Aqrar sahənin uğurları
Qədim
vaxtlardan qalma adətdir: kəndlilər yaz-tarla işlərinə
çıxanda bir-birinə zarafatla deyər ki, "cücəni
payızda sayarlar". Yəni ilboyu çəkilən zəhmətin
bəhrəsi payızda bilinər. İndi budur, növbəti
payız fəslidir, "cücələri" saymaq
vaxtıdır.
Bu mənada
cari ilin payızı fermerlər və fərdi torpaq
sahibkarları üçün uğurlu nəticələrlə
əlamətdardır. Belə ki, keçən ilə nisbətən
bu il kənd təsərrüfatının bütün sahələrində
yüksək göstəricilər əldə olunmuşdur.
Bunu Dövlət Statistika Komitəsinin məlumatları da təsdiqləyir.
Payızlıq və yazlıq bitkilərin
yığımı, əldə edilən nəticələr
bir daha təsdiq edir ki, Azərbaycanda hər il 3 milyon ton
buğda və arpa məhsulu istehsal etmək
mümkündür. Məsələn, bu il ölkədə
keçən ilə nisbətən təqribən 500 min ton
çox arpa və buğda məhsulu istehsal edilmişdir. Son məlumata
görə, əgər keçən il 1 milyon 851 min tondan
çox taxıl məhsulları tədarük edilmişdisə,
bu il həmin göstərici 2 milyon 300 min tonu arxada
qoymuşdur.
Taxılçılar
arasında ən yüksək göstəriciyə Şəki
rayonunun (238,2 min ton), Cəlilabad rayonunun (114,2 min ton),
Naxçıvan Muxtar Respublikasının (107,3 min ton) və
Neftçala rayonunun (101,9 min ton) fermerləri və fərdi
torpaq sahibkarları nail olmuşlar. Təkcə bu dörd
bölgə birlikdə 551 min tondan çox taxıl istehsal
etmişdir. Taxılçılıqla məşğul olan 60
rayondan 14-ü isə mövsüm ərzində zəmilərdən
hərəyə 50 min tondan çox arpa və buğda tədarük
etmişdir. Respublika üzrə hər hektardan orta hesabla 24,7
sentner taxıl götürülmüşdür ki, bu da
keçənilki göstəricidən 4,9 sentner çoxdur.
Hazırda dənli və dənli-paxlalıların yığımı davam edir. Cari ildə dən üçün 33686 hektarda qarğıdalı əkilmişdir. Artıq bunun 11037 hektarında məhsul yığılmışdır. Hər hektardan 42,8 sentner qarğıdalı yığılmaqla, hələlik 47,2 min ton dən tədarük olunmuşdur. Bu göstəricilər keçən ilin müvafiq dövründəkinə nisbətən xeyli çoxdur. Dən üçün günəbaxan yığımında da yüksək nəticələr əldə edilir. Qısa müddətdə 11327 hektar günəbaxan sahəsinin 7477 hektarından 15 min tondan çox dən yığılmışdır. Əgər keçən il günəbaxan sahələrinin hər hektarından 17,8 sentner məhsul götürülmüşdüsə, bu il həmin rəqəm 20,1 sentnerdən artıqdır.
Müstəqillik illərində Azərbaycanda kartof istehsalı sürətlə inkişaf edir. İndi respublikanın elə bir bölgəsi yoxdur ki, orada bu qiymətli ərzaq bitkisinin əkini ilə məşğul olunmasın. Ölkə üzrə hər il 1 milyon tondan çox kartof istehsal olunur ki, bu da əhalinin tələbatından xeyli çoxdur. Vaxtilə xarici ölkələrdən kartof almaq məcburiyyətində qalan Azərbaycan indi özü bu məhsulu başqa respublikalara satır.
Havaların bu il əksərən yağmurlu keçməsinə baxmayaraq, kartof istehsalçıları yaxşı nəticələr əldə edirlər. Ölkə üzrə bu il əkilmiş 65186 hektar kartof sahəsinin 51046 hektarında artıq məhsul yığımı başa çatmışdır. Hər hektardan orta hesabla 134,9 sentner məhsul götürülməklə indiyədək 688655 ton kartof tədarük olunmuşdur. Bu göstəricilər keçən ilin müvafiq dövründəki rəqəmlərdən yüksəkdir. Deməli, bu il də Azərbaycanda azı 1 milyon ton kartof istehsal olunacaqdır.
