"Ana torpağa bağlı sənətkar"

 

"Elm və təhsil" nəşriyyatı görkəmli ədəbiyyatşünas alim Əhəd Hüseynovun "Mir Cəlalın bədii nəsri" kitabını çapdan buraxmışdır. Əhəd Hüseynov keçən əsrin 50-60-cı illər ədəbi tənqidinin ən nüfuzlu simalarından biri olmuşdur. O, ədəbi tənqidlə bərabər, ədəbiyyat tarixçisi kimi də məhsuldar fəaliyyət göstərmişdir. Onun araşdırmalarında iki görkəmli nasirin yaradıcılığı daha çox diqqət mərkəzinə çəkilmişdir: Cəlil Məmmədquluzadə və Mir Cəlal Paşayev.

 

Kitaba görkəmli alimin Mir Cəlalın bədii nəsri ilə bağlı məqalələri toplanmışdır. Bu məqalələrdə Mir Cəlalın hekayə və roman yaradıcılığına müxtəlif rakurslardan yanaşılaraq onların sənətkarlıq məziyyətləri aşkara çıxarılmışdır.

Azərbaycan xalqının yaddaşında Mir Cəlal görkəmli nasir, ədəbiyyatşünas alim, pedaqoq, əvəzedilməz şəxsiyyət kimi unudulmaz bir yer tutur. Ə.Hüseynov kimi taleyinə Mir Cəlalın tələbəsi olmaq, onun mühazirələrini dinləmək nəsibi düşən insanların təsəvvüründə həqiqi müəllim obrazı haqqında onunla bağlı olan çox aydın qənaətlər hasil olur. Belə insanlar üçün artıq "həqiqi müəllim necə olmalıdır?" sualına cavab axtarmağa ehtiyac qalmır.

Tələbəsi, aspirantı, iş yoldaşı - həmkarı olub onunla sıx ünsiyyətdə olan adamlar isə şəxsiyyət bütövlüyünün, ən yüksək insani keyfiyyətlərin simvolu olan Mir Cəlalın obrazını da yaddaşlarına həkk etmişlər. Bu mənada professor H.Ənvəroğlunun dəqiq ifadə etdiyi bir fikrə tam şərik olmaq lazım gəlir: "Yazıçı-vətəndaş Mir Cəlal tanrısından güc alan, mənəvi təmkini uca tutan Batin sima, XX əsr ictimai-tarixi gerçəklər dönəmində ilkinliyini və özəlliyini qoruyub saxlayan fövqəlinsan idi" ("Xalq qəzeti", 22 fevral 2008-ci il).

Əhəd Hüseynov Mir Cəlal haqqında ilk məqaləsini 1956-cı ildə nəşr etdirmişdir. Bu illərdə Mir Cəlal iyirmi beş ildən artıq yaradıcılıq yolu keçmişdi, ədəbi mühitdə görkəmli hekayəçi və romançı kimi məşhur idi. Bu zaman Ə.Hüseynov ədəbi tənqidə gələn gənc və istedadlı mütəxəssis kimi tanınmağa başlamışdı. O, ilk tənqidi məqalələrini daha çox bədii yaradıcılığa yeni başlayan gənclərin əsərlərinə həsr edirdi. Onun yazılarında diqqət çəkən əsas cəhətlərdən biri ədəbi prosesi varislik əlaqələri kontekstində təhlilə cəlb etmək, gənclərin yaradıcılığını ənənəyə novator münasibət zəminində qiymətləndirmək bacarığı idi.

