Cəlilabad: dövlət müstəqilliyinin nailiyyətlərini hər addımda görmək olar

 

Doğma Azərbaycanımızın dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd etməyə hazırlaşdığımız bu günlərdə Cəlilabad qızılı payız libasında, gözəl bayram ovqatındadır. Hər tərəf zövqlə bəzədilib, adamların üzündə bahar çiçəkləri açıb. Parklar, meydan və xiyabanlar təbəssüm saçır. Şəhərin gündüzləri çal-çağırlı, gecələri nurludur. Dövlətimizin get-gedə qüdrətlənməsi, həyat şəraitimizin yaxşılaşması bu rayonun da timsalında aşkar görünür.

 

Amma, çox demirəm, cəmi 20 il əvvəl Cəlilabad bərbad vəziyyətdə idi. Sovet dövründə yaradılanlar dağıdılmış, sahman başabaş pozulmuşdu. Yerindən duran iddia ilə ortalıqda at oynadır, camaata səksəkəli günlər yaşadırdı. Qondarma "TMR" çilərin özbaşınalıqları, mitinq-meydan "qəhrəman"larının boşboğazlıqları rayonda əsl xaos yaratmışdı. "İran bazarı" adlanan yeri özlərinə məkan seçmiş yerli "OMON"çular qanun-qadağa bilmədən qoçuluq edirdilər.

O zaman Cəlilabada ezamiyyətə getməyimizi xatırlayıram. Yolda bizi dəfələrlə saxlayıb yoxladılar, əsəblərimizlə oynadılar. Sonra icra başçısı haraya isə "dincəlməyə" gedirdi deyə, bizi qəbul etmədi. Digər hakimiyyət orqanlarının nümayəndələri də ki, öz keflərində idi. Kimsə əhalini düşünmürdü, yaranmış böhranı aradan qaldırmağa həvəsli deyildi... Bütün bunlara yalnız ümummilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra nöqtə qoyuldu. İctimai-siyasi burulğanlar məngənəsində sıxılan ölkədə və bölgələrdə sabitlik yarandı, əl-ayağa dolaşanlar, ara qarışdıranlar kənarlaşdırıldı, həyat tədricən öz axarına düşdü. Elə Cəlilabadın da xoş günləri o vaxtdan başladı.

Dövlət müstəqilliyimizin nailiyyətlərindən yetərincə bəhrələnən Cəlilabad bu gün Azərbaycanın sürətlə inkişaf edən, sosial-iqtisadi durumu fərəh doğuran rayonlarındandır. Ötən ilin aprelində bu rayona növbəti dəfə səfər edən Prezident İlham Əliyev haqlı olaraq Cəlilabadı nümunə göstərmişdir: "Mən çox şadam ki, Cəlilabadda bütün işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanın inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlarından biridir".

Hazırkı mərhələni Cəlilabadın keçmiş şöhrətinin qayıtdığı dövr kimi səciyyələndirmək daha doğru olar. Aqrar sahə dirçəlir - taxılçılıq, üzümçülük, kartofçuluq, bitkiçilik genişlənir, emalistehsal sahələri canlanır, mədəni həyat irəli gedir. Yollar salınır, küçələr, meydanlar, istirahət guşələri durmadan abadlaşır. İndi daha əvvəlki toz-torpaqlı Cəlilabaddan əsər-əlamət qalmayıb. Yenilik ruhu, tikinti-quruculuq, abadlıq yürüşü artıq ucqar kəndlərə, bir növ gözdən-könüldən uzaq yerlərə keçib.

Son illərin rəsmi arayışlarında Cəlilabad üzrə inkişaf dinamikası 2003-cü illə müqayisədə göstərilir. Bu da təbiidir. Çünki, Prezident İlham Əliyevin imzaladığı birinci regional inkişaf Dövlət Proqramı həmin ildən icra olunmağa başlayıb. Rəqəmlərə nəzər salanda, necə deyərlər, müsbət saldo dərhal nəzərə çarpır. Məsələn, ümumi məhsul buraxılışının həcmi səkkiz il öncəkinə nisbətdə 3,3 dəfə artaraq 398,3 milyon manata, o cümlədən kənd təsərrüfatında 2,1 dəfə artaraq 118,4 milyon manata, sənayedə isə 5,3 dəfə çoxalaraq 3,4 milyon manata çatıb. "Aqrolizinq" ASC-nin yaxından köməkliyi ilə son vaxtlar 23 ədəd traktor, 24 ədəd kombayn alınmış, kənd təəsərrüfatı məhsullarının istehsalçılarına 2 milyon 661 min manat subsidiya verilmişdir. Bütün bunların nəticəsidir ki, rayonda bu il 114210 ton taxıl, 79123 ton kartof, 1795 ton tərəvəz, 369 ton bostan məhsulları, 1358 ton meyvə, 7837 ton ət, 41772 ton süd, 212 ton yun və 13721 min ədəd yumurta istehsal edilmişdir. Sahibkarlar bankkredit təşkilatlarından milyonlarla manatlıq kredit götürüblər.

