Azərbaycan təhsili
müstəqillik illərində böyük
inkişaf yolu keçmişdir
Ölkə
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
bu il müstəqilliyimizin bərpa olunmasının 20 illik
yubileyi böyük təntənə ilə qeyd olunacaq. Bu 20
ildə Azərbaycanımız davamlı olaraq inkişaf
etmiş, ulu öndər Heydər Əliyevin
başladığı islahatlar böyük uğurla həyata
keçirilmişdir. Elə
çalışdığım təhsil sahəsində də
əsaslı nailiyyətlər əldə olunmuşdur.
Müstəqilliyin ilk illərində qəbul olunan "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu ölkə təhsilinin hüquqi əsaslarının yaradılmasını təmin etdi. Amma təhsil sahəsində islahatlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı. Biz bu islahatların həyata keçirilməsinin iştirakçısı və şahidiyik. 1999-cu ildə "Azərbaycan Respublikasının Təhsil İslahat Proqramı"nın təsdiq edilməsi ilə bağlı ulu öndər sərəncam imzaladı. Həmin Proqramın giriş hissəsində deyilirdi: "Müstəqilliyin çətin yolları ilə irəliləyən Azərbaycan bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük vəzifələri yerinə yetirmək zərurəti ilə üz-üzə dayanmışdır. Ölkəmizdə start götürmüş yeni islahatçılıq hərəkatı çərçivəsində təhsil sahəsində də mühüm dəyişikliklərin, yeniliklərin həyata keçirilməsi obyektiv tələbatdır".
Ulu öndər bu tələbatı ödəmək üçün təhsilin inkişafına xüsusi önəm verirdi. "Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır" - deyə ulu öndərimiz bildirirdi.
Ulu öndərin gərgin səyi nəticəsində Azərbaycanda təhsil islahatları uğurla start götürdü. Yeni məktəblər inşa olunmağa başladı, yeni nəsil dərsliklər, tədris proqramları yaradıldı. Heydər Əliyev məktəb tikintisi və məktəblərin əsaslı təmiri ilə bağlı ilk dəfə Dövlət Proqramının təsdiq edilməsi ilə bağlı sərəncam imzaladı. Bu proqram sonradan sürətlə reallaşdı.
Müəllim əməyi ulu öndərin dövründə yüksək qiymətləndirilirdi. Müəllimlərin 1998-ci il sentyabrın 25-də keçirilən XI qurultayında ulu öndər bu peşə sahiblərinə dövlət tərəfindən xüsusi qayğı göstərilməsinin vacibliyini bildirirdi: "Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır" - deyən ulu öndər bütün fəaliyyəti dövründə bu fədakar peşə sahiblərinə hörmət və məhəbbətlə yanaşmışdır. Müəllimlərimiz ulu öndərin hakimiyyəti illərində yüksək mükafatlara layiq görülmüş, əməkhaqları dəfələrlə artırılmış, onlara fəxri təqaüdlər verilmişdir. Dəfələrlə məktəblərimizdə pedaqoji kollektivlər və şagirdlərlə görüşündə Heydər Əliyev milli təhsilimizin inkişafına dövlət tərəfindən daim dəstək veriləcəyini bildirmişdir.
2003-cü ildə hakimiyyətə gələn, ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev təhsili prioritet sahə elan etmiş, təhsil islahatları böyük uğurla reallaşdırılmışdır. Belə bir fakta diqqət yönəltmək istərdim. Təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 6 dəfədən çox artaraq 2010-cu ildə 1,2 milyard manat təşkil etmişdir.
Böyük məmnunluqla qeyd etmək istəyirəm ki, 2003-2011-ci illər ərzində təhsillə bağlı 20-yə yaxın Dövlət Proqramı qəbul olunmuşdur. Onların böyük bir qismi ümumtəhsil məktəblərinin inkişafı ilə bağlıdır. Cənab Prezidentin ilk sərəncamlarından biri məhz təhsilin bu sahəsinə aiddir. Bu sərəncam ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqındadır. Bu proqramda 2008-ci ilə kimi hər 33 şagirdə bir kompyuter nisbətinin həll olunması nəzərdə tutulurdu. Proqram sürətlə reallaşdı, məktəblərimizə yeni kompyuterlər gətirildi. Bununla yanaşı minlərlə müəllim treninqlərə cəlb olundu, məktəblərimizdə kompyuter kabinetləri yaradıldı.
