Azərbaycanın müstəqilliyinin
20 ili: uğurlar, problemlər, perspektivlər
Azərbaycan Respublikası bu il müstəqilliyinin
20 illik yubileyini qeyd edir. Bu əlamətdar hadisənin təntənəli
keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyev
21 yanvar 2011-ci ildə "Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümü haqqında" sərəncam
imzalamışdır. Ötən 20 il ərzində ölkəmiz
böyük, şərəfli və eyni zamanda mürəkkəb
bir inkişaf yolu keçmişdir.
Bu bir həqiqətdir ki, ölkənin
suverenlik əldə etməsi və müstəqil dövlət
quruculuğu yoluna qədəm qoyması hələ inkişaf
üçün "buludsuz səma" demək deyildir. 90 il
çar Rusiyası (1828-1918) və 71 il (1920-1991) Sovet
imperiyası tərkibində mövcud olmuş Azərbaycan 161
illik işğal rejimindən sonra müstəqilliyini 1991-ci
ildə bəyan etsə də, əslində, real suverenliyinə
1993-cü ildə nail oldu. Həmin il xalqın israrlı tələb
və xahişindən sonra Heydər Əliyev hakimiyyətə
qayıtdı və bununla da Azərbaycanda milli intibah
dövrünün yeni mərhələsi (1993-2003-cü illər)
başlandı. Bu dövr ulu öndərin təbirincə desək,
"müstəqilliyin əldə edilməsindən daha
çətin olan onun qorunması və möhkəmləndirilməsi"
ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın
siyasi-hərbi elitasında formalaşmış mövqeyə
görə, ərazisindən hərbi bazaları
çıxarılan və birmənalı olaraq Qərbə
inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin
uzağagedən planları üçün birbaşa təhlükə
mənbəyi rolunu oynayırdı. Həmin mərhələdə
hakimiyyətdə olan Müsavat-AXC cütlüyünün həyata
keçirdiyi səbatsız daxili və xarici siyasət kursu
Rusiyanın Azərbaycana münasibətdə məlum sərt
mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə
məhz həmin illərdə Rusiyanın himayəsi ilə
torpaqlarımızın Ermənistan tərəfindən
işğalı həyata keçirildi.
Bundan savayı, Müsavat-AXC
cütlüyünün mövcud şəraitə adekvat
olmayan məqamda "Cənubi Azərbaycan" problemini
qaldırması nəticəsində İranla da münasibətlər
son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində
faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan
ağır təzyiq altına düşdü. ABŞ Konqresi
isə Azərbaycanı dövlət səviyyəsində hər
cür yardımdan məhrum edən "907-ci əlavə"ni
qəbul etdi. Belə şəraitdə dövlətçiliyimiz
üçün ən təhlükəli proses separatizm və
onun nəticəsində ərazi
bütövlüyümüz növbəti dəfə
pozulması təhlükəsi ilə bağlı idi. Erməni
işğalçılarının aramsız
hücumları, Cənubda "Talış Muğan
Respublikası"nın elan edilməsi, şimalda
"Sadval" təşkilatının ərazi iddiaları və
Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin
özbaşınalığı həmin dövrdə ölkəmizin
dəhşətli siyasi kataklizmlər mərhələsində
olduğunu bir daha təsdiqləyir. Əslində,
respublikamız real vətəndaş müharibəsi
astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos
hökm sürürdü.
Yuxarıda qeyd
etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin
1993-cü ildə xalqın tələbi və xahişi ilə
hakimiyyətə qayıdışından sonra hədəfinə
çevrildiyimiz bu ağır problemlər öz həllini
tapmağa başladı. Lakin bu prosesin özü də hamar
yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart
aylarında Azərbaycanın müstəqilliyini istəməyən
xarici qüvvələrin himayəsi ilə respublikamızda
dövlət çevrilişlərinə cəhdlər edildi.
Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu
sınaqlardan da uğurlu çıxışı təmin
etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev
xalqımızın və dövlətçiliyimizin tarixində,
əgər bir sözlə ifadə etmək mümkünsə,
məhz Xilaskar missiyasını yerinə yetirdi.
Yuxarıda
sadalanan mürəkkəb problemlərin həlli məqsədilə
Heydər Əliyev təkcə düzgün daxili siyasət
kursunu deyil, həm də uğurlu xarici siyasət
strategiyasını müəyyənləşdirdi.
Balanslı və çoxvektorlu xarici siyasət kursu kimi
xarakterizə olunan bu siyasətin prioritet istiqamətlərindən
birini də "yeni neft diplomatiyası" təşkil
edirdi.
