Regionlarda şəhərsalma müasir dövrün tələblərinə
uyğunlaşdırılmalıdır
Azərbaycanda
ildən-ilə quruculuq işləri genişlənir, yeni
binalar, yollar inşa edilir, parklar, xiyabanlar salınır,
körpülər, keçidlər tikilir, əhalinin
rahatlığı üçün hər cür şərait
yaradılır. Təkcə iri şəhərlərimiz
deyil, regionlarımızdakı qəsəbə və kəndlər
də öz görkəmini dəyişir. Azərbaycan
Respublikası Prezidentinin regionların sosial-iqtisadi
inkişafı üzrə Dövlət Proqramında bölgələrdəki
şəhərlərin müasir tələblərə
uyğun yenidən qurulmasına xüsusi diqqət
yetirilmişdir.
Ümumiyyətlə,
regionlarımızda şəhərsalma prosesi necə gedir, bu
sahədə hansı problemlər mövcuddur? Bu və ya digər
sualları cavablandırmaq üçün regionlarda şəhərsalma
üzrə bir çox layihələrin rəhbəri, Avropa
Elmlər Akademiyasının və Türkdilli Ölkələrin
Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, BMT tərəfindən
mədəniyyətə xidmət medalı ilə təltif
olunmuş Cahid Həsənovla görüşdük.
İlkin
olaraq Cahid müəllim Azərbaycanda memarlıq və şəhərsalmanın
bugünkü durumu barədə ümumi məlumat verdi. O
bildirdi ki, son illər istər respublikamızın paytaxtı
Bakı şəhərində, istərsə də
regionlarımızın şəhər və qəsəbələrində
şəhərsalmanın müasir üsul və
metodlarından məharətlə istifadə olunur. Bu şəhər
və qəsəbələrdə yeni tipli məktəblər,
uşaq bağçaları, inzibati binalar tikilir, yollar
abadlaşır, parklar və xiyabanlar salınır. Hər
yerdə müasir tələblərə uyğun memarlıq
nümunələri yaradılır.
Əvvəllər
yerli icra orqanlarına yeni tikintilərin aparılmasına icazə
verilirdi. Ona görə də yerlərdə primitiv, müasir
şəhərsalma tələblərinə cavab verməyən
tikintilər inşa edilirdi. Lakin son illər bu sahədə
ciddi dəyişikliklər baş vermiş, indi tikintiyə
başlamazdan əvvəl şəhərin öz memarlıq ənənələrinə
uyğun müasir tipli layihələr tələb olunur. Bu da
müasir şəhərsalmada çox vacib məsələdir.
Bunun nəticəsidir ki, bu gün regionlarımızın
şəhər və qəsəbələri yeni görkəm
alır, onlar ildən-ilə gözəlləşirlər.
Biz Lənkəranda
şəhərsalma ilə bağlı bir neçə layihəni
reallaşdırmışıq və bu gün onlar bu şəhərin
görkəminə xüsusi milli və estetik görkəm
verir.
Regionlarımızın
şəhər və qəsəbələrində bu istiqamətdə
aparılan işlər yaxın gələcəkdə
onların müasir üslubda yenidən qurulmasına öz təsirini
göstərəcək. Hər bölgənin öz milli
xüsusiyyətlərinə uyğun yeni memarlıq nümunələri
yaradılacaq.
-
Regionlarda şəhərsalma zamanı əsas diqqət
hansı məsələlərə yönəldilməlidir?
- Dünyada məşhur memarlar çox olub. Onların yaratdıqları nadir memarlıq abidələri
bəşər mədəniyyətini
zənginləşdirmiş, bu abidələr bu gün də
öz müasirliyini qoruyub saxlayır. Azərbaycan da bu sahədə
zəngin irsə malikdir. Milli memarlıq ənənələrimiz
tarix boyu yaranıb formalaşmışdır.
Azərbaycanın tarixi memarlıq
ənənələri yaşayır
və şəhərsalmada
bu ənənələr
müasirliklə birləşərək
xüsusi ahəng yaradır. Son illər yaradılan yeni tikililər, şəhərlərimizin ümumi
görünüşünə uyğun şəkildə
inşa edilir. Onlarda klassik və müasir memarlıq üslubları sintez təşkil edir. İstər paytaxtımızda, istərsə
də regionlarımızda
memarlarımız şəhərsalmanın
yeni "evro stil" indən istifadə edirlər.
Bilirsinizmi, şəhərsalmada hər
şey gözəl və yaraşıqlı olmaqla orada milli
ənənələr qorunmalıdır. Lakin hərdən
şəhərsalmada istifadə
olunan tikinti materialları onun ümumi görünüşünə
uyğun gəlmir.
Bir neçə il bundan
əvvəl "Alkopan"
deyilən yeni üzlük materialı dəbə düşdü.
