Modernləşməkdə
olan Azərbaycan sürətli iqtisadi inkişafına görə
dünya dövlətləri arasında öncül yerlərdən
birini tutur
Bizim
bütün təşəbbüslərimiz xalq tərəfindən
dəstəklənir. Əslində, bizim siyasətimiz xalq
siyasətidir... Bu gün Azərbaycan sürətlə
inkişaf edən, dinamik, müasir ölkədir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Müstəqilliyinin
20-ci ildönümünü qeyd etməyə hazırlaşan
Azərbaycan hazırda dünyanın ən dinamik inkişaf edən
ölkələri sırasına yüksəlmişdir. Uğurla həyata keçirilən iqtisadi siyasət
makroiqtisadi və maliyyə sabitliyinin qorunması ilə
yanaşı, dayanıqlı iqtisadi artımı da təmin
etmiş, iqtisadiyyatın modernləşməsinə dəstək
verən siyasət dərinləşdirilmiş, qeyri-neft
sektoru sürətli inkişaf yoluna qədəm qoymuş və
bütün bunların fonunda ölkəmiz
davamlı, uğurlu inkişafa nail olan islahatçı
dövlət kimi dünyada tanınmışdır. 20 milyard
dollar dövlət büdcəsinə, 40 milyard dollar valyuta
ehtiyatlarına malik olan Azərbaycan Respublikasının
iqtisadiyyatı 20 illik qısa zaman ərzində Cənubi
Qafqaz iqtisadiyyatının 75 faizini, ixrac potensialının
isə 90 faizini təşkil etmişdir. Yəni, ölkəmiz
artıq birmənalı şəkildə regional liderə və
beynəlxalq münasibətlərin etibarlı subyektinə
çevrilmişdir. Bütün bunlar Prezident İlham Əliyev
tərəfindən müəyyənləşdirilən
mütərəqqi siyasətin reallaşdırılması,
mühüm Dövlət Proqramlarının, konseptual
yanaşmanın həyatda öz əksini tapması ilə əlaqədardır.
Məlumdur
ki, bu gün böyük uğurlar qazanan respublikamız
müstəqilliyinin ilk illərində ciddi çətinliklərlə
qarşılaşmışdır. Ölkədə
biri-birinin ardınca hakimiyyətə gələn naşı
iqtidarların yürütdüyü yarıtmaz siyasət
dövlətçiliyimizi təhlükə
qarşısında qoymuş, ayrı-ayrı silahlı dəstələri
nəzarətində saxlayan qondarma siyasi qrupların
toqquşması, xülyalara qapılaraq yeni iddialara
düşməsi Azərbaycanda xaotik vəziyyət
yaratmışdı. Qarabağ cəbhəsində
dağınıq hərbi birləşmələrimizin
ardıcıl məğlubiyyətə uğrayaraq geri çəkilməsinə
paralel olaraq separatçı qüvvələrin fəallaşması
vəziyyəti daha da gərginləşdirirdi. Tale Azərbaycanın
üzünə o vaxt güldü ki, 1993-cü ilin iyun
ayında Naxçıvanda olan ümummilli lider Heydər Əliyev
xalqın təkidli çığırışlarına səs
verərək yenidən Bakıya qayıtdı. Onun xalq
arasında olan əvəzolunmaz nüfuzu və gərgin fəaliyyəti
sayəsində ictimai-siyasi sabitlik bərpa edildi, Azərbaycan
Respublikası parçalanmaqdan, yox olmaqdan xilas oldu, dövlətçiliyin
təməlləri atıldı, ordu quruculuğuna xüsusi
diqqət yetirildi. Heydər Əliyev tarixi nöqteyi-nəzərdən
qısa vaxt ərzində müasir dövlət yaratmaqla bərabər,
onun gələcək illərə hesablanmış
strategiyasını da müəyyən etdi.
Həmin
dövrləri, necə deyərlər, həm də
ağrılı keçid dövrləri kimi qəbul etmək
olar. Çünki həmin illərdə köhnə iqtisadi
sistem pozulmuş, yenisi isə tam yaranmamışdı. Bundan
başqa, keçmiş iqtidarlar əvvəldən var olan
dövlət strukturlarını yeni işlək strukturlarla əvəz
etmədən dağıtmış, iqtisadi baxımdan ölkəni
xarabazara çevirmişdilər. Ona görə də bir
çox nüfuzlu beynəlxalq ekspertlər belə hesab edirdilər
ki, bütün bunların "bərpası"
üçün Azərbaycana uzun illər lazım gələcək.
