Neft Akademiyasında Azərbaycanın
Müstəqillik Günü qeyd edildi
Dünən
Azərbaycan Dövlət Neft Akademiyasında dövlət
müstəqilliyinin bərpa edilməsinin 20 illiyi ilə
bağlı "Azərbaycanın dövlət müstəqilliyi:
elm və təhsilin inkişafı" mövzusunda tədbir
keçirildi. Tədbiri giriş sözü ilə açan
akademiyanın rektoru, akademik Siyavuş Qarayev tədbir
iştirakçılarını Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə
təbrik etdi, onlara gənc nəslin təlim-tərbiyəsi
işində uğurlar arzuladı.
Siyavuş
Qarayev Azərbaycanın dövlət müstəqilliyni bərpa
etdiyi son 20 ildə ictimai-siyasi həyatın bütün sahələrində
böyük uğurlar qazandığı, bu uğurların
elm və təhsil sahəsini də əhatə etdiyini qeyd
etdi. Onun sözlərinə görə, Azərbaycan neft
ölkəsidir və respublikanın müstəqillik illərində
neft sahəsində qazandığı nəhəng nailiyyətlərdə
müəyyən dərəcədə Dövlət Neft
Akademiyasının da payı var. Ümummilli liderimiz Heydər
Əliyevin işləyib hazırladığı və onun
layiqli davamçısı, Prezident İlham Əliyevin ləyaqətlə
həyata keçirdiyi neft strategiyasının əfsanədən
reallığa çevrilməsi Azərbaycanı qüdrətli
dövlət səviyyəsinə yüksəltmiş və
ölkəmizi Avropanın yanacaq-enerji təhlükəsizliyinin
təminatçısına çevirmişdir. Müstəqil
Azərbaycanın son illərdə qazandığı tərəqqi
və yüksəliş ulu öndər, dünya şöhrətli
siyasi xadim Heydər Əliyevin milli inkişaf prioritetlərini
müəyyən edərkən elm və təhsilin rolunu zərgər
dəqiqliyi ilə düzgün təyin etməsi ilə
bağlı olmuşdur. Ümummilli lider 1998-ci ilin martında
Azərbaycanın təhsil sistemində islahatlar keçirilməsi
ilə bağlı sərəncam imzalamış və tezliklə
islahatlar proqramı hazırlanmışdı. Proqramda təhsil
sisteminin beynəlxalq standartlara
uyğunlaşdırılması, eyni zamanda, milli təhsil ənənələrinə
sədaqətin və varisliyin qorunub saxlanması nəzərdə
tutulurdu.
Rektor
bildirdi ki, müstəqillik illərində təhsil sahəsində
aparılmış islahatlardan biri də dövlət
başçısının 13 iyun 2000-ci il tarixli fərmanı
ilə bir sıra aparıcı ali təhsil ocaqlarına -
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft
Akademiyası, Azərbaycan Tibb Universiteti və Kənd Təsərrüfatı
Akademiyasına maliyyə müstəqilliyi, bəzi ali məktəblərə
isə universitet statusu verilməsi olmuşdur. Müstəqilliyin
ilk illərindən etibarən Neft Akademiyası da ölkənin
yanacaq-energetika kompleksini yüksək ixtisaslı mühəndis
və elmi kadrlarla təmin etmək üçün
köklü islahatlar aparmışdır. Müstəqillik illərində
ölkənin əksər ali məktəblərinin, o cümlədən
Neft Akademiyasının beynəlxalq əlaqələri
lazımınca inkişaf etmişdir. Hazırda dünyanın
40-a yaxın ölkəsində 160 ixtisas üzrə 3000-dən
çox azərbaycanlı gənc təhsil alır, Azərbaycanın
ali təhsil müəssisələrində isə 50-yə qədər
xarici ölkədən 2000-dən çox tələbə
bakalavr və magistr təhsili almaqdadır. "Əsrin
müqaviləsi" ilə başlayan neft sazişləri
imzalandıqdan sonra Neft Akademiyasının beynəlxalq əlaqələri
daha da genişlənmişdir. Təhsil ocağında beynəlxalq
proqramlar üzrə ABŞ-ın Corciya Dövlət
Universiteti, Almaniyanın Zigen Universiteti, Fransanın Nitsa
Universiteti, Paris Neft və Mühərriklər İnstitutu,
İtaliyanın Genuya Universiteti ilə birgə mütəxəssislər
hazırlanmasına başlanmışdır və bu işlər
davam etdirilir.
Tədbirdə
çıxış edən millət vəkili, Milli Məclisin
komissiya sədri, iqtisad elmləri doktoru Eldar İbrahimov
bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyini
ikinci dəfə bərpa etməsi və son illərdə ulu
öndər Heydər Əliyevin uzaqgörən daxili və
xarici siyasəti nəticəsində onun lazımınca
möhkəmləndirilməsi böyük bir tarixi hadisədir.
Azərbaycanın müstəqilliyi ümummilli lider
üçün həmişə böyük önəm daşımışdır.
O, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri olarkən 1990-cı ildə, Kommunist
Partiyasının fəaliyyət göstərdiyi bir dövrdə
Azərbaycanın üçrəngli bayrağını
ucaltmışdır. 1993-cü ildə ikinci dəfə
hakimiyyətə gəldikdən sonra ilk növbədə
ölkənin müstəqilliyini təhdid edən Ermənistanın
hərbi təcavüzünü dayandırmaq
üçün gərgin fəaliyyət göstərmiş,
nəhayət, 1994-cü ilin mayında atəşkəsə
nail olmuş, 1994-cü il sentyabrın 20-də isə
dünyanın aparıcı neft şirkətlərinin
iştirakı ilə "Əsrin müqaviləsi"ni
imzalamışdır. Azərbaycanın neft
strategiyasının həyata keçirilməsində
hazırkı Prezident, o zaman Dövlət Neft Şirkətinin
birinci vitse-prezidenti İlham Əliyevin dəyərli xidmətləri
olmuşdur.
Millət
vəkili qeyd etdi ki, müstəqilliyinin cəmi 20 illiyini qeyd
edən Azərbaycan bu gün dünyanın, eləcə də
Avropanın inkişaf etmiş ölkələri
sırasında özünə layiqli yer tutmuşdur. Ölkəmiz
aritıq Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində əhəmiyyətli rol oynayır. Məhz
Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin
nəticəsidir ki, Azərbaycan dünyanı
bürümüş maliyyə və iqtisadi böhrandan kənarda
qalmışdır.
Azərbaycanın
iqtisadi tərəqqisində neft sektorunun özünəməxsus
rol oynadığını qeyd edən millət vəkili
bildirdi ki, artıq qeyri-neft sektorunun inkişafı da dövlətin
diqqət mərkəzindədir. Artıq rayon mərkəzlərinin,
kəndlərin sosial-iqtisadi inkişafı ilə bağlı
dövlət proqramları həyata keçirilir. Ölkədə
tikinti, sənaye, aqrar və s. sahələr də uğurla
inkişaf etdirilir. Bütün bu uğurların əsasında
isə Azərbaycanın get-gedə möhkəmlənməkdə
olan dövlət müstəqilliyi dayanır.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2011.- 5 oktyabr.- S. 6.