Körpələr evi - uşaq bağçası nümunəvi fəaliyyəti ilə seçilir

 

Mingəçevir şəhərindəki 16 nömrəli "Aynur" körpələr evi - uşaq bağçası 1990 - cı ildən fəaliyyət göstərir. Burada 12 qrup var. Onlardan 4 -ü körpələr, 8 - i isə bağça qrupundan ibarətdir. Bağçanın iki qrupunda təlim - tərbiyə rus dilində aparılır. Uşaqların tərbiyəsi ilə 41 nəfər pedaqoji işçi məşğul olur. Onlardan 11 nəfər ali, 30 nəfər isə orta ixtisas təhsillidir. Bağçanın müdiri Dilşad İlyasova söhbət zamanı dedi:

 

- Bizim qarşımızda duran əsas vəzifə yaddaşyönümlü təhsildən şəxsiyyətyönümlü təhsilə keçməklə, vətənpərvər, bazar iqtisadiyyatı şəraitində özü, ailəsi və dövləti üçün faydalı olmağı bacaran məsuliyyətli vətəndaş yetişdirməkdir. Artıq bu istiqamətdə mühüm uğurlar əldə edilmiş, 2010 - 2011 - ci tədris ilində bir sıra işlər görülmüşdür. Belə ki, il ərzində uşaq həyatı düzgün təşkil olunmuş, balacalara yüksək səviyyədə qayğı göstərilmiş, onlarda bilik, bacarıq və vərdişlər inkişaf etdirilmişdir.

Bağçada yaradılmış nümunəvi təlim mühitindən səmərəli istifadə edən pedaqoji kollektiv uşaqlarla aparılan tərbiyə-təlim işlərinin, altıyaşlıların məktəb təliminə hazırlanmasının keyfiyyətini yüksəltməyə nail olmuşdur. Bunu bağçadan məktəbə gedəcək uşaqların hər il keçirilən bayram şənlikləri də aydın göstərir. Uşaqlar olduqca zəngin mündəricəli ssenari üzrə reallaşdırılan tədbirlərdə söylədikləri şeirlərlə, oxuduqları mahnılarla, ifa etdikləri rəqslərlə, göstərdikləri səhnəciklərlə mövcud proqram çərçivəsində bilik və bacarıqlara, şifahi nitq vərdişlərinə yiyələndiklərini, saymağı, hesablamağı, sadə əməlləri yerinə yetirə bildiklərini nümayiş etdirirlər.

Bu təlim - tərbiyə müəssisəsində işlər günün tələbləri səviyyəsində qurulmuş, valideynlərlə sıx əlaqə yaradılmışdır. Valideynlər vaxtaşırı qruplarda olur, uşaqlarla iş prosesinə qoşulur, mövzuya uyğun tərbiyəçilərlə birgə vəsaitlər hazırlayırlar. Həmçinin balacalar məktəb təliminə yüksək səviyyədə hazırlanmışdır. Bağçada uşaqların hərtərəfli inkişafı üçün lazımi şərait yaradılmış, müxtəlif inkişafetdirici materiallar hazırlanmışdır.

İnkluziv təhsil proqramına da diqqət xeyli artırılmışdır. İl ərzində planlaşdırılmış işlər tam yerinə yetirilmiş, pedaqoji proseslərə baxış təşkil olunmuş, tədbirlərdə, yarış və müsabiqələrdə, gəzinti və ekskursiyalarda uşaqların fəal iştirakı təmin edilmişdir. Şəhər üzrə keçirilən yarış və müsabiqələrdə uşaqlar bir sıra uğurlar qazanmış, fəxri fərmanlarla təltif olunmuşlar. Plana uyğun olaraq 6 nömrəli məktəblə əlaqə saxlanılmış, qarşıya qoyulmuş vəzifələr həyata keçirilmişdir. Bu işlərin yerinə yetirilməsində tərbiyəçilərdən Rimma Nassonova, Qaratel Məmmədova, Zülfiyyə Rüstəmova, Mahnur Məmmədova, Könül Əsədova, Mehriban Əhmədova, Pərvanə Həsənova və Səadət İbrahimova xüsusi fəallıq göstərmişlər.

İlin əvvəlindən etibarən bağçada əsaslı təmir işləri aparılmış, həyətyanı sahədə abadlıq tədbirləri həyata keçirilmişdir. Bağça hazırda "Addım - addım" texnologiyası ilə işləyir. Burada qabaqcıl təcrübənin öyrənilməsinə və tətbiqinə xüsusi əhəmiyyət verilir. Bununla əlaqədar Bakı və Sumqayıtdakı bağçalarla işgüzar əlaqələr yaradılmış, həmin şəhərlərdən təcrübəli tərbiyəçilər dəvət olunmuş, elmi - praktik konfrans təşkil edilmiş, fikir mübadiləsi aparılmışdır. Bundan başqa, həmin konfransda yeni texnologiyaların reallaşdırılması ilə bağlı "açıq məşğələ" keçirilmişdir.

D. İlyasova onu da vurğuladı ki, bağçanın müəllimləri qabaqcıl iş təcrübəsini öyrənmək üçün ayrı - ayrı vaxtlarda Ukrayna və Gürcüstana ezam olunmuşlar. İnkluziv təhsil proqramı əsasında fəaliyyət göstərən bağçada yaradılan təlim mərkəzində pedaqoji işçilər üçün treninqlər keçirilmiş, inkluziv layihələrin respublikamızın digər bölgələrində yayılması üçün bağçanın 5 müəllimi trener kimi hazırlanmışdır...

Yeri gəlmişkən, 16 nömrəli körpələr evi-uşaq bağçasının müdiri D. İlyasova şəhər YAP qadınlar şurası idarə heyətinin üzvü, təhsil işçiləri YAP qadınlar şurasının sədri kimi Mingəçevirin içtimai-siyasi həyatında da fəal iştirakı ilə seçilir. Təsadüfi deyil ki, onun əməyi "Qabaqcıl təhsil işçisi" döş nişanı, Təhsil Nazirliyinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanları ilə qiymətləndirilmişdir. Söhbət əsnasında o dedi: - Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanın öz gələcəyini daha etibarlı və inamlı görmək əzmini nümayiş etdirir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən, elm və təhsilin inkişafını təmin edən layihələri daim dəstəkləyir. Xalqımızın ümummilli liderinin adını daşıyan Fond bu sahəyə diqqət yetirməklə və bir çox layihələri reallaşdırmaqla Azərbaycanın gələcəyini təmin etmək işinə layiqli töhfələr verir. Biz də üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün əlimizdən gələni əsirgəmirik.

 

 

Ramiz ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 5 oktyabr.- S. 6.