Ancaq müdriklik, uzaqgörənlik və dövlət idarəçiliyi
ustalığı öz sözünü dedi: Ümummilli
liderin səyləri nəticəsində 1993-cü ilin iyun
ayından etibarən 1996-cı ilin sonlarınadək - tam
üç il Azərbaycanda hər sahədə
özünü göstərən geriləmənin
qarşısını almaq üçün ardıcıl və
məqsədyönlü dövlət tədbirləri həyata
keçirildi. Çox qısa zamanda sabitlik təmin olundu,
dövlətçilik gücləndirildi və ümumi rifah
naminə mühüm iqtisadi siyasət həyata keçirildi.
Müstəqilliyin
ilk illərində karbohidrogen ehtiyatları ilə zəngin
olan Azərbaycanda gələcəyə hesablanmış
enerji strategiyasının inkişaf etdirilməsi mühüm əhəmiyyətə
malik idi. Bu strategiyanı müəyyənləşdirən
ulu öndərimiz Heydər Əliyevin iki mühüm qərarı
ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici
rol oynamış, həmçinin respublikamızın
Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə
hazır olduğunu nümayiş etdirmişdir. Bu mənada
1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin
12 şirkəti ilə "Əsrin müqaviləsi"nin
imzalanması ölkəmizin yeni neft strategiyasının
başlanğıcı olmuşdur. 1996-cı il iyunun 6-da
regionun enerji təhlükəsizliyi sahəsində çox
mühüm əhəmiyyətə malik və Avropanın
enerji təhlükəsizliyində vacib rol oynayan "Şahdəniz"
qaz yatağının işlənməsinə dair müqavilənin
imzalanması ilə bu proses dönməz xarakter
almışdır.
Azərbaycanın
təbii sərvətlərinin Avropaya və dünya
bazarlarına çıxarılmasının iqtisadi və
siyasi mənada böyük əhəmiyyət
daşıdığını bilən ulu öndər Heydər
Əliyev ölkələrarası böyük neft və qaz kəmərlərinin
çəkilişi barədə düşünürdü.
1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə
toplantısı çərçivəsində Azərbaycan,
Gürcüstan, Türkiyə və ABŞ prezidentlərinin
iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru
kəmərinin inşa edilməsinə dair hökumətlərarası
saziş imzalandı. Bu, dövrün çox böyük
layihəsi idi. Çoxlarına elə gəlirdi ki, bu əfsanənin
həqiqətə çevrilməsi mümkün olmayacaq və
bu kəmər elə "kağız üzərində"
qalacaq.
Digər
tərəfdən, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin
inşası bir sıra dövlətlərdə
qısqanclıq yaratmışdı. Ona görə də
bütün vasitələrlə kəmərin çəkilməsi
yolunda süni problemlər yaradılırdı. Belə bir
vaxtda "Şahdəniz" yatağından hasil olunan təbii
qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə
Türkiyəyə nəql edilməsi üçün qaz boru
kəmərinin də inşasını həyata keçirmək
haqqında qərar verildi. Bu iri layihələrin həyata
keçirilməsi Azərbaycanın, Gürcüstanın və
Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin
möhkəmlənməsində, qarşılıqlı əlaqələrin
güclənməsində və müstəqil dövlətimizin
dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni
bir səhifə açdı.
Bu
cür regional və dünya əhəmiyyətli təşəbbüslər
ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməkdədir. Bu gün ölkənin 1, 5
milyard tondan artıq neft və 2 trilyon kubmetr qazdan ibarət
enerji ehtiyatları var və bu sərvət 7 kəmərlə
Avropa və dünya bazarlarına çatdırılır.
Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə
istiqamətləri), 4-ü isə qaz (Türkiyə,
Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir.