Elə il olmur ki, Cəlilabadda bir neçə təzə məktəb qapılarını şagirdlərin üzünə açmasın. Bu il artıq Gülməmmədli kəndində 360 yerlik yeni təhsil ocağının inşası tamamlanıb. Hazırda Cəlilabad şəhərində 6 saylı orta məktəb üçün 180 yerlik, Sabirabad kəndində isə 480 yerlik yeni məktəb binalarının tikintisinə başlanıb. Ümumiyyətlə, son yeddi ildə 29 məktəb binası tikilərək istifadəyə verilib, 34 əlavə sinif otağı inşa olunub, 10 məktəb əsaslı təmir edilib. Bu, fərəhli nəticələrə gətirib çıxarır. Ötən il Cəlilabadın iki məktəb-liseyi respublika üzrə "Ən yaxşı məktəb" adına layiq görülərək hər biri 10 min manat mükafata layiq görülüb.

Digər sahələrdə də maddi-texniki baza durmadan möhkəmlənir, xidmət səviyyəsi yüksəlir. Yaşayış məntəqələrinin qaz, işıq, su ilə tam təchizatı üçün əməli işlər görülür. Yeni parklar salınır, yollar abadlaşdırılır, yaşıllıqlar artırılır.

Keçən il Cəlilabad Müalicə Diaqnostika Mərkəzi dövlət başçısının iştirakı ilə istifadəyə verilib. Mərkəz üçmərtəbəli əsas korpusdan, yardımçı binalardan, hər cür zəruri xidmət sahələrindən ibarətdir. Hemodializ şöbəsində 10 dəst aparat quraşdırılıb (əvvəllər dializ xəstələri Lənkərana və ya Bakıya getmək məcburiyyətində idilər). Ayrıca əməliyyat bloku, cərrahiyyə, anesteziologiya, reanimasiya şöbələri xəstələrə xidmət göstərir. Mərkəzdə cəlilabadlılarla görüşən Prezident İlham Əliyev bildirmişdir ki, bütün bölgələrdə belə tədbirlər reallaşdırılır. Bu isə yeni nəticələrə çatmaq üçün stimul olmalıdır. Elə edilməlidir ki, ölkə qarşısında duran bütün iqtisadisosial problemlər 2013-cü ilə kimi həll olunsun. Axı, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi həmin il başa çatacaq.

Cəlilabad ağxalatlıları mərkəzi şəhərlərin belə qibtə edə biləcəyi səhiyyə ocağının burada açılmasından hədsiz sevindiklərini söyləmişlər. Rayonun digər sağlamlıq müəssisələri də ardıcıl təmir olunur, yeni avadanlıqla təchiz edilir. Güzəranın yaxşılaşmasını elə tibb işçilərinin sosial vəziyyətindən də görmək olar: son beş ildə mərkəzi xəstəxananın büdcəsi 17 dəfə, əməkhaqqına ayrılan vəsaitlərsə 20 dəfə artıb.

Göytəpə su anbarının istifadəyə verilməsi ilə uzun müddət suvarma suyundan korluq çəkən ərazilərin təchizatı təmin edilib. Ötən il rayonda dövlət başçısının xeyir-duası ilə yeni Şahmat Məktəbi istifadəyə verilib. Bu tikili Dövlət Proqramında nəzərdə tutulmuşdu. Məktəbdə yarış, məşq, xüsusi şahmat proqramları ilə yüklənmiş kompyuter zalları var. Bütün mərtəbələrdə müasir elektronmaqnit şahmat lövhələri quraşdırılıb. Qarşı tərəfdə qoyulmuş şahmat fiqur-abidələri ümumi ansamblı gözəl tamamlayır.

Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinin də rəmzi açılış lentini Prezident İlham Əliyev kəsmişdir. Qısa müddətə tikintisi başa çatdırılan yaraşıqlı muzeyin bölmələrində üç minə qədər eksponat toplanıb. Ulu öndərin və Prezident İlham Əliyevin Cəlilabada səfərlərini əks etdirən fotostendlər ziyarətçilərdə böyük maraq doğurur.

