Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır

 

Azərbaycan xalqı dövlət müstəqilliyinin yenidən bərpasının 20-ci ildönümünü böyük təntənə ilə qeyd etməyə hazırlaşır. Prezident İlham Əliyevin bu il yanvarın 21-də imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünü haqqında" sərəncamı bu böyük və tarixi bayramın dövlət səviyyəsində, təntənəli şəkildə qeyd ediləcəyindən xəbər verir. Hazırda respublikamızın bütün bölgələrində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə layiqli töhfələr verilməsi üçün ciddi hazırlıq işləri görülür, yenidənqurma və abadlıq, beynəlxalq standartlar səviyyəsində müəssisələrin açılması istiqamətində qətiyyətli addımlar atılır.

 

Müstəqillik böyük sərvətdir. Bu sərvəti qoruyub saxlamaq, gələcək nəsillərə yetirmək hər birimizin vətəndaşlıq borcudur. Müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi varisidir. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsi həmin dövr üçün çox böyük tarixi, ictimai-siyasi hadisə idi. Azərbaycan Demokratik Respublikasının elan edilməsi, onun iki illik hakimiyyəti dövrü milli tariximiz üçün böyük əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl Azərbaycan Demokratik Respublikası Şərqdə, islam və türk dünyasında ilk demokratik, müstəqil respublika üsul-idarəsi idi. Qısa vaxt ərzində ADR öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi. Təəssüf ki, müstəqil respublika uzun müddət davam gətirə bilmədi. Buna baxmayaraq, bütün dünyaya bəlli oldu ki, Azərbaycan xalqı mərd, cəsarətli, qorxmaz, istiqlaliyyət arzusu ilə yaşayan, mübarizə aparan və bu yolda qarşıya çıxan hər bir çətinliyə sinə gərməyə qadirdir. Biz 1988-ci ildə də bunun şahidi olduq. O zaman SSRİ rəhbərliyinin millətlər arasında açıq şəkildə ayrı-seçkilik salması, bundan istifadə edən Ermənistanın Dağlıq Qarabağı özünə birləşdirmək istəməsi Azərbaycan xalqını haqlı olaraq hiddətləndirdi. "Torpaqdan pay olmaz" deyib ayağa qalxan xalq Azərbaycanın istiqlaliyyəti, suverenliyi uğrunda mübarizəyə başladı. Xalqın aşıb-daşan etirazı qarşısında duruş gətirə bilməyən SSRİ rəhbərliyi başda Mixail Qorbaçov olmaqla Azərbaycanın haqq səsini ordu ilə boğmaq qərarına gəldi. 1990-cı il yanvarın 20-də Bakının küçə və meydanları azadlıq, istiqlaliyyət arzusunda olan insanların qanına boyansa da, xalq geri çəkilmədi və sona qədər mübarizə apararaq Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bir daha təsdiqlədi.

Azərbaycanda demokratikhüquqi dövlət quruculuğu prosesi müstəqilliyin ilk günlərindən müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunub. Respublikamız bu yolda sərt sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələrini, erməni separatizminin və Ermənistanın Azərbaycana hərbi təcavüzünün vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri və onların doğurduğu nəticələri aradan qaldırmaq məcburiyyətində qaldı.

Müstəqillik əldə etdikdən sonra ilk illərdə Azərbaycanın zəngin iqtisadi və mənəvi-intellektual potensialından istifadə etməklə, onun siyasi-iqtisadistrateji mənafelərinə uyğun olan müstəqil dövlətçiliyin möhkəmləndirilməsi üçün geniş perspektivlər açılsa da, ölkənin hakimiyyət strukturlarının və müxalif siyasi qüvvələrin yaranmış vəziyyəti düzgün qiymətləndirməməsi, əlverişli imkanlardan səmərəli istifadə etməməsi, ümummilli mənafelərin ayrı-ayrı qrupların cılız iddialarına qurban verilməsi daxili ictimai-siyasi vəziyyəti gərginləşdirdi, ölkənin beynəlxalq mövqelərini zəiflətdi və beləliklə də gənc suveren dövlətin inkişafına ciddi zərbə vurdu.

1993-cü ilin yayında Azərbaycan məhvolma təhlükəsi ilə üz-üzə qaldı. AXC-Müsavat hakimiyyəti özünün bir illik idarəçiliyi müddətində Azərbaycanın müstəqil dövlətçiliyinə ağır zərbələr vurdu, ölkəni böhran vəziyyətinə gətirdi və həlledici məsuliyyət məqamında taleyin hökmünə buraxaraq hərəsi bir tərəfə qaçdı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqil inkişafı tarixində ictimai-siyasi durumun daha da kəskinləşməsi, müstəqil dövlətçiliyi süquta sürükləyən neqativ təzahürlərin meydana çıxması və təhlükəli xarakter alması dövrü kimi yaddaşlarda qaldı.