Bunların içərisində 2006-cı ilin mayında
Bakı-Tbilisi-Ceyhan neft kəməri və 2006-cı ilin
sentyabrında Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin
istifadəyə verilməsi həm regional, həm də
Avropanın enerji təhlükəsizliyi baxımından
xüsusi əhəmiyyət kəsb etmişdir. BTC sutkada 1
milyon barrel, ildə 50 milyon ton neftin ixracını həyata
keçirir. BTƏ boru kəməri ilə isə ildə 25
milyard kubmetr qaz ixrac edilir. Yeri gəlmişkən, onu da
qeyd edək ki, 2010-cu ildə ölkəmizdə 51,5 milyon ton neft, 27 milyard kubmetr qaz hasil
edilmişdir. Təkcə "Şahdəniz"
yatağında təsdiqlənmiş qaz yataqları 1,2 trilyon kubmetr təşkil edir. Azərbaycan
Prezidenti İlham Əliyevin təbirincə desək, bu o deməkdir
ki, əgər Azərbaycan ancaq öz tələbatını
ödəsə və deməli xaricə qaz ixrac etməsə,
bu ehtiyatlar ölkəmizə 100 ilə kifayət edər.
Digər yataqlardakı qaz ehtiyatlarımız 300
milyard kubmetrdən artıqdır.
Neft strategiyasının həyata keçirilməsi ilə
yanaşı, artıq sabitliyə qovuşmuş ölkədə
iqtsadi-siyasi islahatların da həyata keçirilməsinin
vaxtı çatmışdı. Beləliklə,
inkişafa aparan yolun növbəti mərhələsində,
yəni 1996-2003-cü illərdə iqtisadiyyatın müxtəlif
sahələrində uğurlu islahatlar aparıldı. Ölkədə bazar iqtisadiyyatına keçidi təmin
edən bir sıra qanunlar qəbul olundu, özəlləşdirmə
prosesi uğurla həyata keçirildi, torpaq əsil sahiblərinə
- kəndçilərə paylanıldı, orta sahibkarlar
sinfinin formalaşması üçün şərait
yaradıldı.
Artıq diqqətdən yayınmayan inkişaf templəri
2003-cü ildən sonra özünün yeni mərhələsinə
qədəm qoymuşdur. Həmin il Azərbaycanın rəhbərliyinə
İlham Əliyevin gəlişi isə ölkənin modernləşdirmə
yolu ilə inkişafına, daha mükəmməl strukturlu
effektiv dövlətçiliyin bərqərar olmasına təkan
verdi, Azərbaycanın regional proseslərdə rəqabətədavamlılığını
və buna müvafiq olaraq Cənubi Qafqazda qeyd-şərtsiz
iqtisadi liderliyini təmin etdi. Ümummilli
liderimiz Heydər Əliyevin uğurlu siyasi kursunu yeni
çalarlarla zənginləşdirərək davam etdirən
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanı təkcə
Avropada və ya Avrasiyada deyil, eləcə də bütün
dünyada qüdrətli dövlətə,
sözükeçən ölkəyə, regionun əsas
iqtisadi mərkəzlərindən birinə cevirdi. "Vestnik aktualnıx proqnozov. Rossiya: tretye
tısyaçeletiye" jurnalının 23-cü nömrəsində
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin "Azərbaycanın kursu: sabitləşmədən
modernləşməyə doğru" adlı məqaləsində
həmin illərdə başlanan sürətli inkişaf
prosesləri ətraflı analiz edilmişdir. Akademik Ramiz
Mehdiyev yazır: "Məhz 2003-cü il milli
transformasiyanın yeni mərhələsinin
başlanğıcı oldu, səlis qurulmuş sabit iqtisadi
sistem inkişafda olan iqtisadi strukturun intensiv formalaşması
məkanına yönəltdi. İlham Əliyevin
prezidentliyinin əsas konsepti güclü iqtisadi bazanın
formalaşdırılmasından ibarət idi. Bu da kütləvi şüurun və cəmiyyətin
sosial-mədəni bazasının postindustrial dəyərlər
və demokratik ənənələr məcrasına mərhələ-mərhələ
transformasiyasına imkan yaratmalıdır. Bununla
yanaşı, geostrateji və geoiqtisadi məsələlər
kompleksini həll etmək, milli artımın sabitliyini və
davamlılığını təmin etmək, ölkəni
beynəlxalq münasibətlərin obyektinə deyil, subyektinə
çevirmək lazım idi, çünki yeni dünya
nizamını formalaşdıran ümumdünya
transformasiyaları dövründə Azərbaycanın qlobal
proseslərdə iştirakının təmin edilməsi son dərəcə
zəruridir".