Şəhərlərin küçələrində bu materiallardan yeri gəldi-glmədi istifadə olunurdu. Ancaq tarixi binalarda onlardan istifadə yolverilməzdir. Artıq şəhərlərin
hər yerində özünəməxsus memarlıq
elementlərindən istifadə
edilməsinə başlanmışdır.
Qala divarlarının tikintisi,
adətən, qədim
şəhərlərə məxsusdur. Bəzən yeni
şəhərlərdə də belə qala divarları inşa edilir. Əslində, buna o qədər
də ehtiyac yoxdur.
Biz hər bölgənin
öz memarlıq xüsusiyyətlərini öyrənməliyik,
bu irsin qorunub saxlanması üçün tədbirlər
görməliyik. Hər regionun tarixi
memarlıq nümunələrinin
atributları yeni inşa edilən binalarda da istifadə
olunmalıdır. Yerli tikinti
materiallarından daha çox istifadə olunması vacibdir.
Biz konkret olaraq, öz memarlıq strategiyamızı müəyyənləşdirməliyik.
- Regionlarımızda şəhər
və qəsəbələrdəki
tarixi memarlıq abidələrinin bərpası
və əsaslı təmiri sizcə necə aparılmalıdır?
- Bu da çox ciddi
məsələdir. O mənada
ki, həmin abidələr tarixən mövcud olmuş və təbii təsirlərdən müəyyən
aşınmalara məruz
qalmışlar. Çox
yaxşı əlamətdir
ki, Mədəniyyət
və Turizm Nazirliyi bu istiqamətdə
davamlı iş aparır. Məsələn, Şəki şəhərindəki
Xan sarayı, Lənkəranda Dairəvi
qala çox gözəl əsaslı təmir olunmuşdur.
Belə abidələr çoxdur və onlar şəhərlərimizə
həqiqətən, xüsusi
görkəm verir.
Həm də bu gün
ölkəmizdə sürətlə
inkişaf edən turizm üçün çox faydalıdır.
Mən müsahibələrimdə də
dəfələrlə bildirmişəm
ki, belə abidələrin təmirində
və yenidən qurulmasında xaricdən gətirilmiş tikinti materiallarından istifadə
olunmamalıdır. Daha
çox yerli materiallara üstünlük verilməlidir.
Çalışmalıyıq ki, şəhərlərimizdə
hər şey gözəl olsun, bizim milli memarlıq nümunələri
orada öz dolğun əksini tapsın. Bunun
üçün bizdə kifayət qədər təcrübəli,
istedadlı memarlar vardır. Layihə
institutlarımız son vaxtlar regionlarda şəhərsalma ilə
bağlı çox gözəl işlər təklif edirlər.
Qalır onların yerlərdə icra
olunması.
- Siz
reklam mütəxəssisiniz, son illər regionlardakı şəhər
və qəsəbələrdə reklam, tərtibat işləri
necə təşkil olunur?
- Reklam şəhərlərin
və qəsəbələrin müasir
görkəmi üçün çox vacib şərtdir.
İndi bizim regionlarda kommersiya və sosial reklamlardan daha çox istifadə olunur. Biz dəfələrlə
bildirmişik ki, regionların şəhər
və qəsəbələrində
onların tarixi-memarlıq
abidələrini, inkişafının
səviyyəsini əks
etdirən, təbii sərvətlərinə dair
materiallar reklamlarda istifadə olunmalıdır.
Bu şəhərlərə
gedən yollar üzərində də belə reklamların vurulması vacibdir. Gərək turistlər bu şəhərlərə gələrkən
yol boyu həmin şəhərlərin
tarixi-memarlıq abidələri,
onun təbii sərvətləri haqqında
məlumat ala bilsin.
Bir məsələni
də diqqətə çatdırmaq istərdim. Belə ki,
Bakı şəhərinin
memarlıq abidələri
bir neçə yerdə xüsusi saatların qoyulması ilə tamamlanır. Mənə belə gəlir ki, regionlarda da bu cür
saatlar quraşdırılmalıdır.
Bu həm əhali
üçün müəyyən
rahatlıq yaradır,
həm də memarlıq abidələrinə
xüsusi gözəllik
verir.
Bir də şəhər və qəsəbələrimizdə elektron reklam konstruksiyalarının quraşdırılmasına
ehtiyac var. Bu reklamlarda
24 saat ərzində bu ərazidəki bütün sahələrlə
bağlı informasiyalar
əks olunmalıdır.
Əlbəttə, bu gün artıq
şəhərsalmada yeni
tələblər ortaya
çıxır. Ölkə Prezidenti
İlham Əliyev də dəfələrlə
şəhər və
qəsəbələrimizin ildən-ilə gözəlləşdiyini
bildirmişdir. Bu günlər həyatımız
gözəlləşdikcə şəhər və qəsəbələrimiz də
gözəlləşir, yeni
görkəm alır.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 4 oktyabr.- S. 6.