Artıq bu məsələ ilə bağlı ikinci Dövlət Proqramı qəbul olunmuş, hər 20 şagirdə bir kompyuter nisbəti həll edilmişdir. Bu gün "Elektron məktəb" layihəsi uğurla həyata keçirilir. Yeni elektron dərsliklər yaradılır.
Məktəb tikintisi müstəqil Azərbaycanda ən inkişaf etmiş sahələrdəndir. Biz həqiqətən son illər bu sahədə həyata keçirilən Dövlət Proqramının necə sürətlə reallaşdığının şahidi olmuşuq. Son illər Azərbaycanda yeni tikilən, əlavə korpusları inşa edilən, əsaslı təmir olunan məktəblərin sayı 2000-i ötmüşdür. Bu sahədə Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illər 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Fondun təşəbbüsü ilə Gürcüstanda azərbaycanlı soydaşlarımız üçün yeni məktəblər tikilmişdir.
Məktəb tikintisi bu gün də uğurla davam etməkdədir.
Müstəqilliyin son illərində yeni nəsil dərsliklərin yaradılmasına diqqət artırılmışdır. Bu gün Azərbaycanın bütün dövlət ümumtəhsil məktəblərinə dərsliklər pulsuz olaraq paylanılır.
Pedaqoji kadrların hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli işlər görülür. Hər il Azərbaycanda müəllimlər günü böyük təntənə ilə qeyd olunur. Həmin gün ərəfəsində müəllimlərimiz fəxri adlarla təltif olunurlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə hər il "Ən yaxşı müəllim", "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələri keçirilir. Bu gün "Ən yaxşı müəllim" müsabiqəsində yüzlərlə müəllim iştirak edir, onların ən yaxşı 100 nəfəri 500 manat məbləğində mükafat qazanır. "Yaxşı müəllim nə deməkdir" sualına V.A.Suxomlinski belə cavab verirdi: "O ilk növbədə, uşaqları sevən insandır, onlarla ünsiyyətdə sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı adam ola bilər, uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub". Bununla yanaşı, bu gün müəllimlərin üzərinə daha böyük məsuliyyət düşür. Çünki, son illər təhsilin texnologiyası yeniləşmişdir. Ona görə də müəllimlər informasiya texnologiyalarından baş çıxarmalı, uşaqları müasir tələblərə uyğun olaraq öyrətməlidirlər.
Müəllimlik cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur.
Müəllimlərə "dövlət qulluqçusu" statusu verilməsi ilə bağlı çox gözəl bir təklif irəli sürülmüş, yəqin ki, yaxın gələcəkdə bu, öz real həllini tapacaqdır.
Müstəqillik illərində müəllimlərimiz həqiqətən, dövlət qayğısı ilə təmin olunmuş, onların güzəranı ildən-ilə yaxşılaşmışdır. Bu gün müəllimlərimizin əksəriyyəti müasir tipli yeni vəsaitlərlə, avadanlıqlarla təmin olunmuş məktəblərdə dərs aparırlar.
Təhsil haqqında qəbul olunmuş yeni Qanun müasir təhsilimizin hüquqi əsaslarının yaradılmasında çox əhəmiyyətli rola malikdir. Bu istiqamətdə yaradılan yeni normativ-hüquqi sənədlər təhsilin təşkilində əhəmiyyətli rol oynayır.
Son illər aparılan kurikulum islahatı da təhsilimizin müstəqillik dövründə yeniləşməsinin əyani təzahürüdür. Biz artıq milli təhsilimizin Avropa standartlarına yaxınlaşması istiqamətində ciddi addımlar atmışıq.
Cənab Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi davamlı islahatlar müstəqil Azərbaycanın gələcək inkişafının strateji əsası olan təhsil sahəsinin güclü tərəqqisini təmin edəcək.
Elida RZAYEVA,
Bakı şəhəri 1 saylı
orta
məktəbin direktoru
Xalq qəzeti.- 2011.- 5 oktyabr.- S. 6.