Heydər Əliyevlə xalqın sarsılmaz birliyi Azərbaycanı dövlət çevrilişlərindən xilas etdi, müstəqilliyimizi əbədiyyətə çevirdi

 

1994-cü ilin oktyabr hadisələrində də bunun şahidi olduq

 

XX əsrin sonu dünyada köklü dəyişikliklərə səbəb olmuş siyasi proseslərlə tarixin yaddaşında əbədi qalmışdır. SSRİ-nin süqutu da belə siyasi hadisələrdən biri olmuşdur. Sovet imperiyası dağıldıqdan sonra Azərbaycan xalqı bu proseslərdən yararlanaraq öz dövlət müstəqilliyini bərpa etmiş, uzun illərdən bəri həsrətində olduğu arzularına çatmışdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə edilməsi hər hansı qrupun, hərəkatın və ya qüvvənin müstəsna xidmətləri yox, dünyada, həmçinin keçmiş Sovetlər İttifaqında gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsi idi.

 

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra tarixin son dərəcə sərt sınaqları ilə üzləşmişdi. 1988-ci ildən başlayaraq respublikamız Ermənistanın hərbi təcavüzünə məruz qalmış, torpaqlarımız zəbt olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin salınmışdır. Bir tərəfdən torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, digər tərəfdən isə daxildə gedən münaqişələr, ayrı-ayrı qruplaşmalar arasındakı qarşıdurmalar, siyasi hakimiyyət oyunları, səriştəsiz, qorxaq, cəsarətsiz iqtidarın xalqın və dövlətin mənafeyinə zidd fəaliyyəti uzunmüddətli hakimiyyət böhranına gətirib çıxarmışdır. Yaranmış vəziyyətdən istifadə edən antiazərbaycançı qüvvələr çirkin niyyətlərini həyata keçirərək xalqın milli azadlığına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə mane olmağa cəhd edirdilər.

Azərbaycan xalqı hər zaman çətin və ağır məqamlarda dözümlülük və müdriklik nümayiş etdirərək yaranmış vəziyyətdən çıxış yolu tapmış, haqq sözünü deyə bilmişdir. Belə tarixi məqamlardan biri də 1993-cü ildə ölkənin real parçalanma, müstəqilliyimizin məhvolma təhlükəsi qarşısında qaldığı bir vaxtda müdrik tarixi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycana rəhbərliyə dəvət edilməsi oldu. Xalq qarşılaşdığı ağır bəladan yalnız ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi və siyasi uzaqgörənliyi hesabına qurtulacağını çox yaxşı bilirdi. Ona görə də təkidli xahişlərlə ümummilli lideri Azərbaycana rəhbərliyə dəvət etdi.

1993-cü ilin yayından sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi ilə xalqın öz dövlətinə və sabahına inamı qaytarıldı. Həmin vaxtdan başlayaraq ölkəmiz milli dövlət quruculuğu, demokratik islahatlar və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi mərhələsinə qədəm qoydu. Ölkədə həyata keçirilən demokratik islahatlar, səriştəli daxili-xarici siyasət xətti, Azərbaycanın dünya birliyində mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər dünyanın inkişaf etmiş dövlətlərinin ölkəmizə inam və etimadının yaranmasına ciddi təsir göstərdi.

Prezident Heydər Əliyevin yorulmaz və gərgin fəaliyyəti sayəsində Azərbaycan həqiqətləri qüdrətli dövlətlərin rəhbərləri, həmçinin nüfuzlu beynəlxalq qurumların nümayəndələri ilə keçirilən görüşlərdə, yüksək tribunalardan qətiyyətlə bəyan edilmiş, dünya ölkələri ilə bərabərhüquqlu siyasi-iqtisadi əlaqələr yaradılmışdır. Ölkə iqtisadiyyatını dirçəltmək, Azərbaycanın əlaqələrini genişləndirmək və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində bir-birinin ardınca həyata keçirilən tədbirlər öz bəhrəsini verirdi. Xarici investisiyaların Azərbaycana cəlb edilməsi sahəsində mühüm əhəmiyyətli müqavilə və sazişlərin imzalanması da müstəqilliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayırdı.

