Müstəqilliyimizin
bərpasından sonra Azərbaycan mədəniyyəti
sürətli inkişaf yoluna
çıxdı
Müstəqilliyimizin
bərpa olunmasının 20 illik yubileyinə
hazırlaşdığımız bir dövrdə
qazandığımız çoxsaylı nailiyyətlər
sırasında mədəni həyatımızda baş verən
yüksəlişin xüsusi çəkisi olduğunu
çox aydın görürük.
Bu
yüksəlişin əsasında ulu öndər Heydər Əliyevin
mədəniyyət sahəsində başladığı
islahatlar dayanır. Qeyd edim ki, ulu öndər tariximizin ən
uğurlu təcrübələrini, milli-mənəvi dəyərlərimizi
müdrik bir həssaslıqla birləşdirərək ən
ali milli sərvətin - müstəqil Azərbaycan dövlətinin
banisi olmuşdur.
Öz tarixi köklərinə söykənən müstəqil Azərbaycan mədəniyyətinin inkişafı və tərəqqisi 1993-cü ildən başladı. Həmin il hakimiyyətə gələn ulu öndər mədəniyyətimizi dağılmaq təhlükəsindən xilas etdi. Ümummilli liderin səyi nəticəsində Azərbaycanın maddi-mədəni sərvətləri, xalqın yaratdığı maddi və mənəvi dəyərlər xalqın özünə qaytarıldı. Bu dahi şəxsiyyət hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycanın mədəniyyət və incəsənətinin əsl himayədarı idi. Hələ o vaxt dahi rəhbər dilimizi, mənəviyyatımızı, milli-mənəvi dəyərlərimizi Azərbaycanın gələcəyi üçün qoruyub saxlamağın vacibliyini mühüm şərt kimi qarşıya qoyurdu.
Ulu öndərin hakimiyyəti dövründə mədəniyyətimizin hüquqi bazası möhkəmləndi. 1998-ci il fevralın 6-da qəbul olunan "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə mədəniyyət siyasətinin əsas prinsiplərini müəyyənləşdirdi, mədəniyyət sisteminin demokratik əsaslarla təşkili və idarə olunmasının, mədəniyyət sahəsində fəaliyyətin hüquqi və beynəlxalq əlaqə formalarını müəyyənləşdirdi. Qanunla yanaşı bir sıra hüquqi-normativ sənədlər də qəbul olundu ki, onlar da mədəniyyət siyasətinin həyata keçirilməsinin tənzimlənməsində əhəmiyyətli rol oynadı.
Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyevin böyük səyi nəticəsində milli mədəniyyətimizə dövlət qayğısı artdı, mədəniyyət xadimlərinə Prezident təqaüdləri, mükafatları verildi, onlar fəxri adlara layiq görüldülər. Azərbaycanın məşhur mədəniyyət xadimləri tariximizin heç bir mərhələsində Heydər Əliyevin hakimiyyəti illərində olduğu qədər yüksək qiymətləndirilməmişlər. Bu illər ərzində mədəniyyətlə bağlı keçirilən tədbirlərin sayı artmış, onların bir qismində ulu öndər şəxsən iştirak etmişdir. Bu böyük şəxsiyyətin hakimiyyəti dövründə mədəniyyət abidələrinin bərpasına da xüsusi diqqət yetirilirdi. Ulu öndər Azərbaycanın sivil dünya ilə inteqrasiyasına, xalqların iqtisadi-siyasi, humanitar yaxınlaşmasına dövlətçiliyi möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri kimi baxırdı. Heydər Əliyev dünya ilə dil tapmağın ən sınanmış və optimal yollarından biri olaraq, mədəni dəyərlərin qarşılıqlı dərkinin təbliğini əsas götürürdü.
Bu dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti illərində isə Azərbaycan mədəniyyəti sürətli inkişaf yoluna çıxarıldı. Cənab İlham Əliyev qətiyyətlə bildirmişdir ki, "Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqlar". Bu gün cənab Prezidentin bu uzaqgörən bəyanatı real həllini tapmışdır. Xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, yeniləşməsi prosesi get-gedə daha böyük vüsət alır. Müstəqillik Azərbaycanın mədəni həyatının inkişafında çox mühüm rol oynadı. 2003-cü ildən sonra xalqın milli-mənəvi dəyərlərinə dövlət qayğısı ilbəil artdı, mədəniyyətin çiçəklənməsi, yeniləşməsi prosesi davam etdirildi. Müstəqillik Azərbaycanın mədəni həyatının inkişafında çox mühüm rol oynadı.
Bu illərdə mədəniyyətin inkişafı ilə bağlı Prezident İlham Əliyev haqlı olaraq demişdir: "Müstəqillik illərində Azərbaycan xalqının mənəvi potensialı daha da zənginləşmiş, milli mədəniyyət və incəsənət azərbaycançılıq məfkurəsi əsasında inkişaf etmişdir".
Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk vaxtlardan mədəniyyəti dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirmişdir. Ötən dövr ərzində müstəqil Azərbaycanın mədəniyyətinin maddi-texniki bazası möhkəmlənmiş, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına diqqət artırılmış, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın YUNESKO ilə əlaqələrin inkişafında əhəmiyyətli xidmətləri olmuşdur. Təsadüfi deyil ki, Mehriban xanımın təşəbbüsləri yüksək qiymətləndirilmiş və o, YUNESKO-nun xoşməramlı səfiri adını qazanmışdır. Müstəqillik illərində Azərbaycan mədəniyyətinin ən yaxşı nümunələri YUNESKO-nun mənəvi irs siyahısına daxil edilmişdir. Onlar arasında aşıq sənətimiz, xalça sənətimiz, muğam sənətimiz, Novruz bayramı vardır. Son illər islam dünyası ilə yaradılan mədəni əlaqələrimizdə də Mehriban xanımın xidmətləri böyükdür. İSESKO xətti ilə həyata keçirilən tədbirlər Azərbaycanımızın şərq aləmində yüksək mədəniyyət ölkəsi kimi tanınmasında əhəmiyyətli rol oynamışdır. Azərbaycanın birinci xanımı bu əlaqələrin inkişafına görə İSESKO-nun da xoşməramlı səfiri adını ləyaqətlə daşıyır.