Möhtəşəm iqtisadi siyasəti yeni
dövrün tələblərinə uyğun davam etdirən
Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq
ötən 8 ildə yeni inkişafyönümlü proqramlar,
fərmanlar imzaladı. Bütövlükdə ölkə
iqtisadiyyatının inkişafı, qeyri-neft sektorunun
xüsusi əhəmiyyətə malik sahələrinin
yaradılması və ölkə əhalisinin iş yerləri
ilə təmin olunması üçün 2004-cü ilin
fevralında çox mühüm əhəmiyyətə malik
bir sənəd - "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci
illər)" qəbul edildi. Bu proqramın həyata
keçirilməsi nəticəsində Azərbaycanın
bütün rayonlarında infrastruktur müasir tələblər
səviyyəsində yenidən quruldu, müxtəlif istehsal
sahələri yaradıldı, yeni iş yerləri
açıldı və sahibkarlığın inkişafı
istiqamətində əsaslı addımlar atıldı.
Ölkə
regionlarının mövcud potensialından daha səmərəli
istifadə etməklə yerli sənaye sahələrinin və
kənd təssərüfatının inkişafını
sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli
yardım göstərmək, əhalinin həyat səviyyəsini
daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan
qaldırmaq məqsədi ilə 2009-cu il aprelin 14-də
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı" qəbul olundu. Proqram
regionların növbəti mərhələdə
inkişafına təkan verdi, ölkəmizin
dünyanın təsərrüfat sisteminə səmərəli
inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin
yaxşılaşdırılmasına və əhalinin həyat
səviyyəsinin yüksəldilməsinə öz töhfəsini
verdi.
Azərbaycan bu gün də regional və dünya əhəmiyyətli
layihələrin novatoru rolunda çıxış edir. "Böyük
İpək Yolu"nun bərpası və digər iri layihələrin
gerçəkləşməsi, o cümlədən Xəzərin
enerji resurslarının dünya bazarlarına nəql
olunması sahəsində aparılan işlər ölkəmizin
beynəlxalq aləmdəki mövqelərini xeyli möhkəmləndirir.
Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun
tikintisi davam etdirilir. İri layihələrin
reallaşdırılmasında böyük təcrübə
qazanmış Azərbaycan bu layihənin də həyata vəsiqə
alması istiqamətində işləri sürətləndirib.
Bu dəmir yolu çox böyük beynəlxalq
əhəmiyyətə malikdir. Layihə
reallaşdıqdan sonra istənilən adam
Londondan Şanxaya qədər dəmir yolu ilə gedə bilər.
Bundan başqa Bakı-Tbilisi-Qars dəmir yolu ilə hər il təxminən 20 milyon ton yük nəql
olunacaq. Bu layihə bütün bölgənin
simasını dəyişəcək və onun çiçəklənməsinə
təkan verəcək.
2007-ci ilin martında Oğuz rayonunun Sincan kəndində
təməli qoyulan, uzunluğu 262 kilometrdən çox olan
Oğuz-Qəbələ-Bakı su kəməri keçən
ilin sonunda istifadəyə verilmişdir. Kəmər
vasitəsi ilə gələn saf və təmiz su Bakıda
uzun illərdir yaşanan su probleminə son qoymuşdur. Bundan başqa, dövlət
başçımızın 2007-ci ilin oktyabrında
imzaladığı sərəncamla Bakının Qaradağ
rayonunun Ələt qəsəbəsinin ərazisində Beynəlxalq
Dəniz Ticarət Limanının təməli qoyulmuşdur.
Liman kompleksinin ərazisi 400 hektar nəzərdə
tutulub. Tikinti işləri üç mərhələdə
aparılacaq. Birinci mərhələ 3 il
6 ay ərzində reallaşdırılacaq. İlkin
mərhələdən sonra liman kompleksində ildə 10 milyon
tona qədər yük və TEY standartlarında 40 min konteyner
işlənilməsi planlaşdırılıb. İkinci mərhələdə bu rəqəmlər
müvafiq surətdə 17 milyon tona və 150 min konteynerə
çatdırılacaq. Üçüncü
mərhələdə isə limanın
yükaşırımı gücü ildə 25 milyon tona və
1 milyon konteynerə bərabər olacaq.