Azərbaycanın
yeni enerji strategiyasının memarı ümummilli lider Heydər
Əliyevin ötən əsrin 90-cı illərində müəllifi
olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin
formalaşmasında həlledici əhəmiyətə malik
oldu, eyni zamanda respublikamızın Avropanın enerji təhlükəsizliyinə
töhfə verməyə hazır olduğunu nümayiş
etdirdi. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də
dünyanın 8 ölkəsinin 12 şirkəti ilə "Əsrin
müqaviləsi"nin imzalanması ölkəmizin yeni neft
strategiyasının başlanğıcı oldu. 1996-ci il
iyunun 6-da regionunvə eləcə də Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayan "Şahdəniz" qaz
yatağının işlənməsinə dair müqavilənin
imzalanması ilə bu proses dönməz xarakter aldı.
Ümummilli lider
Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını
qoydu. 1995-ci ildə referendum yolu ilə ilk konstitusiyamız qəbul
edildi. Bu konstitusiya insan hüquq və azadlıqlarının
ehtiva olunması baxımından ən yüksək normalara və
standartlara cavab verirdi və Azərbaycanın demokratik
inkişafının əsasını qoymaqla onun beynəlxalq
siyasətin yeni şərtlərinə
uyğunlaşmasına zəmin yaratdı. Ölkəmizdə
şəxsiyyətin azadlığı və toxunulmazlığı,
habelə onların hüquqi müdafiəsi təmin edildi,
çoxpartiyalı sistem üçün əsaslar
yaradıldı, siyasi plüralizm, vicdan və etiqad
azadlığı, azlıqların hüquqları, qanun
qarşısında bərabərlik təmin edildi.
Bundan savayı,
Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə
sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin
müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması
təmin edildi, on minlərlə insan amnistiya aktı nəticəsində
azadlığa çıxdı və böyük sayda məhkum
bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı
və QHT-lərin sərbəst fəaliyyəti təmin
edildi.
1998-ci il
fevralın 3-də Prezident Heydər Əliyev Milli Məclisə
müraciətində ölkədə ölüm
hökmünün ləğvinin zəruriliyini bəyan etdi və
bildirdi ki, respublikada cinayət-hüquqi vəziyyətin hərtərəfli
təhlili, habelə yüksək ədalət, azadlıq,
humanizm, insansevərlik idealları ona bu tarixi addımın zəruriliyini
əsaslandırmağa imkan verir.
Dövlət
başçısı Heydər Əliyevin ölkədə
demokratiyanın daha da dərinləşdirilməsinə
istiqamətlənmiş insan və vətəndaş
hüquqlarının təmin olunması sahəsində tədbirlər
haqqında 22 fevral 1998-ci il tarixli Sərəncamında insan
hüquqları sahəsində görüləcək tədbirlərin
konsepsiyası və istiqaməti müəyyən edildi və
ümumdövlət səviyyəsinə yüksəldildi.
Bunun ardınca Azərbaycanın konkret inkişaf şərtlərinə
uyğun olaraq, insan hüquqları sahəsində həyata
keçirilən tədbirlərin səmərəliliyini
artırmağı nəzərdə tutan insan
hüquqlarının müdafiəsi üzrə Dövlət
Proqramı təsdiq edildi.
Heydər Əliyev
hakimiyyətə gəldikdən sonra atdığı ilk
addımlardan biri əfvetmə institutunun bərpa edilməsi
oldu. 1995-ci il 4 may tarixli Prezident sərəncamı ilə əfv
məsələləri üzrə Komissiya yaradıldı.
Bütövlükdə
əfv qərarları və amnistiya aktları on minlərlə
məhkumu əhatə etməklə, Azərbaycan
Respublikasının Konstitusiyada və beynəlxalq aktlarda təsbit
olunmuş insan hüquq və azadlıqlarına hörmətlə
yanaşıldığını təsdiq etdi. Yalnız son
illərdə Milli Məclisin deputatı, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə iki amnistiya aktı (ümumən,
10 amnistiya aktı) qəbul edilmişdir. Bununla da minlərlə
insan məhkumluqdan azad edilmiş və nəticədə
ölkəmizdə hər 100.000 nəfərə düşən
məhkumların sayı 198 nəfər olmaqla, ümumavropa
standartlarına yaxınlaşmışdır.
Müstəqilliyinin
20-ci ildönümünü qeyd etdiyimiz müasir Azərbaycan
dövlətçiliyinin möhkəmləndirilməsi və
sonrakı inkişafı naminə ulu öndərin
atdığı ən mühüm addımlardan biri də
dünya azərbaycanlılarının həmrəyliyi və
təşkilatlanması ilə bağlı olmuşdur. Hələ
1991-ci ildə Naxçıvanda ulu öndərin təşəbbüsü
ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi
günü kimi elan edilmişdir. Dünya azərbaycanlılarının
birliyi və həmrəyliyinin yaradılması məqsədilə
onların qurultaylarının keçirilməsi ənənəsinin
də təməlini 2001-ci ildə ulu öndər Heydər Əliyev
qoymuşdur.
