əsrlərə aid alban qəbiristanlıqları, Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan alban qəbiristanlıqları, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və neçə-neçə qiymətli maddi memarlıq abidələrini göstərmək olar.

Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi yandırılaraq əmlakları talan edilmiş, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılmışdır. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılmışdır. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 kilometr avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri xətti dağıdılmış, talan edilərək yararsız hala salınmışdır. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəymişdir. Belə ki, rayonun 1202 hektar meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilmişdir.

4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərilmiş, bu torpaqların hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilmişdir. Bu qeyri - bərabər döyüşlərdə rayonun uşaqlı - qadınlı, cavanlı - qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak etmişlər. Xocavənd rayonunun təkcə Qaradağlı kəndi ermənilərlə qeyri - bərabər mübarizədə 4 ay tam mühasirə şəraitində qalmış, səkkiz yüz nəfər sakini olan kənddə 91 nəfər şəhid olmuşdur. Bu, kənd əhalisinin hər 10 nəfərindən biri deməkdir. Xocavəndlilər öz ata-baba yurdlarının müdafiəsi uğrunda 145 nəfər şəhid vermişlər, bu isə rayonun azərbaycanlı əhalisinin hər 50 nəfərindən biridir.

10 aprel 1994-cü il tarixdə Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev Xocavənd rayonu ərazisində cəbhə xəttinə səfəri zamanı Xocavənd taborunun döyüşçüləri ilə səmimi görüşmüş, igid Vətən oğullarına öz təşəkkürünü bildirmiş, bir neçə cəsur döyüşçünü isə Vətənin yüksək mükafatı ilə təltif etmişdi.

Bu görüşdən ruhlanan əsgərlərimizin böyük şücaət və qəhrəmanlıqları sayəsində Xocavənd rayonunun - Dağlıq Qarabağın 14000 hektar ərazisi düşməndən azad edildi. Hazırda həmin ərazilər ordumuzun nəzarəti altındadır və rayon sakinləri orada gündəlik təsərrüfat işləri ilə məşğul olurlar.

Bu gün talelərinə məcburi köçkünlük həyatı yaşamaq qisməti düşən xocavəndlilər Azərbaycan dövlətinin böyük qayğı və diqqəti ilə əhatə olunublar. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması dövlətimizin daim diqqət mərkəzindədir. Məcburi köçkün soydaşlarımızın müvəqqəti olaraq rahat yaşamaları üçün bütün infrastuktura malik olan yeni qəsəbələr tikilir, insanlar hər cür rahatlığı olan evlərdə məskunlaşırlar. Xocavəndin faciələr görən insanları yaxşı bilirlər ki, müharibə hansı fəlakətlər törədir. Müharibə anaların göz yaşı, itkilər, ağrı, acı və faciələr deməkdir. Təbii ki, ölkə başçısı İlham Əliyev də bu məsələnin sülh yolu ilə həll olunması üçün gərgin iş aparır. Beynəlxalq hüquq normaları, eləcə də BMT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar münaqişənin dinc həllini nəzərdə tutur.

Xocavəndlilər üçün, bütün Azərbaycan üçün ədalətli müharibə hələ bitməyib, biz yalnız ermənilərin güclü dəstəkləndiyi döyüşləri uduzmuşuq. Hazırda işğal edilmiş torpaqlarımızı hər an azad etməyə qadir güclü ordumuz var. Bu gün Xocavəndin mərd və qorxmaz sakinləri bir istəklə yaşayırlar: nə qədər gec deyil Ermənistan dövləti öz xoşu ilə, heç bir şərt irəli sürmədən işğal etdikləri torpaqlardan çıxmalıdırlar. Bugünkü Azərbaycan dövləti Dağlıq Qarabağın işğal olunduğu dövrdəki Azərbaycan deyil. İndi qüdrətli dövlətimiz, qətiyyətli Ali Baş Komandanımız var. Və bu gün Vətən həsrəti, qisas hissi ilə yaşayan xocavəndlilər bir nəfər kimi torpaqlarımızın yadelli işğalçılardan təmizlənməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün hər an silaha sarılmağa, ön cərgələrdə döyüşməyə hazırdırlar.

Torpaqlarımızın müdafiəsi və işğal olunmuş ərazilərimizin düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə yüzlərlə mərd oğullarımız şəhidlik zirvəsinə yüksəlmiş, cəsur Vətən övladları sağlamlıqlarını itirmişlər. Qəhrəman oğul və qızlarının xatirəsini daim uca tutan xocavəndlilər şəhid adına və onların müqəddəs ruhlarına dərin ehtiram əlaməti olaraq, rayonda yaradılan "Abidə-xatirə kompleksi"nin tikintisi başa çatdırılmışdır. Dünən Xocavənd rayonunun işğal tarixinin qeyd edilməsi ilə bir gündə bu möhtəşəm kompleksin də açılış mərasimi keçirildi.

Xocəvəndlilər inanırlar və əmindirlər ki, tezliklə xalqımız və dövlətimiz doğma yurdlarımızı, şəhidlərimizin uğrunda vuruşduqları müqəddəs torpaqlarımızı düşmən işğalından azad edəcək. O zaman işğal tarixlərini deyil, qələbəmizin ildönümlərini doğma Qarabağda qeyd edəcəyik. Qarabağı Azərbaycandan heç kim qopara bilməz.

 

 

Eyvaz HÜSEYNOV,

Xocavənd Rayon İcra

Hakimiyyətinin başçısı

 

Xalq qəzeti.- 2011.- 2 oktyabr.- S. 5.