Göründüyü kimi, ölkənin aparıcı
sənaye sahəsi neft sektoru olsa da, qeyri-neft sektorunun
inkişafı prioritet məsələ kimi qoyulmuşdur. İnformasiya
texnologiyaları, turizm, kənd təsərüffatı kimi
sahələrin inkişafına xüsusi diqqət yetirilir.
Son 15 il ərzində Azərbaycana
astronomik miqdarda - 95 milyard ABŞ dolları həcmində sərmayə
qoyulmuşdur. 2010-cu ilin payına düşən 15,5 milyard dolların 9,3 milyard dolları məhz
qeyri-neft sektorunun payına düşür. 2011-ci ilin birinci
yarısında isə, ölkə iqtisadiyyatına 5,7 milyard dollar həcmində investisiya yönəldilmişdir.
Bu resursların 70 faizdən çoxu ölkənin
qeyri-neft sahələrinin inkişafını ehtiva edən
diversifikasiya siyasətinin tərkib hissəsi olaraq, kənd təsərrüfatı
sahəsinə yönəldilmişdir. Bu
da sübut edir ki, Azərbaycanda qeyri-neft sektoru sürətlə
inkişaf edir. 2009-cu ildə dünyada
baş verən maliyyə böhranı bir daha Azərbaycanın
nümunəvi iqtisadi siyasət həyata keçirdiyini təsdiq
etdi. 1929-1933-cü illərdə dünyada baş verən
böyük böhran ilə müqayisə olunan son qlobal
maliyyə böhranının fəsadlarını aradan
qaldırmaqdan ötrü qabaqcıl ölkələr 12
trilyon ABŞ dollarından artıq vəsait xərclədilər
ki, bu da dünyada istehsal olunan ümumi daxili məhsulun
(ÜDM) 20 faizini təşkil edirdi. Buna baxmayaraq,
böhranın əsas cəhətlərini və amillərini
aradan qaldıra bilmədilər. 2009-cu ilin sonuna yaxın
artıq dünya iqtisadiyyatı 3,6 trilyon
dollar itirmiş oldu. Ən böyük zərbə
inkişaf etmiş ölkələrə dəydi. Amma təhlil göstərir ki, böhran MDB dövlətlərindən
də yan keçmədi. Belə ki, hesablamalara görə,
təkcə 2009-cu ildə MDB ölkələri içərisində
Ermənistanda 17-18, Litvada 16-18, Latviyada 16, Ukraynada 14, Rusiyada
8-8,5 və s. faiz geriləmə qeydə alındı. Həmin
il quruma üzv olan ölkələrdə ümumilikdə
ÜDM 9 faiz aşağı düşdüyü halda, Azərbaycanda
möcüzə baş verdi - 9,3 faiz
artım müşahidə olundu. Doğrudur,
ölkəmizdə ümumi daxili məhsulun artım tempi
2007-ci ildə 25, 2008-ci ildə 11 faiz hesablanmışdır.
2009-cu ildə ÜDM 9,3 faiz oldu. Qeyd etdiyimiz kimi bu, heç də geriləmə
deyil, əksinə böyük uğur, iqtisadiyyatın Azərbaycan
modelinin möcüzəsi idi. Həmin il ölkəmizdə
sənayedə 8,6, kənd təsərrüfatında
3,5 faiz artım olmuşdur. Ötən 7 il ərzində isə
Azərbaycan iqtisadiyyatı 3 dəfə, ÜDM isə 300 faiz
artmışdır ki, bu da böyük nailiyyətdir.
Faktlar da sübut edir ki, Azərbaycan bir sıra ölkələrə
ciddi zərbələr vuran iqtisadi böhrandan şərəflə
çıxmışdır. Akademik Ramiz Mehdiyev bu barədə
yazır: "Enerji daşıyıcılarının qiymətinin
kəskin azalmasına baxmayaraq, Azərbaycan büdcə kəsirini
aşağı səviyyədə, dövlətin xarici
borcunu tənzimlənən səviyyədə saxlamaq, milli
valyutanın sabitliyini və valyuta ehtiyatlarının
qorunmasını təmin etmək sahəsində
özünün əsas vəzifələrini yerinə
yetirmişdir. Dövlət xərclərinə
münasibətdə məqsədyönlü və mühafizəkar
siyasət, böhrana qarşı vaxtında
görülmüş tədbirlər sayəsində ölkəmiz
beynəlxalq maliyyə təsisatlarının kreditlərini cəlb
etmək zərurətindən xilas olmuş, bu isə milli
iqtisadiyyatın sabit və davamlı olmasını bir daha təsdiqləmişdir".