1956-1968-ci illər arasında Ə.Hüseynov Mir Cəlalın yaradıcılığı haqqında doqquz məqalə yazmışdır. Bu məqalələrdə görkəmli sənətkarın nəsri, xüsusən hekayələri əhatəli bədii təhlil süzgəcindən keçirilmişdir. Heç şübhəsiz, Mir Cəlalın yaradıcılığına bu davamlı maraq, ilk növbədə sənətkarın bədii nəsr tariximizdəki mövqeyini müəyyənləşdirmək məqsədi daşıyırdı. Ə.Hüseynov Mir Cəlalı çağdaş Azərbaycan nəsrinin ən istedadlı nümayəndələrindən biri kimi dəyərləndirir, onun yaradıcılığında klassik nəsr ənənələrimizə novator münasibətin xarakterini üzə çıxarıb ümumiləşdirməyə üstünlük verirdi. Tarixi ədəbi proses kontekstində bu cür ümumiləşdirmə eyni zamanda Mir Cəlal yaradıcılığının ideya-estetik xüsusiyyətlərini öyrənmək təcrübəsinin əsasını qoyurdu.

Qeyd etmək lazımdır ki, Mir Cəlalın sağlığında, yaradıcılığının çiçəkləndiyi bir dövrdə yazılmış bu məqalələr görkəmli ədibin əsərlərinin öyrənilməsi ənənələrinin ideya-estetik əsaslarını müəyyənləşdirmək baxımından öz elmi dəyərini bu gün də saxlamaqdadır. Ə.Hüseynov Mir Cəlal yaradıcılığının əsas ideya istiqamətini bu cür qiymətləndirir: "Ana torpağa, onun gözəl, məğrur, sadə insanlarına dərin və tükənməz məhəbbət, bu insanların taleyi ilə üzvi bağlılıq Mir Cəlal nəsrinə daxili hərarət verən, onu qanadlandıran əsas amillərdir".

Ə.Hüseynov Mir Cəlalın nasir kimi qazandığı uğurların, nümayiş etdirdiyi sənətkarlığın əsas səbəbini milli ədəbi ənənələrə bağlılıqda görür və yazırdı: "Mir Cəlal satirik hekayələrində klassik nəsrimizdən, C.Məmmədquluzadənin, Ə.B.Haqverdiyevin ədəbi irsindən yaradıcı şəkildə istifadə etmişdir. Dilinin sadəliyi, dəqiqliyi, əlvan, rəngarəng xalq ifadələrinin bolluğu cəhətdən, dialoq qurmaq, bədii suallardan, təkrarlardan, təsvir və ifadə vasitələrindən istifadə etmək cəhətdən Mir Cəlal klassik nasirlərimizdən çox şey öyrənmişdir".

Ədəbiyyatımızın tarixi mərhələləri haqqında aydın elmi biliyə malik olması, realist nəsrin təkamül yolunu və yaradıcılıq prinsiplərini dürüst təhlil etməsi Ə.Hüseynova XX əsr maarifçi və tənqidi realizmi ilə sovet dövrü nəsri arasındakı bağlılığı bütün detallarına qədər görmək və qiymətləndirmək imkanı verirdi. Görkəmli yazıçının sənətkarlıq xüsusiyyətləri ilə bağlı Ə.Hüseynovun qənaətləri onun yaradıcılıq laboratoriyasına tam şəkildə bələd olan, əsərlərini davamlı şəkildə çeşidləyərək araşdıran bir mütəxəssisin qənaətləri olmaq etibarı ilə bu gün də maraqlıdır. Bu qənaətlərin dəyəri bədii materialın həssaslıqla, yüksək bədii duyum və zövq ilə, dərin nəzəri təfəkkür, erudisiyalı baxışla incələnməsi sayəsində təmin olunur.

Düşünürük ki, görkəmli ədəbiyyatşünas Əhəd Hüseynovun qızı, ədəbiyyatşünas Zərnurə Əhədqızının tərtib etdiyi toplu Mir Cəlal ədəbi irsinin öyrənilməsinə layiqli töhfə olacaq, həqiqi oxucu marağı qazanacaqdır.

 

 

Təyyar SALAMOĞLU,

filologiya elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2011.- 1 oktyabr.- S. 6.