Məhz
ümummilli liderin təşəbbüsü ilə dünyada
yaşayan azərbaycanlılarla koordinasiya olunmuş dövlət
siyasətini həyata keçirmək üçün 2002-ci
ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş
üzrə Dövlət Komitəsi
yaradılmışdır. 2008-ci ildən həmin qurum Diasporla
İş üzrə Dövlət Komitəsi adlanır və
öz missiyasını uğurla həyata keçirir.
Bir sözlə,
ümummilli lider bu il təntənəli şəkildə 20
illiyini qeyd etdiyimiz müstəqil Azərbaycanda bütün
sahələrdə quruculuğun, davamlı inkişafın və
islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən
qurulması, kənd təsərrüfatının dirçəlişi,
peşəkar ordunun yaradılması, çevik və
balanslaşdırılmış xarici siyasət kursunun həyata
keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət,
incəsənət sahələrinin tərəqqisi, hüquqi
və demokratik dövlət quruculuğu məhz onun adı ilə
bağlıdır. O, xalqa və Vətənə sonsuz sevgisi,
dövlətçiliyə hədsiz sədaqəti ilə
indiki və gələcək nəsillərə örnək
ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin
davamlı inkişafının uzunömürlüyünü
təmin edən təkmil irs, siyasi məktəb miras
qoymuşdur. Bu irsin ən görkəmli nümayəndəsi,
Heydər Əliyev siyasi məktəbinin layiqli təmsilçisi
cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
son 8 il ərzində milli intibahın növbəti şərəfli
mərhələsini yaşayır.
Prezidentliyinin ilk
5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz
tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə
Azərbaycanda bir çadır şəhərçiyinin belə
qalmayacağı, məcburi köçkünlərin sosial
müdafiəsinin təşkilinin əsas məsələ
olacağı, yoxsulluğun aradan qaldırılması
üçün daha səmərəli tədbirlər
görüləcəyi, 600 min yeni iş yerinin
açılması istiqamətində qısa zamanda real nəticələr
əldə olunacağı, regionların iqtisadi
inkişafı və aqrar islahatların ikinci mərhələsi
ilə bağlı dövlət proqramları
hazırlanacağı, sahibkarlığa dövlət
qayğısının artıralacağı, transmilli layihələr
çərçivəsində ölkənin yeni
infrastrukturunun yaradılmasına nail olunacağı və s.
daxil idi.
İlham Əliyevin
prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində
sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq
nailiyyətlər əldə olundu. 610 min yeni iş yerinin
açılması, neft gəlirlərindən istifadə
olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi,
sahibkarlığın inkişafına əlverişli şərait
yaradılması, əhalinin aztəminatlı hissəsinin
sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı
ailəsi üçün rifahın və təhlükəsizliyin
təmin edilməsi, dövlət strukturlarının
işinin səmərəli, dünya standartlarına uyğun
şəkildə qurulması, rəhbər işçilərin
məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin
möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən
demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllinə
imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi,
Avropa və dünya strukturlarına inteqrasiyanın davam
etdirilməsi həmin siyasətin real göstəriciləri
hesab oluna bilər.
2008-ci ildə
xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində
ikinci dəfə prezident seçilən İlham Əliyev
iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi
islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini
ölkəmizin qarşısında duran başlıca vəzifələr
kimi müəyyənləşdirdi. İqtisadiyyatın
şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə,
enerji sektorunda asılılığın azaldılması, təhsil
və güclü sosial siyasət ölkəmizin strateji xətti
olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin
müəyyən edilməsi və onların yerinə yetirilməsi
yollarının düzgün tapılması nəticəsində
Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı
illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola
bildi.
Prezident İlham
Əliyevin təbirincə desək, "2009-cu ildəki
9,3%-lik iqtisadi artım mənim üçün əvvəlki
illərdəki 25-30%-lik artımdan qat-qat əhəmiyyətlidir,
çünki bu artım böhranın ən şiddətli
ilində, neftin qiymətinin 4 dəfə aşağı
düşdüyü vaxt olmuşdur. Bizim
iqtisadiyyatımız isə, hər halda, daha çox enerji
sektoruna istiqamətlənmişdir. Bu nəticə onu göstərir
ki, bizim apardığımız islahatlar sayəsində
iqtisadiyyatın digər sektorlarında inkişaf
başlamışdır. Son 7 ildə biz 900 mindən çox
yeni iş yeri yaratmışıq, yoxsulluğun səviyyəsi
demək olar ki, 50%-dən 9%-ə endirilmişdir."