Müstəqil Dövlətlər Birliyinin icraçı
katibi Sergey Lebedev isə Azərbaycanın qazandığı
uğuru bu sözlərlə ifadə etmişdir: "Azərbaycan
MDB ölkələri içərisində iqtisadi böhrana
uğramayan yeganə dövlətdir. Azərbaycan
nəinki böhrana uğramadı, hətta ümumi daxili məhsulun
istehsalında artım müşahidə olunmuşdur".
Məlumdur ki, bir sıra inkişaf etmiş Avropa ölkələri
bu gün də qlobal maliyyə böhranının nəticələrini
aradan qaldıra bilməmişlər. Hazırda bir sıra Qərb
ölkələrində işsizlik səviyyəsi daha
yüksəkdir. Yunanıstanın
timsalında bunu daha aydın görmək olar.
Yunanıstanda 2009-cu ildə bir ay ərzində 62,5 min nəfər insan işini itirmişdir. 2010-cu ildə bu rəqəm 157 minə
çatmışdır. 2011-ci ilin ilk altı ayı ərzində
isə işini itirənlərin sayı 299 min 798 nəfər
olmuş, ümumilikdə işsizlərin sayı 822 min 719 nəfər
təşkil etmişdir. Yunanıstanda əmək
qabiliyyətli əhalinin sayının 4 milyon 131 nəfər
olduğunu nəzərə alanda ortaya necə dəhşətli
bir mənzərənin çıxdığını daha
yaxşı görmək olar.
Digər
Avropa ölkələrinə gəldikdə isə, hazırda
İspaniyada əmək qabiliyyətli əhalinin 20,7 ,
İrlandiyada 14,7, Slovakiyada 13,9, Portuqaliyada 11,1 faizinin işsiz
qaldığı bir vaxtda, Azərbaycanda işsizlər əmək
qabilliyyətli əhalinin 9, 5 faizini təşkil edir. Keçən
il Azərbaycanda 70 mindən çox iş
yeri açılmışdır, onun 53 mini daimi iş yeridir.
Ölkə üzrə həyata keçirilən məqsədyönlü
tədbirlərin davam etdirilməsi və iqtisadi sabitliyin
qorunub saxlanması nəticəsində 2011-ci ilin ilk altı
ayı ərzində 32 mini daimi olmaqla 44 minə yaxın yeni
iş yerləri açılmış, 2,8 mindən çox
yeni müəssisə yaradılmışdır. Ümumilikdə,
son 7 il ərzində 687 mindən çoxu
daimi olmaqla 957 minə yaxın yeni iş yeri
açılmış, 40 mindən çox yeni müəssisə
fəaliyyətə başlamışdır. Bütün
bunlar bir daha sübut edir ki, modernləşməkdə olan Azərbaycan
dünyanın aparıcı ölkələri
sırasında öncül yerlərdən birini tutur.
Bu ilin birinci yarısında dövlət büdcəsinə
düzəlişlər edilib. Bunun nəticəsində
ilk dəfə olaraq, büdcə xərcləri 20 milyard
dollara çatıb. Bu, imkan verir ki, ilin
axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin
həlli üçün əlavə maddi imkanlar ortaya
qoyulsun. İlin əvvəlindən
ehtiyatlar 9 milyard dollar artıb. Hazırda
ölkənin strateji valyuta ehtiyatları 40 milyard dollar səviyyəsindədir.