1993-cü ilin iyun ayında respublikamızda yaranmış ağır vəziyyətin dəf olunması yolunu xalqın geniş təbəqələri dövrün görkəmli siyasi xadimi, zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin ölkənin siyasi rəhbərliyinə qaytarılmasında görürdü. Xalqın bütün təbəqələrinin, xüsusən tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin təkidli tələbi ilə Heydər Əliyev Azərbaycanın dövlət rəhbərliyinə qayıtmağa razılıq verdionun böyük səyləri nəticəsində qısa bir zamanda ölkədə hakimiyyət boşluğu aradan götürüldü, Azərbaycanın dövlətçiliyinə, ərazi bütövlüyünə qəsd edən separatçı qüvvələr, cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət aparatı ilə xalqın birliyi təmin olundu. Beləliklə, xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa imkan verdi. Respublikamız qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu.

Heydər Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri müstəqilliyimizin qorunub saxlanılması, əbədi olması, Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmə inteqrasiyası, dünyanın nüfuzlu, mötəbər qurumları ilə əməkdaşlığı möhkəmləndirmək və bu təşkilatlara üzv olmaq idi. Yalnız bundan sonra Azərbaycanın müstəqilliyi möhkəmlənəcəkdi. İlk növbədə Milli Ordu yaradılmalı və formalaşdırılmalı idi. Azərbaycan ordusunun qurulması sahəsində həyata keçirilən geniş və qətiyyətli tədbirlər onun döyüş qabiliyyətinin yüksəlməsinə və düşmənə layiqli cavab verməsinə imkan yaratdı. Milli Ordumuzun uğurlu əməliyyatları düşmənin niyyətlərini puça çıxardı. Ermənistan atəşin dayandırılması barədə danışıqlara başlamağa məcbur oldu və 1994-cü il mayın 12-də atəşkəs haqqında razılaşma imzalandı.

1994-cü ilin sentyabrında dünyanın nüfuzlu neft şirkətlərinin daxil olduğu konsorsiumla imzalanmış "Əsrin müqaviləsi" Azərbaycana iri həcmli kapital qoyuluşuna və respublikamızın digər beynəlxalq iqtisadi layihələrdə iştirakına yol açdı. Dünyanın ən iri neft şirkətlərinin Azərbaycana cəlb edilməsi ölkəmizin beynəlxalq aləmdəki əlaqələrini daha da genişləndirdi və mövqelərini möhkəmləndirdi.

Qanunun aliliyinə və cəmiyyətin bütün üzvlərinin firavan həyatına, azad və sərbəst fəaliyyətinə təminat verən vətəndaş cəmiyyətinin bərqərar edilməsini özünün əsas məqsədlərindən biri kimi bəyan edən Azərbaycan xalqı 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul etdiyi Konstitusiyada həmin prinsipləri qanunvericilik yolu ilə təsbit etdi. İnsanların ictimai-siyasi şüur və özünüdərkinin yetkinləşməsi sayəsində cəmiyyətdəki ictimai-siyasisosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların müxtəlif təbəqələrini və kateqoriyalarını təmsil edən ictimai qurumların fəal rol oynaması dövlətin və insanlar toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdəndir. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı. Azərbaycan Respublikası öz Konstitusiyasında irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyinə təminat vermişdir. Bu isə ölkəmizdə demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin bərqərar olması ilə üzvi surətdə bağlıdır.

Xalqın yüksək siyasi mütəşəkkilliyi şəraitində, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasında ilk parlament seçkiləri keçirildi. Çoxpartiyalılıq əsasında seçilmiş ilk demokratik parlament həmin prinsiplərin gerçəkləşməsi yolunda atılan mühüm addım oldu. Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizdə həyata keçirilən demokratik islahatların qanunvericilik bazasının yaradılması sahəsində məhsuldar işləməklə ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, yeni siyasi-iqtisadi sistemin qurulmasına öz töhfəsini verdi.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanda seçkilərin daha demokratik və ədalətli keçirilməsi, fəaliyyətindən asılı olmayaraq bütün siyasi partiyaların, bitərəf insanların seçkilərdə iştirakının təmin olunması üçün beynəlxalq aləmdə də yüksək dəyərləndirilən mühüm əhəmiyyətli sənədlər imzaladı. Azərbaycan Respublikası Prezidenti 2005-ci il mayın 11-də "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" və həmin il oktyabrın 25-də "Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" fərmanlar imzalamaqla azad və ədalətli seçki keçirilməsinə geniş imkanlar yaratdı və öz siyasi iradəsini ortaya qoydu. Konstitusiya prinsiplərinin reallaşması məhz seçki qanunvericiliyindən asılıdır. Ona görə də Azərbaycan dövləti onun demokratik prinsiplər əsasında daha da təkmilləşməsinə xüsusi diqqət yetirib. 1998-ci ildə prezident seçkiləri haqqında, 1999-cu ildə bələdiyyə orqanlarına, 2000-ci ildə isə Milli Məclisə seçkilər haqqında qanunlar parlamentdə geniş müzakirə olunmuş, ictimai-siyasi qurumların, o cümlədən, müxalifət partiyalarının təklif və qeydləri nəzərə alınmış, nəticədə həmin sənədlər nüfuzlu beynəlxalq təşkilatların ekspertləri tərəfindən müsbət rəy alaraq həyata vəsiqə qazanmışdır.