Azərbaycanın
Prezidenti 5 iyul 2011-ci il tarixində Dünya azərbaycanlılarının
III qurultayındakı nitqində qeyd etdiyi kimi, ümumən,
son 7 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə
artmışdır. Başqa sözlə, ÜDM-nin həcmi
300 % yüksəlmişdir. Bu da dünya praktikasında anoloqu
olmayan təcrübədir. Sənaye istehsalı da təxminən
3 dəfə artmışdır. Yoxsulluq şəraitində
yaşayanların sayı 5 dəfə azalmışdır.
Bu, onu göstərir ki, Azərbaycan dövlətinin
apardığı islahatlar sosial yönümlüdür. Bu
siyasətin təməlində insan amili dayanır və bir
neçə il əvvəl elan edilmiş "Biz neft
kapitalını insan kapitalına çevirməliyik"
şüarı bu gün reallaşır.
Ümumən,
müstəqillik illərində ölkə iqtisadiyyatına
qoyulan investisiyaların həcmi 97 milyard dollara bərabərdir.
Bu vəsaitin də 53 faizi daxili investisiyalardan ibarətdir.
Keçən il bütövlükdə ölkə
iqtisadiyyatına 15, 5 milyard dollar məbləğində sərmayə
qoyulmuşdur. Bunun 8 milyard dollarını daxili, 7 milyard
dollarını isə xarici investisiyalar təşkil
etmişdir. Başqa sözlə, hətta böhran
dövründə də Azərbaycan əcnəbi sərmayədarlar
üçün öz cəlbediciliyini qoruyub
saxlamışdır. Bu, ilk növbədə, ölkədə
yaxşı investisiya mühiti, xarici sərmayədarların
qorunması və eləcə də dinamik inkişaf nəticəsində
baş vermişdir.
Bu gün Azərbaycan hansısa beynəlxalq
maliyyə institutlarından və ya siyasi mərkəzlərindən
asılı olmayan regional lider dövlət səviyyəsinə
yüksəlmişdir. Ölkəmizin iqtisadiyyatı Cənubi
Qafqaz iqtisadiyyatının 75%-ni təşkil edir. Təsadüfi
deyildir ki, beynəlxalq təşkilatların reytinq cədvəllərində
Azərbaycanın mövqeyi yüksək olaraq qalmaqdadır.
Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan
iqtisadiyyatı öz rəqabət qabiliyyətinə görə
MDB məkanında birinci ölkə olaraq təqdim
olunmuşdur. Ölkəmiz informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi və
hazırlığına görə də MDB məkanında
birinci mövqedədir. BMT-nin hesabatına görə, insan
inkişafı indeksinə görə də ən
böyük sıçrayışı məhz Azərbaycan
etmişdir.
Nazirlər Kabinetinin 2011-ci ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev
qeyd etmişdir ki, ölkəmiz üçün xarakterik olan
iqtisadi inkişaf bu ilin 6 ayı ərzində də qorunub
saxlanılmış, ÜDM 0,9% artmışdır. Qeyri-neft
sektorunda artım isə 7,2% təşkil etmişdir. Ölkənin
büdcə xərcləri 20 milyard dollara
çatmışdır ki, bu da rekord göstəricidir.
Dövlətin strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir.
Dövlət Neft Fondunun aktivlərinin həcmi isə
hazırda 30 milyard dollardan çoxdur.
Ölkəmizin qeyd olunan iqtisadi
uğurlarının əldə edilməsində, heç
şübhəsiz, düzgün enerji siyasətinin
aparılması müstəsna rola malikdir. Bu gün ölkənin
təsdiq edilmiş enerji ehtiyatları 1,5 milyard tondan artıq
neft və 2 trilyon kubmetr qazdan ibarətdir və 7 kəmərlə
Avropa və dünya bazarlarına çatdırılır.
Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə
istiqamətləri) 4-ü isə qaz ( Türkiyə,
Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir.
Bunların içərisində 2006-cı ilin mayında Heydər
Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC)
neft kəməri və həmin ilin sentyabrında
Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəmərlərinin
istifadəyə verilməsi həm regional, həm də
Avropanın enerji təhlükəsizliyi baxımından
xüsusi əhəmiyyət kəsb etmişdir. BTC sutkada 1
milyon barrel, ildə 50 milyon ton neftin ixracını həyata
keçirir. BTƏ boru kəməri ilə isə ildə 25
milyard kubmetr qaz ixrac edilir. Yeri gəlmişkən, onu da qeyd edək
ki, 2010-cu ildə ölkəmizdə 51,5 milyon ton neft, 28,5
milyard kubmetr qaz hasil edilmişdir. Hasil olunan qazın təqribən
10-11 milyard kubmetri daxili təlabat üçün istifadə
olunur, qalan hissəsi isə ixrac resurslarıdır. Lakin hələlik
ixracın məhdud olması və eləcə də neft
laylarında təzyiqi saxlamaq üçün bu qazın bir
hissəsi yenidən laylara vurulur.