Ələt-Astara magistral yolunun üstündə əlil və şəhid ailələri üçün tikilmiş 36 mənzilli yaşayış evi ətrafın gözəlliyini daha da artırıb. Oraya köçən ailələrin üzvləri dövlət qayğısından razılıqlarını şəxsən Prezidentə çatdıra bilmələrindən məmnun qalıblar. Yeri gəlmişkən, bundan öncə də 16 mənzilli belə bir bina, həmçinin kəndlərdə yaşayan 8 nəfər müharibə əlili üçün fərdi evlər də tikilib. Ümumiyyətlə, BVM və Qarabağ müharibəsi əlilləri dövlətin qayğısını hər zaman hiss edirlər. Elə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə də rayonda ciddi önəm verilir. Ötən il Azərbaycanın Milli Qəhrəmanı Arif Qubadovun doğulduğu Əliqasımlı kəndində abidə kompleksi, bu il isə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Fərid Əhmədovun və Əhməd Abdullayevin təhsil aldıqları şəhər 1 saylı orta məktəbin həyətində barelyef tikilib.

"Cəlilabad Şərab-2" ASC 2007-ci ildə investisiya müsabiqəsi yolu ilə "Cəlilabad Vayn Kompani" MMC tərəfindən özəlləşdirilərək yenidən qurulub. Burada 500 nəfər çalışır. Zavodun istehsal gücü ildə 8 min tondur, 300 hektar bar verən üzüm bağları var. Plantasiyalarda "Şardane", "Merlo", "Kaberne", "Avinyon", "Sirax" kimi Fransa üzüm sortları yetişdirilir. Emal istehsal sexlərində xarici avadanlıq quraşdırılıb.

Dövlət başçısı Göytəpə sərhəd qarnizonunun yenidən qurulmuş xidmət sahələri ilə tanış olub. Bu qarnizona gedən 11 kilometrlik yolun asfaltlaşdırılması da sakinlər tərəfindən razılıqla qarşılanıb. İndi həmin yolda avtomobillər rahat şütüyə bilir.

"Cəlilabad-broyler" ASC get-gedə istehsal gücünü artırır. Kənd təsərrüfatı məhsullarının itkisiz saxlanması üçün dövlət başçısının tapşırığına əsasən, Cəlilabadın Uzuntəpə kəndində müasir tələblərə cavab verən 20 min tonluq regional gübrə bazası tikilib. Taxıl anbarı, un dəyirmanı, soyutma kameraları inşa olunub.

Heydər Əliyev adına Yaradıcılıq Mərkəzi, Dövlət Bayrağı Meydanı, Qaz İstismarı İdarəsinin Hərbi Məhkəmənin binaları bu il təvəllüd tapıb. Hazırda Olimpiya İdman Kompleksi, Baytarlıq İdarəsi, Göytəpə yanğından mühafizə bölməsi üçün inzibati binalar, ayrı-ayrı sahələr üzrə çoxlu özəl istehsal xidmət müəssisələri inşa edilməkdədir.

Üç il öncə tikintisinə başlanan Cəlilabad-Yardımlı yolunda işlər yenidən canlanıb. Bu ilin sonuna qədər yolda 15 kilometrədək asfaltlama işi görülməsi nəzərdə tutulur. İki rayonun 67 kəndini əhatə edən bu yol dağ camaatının rahatlığını təmin etməkdə əvəzsiz rol oynayacaq. Kəndlərarası kənddaxili yollara da diqqət göstərilir. "Biz çalışmalıyıq ki, bütün kəndlərdə yollar yaxşı səviyyədə olsun" - Prezident İlham Əliyevin bu sözləri öz təsdiqini Cəlilabadda məhz əməli işlərdə tapır.

Bu yaxınlarda Cəlilabadda yeni su kanalizasiya sisteminin tikintisinə başlanacaq. Çirkab suların hamısı yeraltı borularla təmizləyici qurğuya axıdılacaq. Bu işlər 2013-cü ilədək sona çatdırılmalıdır. İçməli su Viləşçayın mənbəyindən götürüləcək ki, bu da regionda ən təmiz ehtiyatı bol olan su hesab edilir.

Azərbaycan Prezidentinin bölgələrə diqqət qayğısı ölkəmizin sürətli inkişaf yolunda olduğunu göstərir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icra dinamikası, həyata keçirilən işlərin həcmi əhəmiyyəti sübut edir ki, ölkəmizin iqtisadi inkişafı artmaqdadır. Ucqar bölgələrdə belə əhalinin güzəranı ilbəil yaxşılaşır. Bütün bunlar müstəqilliyin nailiyyətləridir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 4 oktyabr.- S. 6.