Vətəndaş cəmiyyəti quruculuğunda siyasi plüralizmin, çoxpartiyalı sistemin inkişafı xüsusi rol oynayır. Vətəndaş cəmiyyətinin əsas atributlarından birisiyasi partiyalardır. Demokratik cəmiyyətin yaranmasında, formalaşmasında və inkişafında siyasi partiyalar böyük rol oynayır. Azərbaycanda siyasi partiyaların yaranma tarixi o qədər də uzaqda deyil. Keçən əsrin 90-cı illərində ilk siyasi partiyalar meydana gəldi və bu gün ölkəmizdə müəyyən təcrübə qazanmış partiyalar 16-17 illik fəaliyyət tarixinə malikdir. Həmin zaman vətəndaş cəmiyyəti quruculuğu üçün o qədər də böyük tarix deyil. Buna baxmayaraq, istər 90-cı illərin ağır, çətin vəziyyətində, istərsə də ötən əsrin sonlarından başlayaraq qarşıya çıxan problemlərin aradan qaldırılmasında və ictimai-siyasi sabitliyin yaradılmasında partiyaların özünəməxsus rolu olub. Azərbaycanda siyasi partiyaların fəaliyyəti qanunla tənzimlənir. "Siyasi partiyalar haqqında" Qanunun daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür və yaxın vaxtlarda yeni qanun layihəsinin Milli Məclisdə müzakirə olunacağı gözlənilir. Siyasi partiyaların fəaliyyətinin daha da gücləndirilməsi məqsədi ilə dövlət tərəfindən maliyyə yardımı göstərilməsi də gündəmdə olan məsələlərdəndir. Bütün bunlar Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılmasından xəbər verir. Bununla yanaşı, insan hüquq və azadlığının yüksək səviyyədə qorunması, Amnistiya aktlarının, əfv fərmanlarının imzalanması, azad fikrin formalaşması, müstəqil mətbuatın sərbəst fəaliyyəti istiqamətində həyata keçirilən tədbirlər, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun qəbul edilməsi, mitinq və aksiyaların keçirilməsi üçün müvafiq yerlərin ayrılması, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin verilməsi də vətəndaş cəmiyyətinin formalaşdırılmasında müstəsna əhəmiyyətə malikdir.

Azərbaycanın müstəqilliyinin 20 illik inkişaf tarixində Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni siyasi partiyaların tarix səhnəsinə qədəm qoyması və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Bu isə Azərbaycan dövlətinin bütün siyasi partiyaların fəaliyyəti üçün zəruri şərait yaratması nəticəsində mümkün olmuşdur. Ötən dövr ərzində respublikamızda vətəndaş cəmiyyətinin prinsiplərini praktikada reallaşdıran yüzlərlə ictimai təşkilat yaranıb. Ölkənin inkişafında tədricən daha fəal iştirak etməyə başlayan ictimai qurumlar əhalinin müxtəlif təbəqələrinin maraqlarını ifadə edərək, dövlət-cəmiyyət-vətəndaş münasibətlərində ahəngdar əlaqələrin təmin edilməsində mühüm yer tutur. Bir sıra həyati problemlərin həllinə kömək missiyasını öz üzərinə götürən, insanları daha fəal, müstəqil və sərbəst fəaliyyətə alışdıran ictimai qurumları vətəndaş cəmiyyətinin təşəkkül tapmasında və inkişafında mühüm vasitə və demokratiyanın atributları kimi qiymətləndirən Azərbaycan dövləti onların azad fəaliyyəti üçün hərtərəfli şərait yaratmışdır.

Ölkəmizdə müxtəlif yönümlü siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının azad nəşr olunması, müstəqil radioteleviziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafının əyani təzahürüdür. Bu isə demokratik cəmiyyətin formalaşması üçün zəruri olan təsisatların və hüquqi bazanın yaradılması sahəsində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətin sayəsində əldə edilmişdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü hər bir azərbaycanlı üçün böyük tarixi hadisədir. Partiyamızın bütün üzvləri bu tarixi hadisənin dövlət səviyyəsində qeyd olunmasını hərarətlə alqışlayır. Kimliyindən, həyatda tutduğu mövqedən asılı olmayaraq hər bir azərbaycanlı ana Vətənimiz olan Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə yüksək nüfuz sahibi olması üçün bütün imkanlarından istifadə etməli, müstəqil Azərbaycanın dünyanın inkişaf etmiş, qüdrətli dövlətlər sırasına qoşulması üçün əlindən gələni əsirgəməməlidir. Azərbaycan dünyanın bütün diyarlarında yaşayan azərbaycanlıların Vətənidir.

 

 

Kamil SEYİDOV,

Azad Respublikaçılar Partiyasının

sədri, politoloq

 

Xalq qəzeti.- 2011.- 1 oktyabr.- S. 4.