Bundan əlavə, mütəxəssislər
təqribən 20 milyard dollar məbləğində əlavə
sərmayə qoyulacağı təqdirdə qaz
hasilatının 15 milyard kubmetr həcmində
artırılmasının mümkün olduğunu qeyd edirlər.
Təkcə "Şahdəniz" yatağında təsdiqlənmiş
qaz ehtiyatları 1,2 trilyon kubmetr təşkil edir. Təxminən,
"Ümid" yatağında 200 milyard kubmetr, "Babək"
yatağında 400 milyard kubmetr, "Abşeron" blokunda
aşkar edilmiş yeni böyük qaz yatağında isə
350 milyard kubmetrə bərabər qaz ehtiyatı vardır. Azərbaycan
Prezidenti İlham Əliyevin təbirincə desək, bu o deməkdir
ki, əgər Azərbaycan ancaq öz təlabatını
ödəsə və deməli xaricə qaz ixrac etməsə,
bu ehtiyatlar ölkəmizə 100 ilə kifayət edər.
Azərbaycanın Avropa ölkələri
ilə inkişaf edən enerji siyasəti digər dövlətlərə
qarşı yönəlməmişdir. Ölkəmiz bu istiqamətdə
həm Rusiya, həm də İranla əməkdaşlıq
kursunu həyata keçirir. Bu siyasət respublikamızın
enerji nəqlində prioritet verdiyi diversifikasiya (şaxələndirmə)
xəttindən qaynaqlanır.
Məhz belə praqmatik siyasətin nəticəsində
dünyada Azərbaycanın dostlarının sayı
artmışdır. Bu uğurun əldə edilməsində
ölkəmizin xarici ölkələrdəki səfirlik və
diaspor təşkilatlarının da böyük töhfəsi
vardır. Əgər 2006-cı ildə Azərbaycan beynəlxalq
aləmdə 46 səfirlik və konsulluqla təmsil olunurdusa,
2011-ci ildə bu göstərici 65-ə
çatmışdır. Yaxın zamanlarda daha 8 ölkədə
yeni səfirlik və konsulluğun açılması nəzərdə
tutulur. Bu isə öz növbəsində ölkəmizin beynəlxalq
aləmdə mövqelərinin möhkəmlənməsi, təsir
imkan və rıçaqlarının daha da genişlənməsi
deməkdir. Bu prosesdə həlledici həlqələrdən
birini də məhz dünyadakı diaspor təşkilatlarımız
təşkil edir. Təsadüfi deyildir ki, Dünya azərbaycanlılarının
III qurultayında "Dünyada fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatları artıq tam
formalaşmışdır. Beş il əvvəl 336 diaspor təşkilatımız
var idisə, hazırda onların sayı 416-ya
çatmışdır",- deyən Prezident İlham Əliyev
xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın
yaşadıqları ölkənin daxili siyasətinin amilinə
çevrilməsi vəzifəsini irəli
sürmüşdür. Azərbaycan Prezidenti İlham Əliyev
qurultaydakı çıxışında
vurğulamışdır ki, soydaşlarımız - azərbaycanlılar
yaşadıqları ölkələrdə dövlət,
hökumət qurumlarında, qanunvericilik orqanlarında təmsil
olunmalıdırlar. Onların sayı da bəzi hallarda buna
imkan verir.
Beləliklə, bu gün güclü
iqtisadiyyata, siyasi sabitliyə və demokratik inkişaf xəttinə
malik olan dövlətimiz qarşısında qoyduğu istənilən
vəzifənin öhdəsindən uğurla gəlir. Bu
reallıqlar fonunda adekvat olaraq ölkəmizin qüdrətli hərbi
potensialı formalaşmışdır. Bu gün ölkəmizin
hərbi xərcləri 3,3 milyard dollara bərabərdir. Bu,
yoxsulluq içərisində yaşayan Ermənistanın
dövlət büdcəsindən 50% çoxdur. Müqayisə
üçün qeyd edək ki, 2003-cü ildə ölkəmizin
hərbi büdcəsi 160 milyon dollar, 2010-cu ildə isə bu
göstərici 2 milyard 150 milyon dollar təşkil etmişdir.
Azərbaycanın hərbi baxımdan davamlı olaraq güclənməsi
və bu məqsədlə böyük büdcə xərcləri
ayırması Ermənistanın torpaqlarımızı
işğal altında saxlaması reallığından
qaynaqlanır və bu məsələdə status-kvo vəziyyətinin
dəyişdirilməsi məqsədinə xidmət göstərir.