Mühüm nailiyyət pensiyaların artımı ilə
bağlıdır. Qəbul edilmiş qərarlar nəticəsində
2006-cı ilə qədər hesablanmış orta pensiya təxminən
40 faiz artıb. Dəyişiklik 2006-cı il
yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya
çıxmış şəxslərə də şamil
olunur. Bununla da, həmin illərdə pensiyaya
çıxanlarla 2011- ci il yanvarın 1-dək
pensiyaya çıxanların pensiyaları arasındakı fərq
aradan qalxacaq. Ölkədə ünvanlı
sosial yardım proqramı aparılır. Bu
proqram hazırda 125 min ailəni əhatə edir. Hər ay orta hesabla hər bir ailəyə 104 manat kömək
göstərilir. Bu da yoxsul təbəqəyə
Azərbaycan dövləti tərəfindən göstərilən
qayğıdır. Son 7 il ərzində
yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə
aşağı düşüb.
Azərbaycanın sürətli yüksəlişi
tanınmış beynəlxalq qurumların müvafiq
hesabatlarında və qiymətləndirmələrində
öz əksini tapır. BMT yanında İnkişaf və Artım
Komissiyasının son məruzəsində qeyd olunur ki, 1950-ci
ildən sonra belə bir inkişafa 13 ölkə nail
olmuşdur. Azərbaycan 14-cü dövlət
olmaq yolunda böyük məsafə qət edib. Dünyanın 133 ölkəsini əhatə edən
"Qlobal Rəqabət Hesabatı 2009-2010" adlı mötəbər
sənəddə azad rəqabət şəraitinin
yaradılması baxımından Azərbaycan 18 pillə irəliləmişdir.
Dünya İqtisadi Forumu isə rəqabətə
davamlılıq baxımından ölkəmizin
iqtisadiyyatını yüksək qiymətləndirmişdir.
Haqlı olaraq qeyd edilmişdir ki, hətta qlobal
böhran illərində Azərbaycan iqtisadi uğursuzluğa
məruz qalmamış, əksinə, yüksək nəticələr
əldə etmişdir. Dünya Bankı və Beynəlxalq
Maliyyə Korporasiyası tərəfindən hazırlanan
"Doing Business-2010" hesabatında Azərbaycan biznes
mühitinin yaxşılaşdırılması sahəsində
ən islahatçı ölkə elan edilmiş, "Doing
Business-2011"də isə bir pilə irəli çəkilmişdir.
Son olaraq Davos İqtisadi Forumu çərçivəsində
işıq üzü görən "Qlobal rəqabət
indeksinin" 2011-2012-ci illər üçün tərtib
edilmiş cədvəlində Azərbaycan 87 ölkəni, o
cümlədən Türkiyə, Rusiya, Latviya, Slovakiya,
Qazaxıstan kimi ölkələri geridə qoyaraq 55-ci yerdə
qərarlaşmışdır.
Nəticə etibariylə qətiyyətlə demək
olar ki, modernləşmənin iqtisadi bazisini formalaşdıran
Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və
iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı
problemlərini həll edir, dünya təsərrüfat
sisteminə inteqrasiya etməyə yönəlmiş möhkəm
təməllərə söykənən iqtisadiyyat qurur. Dövlət
başçımız İlham Əliyevin qabaqcıl Avropa
ölkələrinə səfərləri və həmin səfərlər
zamanı keçirilən görüşlər, imzalanan sənədlər
də ölkəmizin dünyaya inteqrasiyasına əsaslı
töhfələr verir.
Polşaya səfər edən Azərbaycan Prezidentinin
Avropa İttifaqının "Şərq tərəfdaşlığı"
sammitində iştirakı bu baxımdan əhəmiyyətli
olmuşdur. Varşavada baş tutan tədbirin keçirilməsində
əsas məqsəd "Şərq tərəfdaşlığı"
ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi
və qarşılıqlı əlaqələrin daha da
inkişaf etdirilməsi idi. Bir çox
vacib ikitərəfli görüşlərin keçirilməsi
baxımından da əhəmiyyətli olan sammitdə əməkdaşlığın
siyasi və iqtisadi aspektləri, prioritet proqramlar, Avropanın
maliyyə institutları ilə əməkdaşlıq, viza
rejimi və digər məsələlər ətrafında
müzakirələr aparılmışdır. Bütün bunlar modernləşməkdə olan
iqtisadi cəhətdən qüdrətli Azərbaycanın
Avropa məkanına intqerasiyası istiqamətində
atdığı addımların tərkib hissəsini təşkil
edir.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.-2 oktyabr.- S. 1.