1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda imzalandı. Dünyanın inkişaf etmiş qüdrətli dövlətlərini təmsil edən neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi. Bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Həmin ilin sentyabrında Azərbaycan Prezidenti Heydər Əliyev ilk dəfə nüfuzlu BMT tribunasından gənc müstəqil dövlət olan Azərbaycan Respublikasının mövqeyi, beynəlxalq hüquq normalarına əsaslanan daxili və xarici siyasi xətti, ölkədə aparılan demokratik hüquqi islahatlar barəsində əhatəli və dolğun nitqlə çıxış etdi. Dünya birliyinə də məlum oldu ki, son iki il ərzində ölkənin demokratikləşməsi, hüquqi, sivil dövlət quruculuğu istiqamətində qətiyyətli addımlar atılmışdır. Bütün bunlar Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayını getdikcə artırırdı.

Təbii ki, ölkənin demokratikləşməsi, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, istisadi qüdrətinin artması Azərbaycanın dövlət müstəqilliyinə düşmən olan qüvvələri razı sala bilməzdi. Digər tərəfdən müstəqilliyimizin ilk illərində - 1991-1992-ci illərdə ölkəyə rəhbərlik edənlərin qorxaqlığından və qətiyyətsizliyindən istifadə edərək çoxlu miqdarda var-dövlət toplayan bəzi qüvvələr qayda-qanuna tabe olmaq istəmir, müxtəlif vasitələrlə qarşıdurma yaratmağa çalışırdılar. Xarici antiazərbaycan siyasi dairələrin əlində alətə çevrilmiş belə milli satqınlar qeyri-demokratik və qeyri-konstitusion yolla qanuni hakimiyyəti devirməyə cəhd göstərirdilər. Hakimiyyəti ələ keçirmək istəyən qüvvələr Azərbaycan Prezidenti Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu sessiyasında iştirakından məqam kimi istifadə edərək Ali Sovetin sədr müavini Afiyəddin Cəlilovu və Azərbaycan Respublikası Prezidenti yanında xüsusi idarənin rəisi, polkovnik Şəmsi Rəhimovu odlu silahla qətlə yetirdilər. Bu terror aktları Azərbaycanın müstəqilliyi əleyhinə yönəldilmiş cinayətlərin yeni bir həlqəsi idi. Eyni zamanda, respublikada ictimai-siyasi sabitliyi pozmaq, süni qarşıdurma və vahimə əhval-ruhiyyəsi yaratmaq, son nəticədə hakimiyyəti ələ keçirmək kimi çirkin bir niyyət idi.

1994-cü il oktyabrın 2-də axşam saatlarında Bakı şəhər Xətai rayon prokuroru Mahir Cavadov Xüsusi Təyinatlı Polis Dəstəsinin 30-a yaxın döyüşçüsü ilə birlikdə Respublika Prokurorluğunun binasına basqın edərək oranı zəbt etmişdir. Bundan bir qədər sonra isə respublika daxili işlər nazirinin müavini Rövşən Cavadov Xüsusi Təyinatlı Polis Dəstəsinin təxminən 40 nəfərlik bir qrupu ilə qardaşının quldur dəstəsinə köməyə gəlmişdir. Hadisə zamanı toqquşma baş vermiş, nəticədə respublika prokurorluğunun mühafizə dəstəsindən bir neçə nəfər yaralanmışdır. Respublika rəhbərliyi toqquşmanın qarşısını almaq üçün əməli tədbirlərə əl atmış, ciddi profilaktik tədbirlər həyata keçirmişdir. Qardaş qırğınına yol verilməməsi üçün silahlı basqınlarla uzunmüddətli və gərgin danışıqlar aparmışdır. Nəticədə Cavadov qardaşları öz quldur dəstələri ilə respublika prokurorluğunun binasını tərk etməyə məcbur olmuşlar.

Bakıda yaranmış gərgin vəziyyətin qan tökülmədən aradan qaldırıldığı bir vaxtda Gəncədə böyük bir silahlı dəstənin şəhəri işğal edib dövlət çevrilişi həyata keçirməsi və dövlət orqanlarını tutması, şəhərə giriş-çıxış yollarını kəsməsi, hava limanını, vağzalları zəbt etməsi barədə məlumatlar daxil oldu. Məlum oldu ki, həmin qanunsuz silahlı dəstələr XTPD-nin üzvləri deyil. Onlar həmin vaxt baş nazir vəzifəsində olan Surət Hüseynovun yaxın adamlarıdır. Bundan başqa, Nazirlər Kabinetində S.Hüseynovun yanında işləyən adamlar Gəncəyə gedərək dövlət çevrilişinə rəhbərlik etmişlər. Dövlət çevrilişini edənlər yaxalananda məlum oldu ki,bu işlərə rəhbərlik edən Surət Hüseynovun Kəramət adlı yaxın qohumu imiş. Təbii ki, o, prezidentlik iddiasında olan Surət Hüseynovun tapşırıqlarını yerinə yetirmişdi.