1999-cu ildən bəri 44 dəfə münaqişənin həlli
ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin
görüşünü təşkil edən ATƏT-in Minsk
qrupunun nəticə baxımından öyünməyə
haqqı yoxdur. Danışıqlar prosesində
ayrı-ayrı hallarda müsbət dinamika müşayiət
olunsa da, nəticə sıfra bərabər olmuşdur.
Azərbaycan tərəfi münaqişənin
tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk
qrupunun 2004-cü ildə start verdiyi "Praqa prosesinə"
sadiqdir. Bu proses çərçivəsində münaqişənin
"mərhələli həll" yolu ilə tənzimlənməsi
nəzərdə tutulmuşdur. Bu prosesin davamı olaraq 2007-ci
ilin noyabr ayında ATƏT-in Minsk qrupu münaqişənin həlli
ilə bağlı "Madrid prinsipləri"ni irəli
sürmüşdür. Azərbaycan və Ermənistan tərəfləri
bir neçə dəfə bu prinsiplərlə bağlı təkliflərini
irəli sürmüş və son nəticədə sənədin
yeni variantı 2009-cu ilin dekabr ayında hazırlanaraq
münaqişə tərəflərinə təqdim
olunmuşdur. Sənədə əsasən, münaqişənin
tənzimlənməsi prosesinin birinci mərhələsində
Dağlıq Qarabağın hüdudlarından kənarda
işğal altında olan 7 Azərbaycan rayonunun (Kəlbəcər,
Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və
Laçın) "5+2" formatında, yəni əvvəlcə
5 rayonun, 5 ildən sonra isə daha 2 rayonun azad olunması, məcburi
köçkünlərin öz yurd-yuvasına
qaytarılması, bölgədə beynəlxalq sülhməramlıların
yerləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi,
kommunikasiyaların bərpası və iki xalqın təhlükəsizlik
şəraitində yaşamasını təmin edən digər
addımların atılması nəzərdə
tutulmuşdur. Yalnız növbəti mərhələdə
Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi
məsələsinə baxılacağı sənəddə
əks olunmuşdur. Konfidensial xarakterli "Madrid prinsipləri"ndən
geniş ictimaiyyət üçün məlum olan müddəaları
bunlardan ibarətdir.
Azərbaycan tərəfi yenilənmiş
"Madrid prinsipləri"nin bir sıra nüanslarından
narazı qalsa da, münaqişənin həlli naminə prinsip
etibarilə sənədi qəbul etməyə hazır
olduğunu bildirmişdir. Bununla da Azərbaycan növbəti dəfə
konfliktin həlli prosesində konstruktiv mövqe nümayiş
etdirmişdir. Azərbaycanın bu mövqeyi Ermənistanı
çıxılmaz vəziyyətə salmışdır. Rəsmi
Yerevan problemin həlli yolları deyil, onun yenidən mürəkkəbləşdirilməsi
ilə bağlı ssenarilər üzərində baş
sındırır. Məqsəd permanent danışıqlar
yolu ilə status-kvonu-Azərbaycan torpaqlarının
işğal altında saxlanılması vəziyyətini
qoruyub saxlamaqdan ibarətdir.
Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfinin
münaqişənin həlli yolları ilə bağlı
mövqeyi dəyişməzdir. Həmin mövqe Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə
bəyan edilibdir. Həmin mövqeyə görə, Azərbaycan
dövləti münaqişənin beynəlxalq hüquq
prinsipləri əsasında, ölkəmizin ərazi
bütövlüyü çərçivəsində və
Dağlıq Qarabağın ermənilərinə
respublikamızın hüdudları daxilində ən yüksək
muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir.
Ölkəmizin ali rəhbərliyi bu
mövqeni-Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində Dağlıq Qarabağa beynəlxalq
praktikada tətbiq olunan ən yüksək muxtariyyət statusu
verməyə hazır olduğunu dəfələrlə bəyan
etmişdir. Xüsusilə də bu il iyunun 22-də
Belçika Krallığında işgüzar səfərdə
olarkən Prezident İlham Əliyev "Euronews"
telekanalına müsahibə verərkən bu məsələyə
bir daha toxunmuş və münaqişənin həllində
İtaliya və Tirol təcrübəsindən
faydalanmağın mümkün olduğunu
vurğulamışdır. Prezident qeyd etmişdir ki, həmin
yerlərdə mərkəzi hakimiyyət onların
xalqlarının həyat şəraitini
yaxşılaşdırmaq üçün muxtariyyətlərə
və onların maliyyə məsələlərinə
çox böyük, bəlkə də daha artıq diqqət
yetirirlər. Biz də bu cür edə bilərik. Azərbaycan
böyük maliyyə imkanlarına malikdir və bizim
üçün Dağlıq Qarabağda ciddi iqtisadi və
sosial inkişaf proqramlarına başlamaq heç bir çətinlik
yarada bilməz.