Ölkə üzrə becərilən kartof sahələrinin, demək olar ki, yarısı - yəni 30231 hektarı Gəncə - Qazax iqtisadi rayonunun payına düşür. Burada Tovuz rayonunun fermerləri və fərdi torpaq sahibkarları respublikada ən yüksək nəticələr əldə edirlər. Tovuzlular bu il əkdikləri 6768 hektar sahənin 85,8 faizində (5807 hektar) kartof yığımını yekunlaşdırmışlar. Rayon üzrə hər hektardan 270 sentner məhsul götürülməklə 156788 ton kartof tədarük olunmuşdur. Hər iki göstərici keçən ilin müvafiq dövründəkindən xeyli yüksəkdir.
Gəncə - Qazax iqtisadi rayonunda şəmkirlilər də nümunəvi işləri ilə fərqlənirlər. Onlar becərdikləri 6389 hektar sahənin 5768 hektarında yığımı başa çatdırmış və 97858 ton məhsul əldə etmişlər. Ənənəvi kartof istehsalçısı kimi tanınan Gədəbəy rayonunda bu il vəziyyət bir o qədər də ürəkaçan deyil. Aramsız yağan yağışlar məhsuldarlığa mənfi təsir göstərmişdir. Burada əkilmiş 13185 hektar kartof sahəsinin 4513 hektarından cəmi 41972 ton qiymətli ərzaq məhsulu yığılmışdır ki, bu da nəzərdə tutulduğundan xeyli azdır. Lakin bütün bunlara baxmayaraq, Gəncə - Qazax iqtisadi rayonu üzrə indiyədək 316,2 min ton kartof tədarük olunmuşdur. Bu, keçən ilin müvafiq dövründəki göstəricini təqribən 17 min ton üstələyir.
Kartof istehsalında Naxçıvan Muxtar Respublikası daxil olmaqla ölkənin digər iqtisadi rayonlarında da yüksək nəticələr əldə edilir.
Son illər kartofçuluqla yanaşı, tərəvəzçilikdə də əsaslı irəliləyiş var. Bu sahədə də 1 milyon tonluq göstərici adi hala çevrilmişdir. Cari ildə əkilmiş 80930 hektar sahənin 70815 hektarından 961,9 min ton müxtəlif növ tərəvəz məhsulları götürülüb kolxoz bazarlarına və emal müəssisələrinə göndərilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən 31 min ton çox tərəvəz məhsulları tədarük edən fermerlər və fərdi torpaq sahibkarları yığımı uğurla davam etdirirlər. Hər hektarda ən yüksək məhsuldarlığa Xaçmaz, Masallı, Qazax, Lənkəran, Göyçay, Hacıqabul rayonları nail olurlar. Həmin rayonlarda hər hektardan orta hesabla 200 sentnerdən çox tərəvəz məhsulları yığılır.
Müstəqilliyimizin iyirminci ildönümündə ərzaq üçün bostan, meyvə və üzüm məhsulları da əvvəlki ilin müvafiq dövründəkindən çox olmuşdur. Sentyabr ayının 1-dək ölkədə 442125 ton bostan məhsulları, 295799 ton meyvə, 24049 ton üzüm tədarük edilmişdir ki, bu da əhalinin tələbatını ödəməyə bəs edir. Bostan məhsullarının istehsalında Aran iqtisadi rayonu, meyvə tədarükündə Quba-Xaçmaz iqtisadi rayonu, üzüm yığımında isə yenə Aran iqtisadi rayonunun fermerləri və fərdi torpaq sahibkarları nümunəvi işləri ilə seçilirlər.
Azərbaycanda şəkər çuğunduru istehsalı təzə sahədir. Doğrudur, əvvəllər də ölkəmizdə çuğundur istehsal olunub. Amma bu əsasən mal-qara üçün yemə sərf edilib. İmişli rayonunda şəkər zavodu istismara buraxıldıqdan sonra bu sahəyə diqqət və maraq artmışdır. Cari ildə respublikada 7304 hektar sahədə şəkər çuğunduru yetişdirilib. Qısa müddətdə bunun 304 hektarında məhsul yığılıb. Hər hektardan 411,2 sentner məhsul götürülməklə 12502 ton şəkər çuğunduru tədarük olunmuşdur. Bu, əsasən Aran iqtisadi rayonunun payına düşür.
Nəhayət ölkədə keyfiyyətli yaşıl çay yarpağı yetişdirilməsinə münasibət müsbət mənada dəyişib. İndiyədək 398 ton yaşıl çay yarpağı dərilərək emal müəssisələrinə göndərilib ki, bu da keçən ilin müvafiq dövründəkindən 18 ton çoxdur. Astara rayonunun çaybecərənləri daha yaxşı işləyərək plantasiyalardan 277 ton yaşıl yarpaq dərmişlər.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2011.- 1 oktyabr.- S. 6.