Son illər Azərbaycan mədəniyyətlərarası dialoq sahəsində çox mühüm tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşdur. Belə dialoqların aparılması Azərbaycan mədəniyyətinin beynəlxalq əlaqələrinə çox müsbət təsir göstərir, onu yaxından tanıyırlar. Bu isə müstəqil Azərbaycanın dünyada həm də yüksək sivil ölkə kimi öz imicini möhkəmləndirməsinə imkan verir.
Müstəqil Azərbaycanın mədəniyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində görülən davamlı işlərin nəticəsidir ki, 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olundu. Bakıda İslam Konfransı Təşkilatı ölkələri mədəniyyət nazirlərinin VI konfransı keçirildi. Eyni zamanda, Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi ölkəmizin mədəni həyatında çox əhəmiyyətli hadisəyə çevrildi. Bu forumun Azərbaycan tərəfindən təklif olunması və ölkəmizdə keçirilməsi mədəniyyətlərarası, sivilizasiyalararası alyans sahəsində ölkəmizin atdığı mühüm addımlardan biri kimi çox əhəmiyyətli olmuşdur.
Mədəniyyət sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirmişdir. Qeyd edim ki, bu sahədə qəbul olunan dövlət proqramlarının reallaşması nəticəsində mədəniyyətimizin bütün sahələrində islahatlar uğurla davam etdirilmişdir. Teatr, kino, musiqi, kitabxana və muzey işi sahəsindəki dövlət proqramları əsasında həyata keçirilən tədbirlər nəticəsində mədəniyyətimizin bu sahələrinin inkişafı təmin edilmiş, bir sıra mədəniyyət obyektləri tikilmiş, bəziləri əsaslı təmir olunmuşdur. Filarmoniya, Milli Kitabxana, Dram Teatrı, İncəsənət və Tarix muzeyləri əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi mədəni həyatımızda əhəmiyyətli hadisəyə çevrildi. Bu günlər Azərbaycan Dövlət Xalça Muzeyinin yeni binasının inşası, Nizami kinoteatrının əsaslı təmiri başa çatmaq üzrədir. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" əsasında bölgələrdə bir sıra yeni mədəniyyət obyektlərinin inşası və köhnələrin təmiri həyata keçirilmişdir və hazırda bu işlər davam etdirilir.
Müstəqil Azərbaycanda həyata keçirilən mədəniyyət siyasəti milli-mənəvi dəyərlərin qorunması və təbliğinə də öz əhəmiyyətli töhfələrini vermişdir. Ölkənin bütün bölgələrində mövcud olan tarixi-mədəni abidələr yenidən bərpa olunur, xalqın mənəvi sərvətlərinin qorunub gələcək nəslə çatdırılması məqsədilə festivallar, müsabiqələr keçirilir. Xüsusilə muğam sənətinin qorunması və təbliğinə son illər böyük diqqət yetirilir. Beynəlxalq muğam müsabiqələrinin keçirilməsi ölkəmizin mədəni həyatında çox mühüm hadisəyə çevrilmişdir.
Söz yox ki, bütün bunlar ölkəmizdə mədəniyyət siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir və bu nailiyyətlər müstəqil Azərbaycanımızın dünyada tanınması üçün əhəmiyyətli rol oynamışdır. "Eurovision" müsabiqəsində Azərbaycanın qazandığı qələbə və bu müsabiqənin 2012-ci ildə Bakıda keçirilməsi mədəniyyət siyasətinin uğurlu nəticəsidir.
Bu gün ölkəmizin paytaxtı Bakı və onun ətraf qəsəbələrinin də mədəni həyatı sürətlə inkişaf edir. Salınan yeni parklar, inşa edilən mədəniyyət sarayları, musiqi məktəbləri və s. şəhərimizin həyatını ildən-ilə gözəlləşdirir. Bakı həqiqətən son illər nəinki ölkənin, eləcə də regionun inkişaf etmiş mədəniyyət mərkəzinə çevrilmişdir. Burada insanların mədəni istirahəti üçün hər cür şərait yaradılır. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi bu istiqamətdə çox maraqlı tədbirlər hazırlayıb həyata keçirir. Tabeçiliyimizdə olan mədəniyyət evləri, klublar, kitabxanalar müasir səviyyədə yenidən qurulur, əhalinin mədəni istirahəti üçün lazımi şərait yaradılır.
Bu yaxınlarda "Bakı və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının (2011-2013)" qəbul edilməsi yaxın gələcəkdə Bakı və onun ətraf qəsəbələrinin mədəni həyatının daha da zənginləşməsinə öz təsirini göstərəcəkdir.
Azərbaycan öz dövlət müstəqilliyi yolunda inamla addımladıqca onun mədəniyyəti də inkişaf edəcək, bu xalqa, bu millətə məxsus olan milli-mənəvi dəyərlər daha etibarlı qorunacaq, ölkəmiz dünyada sivil dövlət kimi tanınacaqdır.
Əlikram ƏLİYEV,
Bakı Şəhər Mədəniyyət
və
Turizm İdarəsinin rəisi
Xalq qəzeti.- 2011.- 1 oktyabr.- S. 6.