Münaqişənin həlli ilə
bağlı danışıqlar prosesinin Ermənistanın
qeyri-konstruktiv mövqeyi ucbatından nəticəsiz
qalmasına baxmayaraq, o hələ ki, davam etdirilməkdədir.
2011-ci ilin fevral ayında həmsədrlərin regiona səfəri
mart ayında Soçidə Rusiya Prezidentinin iştirakı ilə
Ermənistan və Azərbaycanın dövlət
başçılarının görüşünün
keçirilməsi ilə nəticələndi.
Görüşün yekunları ilə bağlı
detalları açıqlanmayan müsbət bəyanatlar verilsə
də, bu hadisədən 2 gün sonra 9 yaşlı azərbaycanlı
uşağın sərhəd zonasında erməni snayperinin
gülləsinə tuş gəlməsi göstərdi ki, Ermənistan
münaqişənin həllini istəmir, sadəcə
müddətsiz danışıqlar taktikasını seçməklə
beynəlxalq ictimai fikri növbəti dəfə aldatmaq niyyəti
güdür.
Bunun ardınca Xankəndində mayın
9-da, yəni Şuşanın işğal günündə
aeroportun açılacağı ilə bağlı Ermənistan
rəhbərliyinin bəyanat verməsi əslində
danışıqlar prosesinin dalana dirənməsinə
hesablanmış siyasi gediş idi. Azərbaycan tərəfi
bu halda ölkəmizin hava məkanını pozan hər
hansı mülki təyyarəyə qarşı beynəlxalq
praktikada tətbiq olunan istənilən təsir mexanizminin (o
cümlədən onun məhv edilməsinin) işlək vəziyyətə
gətiriləcəyini bildirdi. Xankəndinə uçacaq
mülki təyyarənin hətta birinci sərnişini
olacağını bəyan edən S.Sarkisyan son nəticədə
Azərbaycanın təzyiqlərinə davam gətirməyib,
texniki səbəblərlə bağlı aeroportun
açılması mərasiminin təxirə
salındığını bildirməyə məcbur oldu.
İyunun 24-də Azərbaycan və Ermənistan
prezidentlərinin Rusiya Prezidentinin növbəti təşəbbüsü
və iştirakı ilə Kazanda keçirilən
görüşü də rəsmi Yerevanın ənənəvi
qeyri-konstruktiv mövqeyi ucbatından nəticəsiz
yekunlaşdı. Rusiya prezidentinin Azərbaycan və Ermənistan
prezidentlərinə öz xarici işlər naziri vasitəsilə
çatdırdığı məktubunda əks olunmuş
"yeni müddəalar" da prosesi "ölü nöqtə"dən
çıxarda bilmədi. Yeni şəraitdə Prezident
D.Medvedevin üçtərəfli deyil, ikitərəfli
danışıqlar formatına müraciət etməsi də,
nəticəsiz qaldı. Hər halda münaqişənin tənzimlənməsi
prosesinin real mənzərəsinin natamam təqdimatı belə
sübut edir ki, Ermənistan hər vəchlə mövcud
status-kvo vəziyyətini qoruyub saxlamaqda maraqlıdır. Azərbaycan
üçün isə bu variant qəbuledilməzdir.
Münaqişənin mövcud vəziyyətinin
yuxarıda sadalanan reallıqları fonunda onun perspektiv həlli
imkanları haqqında hansı mülahizə, variant və ya
proqnozlar irəli sürmək mümkündür? Zənnimizcə,
münaqişənin həllinin 3 variantı vardır. Birinci 2
variant dinc, sonuncu variant isə hərbi həll
imkanlarını özündə ehtiva edir.
I variant - Ermənistanda S.Sarkisyan rejimi
öz işğalçılıq siyasəti nəticəsində
üzləşdiyi total və permanent böhran vəziyyətindən
çıxmaq üçün siyasi iradə nümayiş
etdirərək Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində konkret konstruktiv addımlar ata bilər.
Nəticədə, danışıqlar prosesində keyfiyyətcə
yeni mərhələnin əsası qoyular və
qarşılıqlı kompromislər əsasında
münaqişənin həlli prosesi həyata keçirilər.
Başqa sözlə, Azərbaycanın tərkibində
Dağlıq Qarabağa ən yüksək idarəetmə
statusu verilə bilər.