Azərbaycan Prezidenti Heydər Əliyev dövlət çevrilişinə cəhd edənlərə bir daha müraciət edərək demişdir: "Müraciət edirəm ki, onlar ağıllarını başlarına yığsınlar, hərəkətlərindən əl çəksinlər. Bilsinlər ki, Azərbaycan xalqı qarşısında nə qədər tarixi məsuliyyət daşıyırlar. Onların bu hərəkətləri birbaşa Azərbaycan dövlətçiliyinin əleyhinədir. Eyni zamanda bu hərəkətlər Azərbaycanın ayrı-ayrı məntəqələrində, o cümlədən Bakı şəhərində sabitliyi pozmağa çalışan təxribatçı qüvvələrin fəallaşmasına kömək edir və beləliklə, onlar özləri istəsə də, istəməsə də bu hərəkətlərin baş verməsində günahkar olacaqlar. Ona görə də təklif elirəm ki, bu hərəkətlərindən əl çəksinlər, qısa müddətdə silahlarını təhvil verib yerləşdikləri bazadan çıxsınlar. Onların oradan sərbəst, təhlükəsiz çıxması üçün bütün şərait var... Əgər əməllərindən əl çəkməsələr, bundan sonra Bakıda, bütün Azərbaycanda yarana biləcək cinayət hərəkətlərini, təxribatları, dövlət çevrilişinə yönəldilmiş hərəkətləri istiqamətləndirmələri kimi qiymətləndiriləcək və onlar bunun üçün günahkar olacaqlar".

Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü il oktyabrın 4-də Milli Televiziya və Radio ilə xalqa müraciət etdi. Yaranmış vəziyyət barədə ətraflı məlumat verdikdən sonra xalqı bu vəziyyətdən çıxarmaq üçün fəaliyyət göstərməyə dəvət etdi. Ulu öndər öz müraciətində bu ağır gündə hamıdan mətanət, dəyanət, cəsarət, qəhrəmanlıq, namus, qeyrət gözlədiyini bildirdi və xalqı Prezident Aparatının qarşısına dəvət etdi. Bir saat ərzində on minlərlə insan Prezident Aparatının qarşısına toplaşıb ulu öndər Heydər Əliyevlə həmrəy olduqlarını bildirdilər. Ertəsi gün isə bir milyondan artıq insan "Azadlıq" meydanına toplaşıb "Heydər-Xalq" vəhdətinin necə davamlı olduğunu nümayiş etdirdilər. Dövlət çevrilişinə cəhd göstərənlər Prezidentlə xalqın həmrəyliyi qarşısında aciz qaldıqlarını təslim olmaları ilə təsdiqlədilər. Heydər Əliyevlə xalqın sarsılmaz birliyi Azərbaycanı dövlət çevrilişindən xilas etdi və Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində geniş perspektivlər açdı.

İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etmişdir. Geridə qalan illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoymuşdur. Əhalinin güzəranının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzində saxladığı prioritet vəzifələrdən biri olmuşdur. Bazar iqtisadiyyatına keçid yolunda aparılan islahatların sosial yönümünün təmin olunmasına, əhalinin sosial tələbatının yerinə yetirilməsinə iqtisadi islahatların başlıca vəzifəsi kimi baxılmışdır. Bir sözlə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu.

Bu gün Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib. Ölkəmizin müstəqil dövlət kimi beynəlxalq aləmdəki əlaqələri getdikcə möhkəmlənir.

Xalqın tarixi yaddaşı bir daha belə səhvlərə yol verilməsinə imkan verməyəcək. Azərbaycan xalqı öz seçimini artıq edib. Bu seçim Heydər Əliyev siyasətinin davam etdirilməsidir. Azərbaycan xalqı yaxşı bilir ki, yalnız bu siyasətin davam etdirilməsi sayəsində doğma Azərbaycanımız dönmədən demokratiya, inkişaf və tərəqqi yolu ilə irəliləyəcək.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 2 oktyabr.- S. 4.