S.Sarkisyan hökuməti konfliktin həlli
naminə siyasi iradə nümayiş etdirmək iqtidarında
deyildir, çünki bu rejimin müvafiq addımları atmaq
üçün ciddi sosial bazası yoxdur. Xalqı səfalət,
işsizlik və aclıq həddində yaşayan dövlətin
iqtidarının bu vəziyyətdə totalitar-terrorçu
idarə metodlarına üstünlük verməsi siyasəti
anlaşılandır. Bu siyasətin mühüm həlqələrindən
birini də ölkədaxili ictimai fikri öz üzücü
gündəlik problemlərindən yayındırmaq və onu
kənar istiqamətlərə yönəltmək təşkil
edir. Belə hallarda cəbhə bölgəsində atəşkəs
rejimini kobud şəkildə pozmaqla Azərbaycan tərəfini
daha ciddi adekvat addımlar atmağa təhrik etmək və nəticədə,
ölkədaxili deyil, ölkəxarici problemlərin
prioritetliyini qabartmaq hakimiyyətin mövcudluğunu qoruyub
saxlamağın Ermənistanda dəfələrlə
sınaqdan çıxarılmış üsuludur.
II variant - Ermənistan dövləti beynəlxalq
birlik, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən
sülhə məcbur edilə bilər. Regionda sülh və
sabitlik naminə, xüsusilə də
daşıyıcısı olduqları milli maraqlardan
çıxış edərək həmsədrlər-ABŞ,
Rusiya və Fransa S.Sarkisyan rejiminə müəllifi olduqları
yeniləşmiş Madrid prinsiplərini qəbul etdirə bilərlər.
Xüsusilə bu istiqamətdə Rusiyanın imkan və
potensialı daha böyükdür. Hələ ki, bu baş
vermir. Bu, heç də o demək deyildir ki, həmin güclər
Ermənistanın müqavimət potensialını qıra
bilmirlər. Əsla yox. Sadəcə, bu və ya digər səbəblərdən
bunu etmirlər. Başqa sözlə, bunu etməli olan dövlətlər
üçün hələ ki, Dağlıq Qarabağ
probleminin həlli beynəlxalq gündəliyin prioritet məsələsinə
çevrilməyibdir.
III variant - birinci və ikinci variantlar
heç bir halda nəticə verməyəcəyi təqdirdə
müharibə variantı qaçılmaz ola bilər. BMT
TŞ-nın münaqişə ilə bağlı qəbul
etdiyi 4 qətnaməsi (822, 853, 874, 884 - 1993-cü ildə qəbul
olunmuşdur), təşkilatın nizamnaməsinin
özünümüdafiə hüququ ilə bağlı
51-ci maddəsi, qurumun qəbul etdiyi qərarlarının yerinə
yetirilməsinin icbari xarakter daşıması haqqında 25-ci
maddəsi, habelə AŞPA, İKT və Avropa Parlamentinin Ermənistanı
işğalçı dövlət elan etməsi kimi məlum
hüquqi arqumentlər Azərbaycana öz ərazi
bütövlüyünü təmin etməsi məqsədilə
istənilən təsir mexanizmlərini, o cümlədən hərbi
tənzimləmə variantını işə salmaq səlahiyyəti
verir.
Zənnimizcə, Azərbaycanın Ermənistandan
bir neçə dəfə deyil, bir neçə on dəfələrlə
ölçülən hərbi üstünlüyü fonunda
torpaqlarımızın təkcə güc yolu ilə deyil, eləcə
də I və II variantda qeyd etdiyimiz dinc tənzimləmə
üsulu ilə azad olunması imkanı son dərəcədə
arta bilər. Başqa sözlə, Azərbaycanın ifrat
iqtisadi-hərbi potensialı qarşısında ya S.Sarkisyan
rejimi vahimələnib münaqişənin həlli naminə
siyasi iradə nümayiş etdirər, ya da regionda müharibənin
yenidən alovlanmasını heç bir halda istəməyən,
lakin bunun son dərəcə labüd olduğunun fərqinə
varan beynəlxalq güclər Ermənistanı anoloji addım
atmağa məcbur edər.
Bir sözlə, müstəqilliyimizin 20
ilinin yekunları bir daha təsdiqləyir ki, ölkəmiz
bütün sahələrdə qarşısında qoyduğu
strateji vəzifələrin öhdəsindən uğurla gələ
bilmişdir. Azərbaycanın bütün istiqamətlər
üzrə artan potensialı, xüsusilə iqtisadi və hərbi
qüdrəti sayəsində yeganə həllini tapmayan
ağır problemin-Ermənistan Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin də ölkəmizin ərzi
bütövlüyü çərçivəsində istər
dinc, istərsə də hərbi yolla öz həllini
tapacağı isbata ehtiyacı olmayan aksiom tələbidir.
Əlikram
ABDULLAYEV,
Azərbaycan
Respublikasının
Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının
rektor əvəzi, fəlsəfə
elmləri doktoru,
professor
Elman NƏSİROV,
DİA-nın
Geostrateji Araşdırmalar
Mərkəzinin
direktor müavini, tarix
üzrə fəlsəfə
doktoru, dosent
Xalq qəzeti.-
2011.- 4 oktyabr.- S. 4.